525.Az

Xaricdə doktorantura təhsili proqramı böyük perspektivlər vəd edir


 

KÖLN UNİVERSİTETİNDƏ DOKTORANTURA TƏHSİLİ ALAN ASİF MUSTAFAYEVİN FİKRİNCƏ,SÖZÜGEDƏN PROQRAM AZƏRBAYCANIN GƏLƏCƏYİ ÜÇÜN MÜSTƏSNA ÖNƏM DAŞIYIR

Xaricdə doktorantura təhsili proqramı böyük perspektivlər vəd edir<b style="color:red"></b> Azərbaycanlı gənclərin xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərinə uyğun olaraq yerli ali təhsil və elm müəssisələrinə peşəkar mütəxəssislərin hazırlanması dövlətin əsas hədəflərindən biridir.

Bu məqsədlə 2018-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" qəbul edilib. Dövlət Proqramının həyata keçirilməsində əsas məqsəd elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkədə yeni nəsil mütəxəssislərin yetişdirilməsidir. "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nı uğurla həyata keçirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın davamı hesab etmək olar. Bu proqram strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın ali təhsil sisteminin daha da gücləndirilməsinə yönələn bu proqramın icrası nəticəsində təhsilin doktorantura səviyyəsində xaricdə təhsil və təcrübənin maliyyələşdirilməsi ilk dəfə həyata keçirilir.
Bu gün Azərbaycanda ölkənin ali təhsil sisteminin dünya standartlarına uyğun kadrlarla təmin olunmasına, dünyanın ən yaxşı ali təhsil müəssisələrinin doktorantura səviyyəsini bitirən kadrlara böyük ehtiyac var. Məhz bu proqram sayəsində xaricdə təhsil alan və fəlsəfə doktoru dərəcəsi olan yüksək ixtisaslı kadrlar təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq müqavilə tərəfdaşı olan yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə cəlb ediləcəklər. Məhz bu yolla da Azərbaycanın ali təhsil müəssisələrinın kadr potensialı gücləndiriləcək.

Dövlət Proqramının icrasını Azərbaycan Dövlət Neft Fondu maliyyələşdirir. Xaricdə doktorantura təhsili üzrə il ərzində 100 tələbənin maliyyələşdirilməsi nəzərdə tutulur. Proqramın icrasını təmin etmək məqsədilə müxtəlif qurumlara ayrı-ayrı vəzifələr həvalə edilib. Bu  vəzifələrin yerinə yetirilməsində koordinasiya Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Bu il 34 nəfər proqram çərçivəsində 11 ölkənin 22 nüfuzlu ali təhsil müəssisəsində doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb.

Proqram çərçivəsində doktorantura təhsili almaq hüququ qazanan gənclərimizdən biri də Asif Mustafayevdir. O, hazırda Almaniyanın Köln Universitetində, kibercinayətkarlıqla mübarizə üzrə PhD/doktorantura təhsili alır. A.Mustafayev Dövlət Proqramına qəbul olunmağını özü üçün böyük bir nailiyyət hesab edir:

"İstər sənəd qəbulu, istərsə də ümumilikdə qəbul prosesi həqiqətən yüksək səviyyədə təşkil olunmuşdu. Öncə bildirim ki, sənəd qəbulu beynəlxalq səviyyədə təqaüd fondlarının sənəd qəbulu şərtləri və prosesləri ilə müqayisədə daha asan, əlçatan və praktik xarakter daşıyırdı. Qəbul prosesi və müsahibə mərhələsi öz yüksək keyfiyyətli təşkilatçılığı ilə yadımda qaldı".

Onun sözlərinə görə, universitetlərin elmi bazasının zənginləşdirilməsi üçün bu proqram xüsusi önəm daşıyır, çünki doktorantura təhsili üçün göndərilmiş şəxslər dünyanın ən qabaqcıl universitetlərində elmi işlərini müdafiə edəcəklər:
 
"Bu universitetlərin hər biri yüksək elmi-tədqiqat ənənəsinə, seçilmiş professor-müəllim heyətinə malik olduqları üçün qabaqcıl universitetlər sırasındadır".

A.Mustafayev bildirib ki, elmi işi hazırda daha çox aktuallaşmaqda olan kibercinayətkarlıq mövzusundadır:

"Doktorluq işimdə kibercinayətkarlığın və bu sahədəki Almaniya, Azərbaycan və beynəlxalq qanunvericiliyin müqayisəli təhlilini araşdırıram. Kibercinayətkarlıq tarixi baxımından yeni, yəni informasiya texnologiyalarının ortaya çıxması ilə bərabər yaransa da, hazırda ən sürətlə inkişaf edən, tədqiqatına ciddi elmi potensial ayrılmalı olan bir sahədir. Kibercinayətkarlıq və onun tədqiqatı hazırda dünyanın ən qabaqcıl universitetlərinin, elmi-tədqiqat institutlarının diqqət mərkəzindədir.

