525.Az

Peşə seçimi - Aytac Sahədin yazısı


 

Peşə seçimi - <b style="color:red">Aytac Sahədin yazısı </b>

Deyirlər, xoşbəxt o adamdır ki, hər səhər evdən işə, axşam isə işdən evə tələsir.

İnsan həyatı boyu bir çox qərarlar verir. Elə qərarlar var ki, onlar yalnız verildiyi situasiya, yaxud müəyyən müddət üçün aktualdır. Yəni nəticəsi nə olur-olsun, həmin qərarın həyatın gedişinə mühüm təsiri yoxdur. Ancaq elə seçimlər var ki, o seçimlər bizim həyat xəritəmizə çevrilir. Seçimlərin önəmi fərdlərə görə dəyişsə də, çox insana aid edə biləcəyimiz iki qərarın ağırlığı daim insanı izləyir: birincisi, peşə seçimi, ikincisi, həyat yoldaşı seçimi.

Bəli, bu iki seçim insanın, az qala, bütün həyatını müəyyən edir. Əgər ikisindən birində yanılmısansa, birində nə qədər yaxşı olursansa-ol, digərinin boşluğunu doldurmaq çətin olur. Bəzən bu qərarların məsuliyyətini dərk etməmək sonradan bədbəxtlik gətirir. Ona görə də hər iki qərar ağlın və ürəyin xeyir-duası ilə qəbul edilməlidir. Təkcə ömür-gün yoldaşı yox, elə peşə seçəndə də bu kriteriyalar nəzərə alınmalıdır. Gəlin görək, insanı düzgün peşə seçimindən yayındıran nədir?

Peşə seçimində valideyn müdaxiləsinin rolu böyükdür. Universitetə hazırlaşan 16-17 yaşlı gəncin həyat barədə düşüncələri ilə valideynin düşüncəsi həmişə üst-üstə düşmür. Bu zaman valideyn öz doğrularını, bəzən də arzularını övladına diktə edir. Beləcə, müəllimin oğlu müəllim, dərzinin qızı dərzi olur. Yaxud da, əksinə. Özü, tutaq ki, həkim olmaq istəyib, ola bilməyən ana övladını ağ xələtdə görmək üçün çalışır. Təbii ki, valideynlər övladları üçün hər şeyin ən yaxşısını arzulayırlar. Ancaq arzuladıqları şey övlad üçün ən yaxşı olandırmı? Bax, bu, mübahisəli mövzudur. Zaman dəyişir, zamanla birgə tələblər də dəyişir, bəzi peşələr də köhnəlir. Ona görə də valideynin övladını öz dövründə trend olan ixtisasa yönəltməsi uğursuzluqla nəticələnə bilər. Axı hər kəs öz zəmanəsinin qonağıdır. Ümumiyyətlə, trendə aldanıb peşə seçmək uğurlu nəticə olacağına zəmanət vermir. Hər insan individualdır. Ola bilər ki, onun yaşadığı dövrdə həkim biznesmendən çox qazansın, yaxud nüfuzlu peşə hesab olunsun. Amma bu, ona dəlalət eləmir ki, bu peşəyə üz tutan hər adam çox qazanıb böyük də nüfuz sahibi olacaq. Peşə insanın geyimidir, insan peşənin yox.

İnsan özünü nə qədər yaxşı tanıyırsa, bir o qədər də doğru seçimlər edə bilir. Temperament, xarakter, yaşadığı mühit, komplekslər və digər amillər insanın seçdiyi peşədə özünü doğrultmasına birbaşa təsir göstərir. Təbiətcə sakit, özünə qapalı, melanxolik təbiətli şəxslər üçün daima insanlarla ünsiyyətdə olmaq məcburiyyətində qalmaq əsl işgəncəyə çevrilə bilər. Belə insanlar daha çox təkadamlıq işlərdə rahat ola bilirlər. Aşpaz, dülgər, mühasib və digər bu kimi peşələr onlar üçün ideal seçimdir. Elə adamlar da var ki, cəmiyyət içərisində olmaqdan böyük zövq alırlar. Belə adamlar üçün ictimai fəaliyyət tələb edən işlər uğurlu seçimdir. Qayda-qanunu sevən bir adam üçün polis, hüquqşünas, yaxud bank işçisi kimi peşələr daha uyğundur. Daha çox rahat həyat tərzinə üstünlük verənlərə səhər saat doqquzdan axşam saat altıya qədər işdə oturmaq cəhənnəm əzabıdir. Əlbəttə, maddi, yaxud nüfuz baxımdan təbiətinə yad işlərdə çalışan insanlar da var. Ancaq onlar öz işləri ilə nə qədər xoşbəxtdirlər?

