525.Az

Danışsam, roman olar... - Türkan Turan yazır


 

Danışsam, roman olar... - <b style="color:red">Türkan Turan yazır</b>

- Hər kəsə roman kimi baxdığınızı deyirsiniz...

- Hə, hər kəsə, hər nəsnəyə roman kimi baxıram. Çünki hamının və hər şeyin bir hekayəsi var. Bunu görə bilmək önəmlidir. Təəssüf ki, insanlar çox vaxt gözlərinin önündəki xəzinəni görə bilmirlər.

Bu dialoq böyük yazıçı Zülfü Livaneli ilə "525-ci qəzet"də çap edilən ilk müsahibəmizdə keçmişdi. Halbuki iki il əvvəl, yəni bu cümləni ustaddan eşidənə qədər insanların bir qələm adamı görən kimi özləri haqda danışmaqlarını adi hal kimi qəbul edirdim. Əslində, elə deyilmiş! Hər kəs eyni ilə barmaqlarındakı iz kimi özlərinə məxsus həyat yaşayır. Doğrudur, bəzən nələrdən keçdikləri ilə özün maraqlanırsan, bəzən də qarşı tərəf israrla danışmağa çalışır. Qulaq asdıqca hiss edirsən ki, yaşadıqlarını dilə gətirərkən özü də heyrətlənir, ömrü film kimi gözünün önündə canlanır və istər-istəməz haldan-hala düşür. Bir az keçir, elə bil, qəfil anlayır ki, onun həyat hekayəsi hər kəsin başına gələnlərdən fərqlidir. Sadə insanlar "başıma gələnləri danışsam, roman olar", "kitab kimi ömür yaşamışam, danışım, yaz",  deyir. İmkanlı adamların isə belə bir istəyi varsa, bəlli bir məbləğ verərək yazdırır, sonra da oxucunu maraqlandırmayan həmin kitabları dost-tanışına, qohum-əqrabasına paylayır. Çünki ədəbiyyatın içinə maddiyat girəndə səmimiyyət uçub gedir. Ümumiyyətlə, əksər insanlar həyatlarının kitaba çevrilməsini istəyirlər. Təbii ki, bunun ən müxtəlif səbəbləri var. Bir də öz hekayələrini yazmağı qarşılarına məqsəd qoyanlar var. Niyyət edirlər, arzulayırlar, xəyal qururlar və bir gün bunu gerçəkləşdirəcəklərinə inanırlar.

Bu günlərdə Türkiyədə yaşayan bir dostla söhbət edirdik. Biznes sahəsində böyük uğur qazanmış şəxslərdəndir. Yeniyetməlikdən bəri hesabla, qazancla, yəni sıfırlı rəqəmlərlə iç-içə yaşayıb. Yəni ədəbiyyatla yaxından-uzaqdan əlaqəsi yoxdur. Heç yolu da kəsişməyib. Sadəcə çox nadir hallarda özünü məcbur edərək kitab oxuyub. Təbii ki, bunun açıqlamasını vaxt azlığına bağladı. Amma ən böyük arzusu nədir, bilirsiniz? Bir gün bir qayığa minib, özünü dənizin qoynuna ataraq, hər kəsdən uzaqlaşmaq və bütün yaşadıqlarını sətirlərə köçürmək...

Saatlarla danışdı arzularından. Onu təbəssümlə və böyük maraqla dinlədiyimi görərək, kim bilir, neçə illərdir qatlayıb ürəyinə yığdığı xəyallarını ilk dəfə birinə danışmağa cəsarət etməyinin sevincini yaşayaraq davam etdi: "Ən gözəl şərabları, bir neçə günlük ərzaqları yığacam qayığıma. Yeyəcəyim qidalar tükəndikcə sahil qəsəbələrində yerləşən və heç kəsin məni tanımadığı o kiçik bazarlara gedəcəm.  Qoxlayaraq, toxunaraq, öz əllərimlə seçəcəm aldığım məhsulları". Burada bir xeyli düşündüm. Çünki nəinki bazara, marketə belə getməyi vaxt itkisi hesab edərək, hər işi yardımçılarına gördürən adamın arzusu sən demə, öz əlləri ilə meyvə-tərəvəz seçmək istəyi qədər sadə imiş. Sonra davam elədi: "Özümlə çoxlu kitablar götürəcəm. Hətta bir müddətdir sifariş verməyə başlamışam. Aldıqlarımı yavaş-yavaş aparıb qayığıma yığıram. Kompüterimi də yazmağa məcbur olduğum üçün götürəcəm. Bəlkə smartfonu da sadə bir telefonla dəyişdim. Nə bilmək olar..."

