525.Az

Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət edib


 

"RUSİYA CƏMİYYƏTİ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI QEYRİ-OBYEKTİV ŞƏKİLDƏ MƏLUMATLANDIRILIR"

Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət edib<b style="color:red"></b>

Azərbaycan Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət edib.

Müraciətdə deyilir ki, otuz ildən artıqdır davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin gərginləşməsi, o cümlədən, hərbi əməliyyatların intensiv xarakter alması dünyanın kütləvi informasiya vasitələrinin diqqətindədir. Rusiya mediası da məsələyə fəal yanaşması ilə seçilir: "Rusiyanın ayrı-ayrı KİV-nin timsalında münaqişənin tarixinə, hazırkı durumuna marağın obyektiv təzahür formalarını, mövzuya dair peşəkar təqdimatları görür, yüksək dəyərləndirir, təşəkkürümüzü bildiririk. Ümumən Rusiya cəmiyyətinin məsələdəki həssaslığı təbiidir. Ancaq təəssüf ki, ictimaiyyət ölkə mediasının timsalında Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla bağlı əsasən qeyri-obyektiv şəkildə məlumatlandırılır. Hadisə və faktlara birtərəfli münasibət göstərilir. Təəssüf doğuran məqam isə budur ki, Rusiya KİV-nin məsələyə münasibətilə Ermənistan rəsmi dairələrinin, siyasilərinin yalan və iftiralara köklənmiş mövqeyi əksər hallarda üst-üstə düşür. Sıralarında Azərbaycanın aparıcı media orqanlarını, jurnalist təşkilatlarını birləşdirən Azərbaycan Mətbuat Şurası buna etirazını bildirir".

Müraciətdə vurğulanıb ki, Azərbaycan Mətbuat Şurası Qərb mediasının da Dağlıq Qarabağ münaqişəsinin hazırkı alovlanma səbəbləri və tarixi ilə bağlı materiallarını izləyir: "Orada da birtərəfli şərhlərə rast gəlinməkdədir. Lakin müqayisəli yanaşdıqda, görürük ki, Rusiyanın bir sıra başlıca media orqanları obyektiv həqiqətlərə, real duruma qərəzli, ədalətsiz yanaşma, cəmiyyəti yanlış yönləndirmə baxımından Qərb ölkələrinin KİV-dən daha öndədir. Belələrinin yayımlarında, təhlillərində təsvir edilən Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, problemin hazırkı inkişaf dinamikası ilə reallıq arasında heç bir əlaqə yoxdur. Hesab edirik ki, belə xoşagəlməz dəst-xəttin seçilməsi Azərbaycanın və Rusiyanın ictimaiyyət nümayəndələri, ziyalıları arasındakı dostluğa və səmimiyyətə əsaslanmış münasibətlərə məhəl qoymamaq cəhdidir".

Müraciətin sonunda Rusiya Jurnalistlər İttifaqından Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birtərəfli təqdimatlara qarşı öz mövqeyini açıqlaması istənilir.

 





01.10.2020    çap et  çap et