525.Az

"Gülüşü üzündə don vuran qadın" - Gülnar Ümidin şeirləri


 

"ERMƏNİSTAN BEYNƏLXALQ HÜQUQUN NORMA VƏ PRİNSİPLƏRİNİ KOBUD ŞƏKİLDƏ POZUR"

"Gülüşü üzündə don vuran qadın" - <b style="color:red">Gülnar Ümidin şeirləri </b>

Gənc şair Gülnar Ümidin imzasını qəzet və dərgilərdən tanıyıram. Bir  kitab təqdimatında da özüylə tanış olmuşdum.

Bu yaxınlarda bir neçə şeirini mənə göndərmişdi.

Gülnarın şeirlərində  də gəncliyin ayrılıq, həsrət iztirablarını ifadə edən notlar əsas yer tutur.

Bu, təbiidir. Lakin poeziyanın çətin yollarında şairə xas olan əsas məsələ inaddır.

İnadlı olmaq, poetik axtarışlar etmək, mütaliə etmək və öz yaradıcılıq mühitini yaratmaq gənclərimizin inadına özləri tərəfindən daha çox dəstək ola bilər.

Gülnar da inadlıdır, çalışır ki, bu yolda öz cığırını açsın və inanıram ki, uğur qazanacaq.

Bu inamla da onun bir neçə şeirini "525-ci qəzet"in oxucularına təqdim edirəm.



Nazim Əhmədli

***

Gülnar ÜMİD (HÜSEYNLİ)

Gülüşü üzündə don vuran qadın

Necə əzab çəkib, necə dözmüsən,
Ömrünə-gününə can verən qadın.
Qürurlu görsənib saxta gülmüsən,
Gülüşü üzündə don vuran qadın.

Sevəndə sevmisən hamıdan gizlin,
Baxışların qorxaq, gözlərin sezgin.
Ayrılıq oduyla aldın əvəzin,
Gülüşü üzündə don vuran qadın.

Çox şey istəmədin axı həyatdan,
Üzüldü əllərin qohumdan, yaddan.
Heyf, yarımadın sevdiyin yardan,
Gülüşü üzündə don vuran qadın.

Tənhayam yenə

Qaranlıq otaq
Tənhayam yenə...
Dizimi qucaqlayıb,
ağlaram yenə.
Gözümün yaşını,
üzüm qurudur.
Çöldə yağış yağır,
göy guruldayır.
Mənim dərdlərimə
göy də ağlayır.
Divarlar çox soyuq,
otaq çox soyuq.
Yaman üşüyürəm
bu dərdlərimlə.
Heç nə  eşitmirəm,
heç nə duymuram.
Bircə pəncərimi,
qapımı döyən,
Saçlarını yolan
küləkdən başqa.
Açmıram qapını,
əl çək deyirəm.
Bilirəm ki, yenə
bəd xəbərlisən
Qaytar gətirdiyin o
xəbərini,
Çatmasın o xəbər
öz mənzilinə.
Niyə tək qalmışam,
niyə sən yoxsan?
Arzularım sənsiz
belini büküb.
Durub dayanmağa
gücü qalmayıb.
Onu incitməyə
haqqın
 ki, yoxdur.
Apar yağışını,
küləyini də,
apar
ikimiz olmayan yerə.
Necə oğurladın,
elə də qaytar
ömrümə nur saçan
günəşimi də.

Artıq dəli olmuşam

Xəbərin var,
artıq dəli olmuşam.
bezdim
divarlarla danışmaqdan,
Xəyalını pərdə kimi asdım,
gözlərimin önünə.
Alışdım bu yalançı həyata,
yalanların içinə
atılmış bir əşya kimi
qaldım həsrətimin küncündə.
Sənin kimi yalana qarışdım,
adı olmayan quru dənizlər kimi.
Yazın yağışını,
qışın qarını
sonra göz yaşlarıma qarışdırdım.
Yastığımın nəminə yapışdı üzüm,
sonra dəli kimi yastığı sən əvəzi,
bərk-bərk sinənə çəkdim.
Boylanıram  gecələr
pəncərədən ətrafa
Ay işığındakı
külək tərpədən ağaclara.
Mənə elə gəlir ki,
dəli oluram artıq,
yarpaqlar mənə gülür.
Sənli xatirələrdən
narın yağış tökülür.

 





28.09.2020    çap et  çap et