525.Az

Polis qanunu pozur... - Sosial şəbəkədə yazılanlar


 

Polis qanunu pozur... - <b style="color:red">Sosial şəbəkədə yazılanlar </b>

Xidmət bərbad vəziyyətdədir 

Əliməmməd Nuriyev, Konstitusiya Araşdırmalar Fondunun prezidenti:  

- 50 dəqiqədir ki, Beynəlxalq Bankın "Hyatt Recens hotel"ində yerləşən Abşeron filialında xidmət almaq üçün növbədəyəm. Xidmət demək olar ki, yox səviyyədədir. Bir çoxları demək olar ki, növbə gözləmədən filialın işçisi və ya kənar şəxsin, mühafizəsinin himayəsi ilə xidmət alır. Bəzən elə olur ki, xidmət göstərən şəxs dəqiqələrlə telefonda danışır. Xidməti həyata keçirən bank əməkdaşının xidmət stolunda kimə xidmət göstərirsə, onun nömrəsi yazılmır. Ancaq ümumi növbə göstərən lövhə yanır. Olduğum müddət ərzində hətta bəzi xidmət göstərən stullarda heç kəsə xidmət göstərilməyib. Elə müştəri var ki, səhər saat 09:40-da burada növbədə olmasına baxmayaraq, xidmət almayıb və heç bir izahat da verilmir! 

Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə... 

Qadir İbrahimli, jurnalist:  

- Pakistanla məzələnməyin. Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan 2-ci ölkə məhz Pakistan olub. Və Qarabağ münaqişəsinə görə Ermənistanla diplomatik əlaqə qurmayıb!

Rusiyanı "strateji tərəfdaş" adlandırırlar 

Elxan Şahinoğlu, politoloq:

- Ceyhun Bayramov Xarici İşlər naziri vəzifəsində ilk rəsmi səfərini Türkiyəyə etdi, ikinci ölkə kimi Rusiyanı seçdi. Milli Məclisin sədri Sahibə Qafarova da eyni səfər trayektoriyasını seçib. O, əvvəlcə Türkiyəyə, bu gün isə Rusiyaya səfər edib, görüşlər keçirib. İlk ölkə kimi Türkiyənin seçilməsi təbiidir, ancaq ikinci səfər ölkəsinin hər zaman Rusiya seçilməsiylə kimə nə mesaj veririk? Moskvaya səfər edən rəsmilərimiz Rusiyanı "strateji tərəfdaş" adlandırırlar, həmin "strateji tərəfdaş" isə işğalçı Ermənistana hərbi yük daşımaqda davam edir.

Ceyhun Bayramov, Sahiba Qafarova və digər rəsmilərimiz Ukrayna istiqamətini unutmamalıdırlar. Xarici İşlər naziri ikinci səfər ölkəsi kimi Rusiyanı seçmişdisə, Milli Məclis sədrinin ikinci səfər ölkəsi kimi Ukraynanı seçməsi doğru olardı. Bunun üçün münbit zəmin var. Birincisi, Ermənistanla iyul ayındakı sərhəddəki insidentdən sonra Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat yaydı, işğalı pislədi və BMT-nin məlum 4 qətnaməsini xatırlatdı. İkincisi, Ukraynanın yeni milli təhlükəsizlik strategiyasında Azərbaycan strateji tərəfdaş kimi göstərilib. Üçüncüsü, Ukrayna Prezidenti Vladimir Zelenski bu gün azərbaycanlı həmkarı İlham Əliyevə zəng edərək bir daha Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib. Bunların hansı birini Rusiya və onun rəsmiləri ediblər?

Polis qanunu pozur...

Erkin Qədirli, millət vəkili:  

- Pikapların müharibə məqsədi üçün mülkiyyətçilərdən alınması qanunda nəzərdə tutulub, orası doğru (başqa ölkələrdə də var). Amma polisin gördüyü iş düzgün deyil. Bunu belə etməzlər. Öncə gərək Prezident səfərbərlik elan etsin (səfərbərlik yalnız şəxslərə deyil, onların mülkiyyətinə də aid oluna bilir). Prezident bunu etməyib. Odur ki, polis bu kontektsdə qanunu pozur. Polis bunu həmin maşınları qeydiyyata almaq üçün edirsə, onun daha asan və rahat yolu var (başqa ölkələrdə olduğu kimi). Pikapların və bu sayaq avtomobillərin qeydiyyatı alğı-satqı və ya bağışlanma mərhələsində olmalıdır. Bu mərhələdə avtomobil polis qeydiyyatına alındığı kimi, eyni zamanda (vahid elektron sistemdə), hərbi qeydiyyata da alınmalıdır. Dövlət üçün də rahat olar, mülkiyyətçilər üçün də. 

