525.Az

Aftandil İsrafilov: 80 yaşın astanasında


 

Aftandil İsrafilov: <b style="color:red">80 yaşın astanasında</b>

Azərbaycan qarmon ifaçılığı sənətinə başucalığı gətirmiş azman sənətkarlardan biri də Xalq artisti Aftandil İsrafilovdur.

Bu ad Azərbaycanda, Rusyada, Türkiyədə, İranda, Yaxın və Uzaq Şərqdə, eləcə də dünyanın bir çox başqa ölkələrində möhtəşəm çalğısı ilə milyonların sevgisinə ünvandır. Əminliklə deyə bilərəm ki, çox sayda gözəl, məzmunlu bəstələri-rəqsləri də olan, Azərbaycan musiqi-mədəniyyətinə cani-dildən xidmət göstərmiş bu böyük sənətkar möhtəşəm ifası və bir çox novator cəhətlərilə özünəməxsus qarmon sənəti məktəbi yaradıb. Azərbaycan qarmon ifaçılığı aləminə yeni bir çalğı manerası bəxş etmiş A.İsrafilov sənətdə öz izi ilə görünərək dinləyicilərin ruhuna yol tapıb, onların könlünü fəth edib. Onun hər ifası bir yenilik, hər bəstəsi sənət nümunəsidir. Qarmon dillərində qeyri-ixtiyari vurduğu, ürəyindən, ruhundan, ilhamından süzülüb gələn zəngin ilmələr, çoxçalarlı əlvan güllər, xallar bu yeniliklərin işartısı, yüksək sənətkarlığın təsdiqidir. Bütün bu yüksək keyfiyyətləri ilə o, musiqi mədəniyyətimizə az qala 70 ildən bəri təmənnasız xidmət edərək xalqımızın, mədəniyyətimizin iftixarına çevrilib. İfaçılıq sənətində fikirləri aydın, melodik cümlələri məntiqli, xalları yerli-yerində, ilmələri qəlb oxşayan, saxta gəzişmələrdən, bayağılıqdan uzaq, büllur kimi şəffaf, aydın olması ilə seçilən Aftandil üslubu insan oğlunu ülviliyə səsləyir. Özü kimi sənəti də, ömürlük sirdaş olduğu qarmonu da qürurludur, əzəmətlidir bu misilsiz sənətkarın. Onun ifalarında Azərbaycanın zəngin təbiəti, füsunkar yaylaqları, göz oxşayan, insana ilham verən oylaqları, müqəddəs yurd yerləri, uca dağları, zəmzəm bulaqları, zümzüməli çayları, bulaqları, göy meşələri, ətirli çəmənləri, doğma elləri-obaları canlanır. İnsan bu ecazkar səslər dünyasında cuşa gələrək, yaşamaq-yaratmaq həvəsinə düşür.

Aftandil İsrafilov musiqi xəzinəmizin qoruyucusudur. Onu dəyərli melodik töhfələri ilə daima zənginləşdirən yaradıcı şəxsiyyətdir. Aftandil İsrafilov dedikdə həm də toylarımızın, el şənliklərimizin,  bayram mərasimlərimizin yaraşığı, qarmonu ilə belə yığıncaqlarımızı bəzəyən fəal sənətkar yada düşür. Aftandilin rəqslərində, minbir çeşidli melodiyalarında, onun mahir barmaqlarının vurduğu xallarda, sənətkarın bədii-texniki ifaçılıq priyomlarında böyük bir istedad və sənət qüdrəti özünü göstərir. İnsana mənəvi-estetik zövq verən hər bir cəhət tapılır Aftandil ifaçılığında.

Mənim aləmimdə, qarmonla Aftandilin görüşü Leylinin Məcnuna, Tahirin Zöhrəyə qovuşmasının gerçəkliyə çevrilmiş mənzərəsidir. Bu ülvi məqamda adi söz-söhbət olmur, ürəklər danışır, bir-birini qəlb dili ilə anlayır onlar. Təsadüfi deyil ki, qarmon dedikdə Aftandil, Aftandil dedikdə isə qarmon yada düşür. Qarmonla Aftandil bir bütövlükdür, tamlıqdır. Kamillik məqamı mənim üçün həm də qarmonla Aftandilin görüş səhnəsidir: əllər, barmaqlar, dillər sevinir, üzlər gülür, qarmon şeyda bülbül tək şövqə gəlib eşqlə oxuyur, könül bağçamıza səsi-sədası ilə fərəhlik gətirir. Ürəyimizin ən xoş sözlərindən yaranan cümlələrdir Aftandil çalğısı. Gah qədim dönəmlərdən xəbər verir, gah günümüzlə səsləşir, gah da gələcəkdən soraq verir.

