525.Az

Təcavüzkar ritorika Ermənistanın yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir


 

PREZİDENT BMT-də İKİ RƏSMİ STATUSDA MÜHÜM MESAJLAR VERDİ

Təcavüzkar ritorika Ermənistanın yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir<b style="color:red"></b>

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində təşkilatın 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasda Qoşulmama Hərəkatı və  Azərbaycan Respublikası adından çıxış edərək beynəlxalq münasibətlər sistemində aktual olan bir sıra vacib məsələlərə toxunub.

Bunlardan biri də BMT və onun Təhlükəsizilik Şurası, həmçinin, benəlxalq hüquq məsələləri ilə bağlı idi. Dövlət başçısı yaranmasının 75-ci ildönümündə BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli şəffaf orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırış edib.

Prezident Ermənistanın təxribatlarına da diqqət çəkərək bildirib ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib.

Ermənistanın baş naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur, onun "Qarabağ Ermənistandır" bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. Ermənistanda "Azərbaycanofobiya" siyasəti hökm sürür, gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistanın Milli təhlükəsizlik strategiyasında da irqçi, şovinist və "Azərbaycanofob" fikirlər əks olunub.

Prezident bir daha qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.

Çıxış zamanı  ölkəmizin mədəniyyətlərarası və sivizilizasiyalararası dialoqa böyük töhfələri də qeyd edilib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu hesab edir ki, BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasda Prezident İlham Əliyev iki rəsmi statusda çıxış edərək beynəlxalq gündəmin mühüm məsələlərinə diqqət çəkdi. Deputat deyib ki, hazırkı mürəkkəb beynəlxalq şəraitdə hüququn aliliyi və onun tətbiqi ən aktual məsələdir: "Çünki bu sahədə ikili standartlar, bəzi hallarda ayrı-ayrı hegemon dövlətlərin iradəsinin beynəlxalq hüquqdan üstün tutulması, hüququn gücünün yox, gücün hüququnun keçərli olduğunu əyani şəkildə göstərir. Bu isə istənilən halda beynəlxalq hüququn nizamlayıcı funksiyasını kölgədə qoymaqla elə BMT-nin nüfuzuna böyük zərbə vurmuş olur. Xüsusilə BMT TŞ-nın bəzi qərarlarının icra edilməmiş qalması, həmin qərarların hətta icra mexanizmlərinin olduğu halda tətbiq edilməməsi, yaxud ayrı-ayrı hallarda bunun seçmə üsulu ilə edilməsi əlbəttə ki, yolverilməzdir və beynəlxalq hüququn obyektivliyinə ciddi şübhələr yaradır. Elə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı BMT TŞ-nın qəbul etdiyi 4 qətnamənin bu günə qədər icra edilməmiş qalması dediklərimizin əyani sübutudur".

Millət vəkili əlavə edib ki, Azərbaycan Prezidenti BMT TŞ-nın işğalçı Ermənistanın ordu birləşmələrinin qeyd-şərtsiz işğal edilmiş ərazilərimizdən çıxarılmasını tələb edən 4 qətnamənin olmasına baxmayaraq, işğalın hələ də davam etdiyini bildirdi: "Üstəlik, hazırkı mərhələdə yeni torpaq işğalı üçün hərbi-siyasi hazırlıq içərisində olan Ermənistanda qonşu ölkəyə münasibətin nifrət üzərində qurulduğunu, nasizmə və faşizmə söykəndiyini bildirərək qeyd etdi ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bu, həm beynəlxalq hüququn yerinə yətirilməsinin tələb edilməsi, həm də əl atacağı hər hansı təxribata görə Ermənistana edilən xəbərdarlıq idi. Ona görə də BMT və onun Təhlükəsizlik Şurası dərhal müvafiq qətnamələrin yerinə gətirilməsi ilə bağlı addımlar atmalı, ATƏT-in Minsk Qrupunun fəaliyyəti substantiv danışıqlara köklənməlidir. Əks təqdirdə regionda real müharibə vəziyyəti yarana bilər ki, bu da sülhün və sabitliyin qorunmasına ciddi təhdid ola bilər".

Deputat Sevinc Hüseynova bildirib ki, Prezident çıxışında sərt və kəskin şəkildə Paşinyan hakimiyyətinin iç üzünü bir daha ifşa etdi, Ermənistanın Azərbaycana qarşı yeni müharibə və təxribatlar hazırladığını dünya ictimaiyyətinin diqqətinə çatdırdı: "Dövlət başçısı Ermənistanın Azərbaycana qarşı ardıcıl olaraq apardığı təxribatların əsas səbəblərini də iclas iştirakçılarının diqqətinə çatdırdı. Çevrilişlə hakimiyyətə gələndən bir ay sonra Azərbaycan ordusunun uğurlu Günnüt əməliyyatından sarsılmış Paşinyan hakimiyyəti iyulda qisas almaq üçün məhz Tovuz istiqamətində təxribat törətdi. Erməni silahlı qüvvələri sərhəd boyunca mülki əhalini qəsdən hədəfə aldı. Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu.

Lakin ermənilər bu dəfə də şanlı ordumuz tərəfindən layiqincə yerinə oturduldu. Ancaq bu, tək Tovuz təxribatı deyil, işğal olunmuş ərazilərdə "prezident seçkiləri", "parlament seçkiləri", "andiçmə mərasimi" keçirməsi, Paşinyanın arvadı Anna Akopyanın işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimlərə qatılması, Ermənistanın ölkəmizə qarşı növbəti təxribatlar hazırlamasından xəbər verir".

PƏRVANƏ

 





24.09.2020    çap et  çap et