525.Az

Ön cəbhədən xəbər verən jurnalistlərimiz - Mövqe


 

"BİZ CƏBHƏ BÖLGƏSİNƏ XƏBƏR OLMAQ ÜÇÜN GƏLMƏMİŞİK, XƏBƏR ARDINCA GƏLMİŞİK"

Ön cəbhədən xəbər verən jurnalistlərimiz - <b style="color:red">Mövqe </b>

Sentyabrın 27-dən etibarən Ermənistanın növbəti təxribatının qarşısını almaq üçün Azərbaycan ordusu cəbhə boyu əks-hücuma keçdi.

Ordumuzun həmləsi qarşısında aciz qalan düşmən hər zamankı kimi mülki əhalini atəşə tutur. Lakin buna baxmayaraq, cəbhə boyu ərazilərdə məskunlaşan əhali ev-eşiyini, yurd-yuvasını qoyub qaçmır, cəsarətlə düşmənə qarşı şax dayanır. Hazırda müharibə zonasında həyatı təhlükə altında olan təkcə orada yaşayan əhali deyil. Vəzifə borcunu yerinə yetirmək üçün cəbhə bölgəsinə yollanan jurnalistlər də hər an risk altındadırlar. Onlar da əsgərlərimiz qədər canlarını təhlükəyə ataraq, cəbhə bölgəsindən ən son məlumatları oxuculara, tamaşaçılara çatdırmağa çalışırlar. Həmin jurnalistlərdən bəziləri ilə əlaqə saxlayaraq, onlara bir neçə sual ünvanladıq. Suallarımız cəbhə zonasında yaşayan mülki əhalinin psixoloji durumu, əsgərlərimizin kadr arxasındakı əhval-ruhiyyələri, həmkarlarımızın cəbhə bölgəsində yaşadıqları riskli anlarla bağlı oldu.  

"Cəbhədə döyüşən əsgərlərimizin yanında bizim etdiklərimiz heç nədir" 



Hazırda Tərtərdə olan Qafqazinfo.az saytının redaktoru Emin Səfərov bildirir ki, cəbhə bölgəsində yaşayan əhalinin hər hansı bir qorxusu yoxdur: "Yerli əhalinin əhval-ruhiyyəsi olduqca yüksəkdir. Atəşkəs olan dövrlərdə də ermənilər müxtəlif vaxtlarda Tərtər və Ağdam istiqamətində atəşkəs rejimini pozduğu üçün, artıq əhali buna öyrəşib. Əsgərlərimizin psixoloji vəziyyətinə gəldikdə isə, həm sosial şəbəkələrdə, həm də telekanallarımızda yayılan kadrlardan görürük ki, əsgərlərimizin əhval-ruhiyyəsi olduqca yüksəkdir. Hamısının bir amalı var, o da düşmənləri doğma torpaqlarımızdan çıxarıb, yurdumuza qovuşmaqdır".

Emin Səfərov cəbhəyə gedərkən riski gözə aldığını, təhlükənin onu qorxutmadığını qeyd edir: "Bu, bizim peşəmizdir, qətiyyən çəkinmirik. Əgər cəbhə bölgəsinə gəlmisənsə, bu o deməkdir ki, artıq hər şeyə hazır olmalısan. Olduğumuz ərazilərə ağır artilleriya qurğularından dayanmadan atəş açılır. Hətta bəzən 50-100 metr yaxınlığımıza da düşür. Elə vaxt olub ki, çəkiliş etdiyimiz yerdən çıxdıqdan 10 dəqiqə sonra ora mərmi düşüb. Nəticədə, bir vətəndaşımız yaralanıb, üçü isə həlak olub. Yəni burada təhlükə bir an yox, hər zaman var. Buna baxmayaraq, bu, bizim üçün problem deyil, cəbhədə döyüşən əsgərlərimizin yanında bizim etdiklərimiz heç nədir".

