525.Az

"Dini, irqi fərq qoymadan biz hamımız azərbaycanlıyıq" - Müsahibə


 

"VƏTƏNPƏRVƏRLİYİN BİR DƏYƏR KİMİ AŞILANMASI ÇOX ƏHƏMİYYƏTLİDİR, AMMA DƏRSLİKLƏRDƏ ÜMUMBƏŞƏRİ DƏYƏRLƏRİ ƏKS ETDİRƏN MATERİALLAR DA OLMALIDIR"

"Dini, irqi fərq qoymadan biz hamımız azərbaycanlıyıq" - <b style="color:red">Müsahibə </b>

İnsanın doğru yetişdirilməsi üçün mütləq  şəkildə düzgün və davamlı təlim-tərbiyə prosesi olmalıdır. Məhz bu, bir uşağın gələcəyini, bütün taleyini həll edən əsas amildir.

Bu baxımdan valideyn təkcə dünyaya gətirən, bəsləyən və böyüdən, müəllim təlim verən və qiymətləndirən olmamalı, daha artığını bacarmalıdır. Daha artığını bacaran insanlar həmişə bir nəsil, bir ulus üçün dəniz fənəri rolunu oynayır və gənclərin düzgün yolu tapmasına xidmət edirlər. Bu da sağlam cəmiyyət, sağlam cəmiyyət də möhkəm əsasları olan bir dövlət deməkdir. Bu istiqamətdə yorulmadan xidmət göstərən, gənclərin yolgöstərəni olan müəllimlərdən biri də Qoşqar müəllimdir.

Qoşqar Məhərrəmov Biologiya müəllimidir. Eyni zamanda, Türkiyədə təhsilin idarə olunması ilə bağlı magistr təhsili alaraq ölkəmizə qayıdıb. O, hazırda məktəblilər və tələbələr üçün təlimlər keçirir, düzgün tədris və öyrənmə qaydalarını onlara aşılamağa çalışır.

Qoşqar Məhərrəmovla müsahibəmizi sizə təqdim edirik.

***

-Siz həm məktəbdə, həm universitetdə işləyirsiniz,daim gənclərin arasındasınız. Maraqlıdır, gənclər arasında hər hansı ortaq psixologiya müşahidə etmisinizmi?

- İşlədiyim həm ali, həm orta məktəblər özəl sektora aiddir. Yəni burada, sosial-iqtisadi durumuna görə əsasən orta və yuxarı təbəqədən olan şagirdlər, tələbələr təhsil alırlar. Bəli, bunların hər birində diqqət çəkən ortaq məqamlar odur ki, ailələri tərəfindən dəstəklənən gənclər gələcəyə daha ümidli baxırlar. Eyni zamanda, bu dəstəyi ala bildikləri üçün də daha çox çalışıb öz üzərlərində işləyirlər. Çünki onlar həqiqətən də dərs çalışdıqları zaman bunun müsbət nəticələri ola biləcəyini görürlər. 10-20 faizlik bir qrup gənc də var ki, onlar sanki universitetə təsadüfən gəliblər və buranı asudə vaxt keçiriləcək məkan olaraq görürlər. Buna görə də ali məktəbi yaxşı dəyərləndirmirlər. Mən düşünürəm ki, dövlət universitetlərində bu faiz nisbəti daha da yüksəkdir. Bu tələbələr , 9,10,11-ci sinifləri yaxşı dəyərləndirməyib, ali məktəbə 250-270 balla təsadüfən daxil olurlar. Yəni, tələbə adını qazanmaq üçün kifayət qədər çalışmayıblar. Elə universitetdə də bu cür davam edirlər. Və onlar, ehtimal ki, məzun olduqları zaman da ixtisaslarını zəif bildiklərindən işsiz kadr olaraq cəmiyyətə daxil olacaqlar. Sonra isə, "İş yoxdur, gərək adamın adamı, tanışı ola ki, onu işə düzəltsin"-  kimi şikayətlər edəcəklər.

Gənclər anlamalıdır ki, həqiqətən də özünü inkişaf etdirən insanlar heç vaxt işsiz qalmır. Çünki artıq qlobal bazar var. Bu bazarda Azərbaycandan da xidmət, iş satan,internet üzərindən işləyən insanlar var. Buna görə, mən inanmıram ki, bu dövrdə və yaxın gələcəkdə işsizlik anlayışı ola. Yalnız keyfiyyətli kadr əksikliyi olacaq və bu, indi də var. Burada ortaq psixoloji məqam, gənclərin, ümumiyyətlə, plansızlığı, nizam-intizamsızlığı və bundan qaynaqlanaraq, düzgün çalışmamaları, həyatı, zamanı yaxşı dəyərləndirməmələridir.

