525.Az

Erməni xisləti: Siyasət xəyanəti bağışlamır


 

Erməni xisləti: <b style="color:red">Siyasət xəyanəti bağışlamır</b>

Sosial şəbəkədə yazılanlar

Qulu Məhərrəmli, telejurnalist:

- Diqqət! İnformasiya müharibəsi!

Azərbaycan Ordusu Qarabağda işğalçı Ermənistan ordusunu əzməkdədir.

Ölkə başçısı beynəlxalq miqyasda siyasi təzyiqləri uğurla zərərsizləşdirə bilir...

Burdakı və xaricdəki fəal soydaşlarımız, bloqerlərimiz informasiya cəbhəsində ciddi savaş aparırlar. Yerevan da Azərbaycana qarşı informasiya savaşını genişləndirir, hərbi uğursuzluqlarını təbliğatla ört-basdır edir, ənənəvi yalan metodları ilə dünya mediasını (ABŞ, Fransa, Rusiya və s.) və beynəlxalq ictimai rəyi bizə qarşı çevirməyə çalışır. Bizim Avropadakı dil bilən və cəmiyyətə inteqrasiya olunmuş soydaşlarımız bu istiqamətdə müqaviməti (əlbəttə, diplomatik korpusumuzun dəstəyi ilə) artırmalı, xüsusən infoqrafikaların köməyi ilə həqiqəti çatdırmalıdırlar. Kompüterin arxasından durmadan sosial şəbəkələrdə də informasiya müharibəsini davam etdirmək vacibdir.

Digər bir problem bəzi soydaşlarımızın sosial şəbəkələrdə yayılan erməni feyklərinə və dezinformasiyalarına inanması, hətta təsir altına düşməsidir. Belə OLMAZ!..

Ermənistanın yalan fabrikinin istehsal etdiyi, montaj üsulu ilə düzəldib yaydığı bu iyrənc feyklərin əsas məqsədi indi bir yumruq halına gəlmiş Azərbaycan cəmiyyətində ruh düşkünlüyü, təlaş və xof yaratmaqdır. Odur ki, xüsusən intellektual insanlarımızın, bacarıqlı proqramçılarımızın bu bayquş feykləri ifşa etməsi çox önəmlidir!..

Erkin Qədirli, millət vəkili:

- "İti qovan kimi..." söhbətinin bu dərəcədə məşhur olmasını və müsbət qarşılanmasını nəzərə alaraq, bir tarixi bənzətməni diqqətinizə çatdırmaq istəyirəm. 1925-ci ildə Bolqarıstanla Yunanıstan arasında bir savaş oldu, tarixdə o, "Sahibsiz it savaşı" adıyla yadda qaldı. Həmin savaşın səbəbi, gedişatı və sonu bizim savaşa oxşamasa da, adı, nominalistik baxımdan, uyğun gəldi. Ermənistanın işğalçı ordusunu iti qovan kimi qova biliriksə, bu, öz ordumuzun güclü olmasıyla yanaşı, düşmənimizin sahibsiz qalmasıyla bağlıdır. Bütün bu illər ərzində bizə lazım olan da bu idi - düşmənlə təkbətək qalmaq.

Ordumuza eşq olsun!

Rəşad Məcid, "525-ci qəzet"in baş redaktoru:

- Erməni xisləti xəyanətlə, namərdlik və riyakarlıqla yoğrulub. Zəif olanda yaltaqlanmaq, güc yığan kimi qəddar vəhşiyə çevrilmək onlara xasdır. Osmanlıya da, Azərbaycana da, başqalarına da namərdlik və xəyanət ediblər. İndi Rusiyada onların hədsiz güclənməsi, maliyyə, hakimiyyət və media rıçaqlarını ələ keçirməsi, görünür, Rusiya rəhbərliyini də düşünməyə vadar edib. Daha bir neçə il belə davam etsə, ermənilərin iştahı arta, Rusiyanın idarəetməsində əsas rola iddia edə bilərlər. Görünür, Rusiya hakim dairələrində ermənilərin bu gizli niyyəti və gələcək xəyanəti barəsində məlumat olub. Ruslar dövlətə təhlükənin daxildən - ermənilərdən gələcəyindən duyuq düşüblər. Dövlət başçıları, dərin siyasətçilər isə şairlərdən fərqli olaraq xəyanəti bağışlamırlar!..