Proqram üzrə tərəfdaş ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin hüquq fakültəsində kibercinayətkarlıq sahəsi yeni bir sfera sayılır və ona görə də ciddi tədqiqatı diqqətdə saxlamaq zərurəti yaranır. Doktorluq dissertasiyamı uğurla başa vurduqdan sonra bu sahədə ixtisaslaşmış elm adamı kimi ilk görmək istədiyim işlərdən birincisi fakültəmizdə bu sahəyə diqqətin artırılmasına, bu sahənin ayrıca, yaxud media cinayətlərinin tərkibində tədris edilməsinə nail olmaqdır. Bundan başqa, Almaniyada təhsil aldığım müddətdə yiyələndiyim elmi biliklərimi, metodologiyanı, araşdırma təcrübəsini, elmi işgüzarlığı, elmi intizamı və məsuliyyəti də Bakı Dövlət Universitetindəki tədris işimdə bacardığım qədəri ilə aşılamağa, tətbiq etməyə çalışacağam".

A.Mustafayev vurğulayıb ki, biz artıq informasiya texnologiyasının çox sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Bu inkişaf o qədər sürətlidir ki, adi bir texnoloji yenilik bir ildən sonra xeyli köhnəlmiş hesab oluna bilir. Süni intellekt, robot texnologiyası artıq elə bir inkişaf həddindədir ki, yavaş-yavaş bu texnologiya artıq insanları əvəz etməyə başlayıb. Əksər peşə sahibləri bu dəyişikliyə məruz qalacaq. Kibercinayətlərin meydana çıxması təxminən elektron hesablayıcı maşınların yaranması və inkişafı ilə eyni dövrə təsadüf edir. İnformasiya texnologiyaları inkişaf etdikcə kibercinayətkarlıq, onun törədilmə üsulları, məsuliyyətdən yayınma imkanları da inkişaf etməkdə, dəyişməkdədir. Burada ortaya çıxan ən böyük problem ondan ibarətdir ki, kibercinayətkarlıq hüququ informasiya texnologiyasının inkişafı ilə ayaqlaşa, onun yüksək inkişaf sürətinə yetişə bilmir. Bu isə öz növbəsində bu sahədəki qanunvercilikdə xeyli boşluqların, bəzən ziddiyyətlərin əmələ gəlməsinə səbəb olur. Artıq robotlar tərəfindən törədilən əməllərə (“robot crime”),  eləcə də süni intellektin səhvlərinə görə məsuliyyət məsələsi yeni hüquqi problem sayılır. İnsanlar artıq günlərinin xeyli hissəsini virtual aləmdə keçirir, öz işlərini internet üzərində görməyə başlayıb. Son illər ölkədə onlayn alğı-satqı kifayət qədər artmağa, müxtəlif yerli və xarici saytlar vasitəsilə vətəndaşlarımız dünyanın istənilən ölkəsindən müxtəlif mallar sifariş etməyə başlayıb. Bu tendensiya xüsusilə mövcud pandemiyaya görə daha da sürətlənmiş oldu. Bu, özlüyündə rahatlıq, stressiz bir alğı-satqı növü olsa da, təbii ki, mənfi tərəflərini də özü ilə gətirməkdədir. Belə ki, internet üzərindən sifariş verən hər bir şəxs öz şəxsi məlumatlarını, bank hesab nömrələrini bəyan etməlidir. Bu da öz növbəsində “pishing” (müxtəlif manipulyasiya vasitələrilə şəxsi məlumatların ələ keçirilməsi) üçün əlverişli imkan deməkdir. Artıq insanların bank hesablarından cüzi məbləğlərin naməlum formada yoxa çıxması ölkədə nadir qarşılanacaq bir hadisə deyildir. Şübhəsiz  ki, bunların əksəriyyəti avtomatlaşdırılmış formada aparılan “pishing” hücumlarının nəticəsidir. İnformasiya texnologiyasının, digitallaşmanın yüksək sürətli inkişafı, real əməliyyatların artıq internet üzərindən həyata keçirilməsi internet və kompüter cinayətlərinin sayının və çeşidlərinin artması ilə nəticələnəcək. Qeyd edilənlər xüsusilə hazırkı dövrdə pandemiya səbəbilə daha da sürətli bir hal alması ilə bizim kibercinayətlərə hazırlıqsız məruz qalmağımıza, habelə mübarizə strategiyamızı formalaşdırmaqda ləngiməyimizə səbəb ola bilər. Bu da öz növbəsində strateji baxımdan həssas olan sözügedən sahəyə xüsusi diqqətlə yanaşılmasını labüd edir.

