525.Az

"Ermənistan və onun havadarları bilsinlər ki, biz geri çəkilməyəcəyik"


 

"Ermənistan və onun havadarları bilsinlər ki, biz geri çəkilməyəcəyik"<b style="color:red"></b>

Sentyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına geniş müsahibəsi özündə bir sıra əməli fəaliyyət sahələrinə təsbit və çağırışları ehtiva edir. Prezidentimizin hərbi, iqtisadi, siyasi, tarixi həqiqətlər, strateji tərəfdaşlıq, milli prioritetlər və başqa mövzularda verdiyi təhlillər, etdiyi çağırışlar yerli və beynəlxalq münasibətlər sisteminə dövlət baxışını ifadə edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Mədəniyyət komitəsinin sədri diqqətə çatdırıb ki, dövlətimizin başçısının müsahibəsində səsləndirilən fikirlər hərbi, strateji, iqtisadi, siyasi ritorikası ilə yanaşı, beynəlxalq davranış etikası ilə fərqlənir. Məsələn, hərbi ritorikaya diqqət etsək, Prezidentin “Ermənilər təkbaşına bizim torpaqlarımızı işğal edə bilməzdilər” fikri, əslində, açıq siyasi mesajdır. Bu mesaj hadisələrin inkişaf ssenarilərindən asılı olmayaraq, Azərbaycanın hər zaman müharibəyə hazır olduğunu nümayiş etdirir. Bu, eyni zamanda, qüdrətimizi, o cümlədən dövlət siyasətimizin müstəqilliyinin gücünü əks etdirir.

Sülhə və diplomatiyaya sadiq olan müstəqil Azərbaycan öz hərbi gücünə yaxşı bələddir və müharibə ehtimalını inkar etmir. Dövlətimiz hərbi ritorikaya çağırmır, hərbi əməliyyatlar vasitəsilə işğal olunmuş ərazilərimizin məhz adekvat vasitələrlə qaytarılmasına hazır olduğunu bildirir. Azərbaycan Prezidentinin öz qəti mövqeyini ortaya qoyaraq “Biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır” deməsi dünya ictimaiyyətinə mesaj idi. Beynəlxalq ictimaiyyət bilməlidir ki, bu sözlər hərbi ritorikanın təzahürü deyil, onlar tarixi ədalətin bərpasına dair çağırışdır. Prezidentin “Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub” fikri artıq Ermənistana inamın olmadığını açıq şəkildə nümayiş etdirir.

Deputat qeyd edib ki, düşmənin iyulda Tovuz istiqamətində törətdiyi təxribatla əlaqədar olaraq dövlətimizin başçısının bir çağırışı ilə on minlərlə vətəndaşımız könüllü şəkildə orduya yazıldılar və torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazır olduqlarını bildirdilər. “Milli Məclisin Tovuzdan olan deputatı kimi insanlarımızda vətənpərvərlik ruhunun çox yüksək olduğunun şahidiyəm. Vətəndaşlarımız həmrəylik göstərdilər. Müstəqilliyimiz tarixində ilk dəfə ölkədə fəaliyyət göstərən 43 siyasi partiyanın birgə, 4 siyasi partiyanın isə ayrılıqda Ali Baş Komandanın ətrafında birləşməsi barədə bəyanatı ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin formalaşdığını göstərdi”, - deyə deputat bildirib.

Q.Paşayeva vurğulayıb ki, Prezident İlham Əliyev elan olunmamış müharibə və torpaqlarımızın işğalında bütövlükdə erməni xalqını deyil, məhz Ermənistan siyasi hakimiyyətini günahlandırır. Azərbaycan Prezidentinin bu yanaşması, eyni zamanda, erməni cəmiyyətinə də ünvanlanmış mesajdır.

Deputat deyib: “Bizimlə güc dili ilə danışmaq cəhdi də, özünü qalib ədasında tutmaq da, yeri gəldikdə beynəlxalq ictimaiyyət qarşısında məzlumanə görkəm almaq da Ermənistan dövlət rəhbərliyinin dəyişməz “taktika”sıdır. Belə diametral dəyişkənliklə (mövqesizliklə), çətinə düşəndə sülhdən dəm vurmaqla, Azərbaycan dövlətinin Ermənistanla deyil, Dağlıq Qarabağdakı xunta rejimi ilə danışıqlar aparmalı olduğunu deməklə qarşı tərəf həm həyasızlıq edir, həm də növbəti məntiqsizliyə imza atmış olur. Beynəlxalq ictimaiyyət, ilk növbədə, ATƏT-in Minsk qrupu, sülhyaratma mandatlıları bu cür açıqlamalara dair qəti fikrə sahib olmalıdırlar. Prezident İlham Əliyev dediyi kimi, biz ətrafımızda nələrin baş verdiyini bilirik. Bilirik ki, Ermənistan və onun havadarları növbəti hərbi əməliyyatlara hazırlıqla məşğuldurlar. Ermənistan və onun havadarları bilsinlər ki, biz geri çəkilməyəcəyik və əzəli torpaqlarımızı onlara verməyəcəyik”.

Azərbaycan Prezidentinin hər zaman xalqının yanında olduğunu və xalqın da onun arxasında dayandığını qeyd edən Qənirə Paşayeva deyib: “Şübhəsiz ki, həqiqi əməl və konstruktivlik üzərində qurulmuş siyasət bütün dövrlərdə xalq tərəfindən rəğbətlə qarşılanır”.

 





25.09.2020    çap et  çap et