-Siz təlimlərdə gənclərə düzgün öyrənmə üsullarından bəhs edirsiniz. Yəni siz bir növ öyrənməyi yenidən öyrədirsiz onlara. İstərdim ki, bu haqda, məhz düzgün öyrənmə prosesini öyrənmək haqqında bir qədər  məlumat verəsiniz.

- Bəli, biz aşağı siniflərdə də, universitetlərdə də öyrənmə çətinliyi olan insanları görürük. Bir mövzunu öyrənən iki nəfəri müşahidə edəndə, görürük ki, biri daha yaxşı öyrəndiyi halda, digəri daha zəif bilir. Bu məsələnin həm bioloji, həm də pedaqoji-psixoloji amilləri var. Ona görə, mən düşünürəm ki, biz şagirdlərə əvvəlcə düzgün öyrənməyin yollarını öyrətməliyik. Məncə, bu elə orta məktəbdən başlamalıdır.Bu, uşaqlara qazandıra biləcəyimiz ən önəmli vərdiş olar. Çünki insan ömür boyu yeni şeylər öyrənmək məcburiyyətində qalır. O zaman dinamik bir şəkildə yeni materialları, çağırışları, üsulları, texnologiyaları öyrənən insanlar bir kadr kimi cəmiyyətdə, bazarda özlərinə daha asan yer tapa biləcəklər.

Öyrənmə üsulları isə ümumi-bəşəri ortaq bir üsul deyil, hamı üçün fərqlidir. Amma bəzi üsulların statistik olaraq daha geniş kütlələrdə müsbət nəticələr verdiyini görürük. Biz həmin üsulları gənclərimizə məsləhət veririk. Bunlardan biri məqsədin konkret və müəyyən olması və ona gedən yolda işin hissələrə bölünməsi, vaxtın düzgün idarə olunması, yol xəritəsinin cızılması, günün, həftənin planlaşdırılması, bundan sonra hər gün oxunacaq materialın öyrənilməsi prosesində tənəffüslərə yol verilməsidir. Deyək ki, 40-45 dəqiqə oxuduqdan sonra, 5 dəqiqə tənəffüs verib həmin materialın yenidən təkrar edilməsi lazımdır. Yəni öyrənilməli materialı oxuyaraq getmək olmaz. Bu, roman deyil ki, onu tez bitirməyə çalışaq. Öyrənmək və elm əldə etmək üçün oxunan material təkrar-təkrar oxunmalıdır ki, daha yaxşı mənimsənilsin. Bu baxımdan gündəlik, həftəlik və aylıq təkrar lazımdır. Unutmaq olmaz ki, təkrar biliyi möhkəmləndirir, onu qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa keçirir. Beləcə, öyrənmə hasil olur. Belə öyrənildikdə, öyrəndiyini unutma kimi problemlər də aradan qalxır. Bundan başqa öyrənmə zamanı özünü ətraf aləmdən, elektron cihazlardan, insanlardan maksimum izolyasiya etmə və bütün diqqətini öyrəniləcək materiala vermək önəmlidir. Həmçinin, dərs çalışma prosesinə öz emosialarını qatmaq da lazımdır. Çünki hissləri qataraq öyrənilən materiallar, bilgilər daha yaxşı yadda qalır. Buna görə də, öyrənmə prosesində yeni bir bilgi əldə etdikdə ona sadə formada yox, hissi və emosiya ilə yanaşmaq, öz-özünü qəsdən təəccübləndirmək də bu baxımdan işə yarayır.

- Siz həm də, bugünün dərslikləri ilə yaxından tanışsınız. Hər bir xalqın milli mənsubiyyətini dərk etməsi, milli mənlik şüuru, vətənpərvərlik hissləri də təlim-tərbiyə prosesi ilə uşaqlıqdan aşılanır. Bu baxımdan, bizə bugünün dərslikləri, tədris üsulları kifayət edirmi?

