525.Az

Tovuzda yeni avtomobil tunelinin inşasına başlanılıb


 

Tovuzda yeni avtomobil tunelinin inşasına başlanılıb <b style="color:red"></b>

Ölkə başçısının Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi üçün imzaladığı sərəncama əsasən artıq agentlik tərəfindən müvafiq işlərə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən əlumata görə, ətrafda yaşayan, o cümlədən, sözügedən kəsişmədən istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etmək üçün dəmiryolu xəttinin altından yeni avtomobil tunelinin inşası nəzərdə tutulur. Yeni tunelin qapalı hissəsinin uzunluğu isə 30 metr olmaqla açıq hissəsi (yanaşma yollar) ilə birgə ümumi uzunluğu 420 metr təşkil edəcək. Avtomobil tuneli hər birinin eni 4 metr olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin qapalı hissəsinin ümumi eni isə 11 metr olacaq.

Tunel boyu hər bir istiqamət üzrə 120 və 150 metr uzunluğunda yan yolların və piyada səkilərinin inşası da layihə üzrə görüləcək işlərdəndir.

Hal-hazırda tikinti ərazisində torpaq işlərinə başlanılıb, yolun genişləndirilməsi üçün söküntü və kommunikasiya xətlərinin köçürülməsi, həmçinin, svayların vurulması üzrə işlər icra olunur.

Qeyd edək ki, əvvəllər bu ərazidə avtomobil yolu ilə dəmir yolunun kəsişməsi bütün hərəkət iştirakçısı üçün təhlükəli vəziyyət yaradırdı. Yeni tunel istifadəyə verildikdən sonra isə avtonəqliyyat vasitələri dəmir yolu xəttini kəsib keçmədən rahat şəkildə öz yollarına davam edə biləcəklər.

Avtomobil tuneli texnoloji ardıcıllığa riayət olunmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə inşa olunur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

 





30.09.2020    çap et  çap et