Sonuncu cümləsində tərəddüdə qapıldığını hiss elədim. Gözləri bir nöqtəyə zilləndi. Sanki bayaqdan mənə danışdığı sehirli dünyadan kimsə onu çəkərək geri itələmişdi. İş dünyasında tutduğunu qoparan insandır. Bəs görəsən, ədəbiyyata dair dediklərində və roman yazmaqla bağlı düşüncələrindən nə qədər əmindir? Dəniz hüzur qaynağıdır, sakitlikdir. Amma izdihamlı şəhərdən, ard-arda sıralanan toplantılardan, ziyafətlərdən, axşam yeməklərindən, səyahətlərdən, diqqət mərkəzində olmaqdan, yaxşı, bütün bunlar bir kənara dursun, internetdən uzaqlaşaraq sonsuz suların ortasında, ucsuz-bucaqsız yalnızlıqla baş edə biləcəkdimi? Çünki bu cür xəyallar qurub arxasınca gedən çox insan olub, amma əksəriyyəti darıxaraq tezliklə geri dönüblər. Hələ üstəlik, o, bu addımı bələd olmadığı romançılıqla bağlı atmaq istəyir. Onu dinləyərkən ədəbiyyatın nəhəngliyini bir daha dərk etdim. Uzun illər məntiqlə, riyazi qaydalarla yaşayan insan bir gün ədəbiyyata nə qədər ehtiyac duyduğunu hiss edir. Fərqi yoxdur, öz həyatını yazır və ya gördüklərini. Amma insanın robotlaşmış həyat rejimindən qurtulub hisslərinin fərqinə varması hadisədir və bu hadisə qarşısında ədəbiyyatın nə qədər böyük olduğunu başa düşərək içindən önündə əyilmək keçir. Ədəbiyyat böyük eşqdir. Aşiq olmadan kimləsə birlikdə olmaq necə mümkündürsə, eləcə də ədəbiyyata vurulmadan istənilən qədər yazmaq olar. Amma bunu da qulağa sırğa etmək lazımdır ki, əgər arada eşq yoxdursa, o ehtiras, o tutqu, o şəhvət də olmayacaq. Eşqsiz olan hər kəsdə və hər nəsnədə olduğu kimi, gec, ya tez bütün tellər qırılır, qopur, insanın eyni ilə illərini verdiyi insandan qopduğu kimi. Nə əl qələmə gedir, nə yazmağa həvəs qalır. Eynən eşq kimi, ədəbiyyat da başdan ayağa ziddiyyət, müəmmadır. Açıqlaması, məntiqi əsasları yoxdur. Onunla şərt kəsmək, azadlığını qısıtlamaq, çərçivəyə salmaq olmaz. Eşqin tələbləri nədirsə, ədəbiyyatınkı da odur; həm olduqca sərt, həm çox yumşaq. Eşqə ağalıq etmək necə mümkün deyilsə, ədəbiyyata da ağalıq etmək o qədər mümkünsüzdür. Eşq kimi, ədəbiyyat da beynimizdəki hüdudları aşmağı tələb edir. Ədəbiyyat insanın özünü əyməsini, bükməsini, sıxmasını, empatiya qurmasını, hamıya və hər şeyə anlayış göstərməsini tələb edir. Ədəbiyyat özünü yazmaq deyil, bütün canlılara və cansızlara kağız üzərində həyat vermək sənətidir. Özünü başqalarının yerinə qoymaq, hər canlının başına gələnləri iliyinə qədər hiss edərək, hərəsindən bir parça alıb yazmaq bacarığıdır. Bir gün həmin iş adamı kimi hər kəsin xəyalını qurub arxasınca getməyi arzuladığı və çoxunun yarı yolda qaldığı yerdir ədəbiyyat.

 





27.09.2020    çap et  çap et