525.Az

Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri - Araşdırma


 

Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri - <b style="color:red">Araşdırma</b>

(Əvvəli ötən saylarımızda)

Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə ilk addımları atmasından artıq yüz ildən artıq vaxt keçir. XX əsr mövcud imperiyaların dağılmasını, Azərbaycanın Müsəlman Şərqində ilk respublika formasında (Müsəlman Şərqinin ilk Cümhuriyyəti) dövlət müstəqilliyinin bərpa edilməsini və onu əhatə edən dövlətlərlə qısa müddətdə diplomatik münasibətlər qurmasını özündə ehtiva edən inanılmaz dərəcədə sürətli bir əsr olub. Lakin təəssüf ki, bu müstəqilliyin ömrü çox da uzun sürmədi. 1920-ci ilin aprelində Sovet-bolşevik rejimi beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanı işğal etdi, nəticədə ölkə müstəqilliyini itirdi və Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik münasibətlərinə son qoyuldu.

Yalnız yetmiş il SSRİ-nin tərkibində olandan sonra yeni bir tarixi nailiyyət - 1991-ci ildə Azərbaycan Respublikası yenidən öz dövlət müstəqilliyinin bərpa etdi. Artıq otuz ildir ki, Azərbaycan bu bölgədə və bütövlükdə dünyada öz mövqelərini davamlı olaraq möhkəmləndirir və inkişaf edir.

Azərbaycan diplomatiyasının bir əsrlik fəaliyyət yolunu daha aydın təsəvvür etmək üçün hələ Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, Polşa, Ukrayna, Gürcüstan və digər ölkələrin Bakıdakı diplomatik nümayəndəliklərinin fəaliyyət göstərdiyini xatırlatmaq yerinə düşər. AXC hökumətinin də öz növbəsində Paris Sülh Konfransındakı nümayəndə heyətini nəzərə almasaq, xarici ölkələrdə diplomatik və konsulluq nümayəndəlikləri fəaliyyət göstərirdi.

Bu materialda AXC hakimiyyəti dövründə xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimiz haqqında bəzi məlumatlar vermək istəyirik. Eyni zamanda, bu diplomatik nümayəndəliklərin fəaliyyəti barədə müfəssəl məlumat verilməsinə iddia etmədən biz həmin dövrdə fəaliyyət göstərmiş diplomatik nümayəndəliklərin rəhbərləri haqqında, həmçinin, Azərbaycanın xarici dövlətlərlə iqtisadi, beynəlxalq münasibətləri və mədəni əlaqələri barədə bəzi məlumatlar verməyə çalışacağıq.

Ukrayna 

AXC Hökumətinin 1 noyabr 1918-ci il tarixli Qərarı ilə Yusif Vəzir Çəmənzəminli Azərbaycanın Ukrayna Xalq Respublikasındakı diplomatik nümayəndəsi təyin edilmişdi.

Yusif Vəzir 1910-cu ildə Müqəddəs Vladimir adına Kiyev İmperator Universitetinin hüquq fakültəsinə daxil olmuşdu. Tələbəlik illərində o, Azərbaycanda nəşr olunan qəzetləri və jurnalları müntəzəm olaraq alır və eyni zamanda, öz yazılarını da Bakıda çıxan qəzetlərdə çap etdirirdi. Yusif Vəzir 1917-ci ildə Kiyevdə oxuyan azərbaycanlı tələbələri ətrafına toplayaraq Müsavatın Türk Ədəbi Mərkəziyyə firqəsi Kiyev şöbəsini yaradır. Müstəqil Ukrayna Respublikası yarandıqdan sonra Azərbaycan Xalq Cumhuriyyəti Yusif Vəziri Ukraynada diplomatik nümayəndə təyin edir. O, eyni zamanda, Krımda və Polşada diplomatik nümayəndəliklərin vəzifəsini də yerinə yetirirdi. Diplomatik nümayəndəliklərin əsas vəzifələrindən biri Azərbaycanı həmin ölkələrin ictimaiyyətinə tanıtmaq olmuşdur. Bu məqsədlə Kiyevdəki nümayəndəlik tərəfindən görüşlər təşkil edilir, qəzet və jurnallarda Azərbaycanın tarixinə, ədəbiyyatına, mədəniyyətinə, ticarətə və iqtisadiyyata aid məqalələr dərc olunurdu. 

