525.Az

İranın Peskovsayağı "humanizm"i - Xaqani Cəfərli yazır


 

İranın Peskovsayağı "humanizm"i - <b style="color:red">Xaqani Cəfərli yazır </b>

İşğalçı Ermənistanın yeni hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başlatdığı əks hücum xalqımızın ən təbii və qanuni haqqı olmaqla yanaşı, həm də dost və düşmənlərimizin kimliyini yenidən üzə çıxarmaq baxımından çox önəmli oldu. Təəssüf ki, Azərbaycanın bu təbii və qanuni haqqını görmək istəməyən, humanizm kimi ən bəşəri dəyərin arxasında gizlənərək işğalçını qorumağa can atanlar da var.

Rusiya Federasiyası Prezident Administrasiyası rəhbərinin müavini - prezidentin mətbuat katibi Dmitri Peskov "Kommersant FM" radiosunun Qarabağda döyüşlərin hansı tərəfin təşəbbüsü ilə başlaması haqqında Kremlin mövqeyi ilə bağlı sualını cavablandırarkən deyib ki, indi hər şeydən əvvəl hərbi əməliyyatları dayandırmaq vacibdir: "Kimin haqlı, kim haqsız olduğunun müəyyən edilməsi zamanı deyil". Kreml sözçüsünün saxta humanizmini İran rəsmilərinin döyüşlərin dərhal dayandırılması ilə bağlı tələb şəklində səsləndirdikləri bəyanatlarda da görmək olur. Halbuki həm Rusiya, həm də İran rəsmiləri Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili kimi həm də ədalət mövqeyindən çıxış edərək, kimin haqlı olduğunu da qeyd edə bilərdilər. Regiondakı hərbi toqquşmalardan narahat olduğunu açıqlayan Mixail Saakaşvili daha sonra deyib: "Mənim mövqeyim kifayət qədər aydındır və bu, dövlət bütövlüyü prinsipinə əsaslanır. Yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və bunu heç nə dəyişdirə bilməyəcək". Əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələr də bugünəcən belə ədalətli davranaraq Azərbaycanın Dağlıq Qarabağ üzərində suverinliyini birmənalı olaraq vurğulansaydı, ermənilər işğalçılıq niyyətlərindən çoxdan əl çəkərdilər.

Təəssüf ki, bəşəri dəyərlərin ən ümdəsi hesab olunan ədalət prinsipindən çıxış edə bilməyən dövlətlər, siyasət və media təmsilçiləri beynəlxalq hüququn Azərbaycana verdiyi imkanları da görmək istəmirlər. Halbuki BMT Nizamnaməsinin 51-ci maddəsi Azərbaycana özünü müdafiə haqqı verir. Azərbaycan özünün təhlükəsizliyini təmin etmək üçün bu hüququ fərdi və ya kollektiv halda həyata keçirmək haqqına sahibdir. Amma beynəlxalq hüququn zəmanətçiləri qismində çıxış edən BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Nizamnaməsinin Azərbaycana verdiyi bu haqqı nəzərə almaq istəmirlər.

Burada onu da qeyd etmək yerinə düşər ki, Türkiyənin Azərbaycana yardımı da BMT Nizamnaməsinin 51-ci maddəsinə tam uyğundur və heç kim buna qarşı çıxış edə bilməz. Yunanıstanın Ermənistana dəstək ifadə etməsi və Dağlıq Qarabağda "günahsız" insanların ölümünü pisləməsi Afinanın beynəlxalq hüquqa zidd mövqeyindən və ədalət prinsipindən uzaq düşərək, məzhəb yaxınlığından çıxış etməsindən xəbər verir. Yunanıstan kimi Kiprin də hüquq və ədalət prinsipinin tam əksinə olaraq məzhəb birliyi nümayiş etməsi bu ölkələrin həm də dünyada ən müttərəqi hüquq hesab olunan yunan-roma hüquq sistemindən uzaqlaşdığını göstərir. Görünür, Afina və Nikosiyada yunan-roma hüququnun təməlində hüququn üstünlüyü və ədalət prinsipinin dayandığını unudublar. Əgər unutmasaydılar, BMT Nizamnaməsinin 51-ci maddəsinin Azərbaycana verdiyi hüquqa, eləcə də ən ali beynəlxalq təşkilat olan bu qurumun Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı Qətnamələrə hörmət bəsləyərək Ermənistana dəstək ifadə etməzdilər. Azərbaycanın Ermənistan tərəfindən işğal edilən rayonlarının qeyd-şərtsiz azad edilməsi tələbini özündə əks etdirən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını 27 il ərzində təmin edə bilməyən Təhlükəsizlik Şurasının daimi üzvləri bununla əsas söz sahibi olduqları ən ali beynəlxalq təşkilatın formal quruma çevrilməsinə səbəb olduqları kimi, bununla beynəlxalq hüququn üstünlüyünün aradan qalxmasına rəvac veriblər. BMT-də islahatların aparılması zərurəti də məhz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin beynəlxalq hüququn üstünlüyünü təmin edə bilməmələri ilə bağlıdır. Halbuki beynəlxalq hüququn üstünlüyünün alternativi yoxdur. Beynəlxalq hüququn üstünlüyündən imtina edilməsi münaqişə və müharibələrin yolunun açılması deməkdir. Bu gün Azərbaycanın işğal olunmuş ərazilərində döyüşlər yenidən alovlanıbsa, burada günahı olmayan ölkə Azərbaycan və onun beynəlxalq hüquqa dayanan mövqeyini dəstəkləyən dövlətlərdir.

 





30.09.2020    çap et  çap et