525.Az

"Əvvəllər yalnız qadın pedikürü ilə məşğul olurdum" - Müsahibə


 

PEDİKÜR USTASI SEVİL ƏLİŞQIZI: "QADIN ƏLLƏRİNİ 40 DƏQİQƏYƏ MANİKÜR EDİRƏMSƏ, KİŞİ ƏLLƏRİNƏ 15 DƏQİQƏ BƏS EDİR"

"Əvvəllər yalnız qadın pedikürü ilə məşğul olurdum" - <b style="color:red">Müsahibə</b>

Rubrikamızın budəfəki qonağı pedikür ustası Sevil Əlişqızıdır. Təxminə 30 ildir bu peşə ilə məşğul olan, hər növ ayaq xəstəliklərini müalicə edən Sevil Əlişqızı 1955-ci ildə Gədəbəydə dünyaya gəlib.

Uşaqlıqdan həkim olmağı arzulayan, bu işlə məşğul olduğu müddətdə minlərlə insanı müalicə edən Sevil xanımın fərqi ondadır ki, o, həm də Azərbaycanda çox az rast gəlinən peşələrdən biri - kişi pedikürü ilə məşğuldur. İşini sevərək görən Sevil Əlişqızı  hazırda Üzeyir Hacıbəyov 37/43 ünvanında yerləşən "Aynur By Sesem" adlı estetik gözəllik mərkəzində pedikür ustası işləyir. 

- Sizdə bu sənətə qarşı maraq haradan və necə yarandı?

- Düzünü desəm, bu işə marağım lap uşaqlıqdan gəlir. O vaxtlar davamlı olaraq dırnağım ətimə batırdı və anam sağaltmaq üçün çox əziyyət çəkirdi. Hər zaman arzu edirdim ki, kaş mən həkim olub bu dırnağı sağalda biləydim. Ailə qurduqdan sonra həyat yoldaşımla birlikdə Xarkov şəhərinə getdik. Orada dırnaqlarımı manikür və pedikür etdirmək üçün gözəllik salonuna getməyə başladım. Zamanla özümün də bu işə qarşı marağım oyandı.

- Siz yalnız qadınlar yox, həm də kişilər üçün xidmət göstərirsiniz. Həyat yoldaşınızın buna qarşı münasibəti necədir?

- İlk dəfə bu işə başlamaq istədiyimi bildirəndə münasibəti heç də yaxşı olmadı. Bizi orda ermənilər və ruslar incitdiyi üçün 1990-cı il 20 Yanvar hadisəsi ərəfəsində Bakı şəhərinə köçdük. Bura gəldikdən sonra həyat yoldaşıma pedikürlə məşğul olmaq istədiyimi bildirdim. Ancaq o, qəti şəkildə dedi ki, razı deyiləm və icazə verməyəcəm. 5-10 gün belə ağladıqdan sonra xalam oğlunun yanına gedib bu işlə məşğul olmaq istədiyimi dedim. O da razılaşıb dedi ki, dostumun anası "Aynur by Sesem" estetik gözəllik mərkəzində direktordur, gedək onun yanına. Salona gəldikdə dedilər ki, bütün ermənilər gedib, salon boş qalıb, gəl işlə. Yoldaşım yenə razı olmadı. Daha sonra direktor yoldaşımı çağırıb izah etdi ki, bu, lazımlı sənətdir, icazə ver işləsin. Nəhayət, 1991-ci il may ayının 2-si işə başladım. Əlavə olaraq, onu da deyim ki, bura gələndən sonra ermənilərin xalqımızı çox pis vəziyyətə saldığını gördüm. Baxıb dəhşətə gəlirdim ki, axı insanlara əziyyət verənlərlə necə işləmək olar. Təsəvvür edin, 10 il ermənilərdən qalan müştəriləri yavaş-yavaş müalicə etməklə məşğul olmuşam.

- Məlumdur ki, Azərbaycanda mentalitet baxımından kişilərin manikürə, pedikürə getməsi çox rast gəlinən hal deyil. Bura gələn kişilərin təəssüratı necə olur?

- Mentalitet məsələsini çox doğru vurğuladınız (gülür). Kişilər gəlməzdən öncə zəng edib deyirlər ki, içəridə başqa qadınlar olmasın. Mən də onlara sual verirəm ki, siz diş həkiminə gedəndə orada qadın olmur? Olur. Xəstəxanada müalicə alanda sizinlə eyni palatada qadın olmur? Olur. Demək olar, artıq onların psixologiyalarını ələ almışam, öyrəşiblər (gülür).

- Qeyd etdiniz ki, kişilər çəkingən olurlar. Kişilər daha çox səliqə üçün, yoxsa ayaq xəstəliklərinə görə gəlirlər?

- Həm səliqə üçün, həm də ayaq xəstəliklərinə görə gələnlər çoxdur. Ancaq həkimlərin səhlənkarlığı nəticəsində ayaq xəstəlikləri üçün gələnlər daha çoxdur. Həkimlər insanları yanlış müalicə edərək elə vəziyyətə salırlar ki, hər görəndə ürəyim yanır. Ümumiyyətlə, bizdə dırnaq üzrə həkim yoxdur, yaxşı pedikür ustası var. Gərək hər bir həkim anlasın ki, pul üçün insanları belə vəziyyətə salmaq olmaz. Bəzən elə insanlar gəlir ki, həkimə nə qədər pul verməsinə baxmayaraq, yanlış müalicə nəticəsində daha da pis vəziyyətə qalmış olurlar. Halbuki mən onları bir neçə seansa asanlıqla, ağrısız və daha sərfəli qiymətə müalicə edirəm.