Həmsöhbətimiz ordumuzun təhlükəsizliyi naminə insanları rəsmi olmayan xəbərləri yaymamağa çağırıb: "Təbii ki, cəbhə bölgəsində olduğumuz üçün baş verən hadisələrdən daha tez xəbərdar oluruq. Ancaq bu məlumatları yaymamaq ordumuzun təhlükəsizliyi üçün çox önəmlidir. Harda olmasından asılı olmayaraq, ölkənin hər bir vətəndaşı hansısa məlumatı paylaşanda rəsmi mənbələrə istinad etməlidir. Düşmənə mövqe verməmək, kordinatları göstərməmək, əsgərlərimizi təhlükəyə atmamaq üçün hər kəs bu məsələyə həssas yanaşmalıdır. Mən də xahiş edirəm, insanlar hər gördüklərini çəkməsinlər, eşitdiklərini yaymasınlar. Bəzi insanlar cəbhə bölgəsindən canlı yayım açır, əsgərlərlə görüşdə ətrafı çəkib sosial şəbəkədə paylaşır. Bunu edərkən nəzərə almaq lazımdır ki, düşmən bizi izləyir və sizin paylaşdığınız bir video əsgərlərimiz üçün çox ciddi təhlükə yarada bilər. Xəbəri hər kəsdən öncə bilməyimizə baxmayaraq, yaxınlarımıza belə heç nə demirik. Onu da deyim ki, bu hissləri bölüşə bilməmək mənim üçün çox çətindir. Hətta hansısa ərazimizin işğaldan azad olduğunu eşidib, rəsmi olmadan insanlara deyə bilməyəndə zarafatla burda mənimlə birgə çalışan dostlarıma deyirəm ki, belə getsə, sevincdən ürəyim partlayacaq, doğma Ağdamın azad olunduğunu görə bilməyəcəm".

"İnsanlar qorxunun nə olduğunu bilmirlər" 



Sentyabrın 28-dən bəri Tərtər, Ağdam istiqamətində olan Report.az informasiya agentliyinin əməkdaşı İsmayıl Nəsibli bildirir ki, burda insanlar qorxunun nə olduğunu bilmir: "Döyüşlər başlayandan burdayam və bir çox şeyin yaxından şahidi oluram, ancaq burdakı insanlarda qorxu deyilən şey görmədim. Hətta Tərtərdə veteran və qazilərimiz könüllü hərbi komissarlığa gələrək ön cəbhəyə yollanmaq istəyirdilər. Həmçinin, Tərtərdə yaşayan mülki əhali, xüsusilə gənclər əlinə silah alıb ön cəbhədə xidmət etmək istəyirlər. Azərbaycan ordusunun uğurları nəticəsində əhalinin əhval-ruhiyyəsi daha da artır, hər kəs əlindən gəldiyi qədər əsgərlərimizə kömək etmək üçün çalışır. O ki qaldı ordumuzun  ovqatına, əsgərlərimiz yüksək əhval-ruhiyyə ilə irəli gedirlər, onlar hər zaman qorxmadan döyüşməyə hazırdırlar. Əsgərlərimizlə söhbət edən zaman da hiss olunur ki, 30 ildir işğal altında olan torpaqlarımızı azad etmək üçün bu günü gözləyir, düşməndən qorxmurlar. Hər birinin dilində bir söz var, şəhid olsaq belə, təki torpaqlarımız azad olunsun".

İsmayıl Nəsibli də digər həmkarları kimi cəbhə bölgəsinə ezam olunanda bütün riskləri gözə aldığını qeyd edir: "Burda yaxınlığımızda olmasa belə, ən azı müəyyən məsafə ilə ətrafımıza mərmilər düşür. Oktyabrın 2-də Tərtər şəhərinə ağır artilleriya qurğuları tərəfindən iki mindən artıq mərmi atıldığı üçün mərkəzə girmək mümkün deyildi. Hər gün gedib-gəldiyimiz yol olmasına baxmayaraq, biz gəlməzdən iyirmi dəqiqə əvvəl həmin yerə top atılmasının nəticəsində oradan keçən insanlar həlak olmuşdular. Əgər həmin vaxt biz də o yoldan keçmiş olsaydıq, sonu yaxşı olmayacaqdı. Düşmən atəşi nəticəsində zərər görmüş evləri çəkəndə də həmin yerə bir daha mərmi düşmə ehtimalı var. Ancaq bütün riskləri gözə alaraq buraya gəlmişik və bütün torpaqlarımız azad olunana qədər vəzifəmizi yerinə yetirəcəyimizə ümid edirəm".

İ.Nəsibli əhalidən qeyri-rəsmi informasiyalar yayaraq düşmənə sirr verməməyi xahiş edib: "Burda olduğumuz üçün baş verənlərdən daha tez məlumat alırıq. Ancaq rəsmən təsdiqlənmədən heç bir informasiyanı ictimaiyyətə çatdırmırıq. Çünki döyüşlər davam edir və yayacağımız hər hansı məlumat nəticəsində özümüz də bilmədən düşmənə sirr vermiş ola bilərik. Bütün vətəndaşlarımızdan əsgərlərimizi təhlükəyə atacaq, rəsmi olmayan informasiyaları yaymamalarını xahiş edirəm".

