525.Az

"Azərbaycanda əvvəllər istedadlı dulusçular çox olub" - Müsahibə


 

ONLARDAN SONRA BİZ BU SƏNƏTİ İNKİŞAF ETDİRMƏMİŞİK"

"Azərbaycanda əvvəllər istedadlı dulusçular çox olub" - <b style="color:red">Müsahibə </b>

Kölgədə qalan sənətlər

Rubrikamızın budəfəki qonağı 2005-ci ildən dulusçuluq sənəti ilə məşğul olan Cəfər Quliyevdir. Cəfər Quliyev 1973-cü ildə dünyaya gəlib.

Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına peşə məktəbində keramika ixtisası üzrə təhsil alan Cəfər Quliyev hazırda "İçərişəhər" Muzey Mərkəzi Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda dulusçu işləyir. 

***

- Dulusçuluq müasir sənət növlərindən sayılmır.  Necə oldu ki, bu sənətə maraq göstərdiniz?

- Uşaq yaşlarımdan rəssamlıq qabiliyyətim var idi. Qrafika üsulu ilə rəsmlər çəkirdim, amma yaradıcılıqla bağlı heç bir təhsilim yox idi. Peşə məktəbinə qəbul olduqdan sonra müəllimlərimin sayəsində bu sahəyə marağım daha da artdı. O vaxtlar indiki kimi internetdə dulusçuluq sənətini öyrənməyin asan yolları ilə bağlı videolar yox idi, əcnəbi kitablardan oxuyub öyrənirdik.

- Dulusçuluq keçmişdə kifayət qədər yayılmış və tələbatın çox olduğu sahələrdən olsa da, hazırda bu sahəyə maraq çox azdır, sizcə, bunun başlıca səbəbləri nədir?

- Başlıca səbəblərdən biri zaman ola bilər. Hər şey sürətlə inkişaf edib dəyişdiyi kimi, keçmiş sənət növləri də zamanla unudulur, maraq azalır. Amma fikrimcə, indi marağın az olmasının bir səbəbi də bizlərik. Əgər siz indi Qala kəndinə gedib baxsanız, orada keçmişdən qalan küplər və bir çox dulusçuluq nümunəsi olan əşyalar var. Bu onu göstərir ki, Azərbaycanda əvvəllər istedadlı dulusçular çox olub. Lakin biz onlardan sonra bu sənət növünü inkişaf etdirməmişik. Misal üçün, hazırda Rusiyada, Ukraynada dulusçuluq marağın çox olduğu sahələrdəndir. Onlar dulusçuluğu qoruyaraq inkişaf etdiriblər.

- Keçmişdə dulusçuluqla qadınlar məşğul olurmuş. Əşyalar torpaqdan xəmir yoğrularaq hazırlanırmış. Bəs indi necə, iş prosesində fərqliliklər varmı?

- Iş prosesində dəyişikliklər olsa da, yenə çox çətindir. Öncəliklə gilin yerini tapmaq lazımdır. Daha sonra o gil süzülərək yararlı hala salınır. Necə ki indi xanımlar xəmir yoğururlar, ona bənzəyir, amma bu, daha ağır formasıdır. İndi çox az qadın bunu bacarar, amma bəzən internetdə elə xanımlar dulusçuluğu öyrədir ki, kişilərdən heç də geri qalmır (gülür). Əlavə olaraq, Qala kəndində istifadə etdiyimiz alət müasir cihazlardan fərqli olaraq, ayaqla hərəkətə gətirilir. Bilmirsən, fikrini əşyaya verəsən, yoxsa ayaqla hərəkətə gətirdiyin alətə. Bunun ikinci çətinliyi də, vaxtdır. Elektrikli cihazla hazırlanan əşyalar daha tez ərsəyə gəlir. Misal üçün, ayaqla hərəkətə gətirilən alətlə bir-iki günə hazırlanan əşya, elektrikli cihazla yarım saata hazır olur.

- Əvvəllər dulusçuluğa marağın çox olmasının səbəblərindən biri də, insanların bu əşyalara ehtiyacının olması idi. Bəs indi tələbat nə dərəcədədir?

