525.Az

Partiya sədrləri: "Ordumuzun və Ali Baş Komandanın yanındayıq"


 

Partiya sədrləri: "Ordumuzun və Ali Baş Komandanın yanındayıq"<b style="color:red"></b>

Ermənistan son zamanlar davamlı olaraq cəbhə bölgəsində və dövlət sərhədində təxribatlar törədirdi. Ordumuz iyulda Tovuzda baş verən erməni təxribatlarının qarşısını layiqincə ala bilmişdi.

Sentyabrın 27-də səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat həyata keçirib. Bu təxribat nəticəsində həm mülki, həm hərbçilər arasında itkilərimiz var. Ermənistanın növbəti təxribatı bir daha onu göstərir ki, bu ölkə Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. Azərbaycanın dövlət başçısı sentyabrın 27-də xalqa müraciətində bəyan etdi ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır: "Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar və bizdə olan operativ məlumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir və bu məsələ ilə bağlı mən artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəmdə, eyni zamanda, BMT kürsüsündən çıxış edərkən öz fikirlərimi bildirmişdim. Demişdim ki, təcavüzkar dövlət dayandırılmalıdır. Onlar yeni müharibəyə hazırlaşırlar".

Dövlət başçısı bildirib ki, bugünkü genişmiqyaslı hərbi təxribatlardan əvvəl də Ermənistanın mütəmadi olaraq həm siyasi, həm də hərbi təxribatların şahidi olurduq. Azərbaycan tərəfi uzun müddətdir çalışırdı ki, münaqişənin sülh yolu ilə həllinə nail olsun. Artıq otuz ildir bu nəticəsiz danışıqlar prosesi gedir. Ermənistan isə son zamanlarda aşkar şəkildə danışıqlar proseslərini pozdu. Beynəlxalq təşkilatların buna reaksiyası isə adekvat deyil.

Bütün bunlar təbii ki, işğalçının sülh danışıqlarına pozmağa yönəlmiş açıq təcavüz aktları idi. Təəssüf ki, dünya birliyi 30 ildə olduğu kimi, bu təxribatlara da göz yummaq, susmaq yolunu tutdu. Yaxud ənənəvi bəyanatla çıxış etdilər ki, orda da işğalçı konkret olaraq adı, əməli ilə göstərilmirdi.

Azərbaycanın öz ərazilərində təxribatın, hərbi təcavüzün qarşısını alması onun haqqıdır. Bu məsələdə beynəlxalq hüquq bizim tərəfimizdədir. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar Tovuz döyüşlərində olduğu kimi, indi də dövlətimiz, Ali Baş Komandana tam şəkildə həmrəylik və dəstəklərini ifadə edirlər.

Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova bildirib ki, siyasi mövqeyindən, dinindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı bu torpaq üçün, Prezidentin ətrafında birləşməlidir. Partiya sədri qeyd edib ki, bu gün çoxdandır gözlənilən an yetişib və artıq şəhidlərimizin qanı yerdə qalmayacaq: "Qarabağ həsrəti ilə analarımız, atalarımız həyatdan köçməyəcək. Artıq mənim xalqımın nümayəndələri qaçqın və məcburi köçkün adını daşımayacaq! 30 illik işğala son qoyacaq bir cəsarətə, siyasi iradəyə sahib dövlət başçımız, illərdir ikili standartlara xidmət edən beynəlxalq təşkilatları qınayaraq, ədalətsizliyə son qoymağa səslədi. Biz də, bu mövqeyə arxa çıxmalıyıq. Torpaqlarımıza sahib çıxmalıyıq. Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin qətiyyətli duruşu və siyasi iradəsi ilə ruhlanmalıdır. Bu gün xalqımın hər bir fərdini Heydər Əliyevin dillərə dastan olan həmrəylik şüarı ilə, İlham Əliyevin qətiyyətli duruşu və siyasi iradəsi qarşısında birlik və həmrəy olmağa çağırıram.

Tovuz hadisələrindən sonra, düşmən tərəfindən yeni bir təxribat qəbuledilməzdir. Ermənilərin bu addımı Ermənistanın regionda sülhün qarşısında ən böyük təhdid olduğunu bir daha sübuta yetirdi. Azərbaycan Respublikasının Prezidentinin siyasi iradəsi sayəsində sadəcə torpaqlarımızı düşməndən azad etmək deyil, eyni zamanda, regionda sülhün və ədalətin bərqarar olmasına da nail olacağıq".

Partiya sədri bir daha hər kəsə müraciət edərək, həm qələbə sevinci ilə gözaydınlığı verib, həm də hər kəsi cənab Prezidentin ətrafında bir yumruq kimi birləşməyə çağırıb.