- Yəqin ilk işə qadın pedikürü ilə başlamısınız, sonra necə oldu ki, kişi pedikürü ilə də məşğul oldunuz?



- Bəli, əvvəllər yalnız qadın pedikürü ilə məşğul olurdum. Mənim bir neçə qadın müştərim var idi ki, onların həyat yoldaşları vəzifədə işləyirdi. Bir neçə dəfə evlərinə gedib yoldaşlarına pedikür edə biləcəyimi soruşdular. Mən də razılaşdım. Beləliklə, pedikür üçün 10-15 nəfərin evinə gedirdim. Lakin sonra dedim ki, istəsəniz, işə də gələ bilərsiniz, çünki evdə ordakı qədər rahat olmurdu. Əvvəl razı olmadılar, sonra mən izah etdim ki, axı, siz dişiniz üçün diş həkiminə, ya da saçınız üçün salona gedirsiniz, bu da onlar kimidir. Siz heç bir pis iş görmürsünüz. Nəticədə, yavaş-yavaş hər kəs öz ətrafındakılara da deməyə başladı, beləcə, gələnlər çoxaldı.

- Yəqin ki, manikür, pedikür prosesi həm qadınlarda, həm də kişilərdə eyni deyil. Fərqləri və çətinlikləri nələrdir?

- Sizə deyim ki, kişilərin əlləri çox gözəl olur (gülür). Hələ kişi əlində bir problem görməmişəm, onların işləri daha yüngüldür. Qadın əllərini 40 dəqiqəyə manikür edirəmsə, kişi əlinə 15 dəqiqə bəs edir. Hətta elə kişilər var ki, ayaqları pambıq kimi, təmiz olur. Amma proses, demək olar, eynidir. Sadəcə, kişilərin əllərini manikür etmək daha rahatdır.

- Oxuduğum bir məlumata görə, idmançılar, xüsusilə də futbolçular üçün pedikür çox vacibdir. Bunun səbəbi nədir? Ümumiyyətlə, idmançı pasiyenləriniz olurmu?

- Bəli, idmançılar gəlirlər və hər zaman səbəbləri onlara da izah edirəm ki, diqqət etsinlər. Səbəbi odur ki, idmançılar sport ayaqqabılar geyinirlər və bu ayaqqabıların ön hissəsi çox hündür olduğundan dırnaqlar vaxtında kəsilməyəndə problem yaranır. Məsələn, dırnaq əzilir, göbələk əmələ gəlir. Xüsusilə, futbolçularda göbələyə çox rast gəlirəm. Bunun müalicəsi 3-4 seans olur.

- Hər sənətin, sənətkarın öz sirri var, bəs sizin sənətinizin sirri nədir?

- Hər sənətin ilk sirri odur ki, gərək gördüyün işi sevəsən. Misal üçün, mənim təxminən 30 il iş təcrübəmin olmasına baxmayaraq, hələ də hər an işimlə bağlı yorulmadan yeni nəsə öyrənirəm. Ancaq indi bu peşəyə yeni başlayan bir çox insan əlinə aləti alan kimi deyir ki, mən ustayam. Mən hələ özümə usta demirəm, çünki öyrənəcəyim çox şey var. 1-2 il işləməklə olmur, insan gərək daim özünü inkişaf etdirib, yeni nəsə öyrənsin. Bu işin əsas sirlərindən biri də müştəridən keçməməkdir. Puldan keçib, müştəridən keçməsəniz, daim çörəyiniz olacaq. Amma müştəridən keçsəniz, pulu üstün tutsanız, çörəyiniz olmayacaq.

- Ailənizdə sizdən sonra bu peşəni davam etdirəcək kimsə varmı?

- Üç qızım var - Sevinc, Oksana, Adelya. Böyük qızım Sevinc və ortancıl qızım Oksana ayrı-ayrı iş yerlərində bu peşə ilə məşğuldurlar. Özlərinin marağı olduğu üçün mən öyrətmişəm. Amma kiçik qızım Adelya fərqli sahədə fəaliyyət göstərir.

- Son olaraq, ayaq xəstəliklərindən qorunmaq üçün insanlara nə tövsiyə edirsiniz?

- Qorunmaq üçün ayaqlar hər axşam 72 faizlik sabunla yuyulmalı və qurulanmalıdır. Xüsusilə, barmaqların arası mütləq qurulanmalıdır. Əks halda nəm qalır və çatlar, müxtəlif problemlər yaranır. Bəzən insanlar ayaqlarını isti suda saxladıqlarını deyirlər, bu da düzgün deyil. Su soyuq olmalıdır. Soyuq su qan dövranını gücləndirir, isti suda isə qan dövran etmir.

Aytac ASLAN

 





30.09.2020    çap et  çap et