Müəllimlərə qarşı özbaşınalıq edirlər... 

Fazil Mustafa, millət vəkili:  

- Bu gün onlarla müəllim zəng edərək üzləşdikləri problemi haqlı olaraq əsəbi şəkildə söylədilər. Mənim üçün Azərbaycanın ən həyati əhəmiyyət daşıyan peşələrindən birinin təmsilçisi olan Azərbaycan müəlliminin bu cür incidilməsi çox ağır gəldi. Məsələnin mahiyyəti belədir: müəllimlər üçün verilən maaş kartının müddəti bitib. "Kapital Bank" yeni kartları hazırlayıb və müəllimlərə verilməsi üçün onları müvafiq şöbələrinə dəvət edib. İndi üç gündür sübh tezdən adamlar növbə tutub sadəcə, kartlarını almaq istəyirlər, növbə o qədər çoxdur ki, iki gündür, üç gündür ala bilmirlər. Demək ki, "Kapital Bank"da müəllimin kim olduğunu anlamayanlar bu şərəfli peşə sahiblərinə pandemiyanın bu çətin şərtlərində əziyyət verməkdən həzz almaq istəyiblər. Burada iki optimal yol var, ya kartların vaxtını uzadıb, müəllimləri bu qədər əziyyətə salmırdılar, ya da əgər yeni kartlar hazırlanmışdırsa, onların hər bir məktəbdə müəllimlərə çatdırılmasını təmin edirdilər. İlin-günün bu vaxtında vətəndaşı, xüsusilə də müəllimləri belə əziyyətə salmaq istəyənləri qınayıram və bu özbaşınalığa son qoyulmasını istəyirəm. 

Belə durumu qəbul etmək mümkün deyil

Tofiq Məlikli, yazıçı:

- Gəlin açığını deyək, biz normal bir şəkildə mübahisə etmək, başqasının düşüncəsinə anlayış və sayğı ilə yanaşmaq mədəniyyətinə hələ tam yiyələnməmişik. Bu səbəbdən fikrimizi dəstəkləməyənlərə düşmən kimi baxırıq, onları "qatı millətçi", geriqalmış, anlayışsız kimi sözlərlə damğalayırıq. Bu günlərdə KİV və sosial şəbəkələrdə bir tanınmış yazarın postu ilə bağlı aparılan dartışma zamanı belə bir durumun yenə şahidi olduq.

Bir neçə ziyalı, bu yazarın postunda dilə gətirdiyi yanlış görüşlərə mənfi münasibətlərini bildirdiklərinə, təhsil və dil problemlərinə öz mövqelərini dilə gətirdiklərinə görə bu insanları aşağılamağa çalışmış və gərəksiz ifadələr işlətmişdi. Oysa, dartışmanın konusu çox sadədir və çoxdan həll olunmuşdur.

Hər bir bağımsız, müstəqil dövlətin qayəsi, ana dilində çağdaş məktəblər açaraq kimliyini dərk edən, milli ruhda, milli dil, tarix və mədəniyyət zəminində formalaşan vətənsever gənc nəsil yetişdirməkdir. Eyni zamanda, digər ölkələrlə əlaqələr yaratmaq, dünyada gedən proseslərə inteqire olmaq məqsədiylə bu məktəblərdə ana dili ilə yanaşı, bir-iki xarici dil də tədris edilməkdədir. Bu, bütün dünyanın qəbul etdiyi bir aksiomadır. Bizdən başqa. Yalnız bizdə (bəlkə daha bir-iki keçmiş sovet respublikasında) dövlət hesabına yad bir ölkənin dilində 400 məktəb fəaliyyət göstərir və gənclərimiz orada başqa mədəni, tarixi, siyasi zəmində yetişdirilir. Belə bir durumu anlamaq və qəbul etmək, doğrusu, mümkün deyil.

 





25.09.2020    çap et  çap et