Haqqı olmaq... İnsanın sevinməyə, gülməyə, hətta ağlamağa da haqqı olmalıdır. Haqqın olmayan məsələlərə münasibət bildirmək çox çətindir.
Neçə gündür silahlar danışır. Və neçə gündür mən susuram. Ara-sıra bəzi yoldaşlardan gileylər də ünvanlanır bu tarixi, sevincli günlərdə susanlara. O gün bir türkiyəli qardaşımız da mənə mesaj yazdı. Daim yazılarımı izlədiyini, nədən bu məsələlərə münasibət bildirmədiyimi soruşdu. O ərəfələrdə internet olmadığını və gərginlik yaşanan bölgədə yaşadığımı yazdım. O, məni anladığını bildirdi. Amma sonra ara-sıra çətinliklə sosial şəbəkəyə daxil olanda da susdum. Və bu zaman özüm özümə sual verdim:
- Bəs indi niyə susursan?
Özüm də cavablandırıram:
- Qadın olduğum üçün susuram. Evdə olduğum, döyüş zamanı yaralanan bir əsgərin yarasını bağlamadığım, yanında olmadığım, sinəmi sipər edib onu qoruya bilmədiyim üçün, hər dəfə artilleriya atəşinin səsi eşidilən kimi özüm qorxmasam belə, balalarımı gözümün önünə gətirdiyim üçün susuram. Həmişə haqqında asanlıqla danışdığım vətənpərvərlik hissinin nə qədər böyük, uca, müqəddəs olduğunu dərindən anladığım, heç vaxt vətənpərvərlikdən danışmayıb bu gün vətən üçün canını fəda edənlərin içində olmadığım üçün susuram. Bilmirəm.... İzah edə bilmirəm yaşadıqlarımı. Şükürlər olsun, şad xəbərlər ard-arda gəlir. Böyük, çox böyük ruh yüksəkliyi yaşayırıq. Qalibiyyətimizi əks etdirən görüntülər yayıldıqca sonsuz fərəh hissi keçiririk. Amma bu qədər sevincin içində həm də bir tərəfdən özümə qapanıram. Hamı kimi bu hisslərimi paylaşa, fikir bildirə bilmirəm, buna haqqımın çatmadığını düşünürəm. Bir şəhid, bir yaralı xəbəri gələndə gizlənməyə yer gəzirəm. Elə bilirəm səbəbkar mənəm. Elə bilirəm evdə, işdə, yolda bütün insanlar qınayıcı nəzərlərini mənə yönəldiblər. Elə bilirəm, mən cəbhədə olsam, bu, baş verməyəcəkdi. Elə bilirəm, dünyadakı bütün qətlləri, bütün cinayətləri, bütün haqsızlıqları mən törətmişəm. Bilirəm, məhz bu günlərdə belə bir yazı üçün qınayacaqlar məni. "Bu nə bədbinlikdir" deyəcəklər. Amma bacarmıram özümlə. Mən qələbə xəbərlərini bütün gücümlə, kainatı silkələyəcək səslə bağıracağımı, qanadım olmasa belə, həmin gün Günəşə qədər uça biləcəyimi düşünürdüm. Hətta o anı, o sevinc həzzini təsəvvürümə gətirəndə də ürəyim az qalırdı ki, partlasın. Fəqət bu gün susuram. İllər öncə yaşamış olduğum, sonralar canımı güclə qurtardığım bir hiss - qadın olmağım, zəif olmağım məni yenidən sıxıb ruhdan salır (Başqa qadınlara təsir etmək niyyətim yoxdur). Bəli, bundan çox sıxılaram və susuram. Bu qələbədə payım olmadığı üçün susuram. Məni qınamayın! Yalvarıram, məni qınamayın! Bilirəm ki, ifadə edəcəyim ən möhtəşəm söz də bir şəhidin damla qanının yanında cılız, çooox cılız görünəcək. Bu gün danışmaq haqqı vətənin şəninə söz deyə bilənlərin yox, vətən uğrunda can verə bilənlərindir. Mənim söz deməyə haqqım çatmır!