Peşə təkcə pul qazanmaq üçün vasitə yox, həm də özünü ifadə formasıdır. Maddi cəhətdən tam təmin olunmuş bir işdə çalışmasına baxmayaraq, özünü natamam hiss edən, tamamilə fərqli sahələrə meylli olan insanlar var. Əgər bir insanın içərisində sevgi kök atıbsa, o insan sevginin təzahürünü axtaracaq. Yox, əgər gücü sevirsə, idmançı, hərbçi, polis kimi peşələrdə tamamlanacaq. Burada dəyərlərin də rolu böyükdür. Hər kəsin dəyərlər sırasında ilklər və sonlar var. Tutaq ki, sənin üçün ailə birinci dəyərdirsə, səndən ailəndən uzaqda yaşamaq tələb edən bir peşə uğurlu seçim olmaya bilər. Yaxud dini inancın həyatının əsas mərkəzindədirsə, əqidənə yad olan şeylər səni yora bilər. Odur ki, insan hər şeydən öncə özünə bələd olmalıdır.

Seçim zamanı yol verilən digər bir səhv həvəslə potensialı qarışdırmaqdır. Musiqiyə həvəsinin olması mütləq şəkildə musiqiçi, rəsm çəkməyi sevmək isə rəssam olmaq üçün yetərli səbəb deyil. Ola bilər ki, sən rəsm çəkməyi sevirsən, ancaq sənin potensialın, həyata baxışın buna imkan vermir. İnsan sevdiyi işi görməlidir, ancaq anlıq həvəslərə aldanmamlıdır. Sevgi hobbidə də təzahür edə bilər. Gözəl rəsm çəkə bilən biri yaxşı həkim olub, həm də ikinci bir iş, yaxud hobbi olaraq rəsm də çəkə bilər. Əsas məsələ işi düzgün seçməkdir. Əgər həmin adamda Pikasso istedadı varsa, o, həkimdən çox uğurlu rəssam ola bilər. Ümumiyyətlə, istedad tələb edən peşələrdə insanın seçim haqqı da mahiyyətini itirir. Sanki peşə özü onu seçir. Tutaq ki, şair, yazıçı nə qədər özündən qaçsa da, əgər istedadla cəzalanıbsa, nə iş görməyindən asılı olmayaraq ruhu heç vaxt rahatlıq tapmayacaq.

Əgər işinizi sevirsinizsə, özünüzü seçdiyiniz peşədə görürsünüzsə, şanslısınız. Yox, əgər gördüyünüz işlə xoşbəxt deyilsinizsə, hələ də gec deyil. Qırx yaşında yeni peşə öyrənmək istəyən bir adama "sən bu peşəni öyrənincə 45 yaşın olacaq" deyirlər. Adam da cavabında "Mən bu peşəni öyrənməsəm də, onsuz da 45 yaşım olacaq" deyir. Zaman istənilən halda bizim sözümüzə baxmır. Gec, yaxud tez olmasından asılı olmayaraq, həmişə seçim haqqımız var. Əgər siz əlli yaşınızda balerina, futbolçu kimi peşələrin xəyalını qurursunuzsa, gecikmiş ola bilərsiniz. Ancaq elə peşələr var ki, orada yaş limiti yoxdur. Gənc yaşda səhv peşədə olduğunuzu düşünürsünüzsə, gecikmədən tədbirinizi alın. Ya da işinizə bir şans verin. Məşhur bir deyimdəki kimi, "ya sevdiyiniz işlə məşğul olun, ya da gördüyünüz işi sevin". Sevgi olmayan yerdə uğur da yoxdur.

 





27.09.2020    çap et  çap et