525.Az

"Azərbaycan dilində çox yaxşı danışa bilirəm" - Fərhad Livaneli ilə müsahibə


 

"QARDAŞIM ZÜLFÜ LİVANELİ VƏ ONUN SƏNƏTİ BAŞ TACIMDIR"

"Azərbaycan dilində çox yaxşı danışa bilirəm" - <b style="color:red">Fərhad Livaneli ilə müsahibə </b>

Mədəniyyət bağı

Rubrikamızın budəfəki qonağı türkiyəli bəstəkar və söz yazarı Fərhad Livanelidir. O, Türkiyənin məşhur musiqiçi və bəstəkarı Zülfü Livanelinin qardaşıdır. Qardaşının yolunu layiqincə davam etdirən bəstəkar hazırda bir çox filmlərə və seriallara da musiqi bəstələyir. Qalanını onun öz dilindən eşidək. 

- Musiqi həyatım çox erkən yaşlarımda qardaşım Zülfü Livanelini dinləməklə başladı. 12 yaşında klassik gitara dərsləri alıb, 20 yaşında peşəkar gitaraçı kimi bir neçə il Ankarada, daha sonra Stokholmda sənətimə davam etdim. İllərdir ki, Zülfü Livaneli ilə birlikdə albom və konsertlər üzərində çalışıram.

- Bu yerlərə gəlib çatana qədər hansı yollardan keçmisiniz?

- Atamın vəzifəsi ilə əlaqədar üç yaşında Ankarada yaşamağa başladıq. 23 yaşımda Ankaradan Stokholma köçdüm. 15 il orada qalıb musiqi təhsili aldım. Təhsilimi başa vurduqdan sonra isə İstanbula qayıtdım.

- Bu günlərdə hansı işlərlə məşğul olursunuz?

- Hazırda pandemiya səbəbindən evdə işləyirəm, konsertlərim və səhnə fəaliyyətim yoxdur, musiqi bəstələyirəm, həmçinin, onlayn dərslərim də davam edir.

- Xəyallarınız və hədəfləriniz haqda nə deyə bilərsiniz?

- Türk musiqisi üçün aranjiman etmək və onları simfonik ifa etmək istəyirdim, bu istəyi reallaşdırdım, simfonik orkestrlərdə ifa etdim və əsərləri albomlarımda topladım. İndi diqqətimi yenidən gitaraya yönəltmişəm.

- Özünüzə ideal olaraq gördüyünüz, təsirləndiyiniz kimlər var?

- Zülfü Livaneli, klassik rus yazıçıları və böyük ifadə etmək gücünə sahib və hər mövzuda bir məlumat xəzinəsi kimi olan Orxan Kamal mənim baş tacımdır. Bacım, Seyhan Livanelinin romanları da bu təsirdə çox müvəffəqdir.

- Musiqinin gələcəyi barədə nə düşünürsünüz?

- Musiqilər getdikcə melodiyadan uzaqlaşır, ritmik bir şeyə sahib olmaqla kifayətlənir. Düşünürəm ki, bu, gənclərin kompüter əsrinə məruz qalmasının nəticəsidir.

- Konsert və tədbirlərlə bağlı hansı yeniliklər var?

- Həm konsertim, həm də səhnə işim intensiv davam edirdi, kifayət qədər plan və layihəmiz var idi. Pandemiya prosesi başlayanda dayandı, şübhəsiz ki, pandemiya davam etdikcə bu işlər dayanacaq, amma planlarımız və layihələrimiz var, epidemiyanın tezliklə bitəcəyini gözləyirik.

- Sizin kimi bu yolda irəliləmək istəyən gənclərə nələr tövsiyə edərdiniz?

- Gənclərə tövsiyə edərdim ki, özlərini inkişaf etdirsinlər. Hər şeydən əvvəl ifa etdikləri aləti dərindən öyrənməlidirlər. Musiqi bəstələmək və nəzəriyyə öyrənmək də lazımdır.

- Əsərlərinizi hansı mənbələrdən əldə etmək olar?

- Cəmi 7 albomum var, ilk 4 albom aranjiman və bəstələrdən ibarətdir. Bütün musiqilərim Yutub, Spotify kimi sosial şəbəkələrdə mövcuddur.

- Azərbaycan və türk sazı ilə solist ifaları arasında hər hansı bir fərq görürsünüz?

- Azərbaycan və türk sazı arasında kiçik fərqliliklərlə yanaşı, oxşarlıqlar da var. Ortaq ifa tərzinə malik olan alətlər sırasına bir neçəsini də əlavə etmək mümkündür. Belə ki, kamança, balaban alətləri arasında da müəyyən oxşarlıqlar var.

- Oğuz qrupuna aid olan Azərbaycan dili və ya ləhcəsi Türkiyə türkcəsinə yaxın olduğundan bu dili başa düşə bilirsiniz?

- Azərbaycan dilini çox gözəl başa düşürəm, illərdir azərbaycanlı həmkarlarımızla çətinlik çəkmədən danışırıq.

- Heç Azərbaycanda olmusunuzmu?

- Bəli, olmuşam, orada Dövlət Müasir Xalq Musiqisi Ansamblı ilə iki konsert vermişik. Təbii ki, tədbirlər çərçivəsində bir tələb varsa, yenə gedəcəyik.

Günel ABBAS

 





30.09.2020    çap et  çap et