Qeyd etmək lazımdır ki, Yusif Vəzir Çəmənzəminlinin Polşada diplomatik nümayəndə təyin edilməsi daha çox deklarativ xarakter daşımışdır. Belə ki, o, hətta Varşavaya qədər gəlib çata bilməmişdi.

1918-ci ildə vətəndaş müharibəsi ilə əlaqədar Azərbaycanla rabitə kəsilir. Yusif Vəzir vətəndə baş verən hadisələrdən heç bir informasiya almadığı üçün tutduğu vəzifəsini müavininə tapşırıb Simferopola gedir. Yol şəraiti yaxşılaşan kimi Yusif Vəzir Odessaya gedir və müharibə ilə əlaqədar burada iki ay qalmalı olur. O, vətənə qayıtdıqda "Xarici siyasətimiz", "Milli və mədəni işlərimiz" başlıqları ilə silsilə məqalələrini çap etdirir.

1919-cu ildən Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynadakı konsulu vəzifəsini Camal Sadıqov icra etmişdir. 

Krım

1919-cu ilin martında doktor Cəfər bəy Rüstəmbəyov Azərbaycan Cümhuriyyətinin Krımda və Kubanda diplomatik nümayəndəsi və ticarət agenti təyin edilmişdi.

Qeyd etmək lazımdır ki, Azərbaycan hökumətinin hələ 1918-ci il 23 oktyabr tarixli qərarı ilə Krım hökuməti nəzdində diplomatik nümayəndəliyin təşkil edilməsi Xarici İşlər nazirinə  tapşırılmışdı. Həmin tapşırıq yerinə yetirildikdən sonra Baş nazir və Xarici İşlər naziri F.X.Xoyskinin 1919-cu il  aprelin 3-də imzaladığı əmrlə Cəfər bəy martın 19-dan etibarən ayda 4 min rubl məvaciblə Azərbaycanın Kubanda  diplomatik nümayəndəsi təyin edilmiş və ona yol xərcləri üçün təhtəlhesabla 50 min rubl ayrılmışdır.

Lakin Krımdakı gərgin siyasi vəziyyət, hakimiyyətin tez-tez dəyişməsi ona gətirib çxardı ki, C.Rüstəmbəyovun öz missiyasını icra etməsi mümkün olmadı. Ona görə də, Azərbaycan Xarici İşlər Nazirliyi bölgədə baş verən prosesləri yaxından izləmək üçün 1919-cu ilin sentyabrın 22-də iqtisadçı alim Şeyx Əli Hüseynovu Azərbaycanın Krımdakı konsulu təyin etdi.

Qeyd edək ki, Cəfər bəy Rüstəmbəyov 1884-cü ildə dünyaya gəlmiş və Mamaylı kəndində qeydə alınmışdır. Cəfər bəy ali təhsilini 1910-cu ildə Xarkov Universitetində başa vuraraq, həkim  peşəsinə yiyələnmişdir. Birinci Dünya müharibəsinin başlanması ilə əlaqədar C.Rüstəmbəyov 1917-ci ilə qədər hərbi xəstəxanada işləmiş və sonra Krımda şəhər lazaretində həkim vəzifəsində çalışmışdır.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra C.Rüstəmbəyov 1924-cü ildə yaranmış Azərbaycan Milli Mərkəzinin üzvü olmuşdur. 1931-ci ildə mərkəzin üzvlərinə qarşı ittiham irəli sürülmüşdür. Onların bəziləri həbs olunmuş və güllələnmiş, digərləri isə doğma yurd-yuvalarından sürgün edilmişlər. Tanınmış ictimai-siyasi xadim Cəfər bəy Rüstəmbəyov da qırmızı terrorun qurbanı olaraq, 1938-ci ildə güllələnmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin diplomatiya tarixində ən gərgin münasibətləri, şübhəsiz ki, Ermənistanla olmuşdur. Azərbaycan hökuməti 1919-cu il yanvarın 29-da görkəmli siyasətçi, diplomat, dövlət xadimi Məhəmməd xan Təkinskini Ermənistanda diplomatik nümayəndə təyin edir. Ermənistan hökuməti isə 1919-cu il fevralın 1-də Azərbaycanın İrəvan şəhərində daimi nümayəndəliyin fəaliyyətə başlamasına razılıq vermişdi. 