Vahid Qazi, publisist:

- İkiüzlüyün, həqiqəti bilərəkdən danmanın, yalanı həyasızca yaymanın beynəlxalq miqyasını görürük. Əvvəlkitək sadəlövh deyilik daha, indi bilirik ki, belə bir ortamda Həqiqət Gücün yanında durur. Həqiqətin elə o "beynəlxalq aləm" tərəfindən etirafının tək yolu Qarabağı azad etməkdir. Qələbədən sonra o "beynəlxalq aləm" özü bizim yanımızda olacaq. Tanrı xalqımızın birliyini pozmasın. Tanrı əsgərlərimizi qorusun.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Hazırda AzTV Prezidentin köməkçisi Hikmət Hacıyevin "Habertürk" kanalının "Türkiyənin nəbzi"  proqramında türk ekspertləri ilə görüşünü yayımlayır. Xeyli maraqlı məqamlara toxunur. Belə görünür ki, bizə tədbiq olunan embarqo ucbatından Azərbaycanın hətta Türkiyədən silah alması ciddi problem olub. Bəzən bu hərbi-texnoloji silahları Türkiyədən almaq mümkün olmayıb. Xaricdən alınan texnoloji-hərbi silahların müharibə anında hansısa çatışmazlıqlarının üzə çıxması isə tamam başqa bir problem olub. Bu tip çatışmazlıqlar zamanında Türkiyəyə də problemlər, baş ağrısı yaradıb. Məhz bu səbəbdən Türkiyə bir çox silahları özü istehsal etməyə başlayıb. Çox maraqlı diskussiyadır. Hikmət Hacıyev də qızıl xırdalayır.

Nəriman Qasımoğlu, şərqşünas alim:

- Xristian inanclılar Amerika  kilsəsində Azərbaycan  üçün dua etdilər. Qərb insanının dini hisslərini istismar etmək, saxta hayqırtıları ilə xristian inanclıların rəğbətini qazanmaq və bunu Azərbaycan əleyhinə yönəltmək istiqamətində erməni terror təbliğat maşınının bu günlər daha həyasız bəyanatları fonunda ibrətamiz bir əhvalat Amerikadan, Humay Qasımzadədən gəldi. Humay Amerikada doktorluq təhsili aldığı ərazidə xristian icmasının ibadətə toplaşdığı bir kilsədə hər bazar günü fortepianoda musiqi ifa edir. Onun müsəlman qızı və Quran inanclısı olduğunu bilirlər. Sonuncu dəfə ibadət mərasimlərinə başlamazdan öncə Humayın ovqatını təlx görən icma üzvləri səbəbini soruşanda Azərbaycanda baş verənlərdən, cəbhə bölgəsindən uzaq şəhərlərimizin raket zərbələrinə məruz qalmasından danışıb. Mərasimlər bitəndən sonra onlardan biri pastora müraciət edib ki, hamını birlikdə Azərbaycan üçün dua etməyə səsləsin. Pastor bu müraciətini məmnuniyyətlə hamıya səsləndirib. Kilsədə xristian icması yekdilliklə ölkəmiz üçün dua edib. Məlum səbəblərdən icmanın və pastorun adını çəkmirəm. Humaydan həmin pastorun e-mail ünvanını alıb ona təşəkkür məktubu yazdım. O da dərhal mənə e-mail göndərdi.

Aslan İsmayılov, vəkil:

- Artıq Ermənistan hakimiyyəti çökməyə başladı. Bu dəqiqələrdə N.Paşinyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Arqişti Kamranyanı tutduğu vəzifədən azad edib. İrəvanda kəşfiyyatçı əməkdaşlar həbs olunub. Davamı gəlsin.

İradə Aytel, yazar:

- Gəncədə əmimgildəyəm, əmoğlu döyüşdədir (Allah qorusun), əmim arvadı arada gəzən şayiəni eşidib, səhərdən kirimirdi: "Deyirlər, müharibə dayanıb. Nə danışırlar, dayanıb nədi? Qarabağ azad olmadan müharibə necə dayana bilər? Hanı raket də atmırlar? Niyə susublar?"

Elə ki günortadan sonra yenidən döyüş xəbərləri eşitdi, qadın dincəldi. Oğlu döyüşdə olan ana da döyüş istəyirsə, Qələbə bizimlədir! Yaşasın xalqımız!

Günel Musa, jurnalist:

- Arsız deyiləm. Özümə söz vermişəm, Qarabağ işğaldan tam azad olana qədər nə bir şəhid, nə bir yaralı fotosu paylaşıb ağlaşma qurmayacağam. Lap həyat yoldaşım, qardaşım da olsa. Düşməni havalandıran bizim ruh yüksəkliyimizdir. Müharibənin öz qanunları var. Ölümü gözə alıb toy-bayramla ora gedən igidlərin arxasında göz yaşı ilə yox, dəyanətlə, mətinliklə dayanmaq lazımdır. Unudulmaz bəstəkarımız Vasif Adıgözəlov xatirələrində yazırdı ki, Türkiyədə Çanaqqala şəhidlərinin uyuduğu qəbiristanlığı ziyarət edəndə gözətçi məndən haralı olduğumu soruşdu. Dedim Azərbaycandanam. Gözətçi başını bulayıb deyib, kaş bir milyonunuz həyatda qalardı, amma Qarabağı verməzdiniz. Bu söz güllə yarasından daha çox incidir insanı. 27 il sonra dünyanın gözünə dik baxırıq. İçinizdə ağlayın, hər gecə evinizdə ağı deyib oxşayın şəhid qardaşlarımızı. Amma burda olmaz. Əgər bir şəhid anası deyirsə ki, mən bu gün balamı ağlamayacağam, torpaq uğrunda gedib - gerisi təfərrüatdır...

