525.Az

Zeytun bitkisi üzrə tədqiqatlarla tanışlıq - Telman Orucov yazır


 

Zeytun bitkisi üzrə tədqiqatlarla tanışlıq - <b style="color:red">Telman Orucov yazır </b>

Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr

Əvvəli ötən sayımızda

Akropoldan qərbdəki iki təpədə isə ağsaqqallar məhkəməsinin iclas apardığı Areopaq və xalq yığıncaqları keçirilən Pinks yerləşir.

Qədim yunan arxitekturasının gözəl abidələri təkcə təpənin zirvəsində deyil, həm də onun yamaclarında və ətəyində qalmışdır. Onların içərisində b.e.ə. V-IV əsrlərin Dionis Teatrı, Periklin dövründə tikilmiş və yaxşı qalmış Odeon teatrı seçilir. Akropol təpəsinə qalxdıqda və oradan qayıtdıqda Odeon teatrının mükəmməl dairəsi və daş oturacaqları diqqəti cəlb edir. Akropla heyran olmamaq mümkün deyildir. Burada "Stendal sindromuna" məruz qalırsan. Məşhur fransız yazıçısı Florensiyada olarkən şəhərin arxitektura inciləri ona elə bihuşedici təsir göstərmişdi ki, elə bilmişdi ki, bu, reallıq deyildir, o, sadəcə hallyutsinatsia təsiri altındadır.       

Afinaya birləşmiş Pirey şəhəri Egey dənizi limanı olmaqla, ölkənin başlıca dəniz qapısı hesab olunur. Təyyarə ilə Kerkiraya uçarkən limana yaxınlaşan onlarla iri yük gəmilərini, yüzlərlə qayıqları gördük. Dəniz sularının üzərinə elə bil ki, bu gəmilərdən naxış çəkilmişdi və planetlər paradını xatırladırdı.

Ölkənin şimalında yerləşən Saloniki b.e.ə. IV əsrdə Aleksandr Makedoniyalının bacısının - bəziləri isə bunu sonrakı hökmdar Kassandrın bacısının adı ilə əlaqələndirirlər - şərəfinə belə adlanmışdı. Bu şəhər slavyan maarifçiləri, kirill əlifbasının müəllifləri olan Kirill və Mefodinin vətənidir. Türkiyənin böyük siyasi və hərbi xadimi, respublikanın ilk prezidenti olan Mustafa Kamal paşa da həmin şəhərdə anadan olmuş, yeniyetməliyini orada yaşamışdır. Onun doğulduğu ev indi Atatürk muzeyinə çevrilmişdir. Trabzonda gördüyümüz prezidentə hədiyyə edilmiş göz oxşayan bir ev də müasir Türkiyənin xilaskarı və banisi Mustafa Kamal Atatürkün zövqünü və dəbdəbədən uzaq olan həyat tərzini nümayiş etdirir.

Qərbi Yunanıstanın qurtaracağının cənubunda XIX əsrin əvvəllərində ölkənin müstəqilliyi uğrunda mübarizəsi ilə şöhrət tapmış Mesolonqion şəhəri yerləşir. Böyük ingilis şairi ser Corc Bayron şəhərin sakinlərinin Osmanlı əsarətinə qarşı mübarizəsində yaxından iştirak etmiş və 1824-cü ildə orada da ölmüşdür.

Şərqi Yunanıstanda ən iri ada olan Krit xüsusi yer tutur. Orada 0,5 milyon sayda əhali yaşayır. Qədim yunan mifologiyasındakı hadisələrin və qəhrəmanların xeyli hissəsi bu ada ilə əlaqədardır. Krit yalnız 1913-cü ildə Yunanıstanın tərkibinə daxil olmuşdur.

Bu ada Krit-Mikena mədəniyyətinin mərkəzlərindən biri kimi məşhurdur, deməli, Avropa mədəniyyətinin ən qədim ocaqlarından biridir. Adada şəhərlər b.e.ə. XX əsrdə meydana gəlmişdir. Bu mədəniyyətin abidələrinin bir çoxu adanın ən böyük şəhəri olan Herakliondakı Arxeoloji Muzeydə toplanmışdır.



Şəhərdən 5 km məsafə aralıda məşhur Knossos sarayı yerləşir və onun qalaları bu istedadlı və yaradıcı xalqın necə böyük memarlıq, rəssamlıq və heykəltəraşlıq qüdrətinə malik olduğunu göstərir. Saray iki hektar sahəni tutur.

