525.Az

Baş Prokurorluğun bu günlərdəki fəaliyyəti xalq üçün böyük stimul oldu - Yazı


 

Baş Prokurorluğun bu günlərdəki fəaliyyəti xalq üçün böyük stimul oldu - <b style="color:red">Yazı</b>

Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızda əks-hücum əməliyyatlarına başlayan gündən etibarən ayrı-ayrı dövlət və hökumət strukturlarında da xüsusi canlanma müşahidə edilir. Nəinki dövlət qurumları, hətta əhali arasında da hər kəs ordumuzun, dövlətimizin xeyrinə nəsə eləməyə çalışır.

Bu canlama Silahlı Qüvvələrə Yardım Fonduna köçürülən ianələrdən tutmuş, cəbhəyə göndərilən yardımlara, sosial şəbəkələrdə ruh yüksəkliyi naminə paylaşılan statuslara qədər hər yerdə hiss olunur.

Bu günlər Azərbaycan Respublikası Baş Prokurorluğunun fəaliyyəti də olduqca diqqətçəkən və təqdirəlayiqdir. Döyüşlər başlanan gündən Baş Prokurorluq və tabeçiliyndə olan prokurorluqlar olduqca operativ fəaliyyət göstərir ki, bu da sevindirici haldır.

Bu günlər erməni işğalçılarının Azərbaycan ərazilərini, dinc əhalinin sıx məskunlaşdığı şəhər və rayonlarımızı atəşə tutmaları nəticəsində mülki əhalinin qətlə yetirilməsi, eləcə də əhaliyə dəyən ziyanla bağlı məsələlərin prokurorluq orqanları tərəfindən yerində və operativ şəkildə araşdırılması diqqəti daha çox cəlb edir. Düşmənin törətdiyi ağır cinayətlərlə bağlı həm ölkə mətbuatının, həm də xarici medianın və beynəlxalq aləmin hüquqi aspektdən məlumatlandırılması indiki məqamda olduqca vacib və zəruridir. İstər Azərbaycan cəmiyyətinin, istərsə də beynəlxalq ictimaiyyətin ermənilər tərəfindən törədilən vəhşiliklər, beynəlxalq hüquq normalarına zidd əməllərlə bağlı vaxtında bilgiləndirilməsi gələcəkdə günahkarların cəzalandırılması üçün zəmin hazırlanması baxımından da əhəmiyyətlidir. Bu məqsədlə Azərbaycan Respublikasının Baş Prokurorluğu sentyabrın 27-dən etibarən ermənilər tərəfindən törədilmiş cinayət hadisələrinə anında müdaxilə edir, əldə olunan məlumatları dərhal ictimaiyyətlə bölüşür. Bu prosesdə Baş Prokurorluğun mətbuat xidmətinin yüksək səviyyədə işgüzarlıq nümayiş etdirməsini də qeyd etmək lazımdır.

Bu sırada Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin oktyabrın 4-də xarici dövlətlərin baş prokurorlarına və digər qurumların rəhbərlərinə ünvanladığı müraciət də xüsusi qeyd olunmalıdır. Kamran Əliyevin ABŞ, Kanada, Avstraliya, Almaniya, Rusiya, Gürcüstan, Ukrayna, Belarus, Özbəkistan, Uruqvay, İraq, İran, Argentina, Braziliya, Bolqarıstan və Polşanın Baş prokurorlarına, eləcə də, Livan, Yunanıstan, Suriya və Fransanın Ədliyyə nazirlərinə rəsmi müraciət edərək  faktlarla erməni təcavüzkarlığının izahını verib, onlardan bir sıra lazımi tədbirlərin həyata keçirilməsini xahiş edib. Baş prokuror həmçinin, baş verən hadisələrlə əlaqədar MDB üzvü olan dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının katibi L.Yermolayev, Beynəlxalq Prokurorlar Assosiyasiyasının prezidenti Çul-ku Vanq və baş katibi Han Moral, BMT-nin İnsan hüquqları üzrə Ali komissarı Mişel Başle, Avropa Şurasının İnsan hüquqları üzrə Ali komissarı Dunya Miyatoviç, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Hadi Sulemanpur və Türk Şurasının Baş katibi Baqdad Amreyevə rəsmi müraciət ünvanlayıb. Kamran Əliyevin Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnova ünvanladığı məktub da bu baxımdan çox önəmli idi. Rusiyada bəzi təşkilatlarda fəaliyyət göstərən ermənilərin həqiqətə uyğun olmayan bəyanatlarının yolverilməz olduğunu vurğulayan Kamran Əliyevə rusiyalı həmkarından müsbət cavab gəlib, vəziyyət olduğu kimi qiymətləndirilib və gələcəkdə də əməkdaşlığın inkişafının arzuolunan olduğu vurğulanıb.

Ermənistanın təcavüzkar və cinayətkar əməlləri ilə bağlı peşəkar hüquqşünaslar, müstəntiq və ekspertlər tərəfindən hazırlanmış fakt və materialların toplanıb Baş Prokurorluqda cəmlənməsi, təkzibolunmaz dəlillərlə əsaslanan böyük hüquqi dəlillər bazasının yaradılması həm bu günümüz və sabahımız, həm də tariximiz üçün vacibdir. Təbii ki, düşmən üzərində qələbənin təmin olunması naminə fəaliyyət sahəsindən asılı olmayaraq bu günlər əlindən gələni əsirgəməmək hər bir vətəndaşın, xüsusilə də dövlət strukturlarında çalışan hər bir məmurun, hüquq-mühafizə orqanı əməkdaşının vəzifəsi və müqəddəs borcudur. Bu günlər hər kəs həmişəkindən daha gərgin rejimdə işləməli, bütün gücünü ortaya qoymalıdır. Çox sevindiricidir ki, peşəkar kadr potensialına malik bir qurum kimi Baş Prokurorluq bu günlərdə üzərinə düşən məsul vəzifələrin öhdəsindən layiqincə gələ bilir. Qurumun təmsilçilərinin son günlər respublikamızın müxtəlif bölgələrində, erməni işğalçıları tərəfindən atəşə məruz qalmış şəhər və rayonlarımızda göstərdikləri operativlik və peşəkarlıq bu sahədə fəaliyyətin yüksək səviyyədə təşkil olunmasına əminliyi daha da artırır.

 





07.10.2020    çap et  çap et