525.Az

İmzaya gələnlərin ovqatı - Fotolar


 

SƏRDAR AMİNİN İMZA GÜNÜNDƏN REPORTAJ

İmzaya gələnlərin ovqatı - <b style="color:red">Fotolar </b>

Dostum Rəhman Mirzəlizadə ilə birlikdə "525-ci qəzet"in redaksiyasından çıxıb Sərdar Aminin sonuncu kitabının imza gününə tələsirik - "Azərbaycan tarixində atılmış 5 yanlış addım" kitabının imza gününə. Həm mühit adamlarını görməyə gedir, kitabı almaq istəyir, həm də getmişkən reportaj hazırlamağı düşünürdüm. İndi bu yazını oxuyursunuzsa, elə düşündüyümü etmişəm deməkdir.

"Saat qülləsi"nə çatırıq, bir qədər sağa-sola baxdıqdan sonra nəhayət, "Dalğa" çay evini görürəm.

- Rəhman, buradır deyəsən!

Tələsik addımlarla içəri giririk. Bizi Orxan Saffari qarşılayır:

- Oho, cavanlar, xoş gəlmisiniz!

Əslində, aramızda ən cavan görünən elə Orxandır. Deyəsən, elə özünün cavan olduğunu vurğulamaq üçün bizə belə müraciət edir.

Sol tərəfdəki stolda əyləşənlərə baxıram və tanış simalar görürəm: Mübariz Örən, Alik Əlioğlu, Kəramət Böyükçöl, İlham Əziz. Digər simalar da tanış gəlir, ancaq adlarını bilmirəm.

Kəramətə əl uzadıb birinci onunla salamlaşırıq, təxminən 3 saniyə baxışırıq, ikimiz də arada qalmışıq ki, görüşək, ya görüşməyək. Görüşürük. Sonra digər hər kəslə bir-bir salamlaşıram.

Arxaya baxıram ki, Rəhman əla bir yer tapıb oturub. Keçib yanında əyləşirəm.

Kənardan tanış səs gəlir:

- Yaxşı müşahidə elə, reportajında lazım olacaq! - Orxan Saffari kiməsə qışqırır. Başa düşürəm ki, pusqudakı tək canavar mən deyiləm.

- Eşitdin? Ayxan Ayvaz da reportaj yazır! - Rəhmana dönüb deyirəm.

Bu vaxt Rəhman sağa-sola boylanaraq Ayxanı axtarır. Məəttəl qalıram ki, Rəhman hətta eynəklə o hündürlükdə oğlanı necə görə bilmir.

- Ayxan burada yoxdur axı.

- Necə yoxdur? O kimdir bəs?!

- Oğuzdur o. Oğuz Ayvaz.

Çaşqınlıqdan ömrümdə ilk dəfə çayıma limon atıram. Sonra öyrənirəm ki, sən demə, mən onları bu vaxta kimi “Facebook”da da qarışdırıbmışam.

- "Burada nərd haradan tapmaq olar?" - Şəhriyar del Geraninin bu cümləsini dəfələrlə eşidirəm və yadıma "Beşmərtəbəli evin altıncı mərtəbəsi" filmindəki "mən ölüm, gedək bir tas nərd ataq!" replikası  düşür.

Başım müşahidəyə o qədər qarışıb ki, sonradan yadıma düşür, bura gələndə Rəşad Məcid demişdi ki, onun da adına bir imzalı kitab götürüm. İti addımlarımla Sərdarın yanına gedirəm, qarşısında dayanıb gözləyirəm ki, göz-gözə gələk, salam verə bilim. Hətta o ərəfədə verdiyim iki salamım havada qalır. Həmişə Sərdar haqqında asta səslə danışdığı deyilirdi, bu dəfə verdiyim salamları hətta özü də eşitmir, bir sözlə, elə bil, daş qayaya rast gəlib!

Sərdarın başı şəkil çəkdirməyə qarışıq olduğu bu vaxtda Rəşad Nağı Mustafanın da mənim kimi Sərdarı gözlədiyini görürəm. Çiyninə toxunub səsləyirəm, onunla da görüşürük.

Nəhayət, Sərdarla göz-gözə gələ bilirik. Məni çox səmimi qarşılayır. Kitabı uzadıram.

- Rəşad müəllimin adına imzalayarsan, zəhmət olmazsa.

Araya bir xanım girir, Sərdarla şəkil çəkdirirlər. Xanım şəklə baxır və şəkildə yaxşı düşmədiyini hiss etdirir, ancaq heç nə deməyib uzaqlaşır.

- Kimin adına demişdiniz? - Sərdar məndən soruşur.

- Rəşad Məcidin.

- Hə, Rəşad Məcid! - deyir və kitabı imzalayıb verir. Keçib yerimdə əyləşirəm və elə əyləşən kimi Elşən Mehdinin şirin gileyini eşidirəm:

"Bu kitab ümumiyyətlə niyə var e? “Youtube”da var da içindəkilərin hamısı onsuz da!"

Hamı susur. Susmaq isə razılıq əlaməti olduğu üçün belə başa düşürəm ki, hər kəs Elşənin bu "zarafatı" ilə razıdır. Amma sözün də düzünü elə zarafatla deyərlər.

Masamızda əyləşən Rəşad Nağı məndən kitabımı istəyir.

- Aha, indicə imzalayıb verirəm.

- Verirəm deyəndə ki, mən pulla alıram.