Təkinski Məhəmməd xan - ixtisasca alitəhsilli hüquqşünas olmuş və bir müddət vəkil işləmişdir. 09.12.1918-ci il tarixindən Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər nazirinin əvəzi işləyib. 1919-cu ilin oktyabr ayında Ermənistandan Bakıya gələrək Xarici İşlər nazirinin müavini təyin edilib. M.Təkinski repressiyaya məruz qalaraq 18 mart 1938-ci ildə güllələnmişdir.

Azərbaycanın birinci diplomatlarından hesab olunan yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev əvvəlcə Azərbaycan Respublikasının Dağlılar Respublikasında, sonra isə - 1919-cu il avqustun 24-dən Ermənistanda diplomatik nümayəndəsi işləmişdir. 1920-ci ilin fevralından isə Azərbaycanda milli azadlıq hərəkatının fəal üzvü, ictimai-siyasi xadim Teymur bəy Makinski nümayəndəliyə başçılıq etmişdir.

Makinski Teymur bəy Məhəmmədqulu bəy oğlu 1874-cü ildə anadan olmuşdur. Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının və Zaqafqaziya Federasiyasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü olmuş, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir. 1918-ci il dekabrın 26-dan 1919-cu il aprelin 14-ə qədər Ədliyyə naziri vəzifəsini icra etmişdir.

1920-ci il iyunun 15-də Ermənistan XİN Azərbaycanda bolşevik hökumətinin qurulmasını səbəb göstərərək, diplomatik nümayəndəliyin fəaliyyətinə xitam verildiyini bildirir. Bakıya qayıdan T.Makinski Sovet Azərbaycanının Xarici İşlər Komissarlığına yazdığı məlumatda diplomatik fəaliyyətlə məşğul olduğu dövrdə xərclənmiş pulların dəqiq hesabatını verir və bununla da bolşevik hökuməti qarşısında maliyyə hesabatı verməklə, gələcəkdə ona qarşı sürülə biləcək ittihamları önləməyə çalışır. Çox təəssüflər olsun ki, Azərbaycanın Ermənistandakı daimi nümayəndəliyində saxlanılan sənədlərin sonrakı aqibəti məlum deyil. Ola bilsin ki, nümayəndəliyin əməkdaşları təhlükəsizlikləri baxımından ya həmin sənədləri məhv etmiş, ya da daşnak hökumətinin əlinə keçmişdir.

AXC-nin Ermənistandakı diplomatik nümayəndəliyində M.Təkinski, Ə.Haqverdiyev və T.Makinski ilə birlikdə bir qrup diplomatlar da xidmət edirdilər. O cümlədən:

Babayev Miryusif bəy - 1919-cu ilin mart ayının 1-dən Azərbaycan Respublikasının Ermənistan hökuməti yanında diplomatik nümayəndəliyinin informasiya şöbəsinin müdiri,

Qazıyev Cavad bəy - 1919-cu ilin noyabr ayının 15-dən nümayəndəliyin qulluqçusu,

Qazıyev Həsən bəy - 1919-cu ilin avqust ayının 1-dən nümayəndəliyin katibi, Qiyasbəyov Mustafa bəy - 1920-ci ilin yanvar ayının 1-dən nümayəndəliyin müşaviri,

Mirzəbabayev M.S. - 1919-cu ildən nümayəndəliyin katibi,

Musayev Ağa Saleh oğlu - 1920-ci ilin yanvar ayının 15-dən nümayəndəliyinin müşaviri,

Səfərəlibəyov Şirin bəy - 1919-cu ilin sentyabr ayının 1-dən nümayəndəliyin müşaviri vəzifələrdə işləmişlər.

Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ermənistanda fəaliyyət göstərən diplomatik nümayəndəliyin fəaliyyətinin dərindən araşdırılması həm diplomatiya tariximizin, həm də yaxın keçmişimizin qaranlıq səhifələrinin dərindən öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Daha sonra qeyd etmək lazımdır ki, keçmiş Rusiya imperiyasının başqa regionlarında və şəhərlərində də AXC-nin diplomatik nümayəndəlikləri fəaliyyət göstərir, konsul agentləri işləyirdilər. O cümlədən: Əliyev Mikayıl 1918-ci ildən, Məmmədov Zeynal 1919-cu ildən və Dadaşov Qafar 1920-ci ildən Petrovsk şəhərində konsul agenti, Hacıyev İsmayıl 1919-cu ildən Yekaterinburq şəhərindəki nümayəndəliyin iqtisadiyyat şöbəsinin əməkdaşı, Rüstəmbəyov Cəfər bəy 1919-cu ilin mart ayının 19-dan Kuban hökuməti yanındakı diplomatik nümayəndə, Sultanov Paşa bəy 1919-cu ilin sentyabr ayının 15-dən Rostov-Don şəhərində konsul agenti olmuşlar.

Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasında diplomatik nümayəndəliyi 1919 ilin fevral-sentyabr aylarında fəaliyyət göstərmişdir. Fevralın ilk günlərində Dağlılar Respublikası hökuməti Əbdürrəhim bəy Haqverdiyevin diplomatik nümayəndə təyin olunmasına razılıq verdi. Fevralın 25-də Azərbaycan Hökuməti Ə.Haqverdiyevi bu vəzifəyə təyin etdi və Temirxan-Şuraya (Buynaks) göndərdi. Ə.Haqverdiyev 1919-cu il martın 30-da öz etimadnaməsini Dağlılar Respublikası hökumətinin sədrinə təqdim etdi, 31-də isə bütün nazirlərlə görüşdü və Dağlılar parlamentinin iclasının iştirakçısı oldu.

Diplomatik nümayəndəlik Dağlılar Respublikasındakı Azərbaycan vətəndaşları ilə əlaqə yaratmış, onların hüquqlarının qorunması, ehtiyacı olanlara yardım göstərilməsi işini təşkil etmişdi. Azərbaycan diplomatik nümayəndəliyinin fəaliyyəti Denikin ordusunun komandanlığını qəzəbləndirmiş və onun tələbi ilə Ə.Haqverdiyev 1919-cu il iyulun 3-də Temirxan-Şuranı tərk edərək Azərbaycana qayıtmalı olmuşdu. Azərbaycanın konsulluq nümayəndəsi yalnız Port-Petrovskdan Azərbaycana gəlmək istəyənlərə buraxılış vərəqələri verilməsini təşkil etmək üçün saxlanılmışdı. Lakin komandanlıq Azərbaycan konsulluq nümayəndəsinin də fəaliyyətini qadağan etdi. Bununla əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi 1919-cu il oktyabrın 1-dən Azərbaycanın Dağlılar Respublikasındakı diplomatik nümayəndəliyini ləğv etdi.

1919-cu il aprelin 2-də Azərbaycan hökuməti Əkbər ağa Sadıqovu Zakaspi müvəqqəti hökuməti yanında konsul təyin etdi. İyunun 5-də Azərbaycanın diplomatik missiyası Aşqabadda  fəaliyyətə başladı. Konsulluq Zakaspi hökuməti yanında Azərbaycan Xalq Cümhuriyyətinin maraqlarını təmsil etməli idi.

