525.Az

"Azərbaycan təhsil sisteminin qlobal miqyasda tanınmasına çalışacağam"


 

BÖYÜK BRİTANİYADA DOKTORANTURA TƏHSİLİ ALMAQ HÜQUQU QAZANAN XƏYALƏ PAŞAYEVA ÖLKƏMİZİN TƏHSİL VƏ İDARƏETMƏ SİSTEMİNƏ TÖHFƏLƏR VERMƏK NİYYƏTİNDƏDİR

"Azərbaycan təhsil sisteminin qlobal miqyasda tanınmasına çalışacağam"<b style="color:red"></b>

Azərbaycanlı gənclərin xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərinə uyğun olaraq yerli ali təhsil və elm müəssisələrinə peşəkar mütəxəssislərin hazırlanması dövlətin əsas hədəflərindən biridir.

Bu məqsədlə 2018-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" qəbul edilib. Dövlət Proqramının həyata keçirilməsində əsas məqsəd elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkədə yeni nəsil mütəxəssislərin yetişdirilməsidir. "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nı uğurla həyata keçirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın davamı hesab etmək olar. Bu proqram strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın ali təhsil sisteminin daha da gücləndirilməsinə yönələn bu proqramın icrası nəticəsində təhsilin doktorantura səviyyəsində xaricdə təhsil və təcrübənin maliyyələşdirilməsi ilk dəfə həyata keçirilir.

Bu gün Azərbaycanda ölkənin ali təhsil sisteminin dünya standartlarına uyğun kadrlarla təmin olunmasına, dünyanın ən yaxşı ali təhsil müəssisələrinin doktorantura səviyyəsini bitirən kadrlara böyük ehtiyac var. Məhz bu proqram sayəsində xaricdə təhsil alan və fəlsəfə doktoru dərəcəsi olan yüksək ixtisaslı kadrlar təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq müqavilə tərəfdaşı olan yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə cəlb ediləcəklər. Məhz bu yolla da Azərbaycanın ali təhsil müəssisələrinın kadr potensialı gücləndiriləcək.

Dövlət Proqramının icrasını Azərbaycan Dövlət Neft Fondu maliyyələşdirir. Xaricdə doktorantura təhsili üzrə il ərzində 100 tələbənin maliyyələşdirilməsi nəzərdə tutulur. Proqramın icrasını təmin etmək məqsədilə müxtəlif qurumlara ayrı-ayrı vəzifələr həvalə edilib. Bu  vəzifələrin yerinə yetirilməsində koordinasiya Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Bu il 34 nəfər proqram çərçivəsində 11 ölkənin 22 nüfuzlu ali təhsil müəssisəsində doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb.

Proqram çərçivəsində doktorantura təhsili almaq hüququ qazanan gənclərimizdən biri də Xəyalə Paşayevadır. O, doktorantura təhsilini Böyük Britaniyanın Uorvik Universitetində alacaq. X.Paşayeva 2012-ci ildə Azərbaycan Dillər Universitetinin "İngilis dili pedaqogikası" fakültəsinə qəbul olub. 4 illik bakalavr təhsili müddətində qrup rəhbəri olmaqla yanaşı, bir çox universitetdaxili və xarici təhsil layihələrinin təşkilində fəal iştirak edib: "2016-cı ildə ali məktəbi yüksək ortalama ilə bitirdim və ardınca təhsilimi İngiltərədə davam etdirmək qərarına gəldim. İngiltərənin top 10 universitetindən biri -  Uorvik  Universitetinin (The University of Warwick) "Təhsilin təşkili və idarə edilməsi" bölümünün magistr pilləsinə qəbul oldum və təhsilimi fərqlənmə ilə bitirdim. Xaricdə yaşamaq və təhsil almaq hər bir azərbaycanlının üzərinə bir məsuliyyət yükləyir - Vətənini beynəlxalq meydanda təqdim və təmsil etmək. Bu məsuliyyəti layiqincə yerinə yetirdiyimə inanıram. Magistr təhsili dövründən başlayaraq Uorvik  Universitetində azərbaycanlı tələbə olaraq aktiv peşəkar fəaliyyətimlə bəzi uğurlara imza atdım. Universitetdə məzun profili dərc olunan, təqdimat video klipi yayımlanan və təhsil ilə əlaqədar müsahibələrə dəvət edilən qabaqcıl azərbaycanlı tələbələrdən biri oldum. Magistr təhsilimi bitirdikdən sonra, 2018-ci ildə Uorvik Universiteti tərəfindən təşkil edilən ilk beynəlxalq xaricdə təhsil konfransına dəvət alaraq, xaricdə təhsil rəhbəri kimi xüsusi proqram keçdim. Həmçinin, universitet tərəfindən keçirilən beynəlxalq tələbələrlə görüş və onlayn vebinarlara hər il aparıcı tələbə kimi dəvət alıram. Azərbaycana qayıdıb təhsil meneceri olaraq fəaliyyət göstərdim və ardınca  məndə lokal və qlobal təhsilə, təhsilin inkişafına təsir edən amilləri araşdırmağa peşəkar maraq yarandı. Beləliklə, gənc yaşdan etibarən artıq elmi tədqiqatçı kimi fəaliyyət göstərməyə qərar verdim. Son olaraq qeyd etmək istərdim ki,  bir qədər əvvəl Uorvik  Universitetinin Azərbaycandakı rəsmi səfiri təyin edildim".