Əfsanəyə görə, çar Minosun göstərişi ilə Dedal, çarın arvadının öküzlə yaxınlıqdan doğduğu yarıöküz, yarıinsan olan Minotavrı saxlamaq üçün labirint tikdirmişdi. Minotavr hər il ona qurban kimi göndərilən onlarla Afina gənc oğlan və qızını parçalayırdı. Tesey belə bir qrup gəncə qoşulub, Minotavrı məhv etmək məqsədilə labirintə girmiş, işini gördükdən sonra oradan yalnız ona vurulan çarın qızı Ariadnanın bağışladığı sap kələfinin köməyilə çıxa bilmişdi. O, labirintə daxil olarkən kələfi çözələmiş, Minotavrı öldürdükdən sonra sapın izi ilə labirintdən çıxa bilmişdi. Əvvəllər isə heç kəs bu dolaşıq labirintdən çıxa bilməmiş, Minotavrın qurbanı olmuşdu. Mifdə təsvir olunan labirint, çar sarayının çox sayda otaqları olduğuna görə onun simvolu rolunu oynayırdı. Müasir arxeoloqlar isə güman edirlər ki, Knossos sarayının altında zirzəmi tikilmiş və bu, labirint rolunu oynayırmış.

Minotavr çar Minosun arvadı Pasifayanın vurulduğu ağ öküzlə Dedalın düzəltdiyi qurğunun köməyi ilə intim yaxınlığa girməyin nəticəsi kimi meydana gəlmişdi. Yunan miflərində olan kentavrlar kimi, Minotavr da yarıinsan, yarıheyvan idi.

Minotavrı öldürən Tesey isə labirintdən məhz Ariadnanın icadı ilə çıxa bilmişdi. Buradan da "Ariadna sapı" termini meydana gəlmişdi. Həqiqətən də, tamaşa etdiyimiz Knossos sarayı iri mərtəbəli və çox otaqları olduğuna görə labirint təsiri bağışlayır, sarayın dörd mərtəbəli binaları var idi. Qədim Yunanıstanın heç bir şəhəri Knossosla müqayisəyə girə bilməzdi. 

İngilis arxeoloqu ser Artur Evans 1894-cü ildə Kritə gəlib, burada qazıntı aparmış, torpağın altından qədim mədəniyyətə aid xeyli faktiki sübutlar tapmışdı. Tarixdən əvvəlki yazılar da onların arasında idi. Birinci Dünya müharibəsi onun işini dayandırmışdı və qeyri-adi nəticələrə səbəb olan bu tədqiqat 1922-ci ilə qədər davam etmişdi. Böyük xidmətinə görə sarayın qarşısında Evansın büstü qoyulmuşdur. Axı 1941-ci ildə 90 yaşında ölən məşhur arxeoloq ömrünün yarım əsrini Minoy sivilizasiyasının axtarışına və kəşfinə həsr etmişdi. Knossos sarayının qalıqları sonralar bir qədər təmir və bərpa edilmişdir.

Krit heç də təkcə çox qiymətli tarixi abidələr məkanı deyildir, sivilizasiyanın inkişafında onun töhfələri olduqca çox və rəngarəngdir. Qədim dünyanın dəniz ticarətində bu ada uzun müddət liderlik etmişdi, sonralar rəqibinə çevrilən Finikiyadan da bu sahədə xeyli irəlidə idi. Finikiya isə Afrikada və Avropada yeni ərazilərə yayılmaq üçün donanma yaratmağa və ondan yüksək səmərəliliklə istifadə etməyə xeyli ehtiyac duyurdu, ona görə də, bu sahədə böyük nailiyyətlər qazandı. Yəqin ki, finikiyalılar dənizçilikdə Kritin nəhəng təcrübəsindən istifadə etməmiş deyildilər.

Krit adası sonralar həmçinin, Roma imperiyasının, Bizansın ərazisi olmuş, onu ərəblər və venetsiyalılar işğal etmiş, 1669-cu ildən isə 250 ilə qədər Osmanlı imperiyasının tərkibində olmuşdu.  

Zeytun bitkisi üzrə tədqiqatlarla tanışlıq 

Uçduğumuz aerobus qısa müddətdən sonra Kritdəki Xanya təyyarə meydanında yerə endi. Bizi yerli zeytunçuluq elmi-tədqiqat institutunun direktoru qarşıladı. Səhərisi günü institutun elmi işləri ilə tanışlığımız başlandı. Burada otaqlarda duman əmələ gətirən mühitdə zeytun qələmələrinin sürətlə yetişdirilib, tingliyə çevrilməsini gördük. Həmin metod zeytun bitkisinin sürətlə böyüməsinə şərait yaradır.



