525.Az

Belarusdakı siyasi böhran ölkə sərhədlərini aşdı


 

Belarusdakı siyasi böhran ölkə sərhədlərini aşdı<b style="color:red"></b>

Avqustun 9-da Belarusda keçirilən prezident seçkisinin rəsmən qalibi elan edilən Aleksandr Lukaşenkonun yarıgizli andiçmə mərasimi keçirməsi istər ölkə daxilində, istərsə də onun sərhədlərindən kənarda böyük reaksiyalar doğurub.

Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə yüksək nümayəndəsi Jozep Borell rəsmi bəyanatla çıxış edərək andiçmə mərasiminin keçirilməsinə baxmayaraq, təmsil etdiyi birliyin Aleksandr Lukaşenkonun legitimliyini tanımadığını açıqlayıb. Bəyanatda qeyd olunur ki, yaranmış vəziyyətdə Avropa Birliyi Belarusa yönəlik siyasətini dəyişəcək.

Avropa Birliyi ilə yanaşı, ABŞ, Kanada, Böyük Britaniya və Ukrayna da Lukaşenkonun legitimliyini tanımaqdan imtina edən açıqlamalar yayıb. Ancaq bu da son deyil. Eyni zamanda, bir sıra Qərb ölkələri - ABŞ, Böyük Britaniya, Almaniya, Polşa, Latviya, Litva, Estoniya, Slovakiya və Ukrayna Lukaşenkonu prezident kimi tanımadıqlarını rəsmən açıqlayıblar. "Reuters" agentliyinin yaydığı məlumatda isə ABŞ, Kanada və Böyük Britaniyanın Lukaşenkonun yaxın ətrafına qarşı sanksiya hazırladıqları haqqında məlumat yayıblar. İstisna deyil ki, hörmətli oxucularımız bu sətirləri oxuduqları vaxt artıq həmin sanksiyaların tətbiqinə start verilmiş olsun. Ən geci isə qarşıdakı həftənin ilk günlərindən Lukaşenkoya qarşı sanksiyalar elan olunacaq. Avropa Birliyi isə Kiprin inadına görə Belarusa qarşı sanksiyanı qəbul edə bilmir. Kipr Türkiyəyə qarşı sanksiyanın qəbul olunmayacağı halda Belarusa qarşı sanksiyanı dəstəkləməkdən imtina edir. Buna görə də Avropa Birliyinin dövlət və hökumət başçılarının 24 və 25 sentyabrda keçirilməli olan sirvə toplantısı bir həftəlik təxrə salınıb.

Mətbuatda yayılan məlumata görə,  Avropa Birliyinin Belarusa sanksiya tətbiqinə əngəl olmaması üçün Vaşinqton Kiprə təzyiq göstərir. Buna görə də ehtimal etmək olar ki, Avropa Birliyi də növbəti zirvə toplantısında Lukaşenko rejiminə qarşı sanksiyanı qəbul edəcək.

Bu sanksiya Belarus iqtisadiyyatına qarşı yönəlməsə də, iqtisadiyyata ciddi təsir göstərəcək. Lukaşenkonun bütün ümidlərinə baxmayaraq, Rusiya Belarus iqtisadiyyatında hökm sürən böhranı aradan qaldırmaq üçün yetərli resurslara malik deyil. Eyni zamanda, Moskvanın da Belarusun bütün problemlərini öz üzərinə götürməkdə maraqlı olduğunu söyləmək çətindir. Neft və qazın qiymətinin kəskin ucuzlaşması ilə Rusiya ciddi iqtisadi problemlərlə üzləşib və belə bir vəziyyətdə Moskvanın Belarus iqtisadiyyatının yükünü öz üzərinə götümək gücü yox dərəcəsindədir. Eyni zamanda, Qərbin Belarusa görə Rusiyaya əlavə sanksiyalar tətbiq etməsi də Moskvanın maraqlarına uyğun deyil.

Buna görə də Lukaşenkonun yarıgizli andiçmə  mərasimi keçirməsi Belarusdakı siyasi böhranı həll etmir. Əksinə, bu hadisə Belarusda siyasi böhranı dərinləşdirəcək. Lukaşenkonun etirazçıların rəyini nəzərə almaması, prezidentlik etməkdə israrlı olması və güc strukturlarının zorakılıqları Belarusda siyasi, iqtisadi böhranın daha dərinləşməsinə səbəb olacaq. Müşahidəçilər zorakılıqların artacağını, vətəndaş qarşıdurmasının daha da dərinləşəcəyini ehtimal edirlər.

Qərbin Lukaşenkonun legitimliyini tanımaması 9 avqust seçkisinin rəsmi nəticələrindən narazı qalan, həmin gündən ardıcıl etiraz aksiyası keçirən təbəqəyə mənəvi dəstək kimi də qəbul oluna bilər. Bu isə etiraz aksiyalarının davam edəcəyini və daha da kütləviləşəcəyini proqnozlaşdırmağa inam yaradır. Müxalifət liderləri isə Lukaşenko rejiminə yönəlik tənqidlərini sərtləşdirməyə başlayıblar. Müxalifətin birləşdiyi Əlaqələndirmə Şurasının üzvü Pavel Latuşko Minskdə yarıgizli şəraitdə keçirilən andiçmə mərasimini kriminal aləmdə "qanuni oğru"ların ali toplantısı hesab olunan "sxodka"sı ilə müqayisə edib. Müxalifətin önəmli isimlərindən olan Pavel Latuşko Lukaşenkonu "OMON"un və bir ovuc saxtakar məmurun prezidenti adlandıraraq onu xalqı təmsil etmədiyinə diqqət çəkib. Belarusdakı siyasi böhranın ölkə sərhədlərini aşaraq beynəlxalq məsələyə çevrilməsi isə problemin böyüməsi ilə yanaşı, həllinin daha da çətinləşəcəyini söyləməyə imkan verir. Çünki bu, Belarusun Qərblə Rusiya arasında nüfuz savaşının meydanına çevrilməsi deməkdir. Bu mənada, Rusiya-Qərb qarşıdurmasının Ukraynada doğurduğu nəticələri nəzərə alanda Belarusun da ciddi sarsıntılar ərəfəsində olduğunu da proqnozlaşdırmaq mümkündür.

 





27.09.2020    çap et  çap et