525.Az

Sosial şəbəkədə Qarabağ harayı: Vur, Komandir, vur!


 

Sosial şəbəkədə Qarabağ harayı: <b style="color:red">Vur, Komandir, vur! </b>

Sosial şəbəkədə yazılanlar 

Erkin Qədirli, millət vəkili:

- "5 rayon söhbəti" yeni deyil, 90-larda başlayıb. Bütün bu illər ərzində bizim hökumət buna razılığını verməyib, doğru da edib. Yalnız bir dəfə, 2008-ci ildə, Rusiyanın Gürcüstana təcavüzündən sonra, Prezident İlham Əliyev "5 rayon indi, 2 rayon 5 ildən sonra" düsturunu səsləndirib, amma onun çox dar və çoxdan bitmiş bir konteksti vardı - Rusiya ilə Ermənistan arasında quru yolun açılması (Gürcüstan öz ərazisində belə bir yolu bağlamışdı). Təklif belə idi ki, Rusiya 5 rayonu bizə qaytarır, biz də Rusiya üçün Ermənistana gedən dəmir yolunu açırıq. Amma Rusiya, bəli, məhz Rusiya, bununla razılaşmadı. Vikiliksdə bununla bağlı bir məlumat da vardı. Həmin məlumata görə, ABŞ Dövlət katibinin yardımçısı ilə söhbətində İlham Əliyev Medvedevi yaxşı danışıq aparan adlandırıb, amma onun heç nəyi həll etmədiyini də deyib. Ondan sonra bu söhbət bağlandı. Bizim üçün "5 rayon söhbəti"nun qəbulolunmazlığı həm də ondadır ki, onun içində Rusiya əsgərlərinin (sülhməramlı adı altında) ərazimizə gəlməsi var. Bizdəki hökumət bununla razılaşmayıb, çünki başqa şeylərlə yanaşı, Gürcüstanın yanlışından dərs alıb. Gürcüstan (Şevarnadzenin dönəmində) Abxaziyada və Cənubi Osetiyada Rusiya "sülhməramlılarının" yerləşdirilməsinə razılığını vermişdi. Sonrasını özünüz də bilirsiniz.

Azər Abdulla, şair:

- Dostlar, gəlin şeir paylaşmağı, filan əsərim filan ölkədə nəşr olunub, filan ölkədə oldum, nə bilim, əmimin, dayımın, babamın ölümündən on il keçir - bu kimi yazışmaları hələlik saxlayıb, hamılıqca Qarabağın, Zəngəzurun alınması ilə bağlı səsimizi birgə ucaldaq.

Rəşad Məcid, "525-ci qəzet"in baş redaktoru:

- Müharibə istəməyən "humanistlər", beynəlxalq qurumlar, iri dövlətlər! Əgər həqiqətin, ədalətin tərəfindəsinizsə, üzünüzü işğalçıya tutun, onları vaxtilə namərd və xaincəsinə, başqasının fitvası və yardımıyla zəbt etdikləri torpaqlarımızı tərk etməyə çağırın! Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: "Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun".

Dilqəm Əhməd, yazıçı:

- Özünü cəbhədən məlumatlı şəxs kimi göstərən, qonşusunun xalası oğlunun zabit olan əmisi oğlundan bilgi alıb hərbi sirr kimi saxlayan, amma dözməyib Feysbukda "bilirəm, amma deyə bilmirəm"  görüntüsü yaradan adamlara inanmayın, uzaq durun, sərt şəkildə qınayın.

Aydın Talışınski, həkim:

- Allah Azərbaycan Türk ordusunu müzəffər eyləsin...

Dayanmaq olmaz, tam qələbəyə qədər getməliyik...

Azad Əliyev, jurnalist:

- Ermənilərin açdığı atəş nəticəsində Naftalanda bir ailənin beş üzvü həlak olub. Bu gün erməni aqressiyası nəticəsində onlarla mülki şəxsimiz yaralanıb. Ombudsman Aparatımız isə susur. Ey Ombudsman, əgər sən bu gün də işləməyəcəksənsə, bəs nə vaxt işləyəcəksən? Ordumuz öz işini görür. Digər qurumlar da əsgərlərimizin sürəti ilə ayaqlaşa bilirlərsə, ayaqlaşsınlar. Bacarmırlarsa, istefa versinlər. İndi yatmaq vaxtı deyil. Mülki insanlar həlak olur. İşinizi görün nəhayət!