Konsulluq 1918-ci ildə Bakıda mart soyqırımı dövründə Türkmənistana qaçmış Azərbaycan vətəndaşlarına da imkan daxilində kömək edirdi.  Azərbaycan hökuməti 1919-cu il 24 iyul tarixli qərarı ilə qaçqınlara yardımı təşkil etmək üçün konsulluğa 75 min manat vəsait və 50 pud un ayırmışdı. Bu vəsait və ərzaq yerlərdə yemək məntəqələrin təşkili, Krasnovodskda bundan əvvəl açılmış gecələmə və yeməkxana məntəqəsinin fəaliyyətinin davam etdirilməsi üçün nəzərdə tutulmuşdu. 1919-cu il iyunun 20-də Azərbaycan hökuməti Türküstan Xalq Şurasına 500 min manat məbləğındə faizsiz borc vermişdi. Türküstan Xalq Şurasının üzvü Mircəlilovla imzalanmış müqaviləyə görə, Türküstan tərəfi bu borcu 2 il ərzində qaytarmalı idi.

Zakaspi müvəqqəti hökuməti də Bakıda konsulluq açmışdı. Lakin 1919-cu il oktyabrın əvvəlində Zakaspi müvəqqəti hökumətinin buraxılması ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin əmri ilə 1919-cu il noyabrın 1-dən  Azərbaycan Respublikasının Zakaspidəki konsulluğu ləğv edildi. Qeyd etmək maraqlıdır ki, arxiv sənədlərinə əsasən, kollec qiymətləndiricisi olan R.Xanbudaqov 1920-ci ilin mart ayının 16-dan Azərbaycan Respublikasının İtaliyada diplomatik nümayəndəliyinin başçısı təyin edilmişdir.

Maraqlıdır ki, 1919-cu ilin sonunda İtaliya hökuməti ilə ikitərəfli əlaqələrin yaradılması və hərbi ləvazimatların alınması məqsədi ilə 2-ci Piyada Diviziyasının rəisi, general İbrahim ağa Usubovun rəhbərliyi ilə Romaya nümayəndə heyəti göndərildi. Həmin nümayəndə heyətinin tərkibinə Hərbi nazirliyin hərbi ləvazimat idarəsinin əməkdaşı R.Xanbudaqov da daxil edilmişdir. 1919-cu ilin 23 noyabr tarixində İtaliyanın "Kiano Qella Komp" şirkəti ilə Azərbaycan Ordusu üçün hərbi geyim hazırlanması məqsədi ilə müqavilə imzalanmışdı. Müqavilənin şərtlərinə görə, geyim ləvazimatlarının 1919-cu ilin 20 dekabr tarixinədək çatdırılması planlaşdırılsa da, həmin əmlak yalnız 1920-ci ilin aprelində Bakıya çatdırılmışdı. Bakının Rusiyanın XI Qırmızı ordusu tərəfindən işğalı ərəfəsində milli ordunun hərbi hissə komandirləri bolşeviklərin əlinə keçməməsi məqsədi ilə İtaliyadan gətirilmiş bütün geyim ləvazimatlarını şəxsi heyətə paylasalar da, o zaman Hərbi və Dəniz Komissarının əmri ilə bütün ləvazimatlar şəxsi heyətdən geri alınaraq XI ordunun zabit və əsgər heyəti tərəfindən kortəbii şəkildə mənimsənilmişdir.

Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin bütövlükdə diplomatik nümayəndəlikləri haqqında maraq doğuran və diqqətəlayiq olan məlumatlardan yalnız bəziləridir.  Açığını desək, AXC-nin diplomatik nümayəndəliklərinin təsvirini davam etdirmək üçün bir qəzet səhifəsi yetərli olmayacaq. Eyni zamanda etiraf etmək lazımdır ki, bu mövzuda azərbaycanlı alimlər və diplomatlar tərəfindən fundamental tədqiqatlar aparılmış, çoxsaylı məqalələr yazılmışdır.