X.Paşayevanın sözlərinə görə, Dövlət Proqramı elan edilən ilk gündən proqram rəhbərlərinin yalnız onlayn formada deyil, eyni zamanda, müxtəlif canlı müsahibələrdə iştirak etməsi mənim bütün mümkün suallarıma cavab tapmağıma yardımçı oldu: "Bəlkə bunun nəticəsidir ki, mənə görə proses və qoyulmuş tələblərin hamısı asan və izlənilməsi rahat idi. Ümumilikdə, proses aydın və operativ şəkildə təşkil edilmişdi. Bütün məlumatlar "Dövlət Proqramı" idarə heyəti tərəfindən istifadəsi sadə olan onlayn platformada proqram iştirakçılarına təqdim edilir və onlara şəxsi qeydiyyat proseslərini ardıcıl izləməyə imkan verir".



X.Paşayeva bildirib ki, əgər insan bir dövlətin əsas resursudursa, o zaman savadlı cəmiyyət hər bir dövlətin əsas gücüdür. Əgər bu perspektivdən baxılarsa, təhsilli və elmli cəmiyyət yaratmaq üçün atılan hər bir addım əhəmiyyətlidir.

"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"  istedadlı gənclərin  dünyanın ən yüksək 500 universitetində təhsil almasını və vətənə qayıdaraq həmin universitetlərin akademik sahədə təhsil sistemi və metodikasını lokal universitetlərdə tətbiq etməsini dəstəkləməklə təhsil sahəsinə uğurlu və dəyərli yatırım edir: "Qısa müddətdə bu layihənin Azərbaycanın müxtəlif sahələrində sosial-iqtisadi inkişafına sürətli və qlobollaşma prosesinə töhfə verəcəyini düşünürəm".

O vurğulayıb ki, təhsilin təşkili və idarə edilməsi düzgün liderlik strategiyası, təhsildə qərar qəbuletmə, innovativ yanaşma və insan resurslarının idarə edilməsi kimi vacib bacarıqları özündə birləşdirən bir sahədir: "Qeyd etdiyim bu bacarıqlara sahib olmaqla təhsildə davamlı inkişafı təşkil etmək isə bu sahənin əsas məqsədidir. Doğrusu, təhsil və tədris prosesinin bir çox məsələləri ilə maraqlanıram. Yəqin ki, bu, bir az da peşəkar maraqdan irəli gəlir. Nəticə olaraq, bu zamana kimi həm tələbə motivasiyası, həm müəllim məmnuniyyəti, həm də müasir təhsili idarə etmə modelləri üzrə müxtəlif araşdırmalar etmişəm. Lakin hal-hazırda məni maraqlandıran və vacib hesab etdiyim əsas məsələ qloballaşmanın təhsil qurumlarına olan təsiri və bu təsirin düzgün dəyərləndirilməsi yolu ilə təhsil sahəsinin inkişafının təmin edilməsidir. Günümüzdə qloballaşan və sürətlə dəyişən mühitdə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə təhsil sektoru fövqəladə liderlər tələb edən məsələlərlə üzləşir. Buna görə də təhsil müəssisələrinin davamlı inkişafını təmin etmək üçün peşəkar rəhbər kadr və bu mütəxəssislərin rəhbərlik etdiyi təşkilati struktura sahib olmaq lazımdır. Təbii ki, bu da qeyd etdiyim məsələlərin araşdırılması və müasir həll yollarının yaradılması zərurəti yaradır".

