525.Az

"Azərbaycan Ordusu hər birimizin qürur mənbəyidir"


 

"ORDUMUZ REGİONUN ƏN GÜCLÜSÜNƏ ÇEVRİLİB"

"Azərbaycan Ordusu hər birimizin qürur mənbəyidir"<b style="color:red"></b>

Bu gün Azərbaycan Ordusu dünyada ən güclü ordular sırasında öz yerini tutur. Dünyada orduların reytinqlərini tərtib edən nüfuzlu qurumların sıralamasına görə, Azərbaycan Ordusu 50 ən güclü ordu siyahısındadır. Bu isə təsadüfi deyil.

Azərbaycan Silahlı Qüvvələrinin inkişafı, güclü döyüş qabiliyyətinə yiyələnməsi, müasirləşməsi istiqamətində ötən illər ərzində çox mühüm addımlar atılıb. Görülən işlər isə öz bəhrəsini verir. Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi olaraq Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir.

Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən, əsgər və zabitlərin xidmət şəraitinin müasirləşdirilməsi ilə yanaşı, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, onların əməkhaqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir.

Azərbaycan hərbçiləri yüksək vətənpərvərlik nümayiş etdirir, əsgər və zabitlərimiz şücaət və qəhrəmanlıq səlnaməsi yaradıblar. Bütün Azərbaycan xalqı, hər bir vətəndaş milli ordumuzun, hərbçilərimizin təəssübünü çəkir, ordumuzun gücünə inanır,  ona güvənir. Ordu xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyidir. Bu gün Ordumuza və hərbçilərimizə qarşı inamsızlıq formalaşdırmağa çalışan, yalan, dezinformasiya yayan, onu gözdən salmağa çalışan bəzi şəxslər ən sərt şəkildə qınanmalıdırlar və qınanırlar da.

Biz Aprel döyüşlərində, ermənilərin iyulda törətdikləri Tovuz təxribatı zamanı Ordumuzun gücünə bir daha əmin olduq. Bu gün Azərbaycan Ordusunun qarşısında böyük və şərəfli bir missiya dayanır - işğaldakı torpaqlarımızı son qarışınadək azad etmək. Bu missiyanı yerinə yetirəcək Ordumuzla isə hər birimiz qürur duymalı, həmrəy olmalıyıq.

Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib ki, Azərbaycan Ordusu bu gün hər birimizin qürur mənbəyidir. O, ölkəmiz müstəqillik əldə etdiyi ilk dövrlərdə, 1992-ci ildə ordunun yox dərəcəsində olduğunu xatırladıb: "Zabit çatışmırdı və zabit olmayan yerdə də təbii ki, təlim keçmiş əsgər olmur. İstər maddi, istərsə də mənəvi cəhətdən ordu demək olar ki, yox səviyyəsində idi. Amma bu gün Azərbaycan Ordusu dövlətimizin, şəxsən Prezidentimizin diqqəti və qayğısı sayəsində həqiqətən regionun ən güclü ordusuna çevrilib. Bunu təkcə mən deyil, hətta bir neçə müddət öncə NATO yetkilələrindən biri də qeyd etmişdi. Bu, həqiqətən də belədir".

Hərbçi xatırladıb ki, bu gün Ordumuz müasir silahlarla təchiz olunub, eyni zamanda, orduda zabit, gizir, müddətdən artıq hərbi xidmət qulluqçuları tam peşəkar heyətlə təmin olunub: "Bu gün Azərbaycan Ordusu həqiqətən çox peşəkar, güclü, silah və texnikadan yüksək səviyyədə istifadə etmək bacarığına malik olan bir ordudur. Son Tovuz hadisələri də onu göstərdi ki, Ordumuz lazım gələndə istənilən vaxtı öz sözünü deyə biləcək gücdədir. Eləcə də istənilən halda düşmənin hər hansı bir təxribatının qarşısını almağa və tam layiqli cavab verməyə hazırdır. Bu baxımdan Azərbaycan Ordusu həqiqətən hər birimizin qürur mənbəyidir. Bu günün özündə orduda təlim toplantılarına başlanılıb və keçmiş əsgər, zabitlər də təlimlərə cəlb olunurlar. Bu da çox müsbət haldır. Çünki bu, müharibə şəraitində olan bir dövlət üçün çox vacibdir. Hərbi bilikləri yeniləmək, müasir silahlarla tanış olmaq, onlardan istifadə etmək baxımından bu təlimlərin çox mühüm rolu və əhəmiyyəti var. Hesab edirəm ki, Ordumuz istənilən vaxtı düşmənin hər hansı bir təxribatının qarşısını almağa hazırdır. Əgər ermənilər müharibə etmək fikrinə düşərsə, layiqli cavablarını alacaqlar və Azərbaycan Ordusu onları İrəvana kimi qovacaq".

PƏRVANƏ

 





24.09.2020    çap et  çap et