Azər Qasımlı, REAL Ali Məclisinin başqanı:

- Müharibə başlayandan susqunluğunu qoruyan Rusiya prezidenti Vladimir Putin bu gün qısa açıqlama verib. Açıqlamasından hasil olan əsas nəticə ondan ibarətdir ki, Rusiya bu münaqişədə Ermənistana hücum olmayana qədər neytral qalacaq. Odur ki, Qarabağı və işğal olunmuş digər ərazilərimizi işğalçılardan təmizləmək üçün çox yaxşı fürsət yaranıb. Başladığımız əməliyyatları tam qələbəyə qədər surdürməliyik. İndi, məhz bu müharibədə bizim qalib gəlməkdən başqa yolumuz yoxdur və bütün resurslarımızı buna səfərbər etməliyik. Çünki əks təqdirdə ölkəmiz üçün bədəli ağır olacaq. Qarşıdaki 2-3 gün çox önəmlidir. Bu günlərdə cənub istiqamətində gedən döyüşlər müharibənin və məsələnin siyasi müqəddəratını təyin edəcək. Tanrı Ordumuzu, Azərbaycanımızı qorusun!

Azad Əliyev, jurnalist:

- Ermənistan Müdafiə Nazirliyi: Bu müharibə nə birinci Qarabağ savaşına, nə də aprel döyüşlərinə bənzəyir. Biz öldürülmüş əsgərlərimizin meyitlərini tapıb yaxınlarına təhvil verə bilmirik. Ön cəbhədə döyüşən əsgərlərimiz və onların yaxınlarından üzr istəyirik.

Aydın Talışınski, uzman doktor:

- Gələcəkdə dinc erməni Qarabağda yaşayacaqsa, biz də eyni say, ərazi və şərtlərlə Zəngəzur, Göyçə və İrəvana dönməliyik...

Mirsəməd Cəfərli, jurnalist:

- Türkiyənin pilotsuz uçuş aparatlarının (PUA) bizim Qarabağ müharibəsində əhəmiyyəti danılmazdır. Bu aparatlar ermənilərə dəhşət yaşadır. Cihazların kamera sistemini Kanadanın Wescam Inc. şirkəti təmin edirdi. BAyraktar və ANKA-da bu şirkətin 19 kiloqramlıq kamerası quraşdırılmışdı. Bir neçə gün əvvəl şirkət Türkiyəyə kamera göndərməkdən imtina etdi. Tam ermənipərəst mövqe! Amma PUA-lar kamerasız qalmadı. PUA-lara Türkiyənin Aselsan Şirkətinin hazırladığı yerli kameralar quraşdırılacaq. Maşallah, qardaş ölkə hər sahədə irəlidədir! Var olsun qardaşlığımız!..

Ümid Oruc, tələbə:

- Bilib bilmədən qınamaq! Tənqid yox haaa, birbaşa təhqir və ya qınamaq! Axı bunu hər kəs bacarır.

Əvvəlcə fotoyla bağlı həmin an orada olmuş bir xanımın açıqlamasını təqdim edirəm: "Tünzalə Ağayeva cəbhə bölgəsinə əsgər analarına dəstək üçün getmişdi. Ondan müsahibə almağa gələn CBC-nin operatorunun geyimidir. 5 dəqiqə şəkil çəkdirib qaytarıb və müharibə bölgəsində olan media nümayəndələrinə dəstək olaraq paylaşıb. Hər kəs indi bacardıği qədər bir-birinə dəstək olmağa çalişir. Hər kəsin dəstəyi yalnız alqışa layiqdir".

1. Tünzalə Ağayeva öz sənətinin peşəkarıdır. Başqa bir peşəyə üz tutacaq qədər savadsız və məntiqsiz biri deyil.

2. "Vətənpərvərlərin bəziləri vətənşüvənə çevrilib" kimi harda necə gəldi qınama metoduna keçiblər.

3. Mövzu sənətçinin jurnalist geyimidirsə, reaksiya da ona aid olmalıdır. Bəziləri onun sənətinə görə ailəsindən ayrılma, hətta səhnəyə ilk çıxdığı vaxtlar hicabla olub sonra hicabı çıxarmağına qədər gedib çıxdılar. Nə dəxli?!  (Biri onlara izah etməlidir ki, hicab ayrı şeydir, başa bağlanan stil üçün parça başqa).

4. Adamın formasından da, şəklin üzərindəki postdan da məlum olur ki, məqsəd mediaya dəstəkdir.

5. Bəzi jurnalistlər də formaya görə qıcıq olur, hansı ki,  sözünün iki qram kəsəri yoxdur. Tünzalə Ağayeva o jurnalistin xəbərini öz sosial şəbəkəsində paylaşsa, daha çox insan informasiya ilə təmin olunar və inanar. Yəni belə baxanda sizdən (başıboş jurnalistlərdən) çox jurnalistika funksiyasını həyata keçirir.

Sayğılarla...

Qarabağda Tünzalə Ağayevanın "İgidlər" mahnısını dinləyib "Xoş gəldin gülüm" mahnısını zümzümə etmək diləyilə...

 





09.10.2020    çap et  çap et