Aftandil bu dünyaya sehirli-möcüzəli qarmonuyla qoşa gəlib sanki. Şükürlər olsun ki, işvə-nazlı könül və ruh sirdaşı olan qarmonla Aftandil bu dünyamızda qarşılaşdı. Bu qovuşma sayəsinə sənət möcüzələri yarandı, misilsiz rəqslər xalqımıza ərmağan oldu. Milli musiqimiz onun yaradıcılıq ilhamı ilə daha da şəkillənərək zənginləşdi. Aftandil İsrafilov qarmon adlı şamın pərvanəsidir. Uzun illərdir, bu şamın əsrarəngiz şöləsində dövr etməkdə, pünhan və aşkar alışıb yanmaqda, cismini eşq atəşinə sevərək, zövqlə, şövqlə təslim etməkdədir. Qarmon Aftandil üçün bir dünya - mənəviyyat dünyası, Aftandil də qarmon aləti üçün işıqlı bir aləmdir.

Kövrək hisslərimizin, lirik duyğularımızın tərcümanıdır Aftandilin qarmonu. Sanki Aftandilin sehrli barmaqları şirmayi dillərlə bizi möcüzələr aləminə aparır. Aftandil qarmonla görüşəndə röyalarımız, xəyallarımız çin olur, arzu və istəklər gerçəkləşir elə bil. Açılmaz, çözülməz bir hikmətdir onun çalğısı. Yaşamaq sevincidir, qurmaq həvəsi, yaratmaq istəyi, təmənnasız xidmət göstərmək həvəsidir bu çalğı. Qarmonda səslənən Aftandil qəlbinin riqqəti-təlatümüdür ki möcüzəli  səslər dünyasında bərq vurur. Nur saçaraq hərarət verir soyuq nisgilli qəlb dünyamıza. Aftandil qəlbinin nisgilli səsi-sədasıdır ki, səslənir və sızıltılı Qarabağ naləsi, Göyçə iniltisi, Zəngəzur həsrəti, o taylı-bu taylı qövr eyləyən yaramız qarmonun imkanları ilə dil açır, dünyaya yayılır. Bu səbəblə də onun qarmonu həm sevinc, həm də dərd ortağıdır Aftandil üçün də, onun milyonlarla pərəstişkarı üçün də. Onun çalğısıyla sevincimiz artır, qəmimiz, nisgilimiz azalır.

Aftandil İsrafilov ifaçılığı hələ yetərincə araşdırılmayıb və bu mövzu  musiqişünaslıq elmimizin aktual bir problemini təşkil edir. Onun ifaçılıq məziyyətlərinin dərin qatları, təəssüf ki, hələ yetərincə öyrənilməyib və bunun zamanı çoxdan yetişib. Çünki zəngin sənətkarlıq xüsusiyyətlərinə, öyrənilməli melodik keyfiyyətlərə malikdir Aftandil ifaçılığı.

Böyük söz ustadımız, Xalq şairimiz Osman Sarıvəlli necə də gözəl deyib:

Heç əlinə alma əsa,
Yetmişində batma yasa.
Hər kim yüz il yaşamasa,
Günüh onun özündədir.

70-i neçə il əvvəl arxada qoyub 80 yaşın astanasına gəlmiş ustad sənətkarımızı, əfsanəvi qarmon ifaçımızı - incəsənətimizin qürur ünvanlarından biri olan Aftandil İsrafilovu qəlbən, ruhən təbrik edir, ona ən xoş arzularımı ünvanlayıram!

İlqar İMAMVERDİYEV
Sənətşünaslıq elmləri dokoru, professor, Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyası

 





28.09.2020    çap et  çap et