525.Az

Osmanlı İmperiyasının tərkibində - Telman Orucov yazır


 

Osmanlı İmperiyasının tərkibində - <b style="color:red">Telman Orucov yazır </b>

Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr

(Əvvəli ötən sayımızda) 

Ellinlər Avropa xalqlarının elmində, incəsənətində və ədəbiyyatında pozulmayan iz qoymaqla, qüdrətli sivilizasiya yaratmışdılar. Qədim Yunanıstanın mədəniyyəti - mifologiyası, fəlsəfəsi, inşaat və təsviri sənət sahəsindəki bilikləri hər bir adi təhsil görmüş adama da məlumdur.

B.e.ə. IV əsrin ortalarında yunan şəhərləri üzərində ağalıq hüququnu Makedoniya sülaləsi ələ keçirdi. Aleksandr Makedoniyalının (b.e.ə. 356-323-cü illər) nəhəng, lakin uzun ömrü olmayan imperiyası Cənubi-Şərqi Avropada, Cənubi-Qərbi Asiyada və Şimali-Şərqi Afrikada geniş ərazilərə malik idi. Ona görə də ellinist adlanan mədəniyyətə (b.e.ə. IV əsrin sonu - I əsrə aid olan dövrdə mövcud olmuşdu) yunan və Şərq ənənələrinin vəhdəti xarakterikdir.

Aleksandrın ölümündən sonra onun imperiyası bir neçə dövlətə - ellinist monarxiyalarına parçalandı. Ellinizm epoxasının özündə (b.e.ə. II əsrdən başlayaraq) Balkan yarımadasında Roma imperiyasının hakimiyyəti bərqərar oldu. Əvvəlki yunan şəhər-dövlətlərinin yerində Roma əyalətləri meydana gəldi. Bizim eranın IV əsrində isə Roma imperiyası iki hissəyə - Qərbi və Şərqi Roma imperiyalarına parçalandı. Şərq hissəsi VIII əsrdən etibarən keçmiş yunan koloniyası olan Vizantium şəhərinin adı ilə Bizans adlandırıldı. Onun yerində imperator Konstantin 330-cu ildə tikdirdiyi şəhər onun öz adı ilə Konstantinopol adlandı. Roma imperiyasının vətəndaşları kimi isə xalq romeyalar (romalılar, türklər isə bunu "rumlular" kimi ifadə edirlər) adlanırdı. Onların içərisində daha çoxsaylı və mədəni etnik birlik yunanlardan ibarət idi. Avropanın ən böyük sivilizasiyalarından biri olan yüksək Bizans mədəniyyətinin yaradılmasında yunanların böyük xidmətləri var idi. Ölkədə inkişaf etmiş elmlər - fəlsəfə, tarix, ədəbiyyat, təbiətşünaslıq elmləri, xüsusən tibb elmi Balkan yarımadasının, Qərbi Avropanın, həmçinin, Asiya və Afrikanın bəzi vilayətlərinin inkişafına xeyli təsir göstərmişdi.

Osmanlı imperiyasının tərkibində 

XIV əsrdən başlayaraq Osmanlı türk işğalçıları bir an da yatmayan, sakitləşməyən dalğa kimi Avropaya axışdılar. 1453-cü ildə Mehmet Fateh tərəfindən Konstantinopolun tutulması ilə Bizans imperiyası öz mövcudluğunu itirdi və keçmiş imperiyanın paytaxtı öz adını da itirib, İstanbul adlandırıldı. Yunanlar çox sayda vergilərə məruz qaldı, onlardan ən ağırı "qan ianəsi" idi. Bu, böyük imtiyaza sahib olan yeniçərilərin hərbi hissələrini doldurmaq üçün xristian oğlan uşaqlarının məcburi qaydada seçilib yığılması idi. Uşaqları ailələrindən ayırıb sultana, həm də İslam dininə fanatik sədaqət ruhunda tərbiyə edirdilər. Xeyli müddət ərzində onlara evlənməyə də icazə verilmirdi, həyatın mənasını onlar yalnız nümunəvi hərbi xidmətdə görürdülər. Osmanlılar spartalıların ənənələrini bir qədər dəyişərək, daha dəhşətli etməklə, mahiyyət etibarilə davam etdirirdilər.

Yunan xalqı yadelli qəsbkarlarla barışa bilməzdi. Kəndli üsyanları baş verirdi. Bir sıra dağ vilayətləri, həmçinin, Kerkira adası heç vaxt türklərə tabe olmamışdı. 1822-ci ildə Yunanıstanın müstəqilliyi elan edildi. Lakin türklərə qarşı müharibə hələ uzun illər davam etdi. Avropa ölkələrindən üsyançılara kömək göstərmək üçün könüllülər gəlirdi, onların arasında böyük ingilis şairi Corc Bayron da var idi. Nəhayət, 1830-cu ildə Yunanıstan müstəqil dövlətə çevrildi. Dörd il sonra isə Afina bu dövlətin paytaxtı elan edildi.

