525.Az

Yerlərdə gənclərin karyera məsələlərinə yardım olunacaq


 

GƏDƏBƏYDƏ GƏNCLƏRİN İNKİŞAF VƏ KARYERA MƏRKƏZİNİN NÜMAYƏNDƏLİYİ AÇILIB

Yerlərdə gənclərin karyera məsələlərinə yardım olunacaq<b style="color:red"></b>

Azərbaycan Gənclər Fondunun nəzdində fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) yerlərdəki  növbəti, sayca 2-ci  nümayəndəliyi Gədəbəy rayonundakı Heydər Əliyev Mərkəzində fəaliyyətə başlayıb.

Bu münasibətlə keçirilən onlayn tədbirdə yerli icra hakimiyyətinin, Gənclər Fondunun nümayəndələri və rayonun yüzlərlə gənci iştirak ediblər.

Onlayn toplanışda dövlət başçısının gənc nəslin sağlam və bilikli formalaşdırılması üçün həyata keçirdiyi gənclər siyasətindən, bu yöndə ölkəmizdə yaradılan imkanlardan danışılıb. Vurğulanıb ki, Prezidentin "Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlətin gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir.

Bu baxımdan, yerlərdəki nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün mütəmadi olaraq, müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə nümayəndəliklər vasitəsilə məlumat və məsləhət almaq, həmçinin, müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.

Çıxış edənlər həmçinin, Prezident İlham Əliyevin göstərişi ilə regionlarda açılan GİKM nümayəndəliklərinin gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi, onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinin təşviq edilməsi işinə töhfə verəcəyini vurğulayıb, gəncləri bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət ediblər. İştirakçılara yeni qurumun imkanları barədə ətraflı məlumat verilib, həmçinin, yerlərdə artıq mövcud olan 27 mərkəzin fəaliyyətlərini əks etdirən videoçarx da göstərilib.

Z.Muradov
Gədəbəy

 





24.09.2020    çap et  çap et