525.Az

Repetitorlar, abituriyentlər və Olimpiya oyunları - El Roman yazır


 

Repetitorlar, abituriyentlər və Olimpiya oyunları - <b style="color:red">El Roman yazır </b>

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 66464 nəfər iştirak edib. Onlardan 42731 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 20799 nəfər dövlət sifarişi əsasında, 21932 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququnu əldə edib. Cəmi 5580 yer boş qalıb. Bu elan rəqəmlərdə bəzi dəyişikliklərlə hər il ictimaiyyətə təqdim olunur.

Abituriyentlərin ali məktəblərə qəbul prosesi çox qarışıq mərhələlərdən keçir. Bu proses zamanı hər kəs özünü kiməsə borclu hesab edir - hələ ibtidai sinifdən aşılanan "dövlət sizə parta və kitab verib, zəhmət çəkin, oxuyun" məsuliyyətini çiyinlərinə götürən şagirdlər abituriyent hazırlıqları illərində bu dəfə də onlar üçün pul verib repetitor tutan valideynlərinə qarşı məsuliyyətin altına girirlər. Repetitorlar isə valideynlərin qarşısında məsuliyyət daşıyırlar - öhdələrinə götürdükləri abituriyentlər imtahanda uğursuz nəticə verməməlidirlər, əks halda bütün günah məhz repetitorların üstündə qalacaq, necə ki əcəli çatmış birinin həkimin əlinin altında ölməsi mərhumun yaxınlarının gözlərində məhz həkimi qatil edər.

Bunu ən müxtəlif formalarda asanlıqla şərh etmək mümkündür. Mən bu prosesi bir-birləri ilə daim rəqabətdə olan hazırlıq kursları və repetitorlar arasında bir ildən bir keçirilən Olimpiya oyunları yarışları kimi görürəm. Onlar əsl atletlərdir - ildə bir dəfə nələrə qadir olduqlarını sübut etmək üçün özlərinə şans verirlər. Sonda isə həmin "atletlər" hazırladıqları abituriyentlərin topladığı ballara əsasən qızıl, gümüş və bürünc medallarla elə özləri tərəfindən "təltif olunurlar". Onlar həm də əsl şahmatçılardır - şahmat fiquru cildini almış abituriyentlərin müxtəlif gedişlərindən istifadə edərək qarşı tərəfi "mat" etməyə çalışırlar. Əlbəttə, müəyyən mənada məqsədlərinə də çata bilirlər. Amma bir şeyi unutmamaq lazımdır ki, sonda qalib gələn tərəf həmişə şahmatçılar olur, fiqurlar qalibiyyətdə sadəcə, vasitə rolunu oynayır və oyun bitəndən sonra öz qutularının içinə geri qayıdır.

Ümumiyyətlə, mənə görə, ölkədə rəqabətin müsbət nəticə verməsi halı təkcə bu sahədə baş verir. Sonda isə hər il maksimum balı - 700 balı toplayanlardan bir nəfər ənənəyə sadiq qalır və öz müsahibələrindən birində deyir ki, o, indiyədək heç bir repetitor yanına getməyib. Bununla da o, repetitor və hazırlıq kursu marketinqinə zərbə vurur, nəinki yuxarı və aşağı zümrələr arasında, eyni zamanda, sırf yuxarı zümrələr arasında da təbəqələşmə formalaşdırır. O təbəqələşmə ki, repetitor yanına getməyərək yüksək bal toplayan abituriyentlər repetitor yanına gedərək yüksək bal toplayan abituriyentləri üstələyirlər.

Tələbəlik illəri isə bütün bu oyunlara, ümumiyyətlə, hər şeyə rəğmən gözəldir. Bu gözəlliyi dada biləcək bütün tələbələrə təbrik düşür.

 





25.09.2020    çap et  çap et