"Özümüz xəbər olmamaq üçün ehtiyatı əldən vermirik" 



Minval.info saytının hazırda Füzulidə olan baş redaktoru Məhəmməd Türkmən bildirir ki, əhali artıq bu savaşın son olduğunu, bir daha torpaq həsrəti çəkməyəcəyini düşünür: "İnsanlar övladlarının onlar kimi Qarabağ həsrəti çəkməyəcəyini, torpaq problemi yaşamayacağını düşünür və inanır. Ona görə də, əllərindən gələn nə varsa, edərək orduya dəstək olmağa çalışırlar. Burda yaşayan yaşlı bir qadın, onun timsalında yüzlərlə insan nə zaman yoldan keçən hərbi texnikaları, əsgərləri görsələr, dualar edir, bayraqlar qaldırır, Qarabağ şüarları səsləndirərək onlara dəstək olmağa çalışırlar. Mənəvi dəstəkdən əlavə, maddi yardım edənlər də az deyil. Nümunə olaraq, burada çörək bişirib satan iki qadın var və onların yeganə gəlir yeri budur. Amma onlar öz ruzilərindən ayırıb yoldan keçən əsgərlərə təmənnasız isti təndir çörəyi verirlər. Və hər zaman deyirlər ki, təki Allah onları qorusun, başlarından bir tük əskik olmasın. Hərtərəfli dəstək olanlardan biri də burada yaşayan ata-oğuldur. Onlar öz hesablarına həyətlərində olan qoyun, quzunu kəsib yolun kənarında kabab çəkirlər ki, ordan keçən əsgərlərə versinlər. Nə vaxt tıxac yaransa, hərbi texnikalar bir neçə dəqiqəlik dayansa, tez bişirdikləri kababı hazırlayıb əsgərlərə verirlər. Əsgərlər, orduda xidmət etmək üçün könüllü yazılan insanlar arasında ruh düşkünlüyü müşahidə etməmişəm. Onlarla söhbət etdiyimiz zaman görürük ki, tək arzuları cəsarətlə döyüşmək və torpaqlarımızı azad etməkdir. Mülki əhalinin dəstəyi onları daha da ruhlandırır. Əsgərlərimiz ön cəbhədə vuruşduğu zaman arxa cəbhədəkilərin onlara güvəndiyini, dəstək olduğunu görəndə daha da əzmlə, ürəklə savaşırlar. Müharibə yalnız ön cəbhədə yox, arxa cəbhədə də gedir".

M.Türkmən daha əvvəl də cəbhə bölgəsində peşə vəzifəsini yerinə yetirdiyi üçün buna alışdığını deyir: "Təbii ki, təhlükə hər zaman olur və heç kim qorxmuram deyə bilməz. Qorxu insana xasdır. Mən daha əvvəl də cəbhə bölgəsində olduğumdan bir növ bu vəziyyətə alışmışam. Çəkiliş zamanı atəşə tutulduğumuz, təhlükəli anlarla üzləşdiyimiz  çox olur. Hər an hər şey ola bilər. Bütün bunları gözə alaraq bura gəlmişik. Buna baxmaraq, özümüz xəbər olmamaq üçün ehtiyatı əldən vermirik. Hər zaman deyirəm, biz cəbhə bölgəsinə xəbər olmaq üçün gəlməmişik, xəbər ardınca gəlmişik. Hazırda müharibə şəraitində olduğumuzdan hər gördüyümüzü yaza bilmərik. Hətta bəzən vətən üçün peşə borcumuzun əksinə hərəkət edirik. Jurnalistika gördüklərimizi çəkməyi və yazmağı tələb etsə də, vətən borcu ordumuzun, əsgərlərimizin təhlükəsizliyi üçün hər məlumatı yaya bilməzsən deyir. Vətənimizi qorumaq üçün, sözsüz, bu, hər zaman belə olmalıdır. Hazırkı vəziyyətdən istifadə edərək, yalan məlumatlar yayan insanlar çoxdur, amma rəsmi olmayan xəbərləri yaymamalıyıq. Yalan xəbərlərlə insanların hisslərinə təsir etmək olmaz. Müharibə bitəcək, amma yazdıqlarınız insanların yaddaşından silinməyəcək. Mövzu vətən olduğu üçün biz bu məsələyə daha da həssas yanaşırıq. Bu, məcburiyyət, borc və öhdəlikdir. İnsanlara müraciət edirəm ki, hər kəsin yumruq kimi birləşdiyi bu ərəfədə öz təmənnanız üçün xalqın hissiyatına toxunacaq, qıcıqlandırıcı paylaşımlar etmək olmaz. Bəzilərinin etdiyi vətənpərvərlik deyil, boş şoudur. İndi hər kəs rəsmi xəbərlərə köklənməlidir".

Aytac ASLAN

 





09.10.2020    çap et  çap et