- Ümumiyyətlə, bu, psixoloji və pedaqoji amilləri olan məsələdir. Biz vətənpərvər insan yetişdirmək adı altında psixoloji, ruhi xəstə yetişdirməməliyik. Yəni, kitablarımız bu mənada ciddi şəkildə erkən yaş psixoloq və pedaqoqları tərəfindən nəzərdən keçirilməlidir. İbtidai sinifdə vətənpərvərliklə bağlı hansı materiallar varsa, hər birinə baxılıb bir-bir təhlil olunmalıdır ki, bu material həmin yaş səviyyəsinə uyğundurmu? Ümumi mənada vətənpərvərliyin bir dəyər kimi aşılanması çox əhəmiyyətlidir. Bizim dərsliklərdə həm də ümumbəşəri dəyərləri əks etdirən materiallar da olmalıdır. Çünki biz lokal hərəkət edən, amma qlobal düşünən yeni nəsil yetişdirməliyik. Biz 21-ci əsr bacarıqlarına sahib olacaq insanlar yetişdirməliyik. Bu mənada dərsliklərin tələbatı tam ödədiyini demək çətindir. Ona görə də mən, ümumiyyətlə, dəyərlərin təlimi ilə bağlı geniş bir layihənin hazırlanmasının tərəfdarıyam və bu istiqamətdə təşəbbüs göstərirəm.

- Qoşqar müəllim, son olaraq belə bir sual: bir pedaqoq kimi, gənclərin milli mənlik şüurunun düzgün inkişaf etməsi, savadlı, düzgün düşünməyi bacaran bir vətəndaş kimi formalaşması və istənilən mühitdə assimilyasiyaya uğramaması üçün müəllimlərin üzərinə dərs, təlim keçməkdən başqa hansı rol düşür?

- Milli mənlik şüurunun düzgün inkişaf etməsi insanın özünü bilməsi ilə başlayır. Yunus Əmrənin də dediyi kimi, "elm - elm bilməkdir, elm - özünü bilməkdir. Sən özünü bilməzsən,ya necə oxumaqdır?"

Elm, insanın özünü bilməsiylə başlayır. İnsan özünü tanıdıqca, öz bədənini, mədəniyyətini, öz ideoloji fiqurlarını, millətini, torpağını bildikcə, öyrəndikcə, özünü bura aid etməyə başlayır. Bax, vətənpərvərlik məhz o aidlik hissidir. İnsan doğulduğu yerə, orda yaşadığı gözəl xatirələrə görə bağlı olur. Əgər gözəl xatirələri yoxdursa, insan ordan canını qurtarmaq istəyir. Bu baxımdan, gənclərin, uşaqların gözəl xatirələrinin formalaşmasının məsuliyyəti isə, birinci növbədə dövləti təmsil edən şəxslərin və valideynlərin üzərinə düşür. Valideynlər övladlarına yaxşı nümunələr - yaxşı məmur, yaxşı həkim, yaxşı müəllim, yaxşı insan nümunələri göstərməlidir. Bir mənada ölkənin yerli dəyərlərini o uşaqlara aşılamalıdırlar. Bu halda uşaqlarda milli mənlik şüuru formalaşar.

Ümummilli lider Heydər Əliyevin bir sözü var: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" Bax, bu ifadədə azərbaycanlılıq ideyası, var. Bu ideya dinə və irqə bağlı deyil, coğrafiyaya bağlıdır. Bu torpaqda ləzgi də, talış da, rus da yaşayır. Biz hamımız bir torpaq üstündə, bir bayraq altında birləşmişik. Biz bu ideyanı uşaqlarımızda yaratmalıyıq. Bunu formalaşdırmağın yolu da yaxşı müəllim, yaxşı rol model olmaqdan keçir. Həmçinin, ölkədə qanunların bir qədər sərt olmasına ehtiyac var ki, heç kim öz vəzifəsindən sui-istifadə edə bilməsin. Uşaq da bu halda pislikdən çox yaxşılıq, düzgünlük görəcək. Əks halda, uşaq yaşlandıqca ailədə dövlət məmurlarından, yaşayışdan şikayətlər eşitdikcə özündə bir aşağılıq, yadlıq hissi yaranacaq, öz ölkəsindən miqrasiya etmək istəyəcək. Buna görə, dövlət məmurları mütləq şəkildə düzgün işləməli, bununla bağlı sərt qayda-qanunlar olmalıdır ki, insanlar vəzifələrindən sui-istifadə edib digər vətəndaşları da vətənindən, yurdundan soyutmasınlar.

Natəvan ABDULLAYEVA

 





13.10.2020    çap et  çap et