525.Az

Miflər, Afina abidələri - Telman Orucov yazır


 

Miflər, Afina abidələri - <b style="color:red">Telman Orucov yazır </b>

Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr

(Əvvəli ötən sayımızda)

Aristotel də öz növbəsində Afinada Likey fəlsəfə məktəbini yaratdı, bu ad məktəbin yaxınlığında yerləşən Apollon Likeylinin məbədinin adından götürülmüşdü. Sonralar Avropa dillərində "Likey" sözü təhsil müəssisəsinin adı kimi "litsey"ə çevrildi. Platonun Akademiyası və Aristotelin Likeyi təhsil müəssisəsi olan ən məşhur gimnaziyalardan biri idi. Gənclər gimnastika ilə məşğul olurdu, bu idmanı qədim yunanlar çox yüksək qiymətləndirirdilər. Həmin gimnaziyalarda həm də elmləri öyrənirdilər.

Aristotel yazırdı ki, insan mənəvi cəhətdən yaranan bir varlıq olmamışdan əvvəl siyasi heyvan idi. O qeyd edirdi ki, bütün qabiliyyətlərdən birincisi məhz siyasi qabiliyyətdir.

Antik fəlsəfənin üzə çıxarılmasında, tərcümə edilməsi və geniş ərazilərdə yayılmasında ərəblərin Abbasilər xilafətinin böyük xidmətləri olmuşdu. Onlar "faylsaf" elminə çox maraq göstərir, Platonu və Aristoteli xüsusən öz dillərinə uyğun qaydada "Əflatun" və "Ərəstun" adlandırırdılar. Bu dahi filosofların əsərləri tərcümə edilərək, yayıldıqda Kordobaya gətirilmiş, oradan isə bu elmə yaxınlaşmaqda ilk addım atmaq istəyən digər Avropa ölkələrinə çatdırılmışdı.

Sokratın dövründə "Təbabətin atası" Hippokrat da yaşamışdı. O, əyalətləri dolaşan həkim idi, kasıb adamları müalicə edərək, bir yerdən başqa yerə keçirdi. "Hippokrat andı" tibbin humanist məqsədlərinə sədaqətlə xidmət etmək vədi olmaqla, bu gün də təbabət elminə ilk dəfə daxil olan həkimlər tərəfindən həmin andın içilməsi təcrübəsi davam etdirilir.

Ümumiyyətlə, dünya elmində və incəsənətində dərin iz qoymuş çox sayda yunanların adlarını iftixar hissi ilə çəkmək olar.  

Miflər, Afina abidələri  

İdeologiyanın ən qədim forması olan miflər, həqiqətən, özünəməxsus qaydada fantastik təsir qüvvəsinə çevrilməklə nəinki qədim yunan dilinin, həmçinin, ədəbiyyatının, teatr və təsviri sənətinin bünövrəsini qoydu. Böyük yunan dramaturqları Esxil (b.e.ə. VI-V əsrlər), Sofokl (b.e.ə. V əsr), axırıncının gənc müasirləri olan Yevripid və komedioqraf Aristofan (b.e.ə. V əsr-IV əsrin əvvəli) öz əsərlərinin süjetlərini və qəhrəmanlarını bu miflərdən götürmüşdülər. Sofoklun "Çar Edip", "Antiqona", "Elektra" pyesləri indi də teatr səhnələrini bəzəyir. Qədim yunan dramı Roma teatrına, Avropa mədəniyyətinə, Renessans və Maarifçilik epoxalarına öz təsirini göstərdi. Böyük fransız dramaturqu Jan Rasin yunan mifologyasından ilhamlanıb, "Fedra" pyesini yazmışdı.



Yunanlar Bizans mədəniyyətinin inkişafına da sanballı töhfə verdilər. Antik epoxanın irsinə Avropada, Yaxın və Orta Şərqdən gələn motivlər və təsirlər əlavə olunurdu. Yunan tarixinin Bizans dövründə arxitektura, ikona rəssamlığı, kilsəyə məxsus və dünyəvi monumental rəngkarlıq, mozaika, kitab miniatürləri böyük inkişafa çatdı.

XIX əsrin ikinci yarısında maarifin və elmin yüksəlişi dövründə ölkənin əsas muzeyləri, Afinadakı Milli Arxeologiya Muzeyi və Akropol Muzeyi yaradıldı. XX əsrin ortalarında bəstəkar Mikis Teodorakisın məşhur musiqi əsərləri meydana çıxdı. Yannis Ratsos və Nobel mükafatı laureatı Georqas Sefenresin əsərləri böyük şöhrət tapdı.

Yunanıstanın baş şəhəri olan Afina Avropanın ən köhnə paytaxtı olmaqla, həm də öz sirdaşları arasında ən gənci hesab olunur. Afina bütün antik dünyanın tanınmış elmi və mədəni mərkəzi idi, o dövrdə müasir Avropa paytaxtlarından əksəriyyəti heç mövcud da deyildi. Burada həyat 5 min il bundan əvvəl başlamışdı. XIX əsrin əvvəllərində isə dörd əsrlik Osmanlı əsarətindən xilas olan Yunanıstanın paytaxtı olmuşdu. Sonralar Pirey şəhəri ona qarışmışdı. Ölkə əhalisinin üçdə biri paytaxtda yaşayır, bu məsələdə Afina Montovideo və Buenos-Ayreslə müqayisə oluna bilər.