İkinci Dünya müharibəsində İtaliya yunanların ərazisinə müdaxilə etdi. Yunanlar "Oxi!" - yunan dilində "Yox!" şüarını irəli sürdülər. Ümumiyyətlə, indi də adamlar bu sözü nitqlərində çox işlədirlər. 28 noyabr - "Oxi günü", yunan xalqının milli bayramı kimi qeyd edilir.

1941-ci ildə Yunanıstana alman faşist ordusu soxuldu və xalq kütləsi partizan müharibəsinə başladı. Xalq qəhrəmanı Manolis Qlezos uca divarı aşaraq Akropoldakı nasist bayrağını çıxarıb atmış, onun yerində milli yunan bayrağını dancmışdı. Akropolda biz minillərin abidəsinin divarına vurulmuş bu barədəki xatirə lövhəsinə minnətdarlıq hissi ilə tamaşa etdik. 1944-cü ildə Xalq Azadlıq Ordusu (ELAS) bütün əraziləri faşist işğalçılarından azad etdi. 1946-cı ildə monarxiya quruluşu elan edildi, xalq mübarizəyə qalxsa da, üç il sonra vətəndaş müharibəsi yatırıldı, Böyük Britaniya öz təsir dairəsinə daxil olan bu ölkədə monarxistlərin qələbəsinə köməklik göstərmişdi. Çox sayda mübariz doğma vətənini tərk etməyə məcbur oldu. Onlardan xeyli hissəsi SSRİ-yə mühacirət etmişdi

1973-cü ildən etibarən onların böyük dəstəsi vətənə qayıtdı və ümumiyyətlə, yunan mühacirlərinin repatriasiya prosesi başlandı. 

Yunan dili və şəhərlər 

Yunanıstan bircinsli etnik tərkibə malikdir. Əhalisinin 96 faizi yunanlardır. Son illərdə Yaxın Şərqdən, Afrikanın şimalından və Əfqanıstandan qaçqın axını bu ölkəyə də üz tutmuşdur. Monoetnik əhalisi olan, digər avtoxton xalqları qovub ata-baba yurdundan qovmaqla, səhranın qumunun rəngini andıran vahid millətə malik olması ilə öyünən Ermənistanla isə heç bir ölkə müqayisə oluna bilməz, bu vaxt yalnız əgər Sakit okeanının kiçik adalar ölkələri nəzərə alınmasa.

Yunanların canlı xalq dili diametikadır. Rəsmi ədəbi dil isə kafarevusdur ("təmiz dil" mənasını verir). Kafarevusa milli mədəniyyətin simvolu - antik dövrün varisi kimi baxılır.

Yunanıstanda ənənəvi olaraq Bizans imperiyası dövründən ortodoks (pravoslav) dini yayılmışdır. Ölkədə cəmi 10 milyona yaxın əhali yaşayır, Rusiyada olduğu kimi, qadınlar kişilərdən çoxdur, axırıncıların çoxu iş tapmaq üçün əcnəbi ölkələrə mühacirət edirlər.

Hələ qədimdən Yunanıstanda yüksək inkişaf etmiş dənizçiliyə və ticarətə görə, həmçinin, becərilən torpaqların çatışmaması ucbatından şəhər həyatı xeyli inkişaf etmişdi. Şəhərlərin əksəriyyəti keçmiş zamanlardan meydana gəldiyindən, onlarda köhnə planlaşma və antik dövrün çox sayda gözəl abidələri qalmışdır. Liman şəhərləri ölkədə çoxluq təşkil edir. Çünki dəniz nəqliyyatı iqtisadiyyatda mühüm yer tutur. Yunan milyarderi Aristotel Onassis yük gəmilərinin, xüsusən 1956-cı ildə Süveyş kanalı böhranı vaxtı neft daşıyan tankerlərin kirayəyə verilməsindən və fraxtından böyük var-dövlət qazanmışdı.

Kənd təsərrüfatının da ümumi daxili məhsul istehsalında payı çoxdur. Ölkə başlıca olaraq tütün, zeytun, üzüm və sitrus meyvələrinin ixracı üzrə ixtisaslaşmışdır. Ən qədim məhsuldar bitki növlərindən biri üzümlə yanaşı, zeytundur. Zeytun yağı istehsalına görə Yunanıstan İspaniya və İtaliyadan sonra dünyada üçüncü yerdədir. Mərkəzi və Cənubi Yunanıstanda zeytun torpaqları 0,5 milyon hektar sahəni tutur.