Beləliklə, 1918-1920-ci illərdə Müsəlman Şərqinin ilk müstəqil Cümhuriyyəti olan Azərbaycan Xalq Cümhuriyyətinin diplomatiyası xarici siyasətdə onu əhatə edən xarici aləmlə dostluq münasibətlərinin qurulması, beynəlxalq aləmdə öz siyasi xəttinin formalaşdırılması üçün ilk uğurlu addımlarını atdı. Qəbul edilmiş qərarlar və erkən diplomatik təcrübələr Azərbaycan Xalq Cümhuriyyətinin digər dövlətlər tərəfindən tanınması və onlarla ticarət və diplomatik münasibətlərin qurulmasında başlıca əsaslardan biri oldu.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk diplomatik kadrlarının hazırlanmasında ölkənin dövlət və siyasi xadimlərindən Ə.M.Topçubaşov, M.Ə.Rəsulzadə, F.X.Xoyski, N.Usubbəyov, M.H.Hacınski, M.Y.Cəfərov, Ə.Şeyxülislamov, C.Hacıbəyov, M.Mehdiyev, M.Məhərrəmov, A.Ziyadxanov və digərləri fəal iştirak etmişlər. Mürəkkəb beynəlxalq şəraitdə bu şəxslərin diplomatik bacarığı nəticəsində Azərbaycan Respublikası ümumdünya tarixi prosesinə daxil ola bilmişdi.

Xarici dövlətlərdə AXC-nin səfirliklərinin və nümayəndəliklərinin yaradılması və fəaliyyət göstərməsi xarici siyasət idarəsinin fəaliyyətinin təşkilində mühüm rol oynamışdır. Bu istiqamətdə çox işlər görülmüş, uğurlar və əhəmiyyətli nəticələr əldə edilmişdir. Çatışmazlıqlar və səhvlər də olmuş və sonra onlar ciddi şəkildə təhlil edilmişdir. Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin səfirlik korpusu üçün təcrübəli kadrların yetişdirilməsinə çox kömək etmişdir.

Ona görə də bu yazıda məqsədimiz Azərbaycan Xalq Cümhuriyyətinin xaricdə fəaliyyət göstərən və vaxtilə ölkəmizə şərəflə xidmət etmiş ilk diplomatlarını bir daha xatırlatmaq, onların gördükləri işlərə hörmət və ehtiramımızı bildirməkdir. Həmin diplomatların keçdikləri həyat yolu, müstəqillik ideallarına siyasi məzmun vermək bacarıqları tariximizin unudulmaz səhifələrindəndir.

Eyni zamanda qeyd etməliyik ki, AXC hakimiyyəti dövründə diplomatlarımızın fəaliyyəti ilə bilavasitə bağlı olan elmi məqalələrdə və dərc olunmuş elmi işlərdə təqdim olunan bəzi məlumatların dəqiqləşdirilməsinə də zərurət vardır.  Bu gün haqqında söhbət gedən hər bir şəxsin xaricdəki diplomatik fəaliyyəti ilə bağlı daha çox məlumat toplamaq imkanı vardır. Eyni zamanda, onların uşaqları, nəvələri, birbaşa vərəsələri və törəmələri və sonrakı taleləri barədə məlumatlar da hər bir kəs üçün maraqlı olardı. Həmçinin, ilk Azərbaycan diplomatik nümayəndəliklərinin yerləşdiyi və fəaliyyət göstərdiyi binalarda xatirə nişanlarının, memorial lövhələrin quraşdırılması barədə də düşünməyə dəyər.

Bir sözlə, görkəmli alimlərimizin və diplomatlarımızın, eləcə də jurnalistlərimizin əvvəlki tədqiqatlarına əsaslanaraq, vaxtilə dövlətimizin tarixinə şanlı səhifələr yazan xaricdə işləmiş diplomatların parlaq fəaliyyəti haqqında yeni və daha dolğun məlumatların axtarışı davam edirilməlidir.

 





28.09.2020    çap et  çap et