525.Az

Avropa mediası və Azərbaycan - Orxan Aras yazır


 

Avropa mediası və Azərbaycan -<b style="color:red"> Orxan Aras yazır </b>

1992-1993-cü illərdə Azərbaycan və Ermənistan arasındakı müharibə ilə bağlı qərəzli xəbərlərə, haqsız münasibətə görə Avropa mediasına məktublar yazardıq. Təəssüf ki, bu məktubların heç bir təsiri olmazdı. Onlar qərəzli xəbər verməklə yanaşı, xəbərlərdə mütləq Azərbaycanın da bir müsəlman ölkəsi olduğunu vurğulayardılar. Ən çox rast gəldiyimiz ifadə də bu olurdu:

"Müsəlman Azərbaycan və xristian Ermənistan arasındakı münaqişə".

Keçmişə nəzər saldıqda, Avropa mediasında üstünlük təşkil edən anlayış həmişə bu istiqamətdədir. Məsələn, 1974-cü il Kipr savaşında ən əhəmiyyətli alman qəzetlərindən birinin başlığı belə idi: "Qanlı türklər Kiprdə!" Və təbii ki, Kiprdə həqiqətən nə baş verdi, türklər adaya niyə girdi kimi suallar xəbərlərdə yer almazdı.

İnsanlar savadlı, aydın və demokratik cəmiyyətlərin hadisələrə daha humanist, sakit və ədalətli baxacağına inanırlar. Bütün rabitə vasitələrinə sahib olan Avropa dünyanın müxtəlif yerlərində baş verən hadisələri qavramaq, anlamaq və təhlil etmək gücünə malikdir. Buna baxmayaraq, başqa xalqlardan və cəmiyyətlərdən söz düşəndə hadisələri təhrif etmək, yalan və hətta qəsdən xəbər vermək, təbliğata müraciət etmək istər-istəməz insanları məyus edir.

Azərbaycan 1992-ci ildə müstəqilliyini elan etdi. Qafqazdakı bu gözəl ölkə 70 illik müstəqillikdən sonra demokratik və azad bir cəmiyyət olmağa bir addım atmadan qonşusunun hücumuna məruz qaldı. Bu müharibə yeni müstəqil olan ölkənin demokratik addımlarını zərbə altına aldı. Bundan əlavə, bu təcavüzkar müharibədə on minlərlə insan öldü, yüz minlərlə insan evlərini itirdi.

Demokratik ölkələr bu vəziyyətə müdaxilə etməli olsalar da, "dini qardaşlıq" hissi ilə Ermənistanı dəstəklədilər və onların köməyi ilə Ermənistan müstəqilliyini yeni qazanmış bir ölkənin ərazisini işğal etdi. Bu istilanın səbəbləri çox sadə idi: Tarixən bütün bu torpaqlar onlarındır. Qonşuları ilə davamlı tarixi hesablaşma içində olan bu xalq öz daxilində sülh, ədalət və demokratiya təmin edə bilməz.  Ölkədəki işsizlik və iqtisadi böhran zirvəyə çatdı. İrqçilik təbliğatı inanılmaz hala gəldi. Erməni insan haqları müdafiəçisi olan jurnalist Vardan Arutunyan bu təbliğatın ölkəni və yeni nəsilləri necə xəstələndirdiyini baxın nəcə izah edir: "Keçmişimizdən qopa bilmədik. Keçmişdən qopmaq belə istəmirik. Ancaq keçmişimiz arxamızda ağır bir yükdür, bu da irəliləməyimizə mane olur. Biz vətənpərvərlik hissi ilə məktəblərdə Tigran Velikinin məktəb xəritəsini divara asırıq və sərhədlərimizi dənizdən dənizə elan edirik. İndi keçmişi yenidən təkrarlayırıq. Yenə də qonşularımızı düşmən elan edirik. Yenə də başqa bir ölkənin koloniyasına qayıtdıq. Daim çöldə qurtuluş axtarırıq".

İki gün əvvəl başlayan müharibə zamanı mən daima Avropa mediasını müntəzəm izləməyə çalışdım. "Der Spiegel", "FAZ", "Tagesschau", "Die Welt" kimi alman qəzetləri bu barədə xəbərləri hadisələrə çox şərh əlavə etmədən verdilər və eyni zamanda, Azərbaycan ərazilərinin beynəlxalq hüquq normalarına görə Ermənistan tərəfindən işğal olunduğunu yazdılar. Ən vacib xəbər kanalı olan N24 də hadisəni qəzetlərdə olduğu kimi işıqlandırdı. Bu etirafın və vurğunun nə qədər davam edəcəyini bilmirəm. Ancaq ümid edirəm ki, demokratiyanı və insan haqlarını daim vurğulayan Avropa bu işğala və haqsızlığa ən azı bitərəf bir şəkildə yanaşmağa davam edər. Çünki həqiqi demokrat haqq, qanun və ədalətə söykənər. İndi biz bunu Avropadan gözləyirik.

 





30.09.2020    çap et  çap et