525.Az

Sirab toponiminə daha bir nəzər


 

Sirab toponiminə daha bir nəzər<b style="color:red"></b>

Heyrətamiz qədim mədəniyyətə malik olan qədim Naxçıvan diyarının hazırkı toponimik sistemi bu qədimliyin tarixi yaddaşıdır.

Buradakı dil və tarix prototürklərə aid olmaqla, daha qədimlərlə səsləşir. Ərazi toponimik adlarındakı dil və tarix, tayfa adları, mifik inanc əlamətləri göstərilən prototürklərin bir ittifaqda, eyni dildə danışan, eyni mənşədən gələn tayfalar olmaqla, Azərbaycan xalqının, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan əhalisinin formalaşmasında iştirakına danılmaz tarixi sübutlardır. İstər bu adlardakı tarix və dil ünsürləri, mifik əlamətlər, istərsə də ərazidəki arxeoloji mədəniyyət nümunələrində bu tayfa adlarının izləri və onların ümumtürk arealında yayımı, qaynaqlar və antik mənbələrin məlumatlarında tarixi proseslərlə bağlı yer alması, bəşəri sivilizasiyada türk qövmünün tarixi rolunu ortaya çıxarır.

Bu qəbildən olan toponimlərdən biri də Babək rayonunda olan Sirab kəndinə aiddir. Sirab adı bizə tək kənd adını deyil, həm də çay, mineral su yatağı və su anbarını da xatırladır. Əsas da Sirab çayını. Naxçıvançayın sol qolu olan Sirab çay Babək rayonu ərazisində kiçik və az sulu dağ çayıdır. Əsasən, yağış və qrunt suları ilə qidalanan çayın ümumi uzunluğu 11 kilometrdir. Suyundan suvarmada və eyniadlı su anbarının doldurulmasında istifadə edilir. Mühüm müalicəvi əhəmiyyətli olan  Sirab mineral su bulağı bu kənddən 3 km şimalda yerləşir. 1979-cu ildə istifadəyə verilən Sirab su anbarı da həmin kəndin yaxınlığındadır.  Kənd isə özü dağətəyi ərazidə yerləşir. Onun cənubunda qədim və orta əsrlər dövrünə aid yaşayış yeri və qəbir abidələri, kənddən şimal-qərbdəki qədim mağara ərazinin qədim insan məskəni olduğundan xəbər verir. Xalq etimologiyasına görə bu ad "baş su" (Sərab) və ya "sirli su" mənası ifadə edir. Bəzi tədqiqatçıların fikrinə görə, yer adı fars mənşəli sir - "bol, doymuş" və ab - "su" sözlərinin birləşməsindən əmələ gəlib, "bol sulu, sudan doymuş" mənasındadır. Lakin fikrimizcə, adı fars mənşəli izah etmək düzgün deyil. B.Budaqov və Q.Qeybullayev adın türk mənşəli siri (axan) "bulaq", "mənbə" və farsca ab - "su" sözlərindən ibarət olduğu fikrindədir. Onlar eyniadlı kəndin ərazisindən 1400 metr yüksəklikdə axan bulaq olduğunu, adın da bununla bağlı yarandığını bildirirlər.

XX əsr rus tədqiqatçısı K.N.Smirnov toponimin Sirav və ya Serab, bəzi qədim əlyazmalarda isə Surab şəklində işləndiyini yazır. Müəllif qeyd edir ki, bəzi ehtimallara görə, ilkin olaraq Şurab, yəni "duzlu su" şəklində işlənib. Sir/sur sözü bir çox türk dillərində "uçurum", "uçurumun kənarı", "sıldırım qayalı sahil", "sahil" və s. mənalarda işlədilir. Nəzərə alsaq ki, Sirab su yatağı dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşir, onda Sirab adı "sıldırımlı qayalıqda, uçurumun kənarından  su" şəklində izah oluna bilər. F.Rzayev tədqiqatlarında adın mənşəyini Sir tayfalarının adı bağlı olduğunu yazır. Müəllif qeyd edir ki, Şar/Şir sözü tayfa adıdır və bu səbəbdən də, o, bu kimi adları "Şir/şirak yurdu", "Şanlı şirlər, şiraklar" kimi izah edir.

Biz bu adda da sözün ilkin komponentini Sir tayfa adı kimi qəbul edib, ab komponentinə qədim türk sözlükləri ilə nəzər salsaq, onun aba yazılışında "ulu", "əcdad" qədim türk sözləri olduğunun şahidi olarıq. Bir çox mənbələrdə həmçinin M.Kaşğaridə də bu sözün Altay, teleut, cağatay, şor, saqay dillərində "ulu", "əcdad" kimi işləndiyini və eyni zamanda, bununla yanaşı, dialektlərimizdə "ev" sözünün "əv", "əb", "eb", "ab", "aba/oba" yazılışlarına təsadüf edilir. Bütün bunları nəzərə almaqla deyə bilərik ki, Sirab adı "ulu şirlər, şarlar" və "şirlərin evi" mənalarındadır. Fikrimizcə, çay adı tayfa adı ilə bağlı yarandığı üçün etnonim mənşəli hesab olunur.

Cəmilə MƏHƏRRƏMOVA
AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat institutunun əməkdaşı

 





23.09.2020    çap et  çap et