525.Az

Qələbəyə təşnə ürəklərin sevinci - Şahanə Müşfiqin yazısı


 

Qələbəyə təşnə ürəklərin sevinci - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

27.09.2020... Bəlkə bu tarix gələcəkdə dünyanın digər xalqları, ölkələri üçün COVİD-19 pandemiyası ilə mübarizə apardıqları adi günlərdən biri olacaq. Amma Azərbaycan dövləti və xalqı üçün misli görünməmiş zəfərin ilk addımı kimi milli tariximizə qızıl hərflərlə yazılacaq.

Otuz ildir erməni vandalizmindən, təcavüzündən əziyyət çəkən, dilbər güşələrini - 20 faiz torpağını yağının tapdağı altında sahibsiz buraxmağa məcbur qoyulan xalqın səbri bir gün daşmalı idi... Və daşdı... 27 sentyabr səhərini 25 ildən bəri az qala hər gün aldığımız xəbərlə açdıq: erməni işğalçıları atəşkəs rejimini pozub, sərhədayanı ərazilərimizi hədəf alıb. Amma bu dəfə vəziyyət fərqli idi. Bu dəfə illərdir yığılan "səbr kasamızın" son damlası idi. Səhər saat 06:00 radələrindən azğınlaşaraq sərhədyanı kəndlərdə yaşayan mülki əhalimizi gülləyə tutan, sıravi vətəndaşların evinə mərmi, topla hücum edən düşmənin cavabı bu dəfə daha kəskin və birdəfəlik verilməli idi.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumatlar da bizim bu düşüncələrimizi təsdiqlədi. Həqiqətən də Azərbaycan dövləti bu dəfə qəti qərarlı idi. Və 30 ildən sonra gözlənilən an yetişdi: Azərbaycan ordusu bütün cəbhəboyu ərazilərdə düşmənə qarşı əks-hücuma keçdi.

Bir xalq olaraq ürəyimiz cəbhədə, ordumuzun yanında, gözümüz, qulağımız isə televiziyada, mətbuatda qaldı. Dualarımızı əsgərlərimizin önünə sipər edib onları düşmən gülləsindən, namərd tələsindən məhz bu cür qorumağa çalışdıq. Əlimizdən başqa heç nə gəlmirdi çünki. Ölkəmizdə ikinci Qarabağ savaşı başlamışdı.

Müharibə sözü əzəldən qorxu, vahimə saçıb. Analar "müharibə" adı gələndə dizlərinə döyüb, saçlarını yolub, atalar övladlarını qorumağın yollarını axtarıb, oğlanlar bacardıqca müharibədən yayınmağa çalışıb, bacılar, gəlinlər elə hey müharibəni lənətləyib. Bəs o hansı xalqdır ki, müharibəni toy-bayram kimi qəbul edib, "sülh danışıqları" sözünü nə dilinə, nə özünə yaraşdırıb, elə hey "irəli" deyə hayqırıb, düşmənin qarşısına çıxmaq, vətənini müdafiə eləmək üçün axın-axın könüllü səfərbərliyə yazılıb? Əlbəttə, torpaq həsrətli, qələbə yanğılı Azərbaycan xalqı! Müharibəyə bu qədər sevinən, bir-birini "gözümüz aydın, müharibə başladı" deyə təbrik edən, evinə düşən mərmidən belə gülərək, "ordumuza inanırıq, qələbə bizimdir, ev nədir, canımız da bu vətənə fəda olsun" deyə bəhs edən ikinci bir xalq varmı, görəsən?!

Səhər saatlarından ən çox atəşə tutulan bölgələrdən biri Tərtər idi. Tərtərdəki dost-tanış, yerli əhali isə sanki bayram varmış kimi "ordumuz irəliləyir, yaxşı olacaq!" deyərək sevinclə durduqları yerdən bircə addım da tərpənmirdilər.

Bu müharibə coşğusunu, qələbə əzmini öncə dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin xalqa qətiyyətli müraciəti, qərarlı çıxışı, ardınca isə 30 ildən sonra bircə-bircə işğaldan azad olunan torpaqlarımızın siyahısı daha artırdı, alovlandırdı. Şanlı Azərbaycan ordusu bir neçə saatın içərisində yeddi kəndimizi düşmən tapdağından azad etdi.

Həmin vaxt mağazaya düşmüşdüm. Qarşıma çıxan hər kəsin gözlərində sevinc, üzündə təbəssüm vardı. Mağazalardakı televizorlar da işləyir, hər kəs diqqətlə ölkə başçısının çıxışını dinləyirdi. Onun: "Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" sözlərindən sonra çıxışı diqqətlə dinləyən yaşlı kişilərdən biri ürəkli tərzdə o birinə dedi: "Səni Cəbrayılda, evimizdə qonaq edəcəyəm, hazırlaş!" Bu səsdə o qədər böyük inam, sevinc vardı ki, insan bu qələbə təşnəliyindən riqqətə gəlirdi.

Bir daha gördük ki, Azərbaycan xalqı qələbəyə necə təşnədir. O, artıq 30 il öncəki xalq deyil! Ordusuna, Ali Baş Komandanına, əzminə, gücünə, vətən sevgisinə, Qarabağ eşqinə güvənən, qəlbi qalibiyyət yanğısıyla çırpınan əzəmətli millətdir! Bu millətə də qələbə yaraşar! İnanırıq ki, cəbhədən hələ daha çox gözəl xəbərlər alacaq, üzümüzə gələn ilk bayramda "İnşallah, gələn bayramı Qarabağda keçirək!" duasını etməyəcəyik. Çünki elə Qarabağda keçirəcəyik!

Haqq savaşın mübarək olsun, Azərbaycan! Biz hər birimiz səninləyik, Azərbaycan əsgəri!

 





29.09.2020    çap et  çap et