- Kitabın ön sözünü sən yazmısan. Sənə də pulla?! - deyirəm və kitaba avtoqraf yazıram:

"Rəşad,

düzün de,

neçə qışa, payıza

unutmaq olar onu?.."

Kitabı uzadıram və başımı qaldırıb görürəm ki, pul artıq nəlbəkinin altındadır.

Elşən Mehdinin gözü uzaqdan mənə sataşır, o da gəlib deyir ki, kitabını almaq istəyirəm. Tərslikdən qələmi hara qoyduğumu tapa bilmirəm. Kimsə qələm verir və avtoqraf yazıram:

"Elşən Mehdiyə ən şeirli arzularla..."

Elşən kitabı götürüb yavaş-yavaş uzaqlaşır və Orxan Saffarinin yanına gedir. Avtoqrafı oxuyub gülüşürlər. Elə düşünürəm ki, bəlkə adını səhv yazmışam? Yoxsa niyə gülsünlər?

- Rəhman, Elşənin adındakı "Mehdi" sözü "d" ilə yazılır, yoxsa "t" ilə? - soruşuram.

- "d" ilə - Rəhman əminliklə deyir.

Beləliklə, başa düşürəm ki, səhv etməmişəm. Niyə güldükləri daha maraqlı gəlməyə başlayır.

Pərviz Arif, Elvin Paşa və Pünhan Əzimlinin gəldiyini görürəm. Onların oturduğu masaya gedirəm, əvvəlcədən Pünhanın adına imzaladığım kitabı çantamdan çıxarıb ona uzadıram. Bir az söhbətləşdikdən sonra Pünhan telefonunda bir qəzəl göstərib deyir ki, bunu yeni yazmışam. Qəzəli öz içimdə oxuyuram, sonra Pünhan bir dəfə də səsli oxuyur. Mənə elə gəlir ki, iki fərqli şeir oxumuşuq.

Masama keçirəm və görürəm ki, İlham Əziz kitabımın arxasındakı 6.66 manat qiymət etiketini görüb bir az narahat olur, amma zarafata salıb deyir ki, "hələ cavansınız, rəqəmlərlə oynamağı sevirsiniz, ona görədir". Təxminən yarım saat keçir, İlham yenidən bizimlə söhbətə başlayır. Bu dəfə isə təkidlə deyir ki, sizi Allah yazdırır, siz istedadlısınızsa, Allaha borclusunuz. O, bu sözləri mənim gözlərimin içinə baxıb danışır, deyəsən, kitabdakı qiymət etiketinə görə məndən hələ də narahatdır.

- Bu imza günündə mənim kitablarım Sərdarın kitablarından daha çox satıldı, - əyilib zarafatla Rəhmanın qulağına pıçıldayıram.

- Camaatın bazarına girirsən haaa - deyib gülür.

Sərdar neçə saat sonra vaxt tapa bilib bizim masaya tərəf yeriməyə başlayır. Elşənin əlində kitabımı görüb öz kitabı olduğunu zənn edir və deyir ki, ver imzalayım.

- Sənin deyil ki, müəllimin kitabıdır, - Elşən gözləri ilə Sərdara məni işarə edir.

Sərdar məəttəl qalır. Hətta gələndən bəri onu ilk dəfə bu qədər emosional görürəm.

- "Elroman sənsən? Rəşad Məcidin adına bayaq kitabı sən imzalatmışdın, hə? Tanımadım səni, üzrlü say. Necəsən?" - gözləri bir qədər bərəlmiş şəkildə soruşur.

- "Yaxşıyam, Sərdar. Hə, tanımadığını hiss etmişdim, narahat olma. Heç bir problemi yoxdur" - deyirəm və bir neçə dəqiqə səmimi söhbət edirik. Bu dəfə hiss edirəm ki, Sərdar həqiqətən "Elroman"la danışır.

Belə bir qərara gəlirəm ki, Sərdarın "müəllim" sözünə fərqli emosional bir reaksiyası var. Kitabı imzaladanda bayaqkı "müəllim" söhbətindən, bir də indiki Elşənin mənə "müəllim" müraciətindən sonrakı reaksiyanı görüb bu nəticəyə gəlmək çətin deyil.

Biz qalxmağa hazırlaşanda Nizami Bayramlı gəlir. Onu otuz metr aralıdan görəndə beynimdə artıq "Poeziya nədir?" sualına cavab axtarmağa başlayıram. Masada Orxan Həsəni ilə söhbətləşirik. Söhbət Rəvan Caviddən düşür.

- Sənin haqqında Rəvan mənə çox danışıb, - Orxana təzəcə deyirəm və birdən fərqinə varıram ki, Orxan Rəvan haqqında daha çox danışır.

Saata baxıram. Bir az da gözləsək, hətta Rəvan da əsgərlikdən qayıdacaq. Rəhman, mən və Nizami masadan qalxıb "Dalğa"dan uzaqlaşırıq. Birdən gözüm Nizaminin boş əllərinə sataşır:

- Nizami, sən kitab almayacaqdınsa, bura niyə gəlmisən? Maraqlıdır, - deyib bir az yüksək səslə gülürəm.

- Hə, haqlısan e. Kitabı haradan almalıyam ki? - Nizami soruşur.

Əlimlə satış yerini işarə edirəm. Bu ərəfədə içimdə düşünürəm ki, Nizami imza gününə gələn əksəriyyətin simvolu və ruh halıdır.

El Roman

 





29.09.2020    çap et  çap et