525.Az

Tanıyaq və tanıdaq: Əli Rətşbər (Qayıb)


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Əli Rətşbər (Qayıb) </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.
 
Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.
 
Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!



Esmira Fuad
Filologiya elmləri doktoru

Əli RƏŞTBƏR (QAYIB)

1980-ci ildə Qaradağın Gal kəndində anadan olub. İbtidai təhsilini doğma kəndində, orta təhsilini isə 1990-cı ildə ailəsi ilə köçdüyü Urmuda alıb.
 
Şeirə-sənətə marağı ata ocağında eşitdiyi saz musiqisi və ana dilində oxuduğu nəşrlərdən başlayıb.

"Yol ağlasın" adlı ilk şeir kitabı işıq üzü görüb. Nəsr də yazır, "Sarayın kəbini" adlı hekayəsi festivalda birinci mükafata layiq görülüb.

O küçə

Hər gün o küçədir gəldigim yollar,
Ayaq izlərinin xətrinə görə.
Köhnə həyatımdan təzə günümə,
Nisgil eylədiyin ətrinə görə.

Hər gün heykəlini sözlə yonmuşam,
Xəyalla qapına uçub qonmuşam,
Yağışda islanıb qarda donmuşam,
Başımdan yox olan çətrinə görə.

Hicranın qəlbimə çəkəndə qoşun,
Yağdırıb canıma alovlu qurşun,
Qayıbın arzusu təkcə görüşün,
Son şeirimin axır sətrinə görə.

Sazdakı nalələr

Sazdakı nalələr, sazdakı qəmlər,
Bir yetim obanın sızıltısıdır.
Oxşayan ananın, kövrək atanın,
Balası dərdində iniltisidir. 

Səsidir Arazda susqun axışın,
Odudur boylanan həsrət baxışın,
Çaxnaşan buludun, yağan yağışın,
Sınan ürəklərin cingiltisidir

Yanan məhəbbətdir "Əsli-Kərəm"də,
Lal olmuş kədərdir sınan qələmdə,
Bucaqsız, kransız Qayıb ələmdə
Tanrının aydınca pıçıltısıdır.

Sevgi

Yaranıb kainat eşqin adına,
Sevgidir sabahı, danı dünyanın.
Məhəbbət yaxdıqca qaranlıqları,
Canana qovuşar canı dünyanın.

Eşqin karvanında qəm-kədər olar,
Tufana uğrayan küləklə dolar,
Leyli fərağında saralar-solar,
Onsuz nəyi vardır fani dünyanın?!

Qayıbın başında sevgi tacı var,
Hər zaman şeyrinə qonaq olub yar,
Dünyanı dünyaya boraxıbdılar
Soltanı, xaqanı, xanı dünyanın. 

Əsir

Mən necə yazmayım torpaqdan, daşdan,
Hələ də yadların əlində əsir.
Mən necə yazmayım yaralı başdan,
Xəyal dünyasında yolumu kəsir,
Hələ də yadların əlində əsir.

Mən necə yazmayım ana dilimdən,
Parça-parça olan obam, elimdən,
Mən necə yazmayım daşqın selimdən,
Şarhaşar axdıqca səsini qısır,
Hələ də yadların əlində əsir.

Mən necə yazmayım Qaradağımdan,
Bağrımda sızlayan yara dağımdan,
Ələsgər ocağı Qarabağımdan,
Erməni bayrağı üstündə əsir,
Hələ də yadların əlində əsir.
Vətən-vətən deyə bağırmalıyam,
Vətən oğulların çağırmalıyam,
Kim deyə bilər ki, fağır malıyam,
Gözlərim haqq sözə olarkən bəsir,
Hələ də yadların əlində əsir.

Yazacaqdır Qayıb nə qədər varsa,
Yolları  həmişə boransa, qarsa,
Satmayacaq dilin ərəbə, farsa,
Aydın gələcəklər üçün tələsir.
Hələ də yadların əlində əsir.

Səni

Gizlənmə gözümdən, getmə gözümdən,
Qəlbimlə görmüşəm dəfələr səni.
Gülüşün sözümün sabah şehiylə,
Saxlayıb dünyamda hələ tər səni.

Məni o yollara çəkəndə qeydim,
O yalçın yamacda sən oldun seydim.
Dilək bulağında görə bilsəydim,
Uzaqdan bir kərə muxtəsər səni.

Dərk etməz Qayıbı soltanlar, xanlar,
Baxış xədənginə uğrayan anlar,
Gecənin bağrını dan sökən anlar,
Şerimlə oxşayır hər səhər səni.

 





25.09.2020    çap et  çap et