- Öncəliklə deyim ki, hazırda gilin olduğu ən məşhur yerlər Şəki, Quba və Lənkərandır. Məsələn, Şəki piti qabları ilə məşhurdur. Amma bu qablar da zövq üçün yox, sırf satmaq üçündür. Əvvəllər insanlar həm zövq üçün, həm də məişətdə istifadə etmək üçün bu əşyalara ehtiyac duyurdular. Hazırda isə sadəcə, dekor üçün istifadə edirlər. Bu əşyaları alanlar da daha çox əcnəbilər olur. Əşyaların üzərində zəhmət çox olduğundan qiymət də ucuz olmur. Buna görə də, tələbat əvvəlki kimi çox deyil.

- Hər sənətin öz sirləri olur. Bu sənətin sirləri hansılardır?

-  Misal üçün, dulusçuluğun bir növü olan keramika da var, amma o, daha asan və rahatdır. Dulusçuluq sənətinin əsas fərqli cəhəti kimi bu işin çətin olduğunu deyə bilərəm. Keramika sənətində bir gili hazırlayıb kəsərək əl ilə yığmaq olur, amma dulusçuluqda belə deyil, hamısı dairəvi halda konusla gəlir. Fikir vermisinizsə, hazırda keramika ustaları daha çoxdur, dulusçu isə çox azdır. Səbəbi də dulusçuluğun çox vaxt aparması, zəhmət tələb etməsidir. Məsələn, dulusçuluq əşyalarında daima əl işlədiyi üçün ustanın əl izləri qala bilir, keçmiş əşyalara da diqqətlə baxsanız, görərsiniz. Keramika sənətində isə daha qüsursuz əşya hazırlamaq mümkündür.

- Dulusçunun yaxşı sənətkar olduğunu necə anlamaq olar?

- Dulusçunu tanımaq üçün düzəltdiyi əşya əsas deyil. Çünki sizə başqasının düzəltdiyi əşyanı öz işi kimi göstərə bilər. Ancaq canlı-canlı iş prosesini izlədikdə ustanın əl hərəkətlərindən bilinir ki, işi bilir, ya bilmir. Bu, teatrda rol oynamağa bənzəyir. Kinoda bir rolu dəfələrlə oynamaq mümkündür, amma teatrda rol bir dəfə oynanılır, ikinci şans olmur. Yaradıcılıq da belədir, bir anda gəlir.

- Dulusçuluq əşyalarının bir çox növü var, indi daha çox tələbat hansılaradır?

- Düzü, əşyanı sifariş edən şəxs sadəcə, şəklini göstərir, hansı növdə düzəltmək isə ustanın özündən asılıdır. Amma deyə bilərəm ki, şirəüstü əşyalara üstünlük verilir.

- Bütün kölgədə qalan sənət növləri kimi, dulusçuluq da gəlirli sahələrdən deyil. Gəlirlə xərci müqayisə etsək, təxmini fərq nə qədər olar?

- Gəliri çox az olur. Dulusçuluqla məşğul olan insanlar, demək olar, bu sahədən qazanmırlar. İstisna olaraq, Şəkidə piti qabları, Lənkəranda təndirlər sataraq bəzən çox gəlir əldə edə bilirlər. Bu da, təbii ki, hər vaxt olmur. Bu sahəylə məşğul olan insanların tək səbəbi həvəs və yaradıcılıq sevgisidir. Üstəlik, qazla və elektriklə işləyən cihazlarda xərc gəlirdən qat-qat çox çıxır.

- Bəs dulusçu olmaq istəyən, bu sahə ilə maraqlanan gənclərə nələri məsləhət görərdiniz?

- Çox sevindirici haldır ki, indi internetdən hər bir işi necə etmək lazım olduğunu öyrənmək mümkündür. Amma müəllim olmayanda insan çox səhvlərə yol verir. Tövsiyəm odur ki, nə qədər çox müəllim yanına getsələr, o qədər yaxşı olar. Bir neçə müəllimin əl işinə baxdıqdan, öyrəndikdən sonra insan öz yolunu daha rahat seçə bilir. Nəticədə, özünün ayrıca fikri, dəst-xətti yaranmış olur. Bu işdə əşyanı düzəltməyi bacarmaqdan öncə iş prosesini bilmək vacibdir. Gili hazır vəziyyətə gətirməkdən tutmuş sona qədər hər şeyi yavaş-yavaş öyrənmək lazımdır. Ona görə də öyrənməyə iş prosesinin ilk mərhələsindən başlamaq daha uğurlu olar.

Aytac ASLAN

 





23.09.2020    çap et  çap et