525.Az

O gün - Məhsəti Musa yazır


 

O gün -<b style="color:red"> Məhsəti Musa yazır </b>

Saat yeddiyə işləmiş qəfil silkələnən pəncərələrin səsinə oyanıram. Sonra bu guppultu səsləri artmağa başlayır. Hövlnak qalxıram. Ürəyim titrəyir. Yatmış uşaqlara baxıb ağlıma gələn fikirlərdən xoflanaraq bir anlıq gözlərimi yumuram. Sonra özümə təskinlik verməyə başlayıram. Sən neyləyirsən? İstədiyimiz bu deyildimi? Aprel döyüşləri, Tovuz döyüşləri sənə heç nə demədimi? - deyə pıçıldayıram. Bir azdan sosial şəbəkəyə üz tuturam.

Dostluğumda olan Ağdam, Ağcabədi, Laçın sakinlərinin bu səslərdən qorxmadıqlarını, Azərbaycan əsgərinə olan inamlarını əks etdirən statusları məni bir az da ürəkləndirir. Bu arada Müdafiə Nazirliyinin rəsmi saytına göz gəzdirirəm. Xəbəri oxuyunca yenə ürəyimdə bir həyəcan baş qaldırır. İtkilərin, yaralıların olduğu ümumi şəkildə qeyd olunub. Sayını öyrənə  bilmədiyim üçün narahat oluram. Bir azdan internet də kəsilir. Az sonra da təbii qazın verilməsi dayandırılır (qısa müddətə). Əsəblərim tarıma çəkilir. Bu nə deməkdir axı? - deyərək içimdəki şübhələrlə vuruşmağa başlayıram. Evdə özümə yer tapmayıb həyətə düşürəm. Hasarın o üzündən qonşunun 4 yaşlı oğlunun səsi gəlir:

- Ata.

- Hə, oğlum.

- Haydasan?

- Burdayam, həyətdə...

- Ata, dedtmə haa, mən bombadan qoooxuyam...

Ürəyim sıxılır. Müharibə uşaqları həmişə mənim yaralı mövzum olub. Bugünkü gərginliyimə səbəb də məhz elə uşaqların yaşaya biləcəyi faciələr idi. Yenidən evə girirəm. Səssizcə öz geyimlərindən, ayaqqabılarından ibarət düyünçə yığan qaynanamın hərəkəti mənə bir az qəribə gəlsə də, sonra onu anlamağa çalışıram. Birinci Qarabağ müharibəsi zamanı əksər qohumlar məhz onların evinə sığınıbmış. O çətinliyi, o ehtiyacı, qaçqınçılığın nə olduğunu gözü ilə görüb izləmişdi. Həmin qorxunu hələ də yaşayan qadın bu dəfə özünün də hara isə gedəcəyini düşünürdü. Bacardığım qədər onu arxayınlaşdırmağa, getməyə qətiyyən ehtiyac olmadığına inandırmağa çalışıram. Bir azdan anam zəng vurur. Guya mənə ürək-dirək verməyə çalışır. Amma öz səsində sonuncu ümidini də dəfn etmiş kimi bir kədər var. Hər iki qadının keçirdiyi hisslər normaldır. Biz - orta yaşlı  nəsil müharibənin verdiyi acıların sadəcə, görüntülərini yaddaşda saxlamışdıqsa, indiki yaşlı nəsil  həmin acılarla mübarizə aparmış, onu dadmış, onu yaşamışdılar. Onların içində həmişə "birdən yenə elə olar" qorxusu olub və bu qorxu qəlblərinin dərinliyində əməllicə kök salıb. Əslində, özləri bunu hiss etməyiblər. Amma uzun illər sonra Ağcabədidəki  davamlı "gurultu-nərilti" səsləri dərinlikdə gizlənən qorxu hissini yenidən qabartmışdı. Mən zarafatlar edərək onun əhvalını düzəltməyə, hər şeyin əla olacağı haqqında guya məlumatlı olduğuma inandırıram. Baxmayaraq ki, mən də onun kimi gələcək haqqında məlumatsızam, onun əhvalını düzəltmək üçün dayanmadan gülür, fikrini yayındırıram.
Sonra uşaqların yatdığı otağa keçirəm. Oğlum daş kimi yatıb. Qızım isə oyansa da, azacıq belə təlaşı yoxdur. Sadəcə, bu səsin nə olduğunu soruşur, mən də əsgərlərimizin erməniləri qovduğunu deyirəm. Gözünün içi gülür və baş barmağı ilə "əla" işarəsi göstərir.

İnternetin yoxluğu hər kəs kimi bizi də televizordan asılı saxlayıb. Bir-birinin ardınca verilən açıqlamalar, daha sonra müəyyən kəndlərimizin işğaldan azad edilməsi xəbəri isə evdəki gərginliyi tamamilə yumşaldır. Səhər süzdüyüm çaydan bir qurtum ala bilməyən qaynanam artıq sakitləşib, hər kəs öz işi ilə məşğul olmağa başlayır. Qardaşı ilə oynasa da, televizordakı çıxışları gözdən qoymayan qızım birdən məni  çağıraraq deyir:

- Ana, gəl, üzü bu tərəfə dur. Qaqa, sən də anamdan bir addım geridə dayan. - Susub təəccüblə dediyinə əməl edirik. Özü də sıramıza qoşulur. Sağ əlini göstərərək deyir. - Bu əllərinizi yuxarı qaldırın!
Sağ əlimizi qaldırırıq:

- Hə, indi bir yerdə deyək: "Biz birlikdə güclüyük!"

Qeyri ixtiyari bu balaca liderin dediyini təkrarlayırıq:

- Biz birlikdə güclüyük!

Övladlarımın nikbinliyi artıq bütün həyəcanıma son qoyur. Bir-birimizi qucaqlayıb möhkəm səslə gülərək yenidən qışqırırıq:

- Biz birlikdə güclüyüüüük!

***

Həmin gün istər televiziya aparıcılarının, istərsə də bölgələrdən tez-tez xəbər verən müxbirlərin gərgin, davamlı fəaliyyəti də göz önündə idi. Axşama doğru artıq onların əksəriyyətinin şişkinlik yaranmış üz-gözündən yorğunluq, yuxusuzluq tökülsə də, iş başında idilər və internetin olmadığı yerlərdə  əhalinin məlumatlanmasında, bununla da vətəndaşlar arasında gərginliyin aradan qaldırılmasında həmin gün əvəzsiz rol oynayırdılar.

***

Gecə qızımı yatmağa apararkən qonaq otağında işığın yandığını görürəm. Ayaq saxlayıb otağın qapısını açıram. Oğlum aylardır unutmuş olduğu bütün hərbi oyuncaqlarını masanın üstünə yığıb. Şahmat fiqurlarını da əsgər oyuncaqlarına əlavə etməklə onların sayını artıraraq qələbə ruhuna köklənib. Ürəyim fərəhlə dolur. Sağ əlimi hazır vəziyyətə gətirib əsgəri salam verirəm:

- Salam əsgər!

Eyni tərzdə salamımı alır.

Sonra kiçik dialoqumuz olur. İndiyədək 7 kəndi azad etdiklərini söyləyir. Növbəti hədəflərinin hara olduğunu soruşuram.

"Şuşa" - deyir. - Növbəti gün Şuşanı da azad edəcəyik.

Gülümsəyirəm:

- Mən buna inanıram! Növbəti gün Şuşada görüşənədək!..

 





30.09.2020    çap et  çap et