Klassik dövrün tikililəri arasında şəhərin üzərindəki qayalıq təpədə yerləşən Akropol arxitektura ansamblı seçilir. Müxtəlif dövrlərdə yaransa da, Yunanıstan klassik arxitekturasının inciləri memarlığın vəhdəti şəklində xoş bir təəssürat yaradır. Akropolun abidələri arasında öz mükəmməlliyinin unikal olması ilə seçilən Afina - Qız məbədi olan Parfenon fərqlənir. Akropolun monumental girişində, Propileydə öz incəliyi və gözəlliyi ilə fərqlənən Erexteyon məbədi isə Afina - Nikaya (Afina - Fatehə) həsr olunmuşdur. Afinanın gözəlləşdirilməsinə Perikl xüsusən böyük diqqət vermişdi, Akropoldakı Parfenon da onun dövründə,  özünün şəxsi təşəbbüsü ilə tikilmişdi. Qəribə görünsə də, o, təkcə şəhəri arxitektura abidələri ilə zənginləşdirməyə çalışmırdı, həm də geniş tikinti proqramını həyata keçirməklə az pul qazanan afinalılara büdcə pullarını verməklə, onların maddi cəhətdən yoxsulluqdan xilas edilməsinə nail olurdu. Şəhər-dövlətin strateqi bu qanuni yolla əhalinin aztəminatlı hissəsinin sosial vəziyyətini xeyli yaxşılaşdırırdı. Bu nəcib təcrübə yoxsulluq bəlasından qurtulmaqda müasir dövlət rəhbərləri üçün də örnək ola bilər, ondan təkcə demokratiya dərsi deyil, həm də daxili siyasət dərsi almaq olar.

Qədim yunanların siyasət nəzəriyyəsində və praktikasında, elmi sahədə, fəlsəfi biliklərdə əldə etdiyi nailiyyətlərlə öyünmək, qürur duymaq haqqı var idi. Axı heç bir xalq bəşəriyyətin ümumi inkişafına verdiyi töhfəyə görə nəinki o vaxt, hətta bir çox əsrlər sonra da onlarla müqayisə oluna bilməzdi. Tarixçi Fukidid bu barədə və belə inkişafın səbəbləri haqqında çox aydın və olduqça gözəl məntiqi ifadələr işlədir: "Biz - sivilizasiyanın rəhbərləri, bəşəriyyətin pionerləriyik. Bizim cəmiyyətimiz və bizimlə ünsiyyət - insanın bəxş edə biləcəyi ən yüksək nemətdir. Bizim təsirimiz orbitasında olmaq asılılıq deyil, imtiyazlardır. Şərq ölkələrinin heç bir sərvəti ilə bizim bəxş etdiyimiz nemətlərin haqqını ödəmək mümkün deyil. Bütün şəraitlərdə biz yenə də kreditor olaraq qalacağıq. Çünki çox sayda döyüş meydanlarında səylərimizlə və çəkdiyimiz əzablarla biz insan qüdrətinin sirrinə yiyələnmişik. Adamlar bunu çox adlarla adlandırırlar... Biz bunun adını - azadlıq kimi bilirik, çünki məhz o, bizə xidmət etməyin - azad olmağın nə olduğunu öyrətdi. Biz xeyirxahlıq edəndə, heç də təmənnalı maraqlara görə deyil, azadlığın bizə bəxş etdiyi sarsılmaz əminliklə hərəkət edirik".



Böyük yunan tarixçisinin 2400 il bundan əvvəl yazdığı həmin sözlər bu gün də bəşəriyyət qarşısında öz xalqının ölçüyəsığmaz xidmətləri barədə bu sarsılmaz həqiqəti bir daha minnətdarlıq hissləri ilə etiraf etməyə səsləyir. Məgər qədim afinalıların öz şəhər-dövlətində tətbiq etdikləri həqiqi azadlıq və demokratiya ideyaları sonrakı minilliklərdə bəşəriyyət üçün yol göstərən ulduz rolunu oynamamışdırmı? Yaşadığımız dövrdə də azadlığın və demokratiyanın hər bir yeni zəfəri baş verdikdə, bu siyasi nemətlər daha geniş yayıldıqda, hamı nəzərlərini bunu ilk dəfə icad edən qədim yunanlara dikir, onları ehtiramla yada salır.

Akropolun incilərinin onun mövcud olduğu uzun zamandan çox, bədbəxtlikdən məhz adamlar, özü də yadelli işğalçılar dağıtmışlar. Parfenonu osmanlılar hərbi sursat anbarı kimi istifadə edirdilər, düşmən venetsiyalıların atdığı top mərmisi binaya düşmüş və barıtın partlamasından həmin füsunkar tikili ağır zədə almışdı.

XIX əsrdə isə Osmanlı dövlət orqanlarının razılığı ilə Akropol abidələrinin gözəl detalları, frizləri sökülərək İngiltərəyə aparılmış, o vaxtdan indiyədək Britaniya Muzeyində nümayiş etdirilir. İstanbuldakı ingilis səfiri bu qarətçilikdə xüsusi canfəşanlıq göstərmişdi. Yunanıstan dövlət səviyyəsində həmin soyğunçuluq faktının böyük ədalətsizliyinin ləğv edilib, Akropolun çox qiymətli artefaktlarının qaytarılmasını tələb etsə də, Böyük Britaniya rəsmi dairələri bu eybəcərlik barədəki harayı eşitmək belə istəmir.

(Ardı var)

 





05.10.2020    çap et  çap et