Aslan İsmayılov, hüquqşünas:

- Fəxr edirəm, Azərbaycan Ordusu! Torpaqlarımız işğalçılardan tam azad olunanadək ancaq irəli!

Əfqan Qafarlı, jurnalist:

- Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ilə bu gün işğaldan azad olunmuş Böyük Mərcanlı arasında - Arazboyu ərazidə daha iki kənd yerləşir - Mehdili və Çaxırlı. Bu isə o deməkdir ki, həmin kəndlər də ordumuzun nəzarətinə keçib. Beləliklə, bu gün Nüzgar kəndi də daxil Cəbrayıl rayonunun 4 kəndi azad olunmuş sayılır - Böyük Mərcanlı, Mehdili, Çaxırlı və Nüzgar...

Məzahir Ertuğ Avşar, rəssam:

- Acı dolu illərimiz getdi, sonunda gözlədiyimiz gün gəldi. YURDA DÖNÜŞ günü. Umutluyuz! Tanrının yardımı, türkün şücaəti, əsgərlərimizin əzmi bizə bu, YURDA DÖNÜŞ sevincini yaşadacaq.

Leyla Quliyeva, jurnalist:

- Nəhayət ki, illərdir dilimizdən düşməyən "O gün olsun Qarabağda Zəfər bayrağını dalğalandıraq!" arzumuz gerçəkləşir!

İmdat Avşar, yazıçı:

- Ünal Çeviköz deyilən diplomat! Azərbaycanın çörəyi və suyu gözünə dursun!..

İlqar Əlfioğlu, jurnalist:

- Şəhidlərimizin qanı hər bahar Qarabağın çəmənlərində lalə kimi çırtlayıb, mən varam deyəcək. Biz birlikdə hamıdan güclüyük...

Alıoğlu Məleykə, sənətçi:

- Şükür sənə, İlahi, ölmədim, bu günü də gördüm: Doğulduğum kəndimin, şanlı ordumuz tərəfindən işğaldan azad olunması xəbərini aldım! Sənət yoldaşım Ağalar Bayramovun telefon açaraq hönkürə-hönkürə mənə "gözaydınlığı" verməsi ürəyimi riqqətə gətirdi! Çoooox sevincliyəm, çox! Şuşamızın da işğaldan azad olunması xəbərini tezliklə eşitmək istəyirəm, inşallah! Sevirəm səni, canım Qarabağım, qürur yerim  Azərbaycanım və Böyük Türkiyəm!..

P.S. Şəhidlərimizin ruhları önündə əyilirəm! Yaralı əsgərlərimizin yarasından, sağ qalanların ürəyindən öpürəm!..

Elnur Məcidli, jurnalist:

- Kəndimiz işğaldan azad edildi!

Eşq olsun Azərbaycan əsgərinə!

Böyük Mərcanlı! Qarabağ Azərbaycandır! Vur, Komandir, vur! 7 kənd 7 rayon olsun!

Nərmin Məmmədova, Feysbuk istifadəçisi:

- Mamam 27 il sonra Ağdamdakı evimizin açarlarını çıxardıb sandıqdan.

Ramin Cabbarlı, müəllim:

- Hazırda Amerikada yaşayan, Harvard Universitetinin cərrahlıq üzrə məzunu və Ərdəbil şəhərinin keçmiş deputatı, doktor Nurəddin Pirmüəzzin Azərbaycanın hərbi xəstəxanalarına getməyə və Qarabağın azadlığı əməliyyatında Azərbaycan millətinin yanında olmağa hazır olduğunu “İnstagram” səhifəsində bildirib.

Rəşad Süleymanov, jurnalist:

- Müharibədə itkilər olmalıdır. Düşmən hansısa görüntüləri paylaşıb təşviş yaratmağa çalışacaq. Diqqətli olun! Panikaya düşməyin! Ordumuz düşmənə divan tutmaqda davam edir! Dualarınızı əsirgəməyin! Azərbaycan əsgəri zəfəri yazacaq!