Yunanıstan ənənəvi beynəlxalq turizm ölkəsidir. Bütün böyük şəhərlər və iri adalar öz aralarında hava yolları ilə əlaqə saxlayır. Əcnəbi turistlər füsunkar antik abidələrə, xüsusən arxeoloji muzeylərə böyük maraq göstərirlər. Burada qədim yüksək sivilizasiyanın, ötən minilliklərin və əsrlərin qiymətli izlərini az qala addımbaşı görmək mümkündür. Antik dövrün abidlərinə - məbədlərin, qalaların, teatrların, su kəmərlərinin qalıqlarına həm materikdə, həm də adalarda rast gəlinir. Axı orada şəhərlər də, kəndlər də qədimdir. Onlar ötən əsrlərin həyatını və üslubunu əks etdirirlər. Antik şəhərlərə ictimai yığıncaqların, açıq teatr tamaşalarının keçirildiyi geniş meydanlar xas idi. Bizans dövründən isə köhnə məhəllələrdəki dar küçələr qalmışdır.  

Yunan incəsənəti və fəlsəfəsi 

Lap qədimdən yunanlar musiqi sənətinə mühüm tərbiyəvi amil kimi baxırdılar. Elə bir bayram yoxdur ki, onda mahnı oxunmasın, rəqs edilməsin. Yunan üçün rəqs başqa xalqlarda olan kimi təkcə əyləncə deyildir, o, hərəkətin ritmində həm sevinci, həm də qüssəni ifadə edir. Rəqs vasitəsilə istirahət etmək yunanların milli xarakteridir. Bizim yallı tipli rəqslərə daha çox rast gəlinir. Onun ən geniş yayılmış növü "Sirtaki"dir. Ən köhnə rəqslər ibadət vaxtı ifadə edilən mərasim rəqsləridir. Adətən, rəqslər musiqidən başqa, mahnı oxunması ilə müşayiət olunur. Lira, fleyta, skripka kimi alətlərlə yanaşı, gözəl səs tembri ilə seçilən buzukidən də istifadə olunur. Buzukini yunanlar Şərqdən götürmüşlər, lakin ən çox yayılan milli musiqi alətinə çevrilmişdir.



Quldarlıq epoxasında yunanlar incəsənətdə mürəkkəb yol keçmişdir. Klassik dövrün (b.e.ə. V-IV əsrlər) bütün dünyaya məlum olan əsərləri antik mədəniyyətin bədii dəyərini bütünlüklə təcəssüm etdirir. Bu əsərlər digər xalqların incəsənətinə böyük təsir göstərmişdir. Renessans dövründə Qərbi Avropanın rəngkarlığı və heykəltəraşlığı ideal nümunə kimi antik irsə müraciət etmişdi.

Qədim yunan fəlsəfəsi b.e.ə. VII-VI əsrlərdə quldarlıq cəmiyyətinin inkişafı və möhkəmlənməsi dövründə meydana çıxdı. Bu fəlsəfə özündə Avropa fəlsəfəsinin rüşeymlərini daşıyırdı, axırıncı isə İntibah epoxasında inkişaf etməyə başladı.

B.e.ə. V əsrdə Sokrat özünün çox saydakı şagirdləri ilə apardığı canlı söhbətlərdə idrakın və əxlaqın əsaslarını axtarmağa səy göstərirdi. O, hesab edirdi ki, dövlətə xidmət vətəndaşlıq borcudur. Onun şagirdi Platon (b.e.ə. V əsrin sonu-IV əsrin birinci yarısı) idealist fəlsəfənin əsasını qoydu. Sokratın ölümündən sonra onun böyük şöhrət qazanmasında Platonun müstəsna rolu olmuşdu, o, yazdığı dialoqlarda Sokratı bir filosof kimi geniş təbliğ etmişdi. Platon sevinirdi ki, heyvan yox, insan kimi, barbar yox, ellin kimi və Sokrat kimi müdrikin dövründə doğulmuşdur.  Platonun yaratdığı Akademiyada antik cəmiyyətin görkəmli mütəfəkkiri Aristotel (b.e.ə. IV əsr) 20 ilə qədər öz vaxtını keçirdi. Aristotelin qüdrətli ağlı o dövrdəki biliklərin hamısını əhatə edirdi, onların içərisində iqtisadiyyat da var idi. Bir çox dahilər öz elmi əsərlərində məhz Aristotelə müraciət etmişdir.

(Ardı var)

 





28.09.2020    çap et  çap et