525.Az

ADU-da tərcümələrlə bağlı onlayn elmi konfrans keçirilib


 

ADU-da tərcümələrlə bağlı onlayn elmi konfrans keçirilib<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetində (ADU) "Peşəkar, qeyri-peşəkar, həvəskar tərcümənin fərqlilikləri" mövzusunda onlayn elmi konfrans keçirilib.

ADU və Azərbaycan Peşəkar Tərcüməçilər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən konfrans görkəmli tərcüməçi, dilçi alim İsmixan Rəhimovun 95 illik yubileyinə həsr olunub.

Universitetin rektoru, Azərbaycan Peşəkar Tərcüməçilər Assosiasiyasının sədri, akademik Kamal Abdulla İsmixan Rəhimovun əməllərinin, zəhmətinin bu gün yetişdirdiyi tələbələrdə özünü göstərdiyini deyib və görkəmli alimin əziz xatirəsinin qəlblərdə yaşayacağını vurğulayıb: "O, çox mərd insan idi. Azərbaycanın demokratik yolda inkişafı üçün ilk bayraq qaldıranlardan biri olub. 1950-ci illərdə İsmixan müəllimin səsi siyasi arenalardan gəldi, siyasi müstəvidə səsləndi. İsmixan müəllim, digər görkəmli ziyalılarımız Azərbaycan dili, ölkənin təbii sərvətləri, burada gedən sosial-siyasi proseslərlə bağlı öz səslərini ucalda bildilər".

Kamal Abdulla dilçi alimin öz mübarizəsini daha sonra başqa istiqamətdə - tələbə auditoriyasında, elmi şuralarda davam etdirdiyini deyib. İsmixan Rəhimovun universitetlə yanaşı, digər elm ocaqları ilə əlaqələrinin mövcud olduğunu söyləyən akademik Kamal Abdulla onun elmi fəaliyyətindən, potensialından digər bölgələrdəki universitetlərin də faydalandığını diqqətə çatdırıb: "Onun tələbələri bu gün yalnız bizim universitetin deyil, digər universitetlərin də aparıcı müəllimləridir".

Tədbirdə ADU-nun professoru Qılıncxan Bayramov, konfransa Türkiyədən qoşulan tərcüməçi İmdad Avşar da çıxış edib.

Sevinc QARAYEVA

 





23.09.2020    çap et  çap et