O qeyd edib ki, kibercinayətkarlıq durmadan sürətlə inkişaf edir, şaxələnir, mücərrədləşir. Bu cinayətlərə qarşı mübarizənin ən effektiv üsulları, texniki, təşkilati və digər bu kimi sahələrə aid tədbirlərdən ibarətdir. Ancaq yalnız texniki tədbirlər kifayət etmir. Kifayət qədər effektiv, adekvat qanunvericilik aktları işləyib hazırlamaq, qəbul və tətbiq etmək baxımından ictimai-hüquqi münasibətlər də bu mübarizədə önəmli rol oynamaqdadır. Burada xüsusilə qabaqcıl ölkələrin qanunvericilik, hüquqi təcrübəsini araşdıran, bu təcrübəni mənimsəyən hüquqşünasların yetişməsi çox önəmlidir. Bu, həm də ona görə önəmlidir ki, kibercinayətkarlıq transmilli cinayətlər kateqoriyasına daxildir və onlara qarşı mübarizə beynəlxalq əməkdaşlığı vacib edir:

"Məsələn, bizə qarşı hər hansı bir ölkədən törədilən kiber hüquq pozuntusunun cəzalandırılması üçün vacibdir ki, həmin ölkədə də bu əməl cinayət sayılsın. Bu isə ölkə qanunverciliklərinin beynəlxalq normalara uyğunlaşdırılmasından keçir. Beynəlxalq təcrübəyə, beynəlxalq hüquqi aktlara kifayət qədər bələd olan hüquqşünas-ekspertlərə sahib olmağımız imkan verəcək ki, öz qanunverciliyimizi beynəlxalq standartlara uyğunlaşdıra, qanunvericilikdəki hər hansı bir boşluğu müəyyən edib aradan qaldıra bilək. Bu, çox önəmlidir".



Gələcək hədəflərindən söz açan A.Mustafayevin sözlərinə əsasən, hazırda kibercinayətkarlıq sahəsində qanunverciliyini və təcrübəsini araşdırdığı Almaniya bu cinayət əməllərini müəyyən edərək öz milli qanunverciliyinə daxil edən ilk ölkələrdəndir. Bir çox ölkələr Almaniyanın bu sahədəki təcrübəsindən geniş faydalanır:

"Qeyd edim ki, oxuduğum Köln Universitetinin hüquq fakültəsi hüquq tədrisi baxımından Almaniyada 5-ci sırada dayanır. Hesab edirəm ki, ölkəmizin bu sahədəki qanunverciliyinin, hüquq ədəbiyyatının zənginləşməsi üçün  faydalı işlər görə bilərəm. Fikrimcə, elmi fəaliyyətimin ilk obyekti birbaşa cinayət hüququ ilə bağlı ədəbiyyat olmalıdır. Bu baxımdan istərdim ki, əldə etdiyim nəzəri və praktiki biliklərimi hüquq ədəbiyyatlarında, kommentariyalarda və digər qaynaqlarda əks etdirərək, internet və kompüter cinayətlərinin həmin qaynaqlarda daha aydın və dolğun formada təsvir olunmasına nail olum, eyni zamanda, həmin mənbələrin zənginləşdirilməsinə, həmçinin, qanunverciliyimizin təkmilləşdirilməsinə öz töhfəmi verim. Mənim Almaniyada özümü daha rahat, qayğısız hesab etdiyim, getmək üçün darıxdığım, saatlarla məhsuldar elmi işlə məşğul olduğum yer Köln Universitetidir. Bunu, fikrimcə, əksər alman universitetlərinə şamil etmək olar. Alman universitetləri öz elmi aurası, pozitiv enerjisi ilə tələbələri təhsilə, elmə cəlb etməkdədir. Bu, mənim arzum və uzaq hədəfimdir ki, doğma Bakı Dövlət Universiteti də bu xüsusiyyəti ilə həmişə seçilmiş olsun. Ümidvaram ki, universitetimizin bundan sonrakı inkişafı da uğurla  davam etdiriləcək, milli tariximizin dəyərli bir hissəsi olan bu təhsil ocağı yalnız öz tələbə kontingentinin deyil, bütün Azərbaycan gəncliyinin intellektinə işıq tutacaqdır. İnanıram ki, doktorantı olduğum proqram bu arzumun reallaşmasına öz töhfəsini verəcək".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur


 





02.10.2020    çap et  çap et