Əli Hacıyev, müəllim:

- Rusdilli saytlarda erməni ordusuna tərif deyənlər indi ağlaşırlar. Sabah da inşallah diz çökərlər!

P.S AZƏRBAYCAN ƏSGƏRİ, VUR!

Asif Mərzili, jurnalist:

- Erməni saytlarını izləyirəm, Paşinyan elə bir dövlət, elə bir beynəlxalq qurum yoxdur əl atıb yalvarmasın. Hətta Rusiya da üz döndərib... Bu, artıq Ermənistanın məhvi deməkdir!

Amil Avoğlu, jurnalist:

- Ermənilər indi İrəvan polislərini avtobuslarla Qarabağda döyüşə yolladı. Qoy gəlsinlər. Cəhənnəm odunda yanmağa xoş gəlirlər.

Mehriban Sadıqova, Feysbuk istifadəçisi:

- İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi ölkəsinin vasitəçilik etməyə hazır  olduğunu bildirib. İranın vasitəçiliyi bizə lazım deyil. İranın bir dəfə vasitəçiliyi Şuşanın itirilməsi ilə nəticələndi.  Neçə illərdir ki, Ermənistanı bəsləyən dövlət heç vaxt səmimi ola bilməz. Azərbaycan xalqı İrandan Ermənistanın işğalçılıq siyasətinə son qoymağa tələb edən bəyanatlar gözləyir. İran tərəflər arasında sülhün yaranmasından danışırsa, Qarabağda separatçı və xunta rejiminə son qoyulmasını tələb etməlidir. İran bunu etməyəcək.

Rey Kərimoğlu Qazi, jurnlaist:

- Başına dönüm, Azərbaycan ordusu! İlahi, Şuşa başda olmaqla xaraba qalmış yurdlarımızı azad etməkdə dövlətimizə, ordumuza yar və yardımçı ol! Amin!

Vüsal Məmmədov, jurnalist:

- Türkiyə qardaşdır, o, heç. Pakistan əmioğludur, o da öz yerində. İsrail isə müttəfiqdir, qarşılıqlı faydalı işlərimiz çoxdur. Amma Ukraynaya minnətdarlığımızı necə bildirək ki, adekvat olsun - bax, dünəndən bunu fkirləşirəm...

Ləman Ələşrəfqızı, jurnalist:

- Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər də düşməndən təmizlənir. Ürəyim yerindən çıxacaq sanki. Biz bu illər ərzində nə xəbərlər səsləndirdik efirdən, nə reportajlar hazırladıq. Hamısında nisgil, hamısında kədər. Sevinc yaşat bizə, Azərbaycan əsgəri! Hər an əmrindəyik, cənab Ali Baş Komandan!

Taleh Şahsuvarov, jurnalist:

- Paşinyan Qarabağda yallı gedirdi, indi yalvarmadığı dövlət başçısı qalmayıb... Bir gün belə duruş gətir bilmədilər qarşımızda. Eşq olsun Azərbaycan ordusuna! Qələbə günü lap yaxındadır!

Rövşən Əliyev, jurnalist:

- Ermənistanın baş naziri Paşinyan Tvitterdə yazır ki, Ermənistan Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinə tərəfdardır. Sülh tərəfdarı olan gərək münaqişədən qabaq ermənilərin yaşamadığı bütün ərazilərdən sakitcə çıxmağın da vacibliyini bəyan eləsin. Əvəzində erməni yaşayış məntəqələri üçün status və qarantiya istəsin. Bunu eləmirsə, sülhə tərəfdarıq deməsi ikiüzlülükdür.

Samir Əsədli, jurnalist:

- Ölkədə qismən səfərbərlik elan edildi. Səfərbərlik haqqında qanunun 3-cü maddəsində göstərilir ki, səfərbərlik ümumi və qismən elan edilir. Ümumi və qismən səfərbərlik bir-birindən fərqlənir: "Qismən səfərbərlikdə yalnız ehtiyac olan ixtisaslar üzrə çağırış olur. Söhbət təbii ki, hərbi ixtisaslardan gedir. Tibb işçiləri də qismən səfərbərliyə cəlb edilir".

 





29.09.2020    çap et  çap et