Kritdə zeytun bağlarının sahəsi böyük olduğundan payızda məhsulu yığmağa işçi qüvvəsi çatışmır və ölkənin şimalından buraya meyvə yığmağa adamlar gəlir. Yığım gələn ilin aprelinə qədər avam edir. Ağacların altında qara politetilen pərdə salınır və yetişmiş meyvələr onun üstünə düşür. Və sonra toplanıb götürülür. Zeytun ağacları həm də uzunömürlülüyü ilə seçilir, Afinada, deyilənlərə görə, hələ Platonun dövründə əkilmiş zeytun ağacı indiyədək durur və məhsul verir. Onun qocalıqdan və məhsul verməməkdən xilasının yeganə səbəbi ağacın gövdəsinin dərin budanmasıdır. Gövdə nə qədər qoca olsa da, onun köhnə budaqları budandıqda fəaliyyətini bütünlüklə saxlayan kök sistemi hesabına gövdədən yeni pöhrələr qalxır, böyüyür və məhsul verir. Burada belə qocalmış, fırlarla örtülü gövdəsi, lakin cavan budaqları olan ağaclara tez-tez rast gəlmək olur. Onlar qocalıq payızında ötüb-keçən baharı saxlamağa çalışan və qışın onları haqlamasına imkan vermək istəməyən, möcüzəli fiquralara və sifətə malik olan çox yaşlı qadınları xatırladırlar.

İnstitutun fəaliyyəti ilə yaxından maraqlandığımızı görən cavan bir alim Azərbaycandan gəldiyimizi bildikdə, "Sizin özünüzün çox istedadlı zeytunçu tədqiqatçınız vardır və biz elmi jurnalda onun dərin məzmunlu məqalələrini diqqətlə öyrənirik" - dedi. O, İrina Jiqareviçin adını çəkdi. Quba Meyvəçilik Elmi-Tədqiqat institutunda çalışan bu qadın zeytun bağlarına müqəddəsliyə xas olan bir şəkildə yanaşırdı. Respublikamızda bu faydalı bitkinin aqrotexnikasını işləyib hazırlayır və onun arealının genişləndirilməsi barədə qiymətli təkliflər irəli sürürdü. Doğrudan da, bu həmişəyaşıl bitki təkcə qiymətli ərzaq məhsulu verməsi ilə seçilmir, həm də fərqli çətiri ilə Abşeron yarımadasının landşaftına gözəllik verir.

İnstitutun direktoru bizi Rumıniya istehsalı olan hərbi Cipində bağlarla tanış olmağa aparırdı. Yunan mifologiyasında allahların dünyaya gəldiyi Omalos dağını da görə bildik.

Kritin böyük şəhəri olan Herakliona getdik. Yol üstündə biz müasir və qədim metodla zeytun yağı istehsal edən zavodların işi ilə tanış olduq. Müasir zavodlarda zeytunun əti çəyirdəyindən ayrılır və preslərdə sıxılıb yağa və tullantı kimi jmıxa çevrilir. Köhnə zavodlarda zeytun dənələri iri dəyirman daşını andıran firlanan daşlar arasında sıxılıb əzilir və olduqca təmiz yağ alınır. Qədim üsulla istehsal edilən zeytun yağı zərərli komponentlərdən daha yaxşı təmizləndiyinə və onlardan tamamilə azad olunduğuna görə bazarda 2-3 dəfə baha satılır.

Yunanlarda, ümumiyyətlə, zeytuna xüsusi münasibət mövcuddur, bu bitkinin xüsusi qəyyumları ilahə Afina və allah Zevs hesab olunur. Dünyada həm də zeytun ağacının budağı sülh rəmzi hesab olunur. Misir prezidenti Ənvər Sədat 1973-cü ilin oktyabrındakı Ərəb-İsrail müharibəsində ölkəsi ağır məğlubiyyətə düçar olduqdan və xeyli ərazisi işğal edildikdən sonra, 1977-ci ilin noyabrında Yerusəlimə diplomatik səfər edərkən, Knessetdəki çıxışında dedi ki, mən bura zeytun budağı ilə gəlmişəm və ümid edirəm ki, siz bunu düzgün qəbul edəcəksiniz. İki il sonra iki dövlət arasında sülh müqaviləsi imzalandı və işğal edilmiş Sinay yarımadası Misirə qaytarıldı.

(Ardı var)

 





12.10.2020    çap et  çap et