Yurddaş Partiyasının sədri Mais  Səfərli isə bildirib ki, rəhbərlik etdiyi partiya Ali Baş Komandanın, şanlı Ordumuzun yanındadır: "Partiyamızın minlərlə üzvü silaha sarılaraq, əsgərlərimizin sıralarına qoşulmağa hazırdır. Biz cəbhədəki son erməni hərbi təxribatı ilə bağlı bəyanatla da çıxış etmişik. Məlumdur ki, sentyabrın 27-də, səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb, itkilərimiz var. Allah şəhidlərimizə rəhmət eləsin! Düşmənin hücumunun qarşısını almaq üçün, Vətənimizin, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücuma keçib. Cəbhənin ən gərgin bölgələrində - Tərtər, Ağdam, Füzuli, Cəbrayıl istiqamətində yerləşən ön xətdəki hərbi hissələrimiz, raket və artilleriya bölmələrimiz, hərbi aviasiyamız, zirehli texnikamız və digər qoşun birləşmələrimizin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurulub. Qısa zaman ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri, 12 "OSA" hava hücumundan müdafiə qurğusu məhv edilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində deyildiyi kimi, bizim işimiz haqq işidir. Tarixi ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Yurddaş partiyası Ali Baş Komandanın, Şanlı Ordumuzun yanındadır. Partiyamızın minlərlə üzvü silaha sarılaraq, əsgərlərimizin sıralarına qoşulmağa hazırdır. Əmr gözləyirlər! Partiyamız bütün xalqımızı, vətəndaşlarımızı, siyasi təşkilatları, vətəndaş cəmiyyəti institutlarını Milli Birliyə çağırır. Möhkəm birliyi olan xalqa, dövlətə heç kim qalib gələ bilməz! Səbirsizliklə gözlədiyimiz Vətən müharibəsi artıq başlayıb. Hər birimiz qələbə naminə çalışmalı, Qələbə üçün əlimizdən gələni etməliyik! Biz meydanda tək deyilik. Qardaş Türkiyə, Böyük Türk Dünyası, Pakistan, Ukrayna bizim yanımızdadır. Zəfər yaxındadır! Allah Azərbaycan əsgərini, Azərbaycanımızı qorusun!"

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov sosial şəbəkə paylaşımında qeyd edib ki, düşmən növbəti təxribatını törətdi. Azərbaycanın mülki əhalisi və yaşayış məntəqələri erməni yaraqlıları tərəfindən atəşə tutulur: "Dünyada sülhün keşiyində duran və yardılmasının 75 illiyi qeyd edilən BMT-nin yubiley Baş Assambleyasının keçirildiyi bir zamanda Ermənistan müharibə təxribatına əl atır. Bu, bütün dünyaya meydan oxumaq deməkdir. Bütün dünyada sülhə xəyanətdir. Rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz düşmənə ağır və sarsıdıcı zərbələr endirir. İşğal altında olan bir neçə kəndin düşməndən boşaldılması, vacib mövqelərin ələ keçirilməsi artıq təmin edilib. Bunlar çoxdan gözlədiyimiz qələbənin ilk müjdələridir. Düşmən layiqli cəzasını alır. Xalq Ali Baş Komandana, qəhrəman Azərbaycan Ordusuna tam dəstəyini ifadə edir. Artıq Bakıda mülki avtomobillərdə Azərbaycan bayraqları dalğalanır. Bu, həm artıq qazanılmış hərbi uğurların sevinci, həm Ordumuza dəstək, həm də daha böyük qələbəyə inam deməkdir. Qəhrəman Azərbaycan Ordusuna eşq olsun! Düşmənin başını əzmək, torpaqlarımızı azad etmək zamanıdır. İgidlərimiz bunu bacarır və edəcək. Qələbəni gözləyirik".

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə də Qarabağ üçün hakimiyyətin istənilən addımını dəstəklədiklərini bildirib: "Biz bununla bağlı dəfərlə fikirlərimizi bəyan etmişik ki, AMİP üçün əsas prioritetlərdən birincisi torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpasıdır. Ona görə də bu məsələ ilə bağlı hakimiyyət tərəfindən atılacaq istənilən addımı dəstəkləməyə hazırıq. Şübhəsiz ki, müharibə olacağı dönəm üçün siyasi fəaliyyətin dondurulması da istisna deyil. Əlavə olaraq onu da bildirim ki, AMİP sədri olaraq şəxsən mən və müavinlər, partiyanın rəhbərliyində təmsil olunan şəxslər son səfərbərlik dönəmində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib qeydiyyatdan keçmişik. İstənilən formada dövlətimizə dəstək verməyə hazırıq".

Ağ Partiyanın sədri Tural Abbaslı da müharibə olarsa, siyasi fəaliyyətlərini dayandıracaqlarını, Ali Baş Komandanı dəstəkləyəcəklərini deyib: "Biz partiya olaraq dəfələrlə bəyan etmişik ki, mümkün Qarabağ müharibəsi başlayarsa, siyasi fəaliyyətimizi dayandırarıq. Siyasi iddialardan geri çəkilərik və müharibə naminə üzərimizə nə düşərsə, onu da edərik. Əgər müharibə Ali Baş Komandanı dəstəkləməyi tələb edərsə, təbii ki, onu da edərik. Bizim üçün əsas Qarabağdır, Azərbaycanın bütövlüyüdür. Bütöv, firavan Azərbaycandır. Elə siyasətlə məşğul olmağımızın da məqsədi budur. Bunun əksini düşünmək nə bizə, nə də partiyamıza uyğundur. Odur ki, müharibə zamanı biz üzərimizə düşəni hər zaman etməyə hazırıq. Hətta nəinki siyasi fəaliyyətimizi dondurmaq, hər bir partiya üzvü lazım gələrsə, səngərdə can verməyə, şəhid olmağa, can almağa hazırıq. Biz bu vətənin övladlarıyıq. Bu vətən təkcə iqtidarın, müxalifətin deyil, xalqındır. Himnimizdə də deyildiyi kimi, vətən uğrunda can verməyə, qan tökməyə hər zaman hazırıq. Bu məsələdə siyasət müzakirə mövzusu deyil".

PƏRVANƏ

 





29.09.2020    çap et  çap et