X.Paşayevanın dediyinə görə, araşdırma mövzusu qloballaşma dövründə ali  təhsil müəssisələrində idarəetmə sisteminə və təşkilati struktura əsaslanır. Ali təhsil müəssisələri təkcə peşəkarlar üçün təhsil verən təşkilat deyil, həm də hər bir güclü ölkənin müraciət edə biləcəyi ən əhəmiyyətli elmi mənbə, dəyərli insan resursu olan müəssisədir. Bu da həmin müəssisələrin əhəmiyyətini bir daha sübut edir. Nəticədə, ali təhsil müəssisə liderləri başda olaraq bu müəssisələrə rəhbərlik edirlər. Bununla belə, bu idarə etmə prosesi birbaşa deyil, təşkilati struktur vasitəsi və müəssisənin idarə heyəti tərəfindən müəyyənləşdirilən strategiyaya əsasən həyata keçirilir. Sonda, ali təhsil müəssisəsinin inkişaf göstəricisi sadəcə gəlir deyil, həm də davamlı strateji inkişaf, təşkilati struktur, dəyişilən şəraitə uyğunlaşma, davamlı öyrənmə və komanda işidir: "İnanıram ki, Azərbaycan universitetlərində aparacağım bu araşdırma və hazırlayacağım qlokal (glocal) idarəetmə modeli Azərbaycan təhsil sistemini yeniliyə və ali təhsil sistemini yüksək effektivlik səviyyəsinə çatdıracaqdır".

O qeyd edib ki, onun araşdırmasının ilkin məqsədi az tədqiq edilmiş bir məsələyə diqqət yetirmək və eyni zamanda, öz vətəni Azərbaycanda ali təhsil müəssisələrinin missiyası və vizyonları üzrə islahat aparılarkən tətbiq olunan potensial müsbət tövsiyələr planı hazırlamaqdır: "Əsas istəyim Azərbaycan kimi sürətlə  inkişaf etməkdə olan ölkənin güclü gələcəyi naminə daha uğurlu təhsil sisteminə xidmət edən səmərəli təşkilati rəhbərlik modeli yaratmaqdır.

İnanıram ki, hələ araşdırma dövründə belə tərəfdaş ali təhsil müəssisəsi ilə qarşılıqlı əməkdaşlıq hər iki tərəf üçün səmərəli və uğurlu olacaq. Eyni zamanda, məqsədim doktorantura pilləsi üzrə təhsilimi bitirdikdən sonra həm tərəfdaş ali təhsil müəssisəsində, həm də Azərbaycanın təhsil sahəsində fəaliyyətimi davam etdirməklə davamlı, keyfiyyətli təhsil və idarəetmə sisteminə akademik və həmçinin, bir mütəxəssis töhfələri verməkdir".

X.Paşayevanın sözlərinə əsasən, o, İngiltərə və həmçinin, Uorvik Universitetinin tədris strukturu ilə ilk dəfə magistr təhsili alarkən tanış olub: "Bakalavr təhsilini Azərbaycanda alan bir tələbə üçün tamam fərqli bir tədris mühiti idi. Belə ki, tənqidi düşüncə və fərdi tədqiqat bacarıqlarına Uorvik Universitetində yiyələndim. Uorvik Universiteti İngiltərənin öndə gedən tədqiqat universitetlərindən biridir. Bu universitetin əsas özəlliklərindən biri tələbələri araşdırma mövzularında heç bir standard qəlibə salmaması və tam sərbəstlik verməsidir. Həmçinin, tələbələrin dərs prosesi müxtəlif növ simulyasiyalı və ya tematik araşdırmalı (case-study)  tədris prosesinə əsaslanır. Universitet tələbələri yalnız təhsilə deyil, eyni zamanda, təhsildən kənar fəaliyyətlərə də cəlb edilir. Bu əlavə fəaliyyətlər və üzv olduqları qurumlar tələbələrin liderlik, idarəçilik, təşkilatçılıq və s. kimi bacarıqlar qazanmasına şərait yaradır. Mən öz növbəmdə təhsil almaqla yanaşı, UNİCEF kimi təşkilatlara  qoşularaq fərqli layihələrdə və beynəlxalq təqdimatlarda iştirak etmişəm".

O əlavə edib ki, Uorvik Universitetində araşdırma aparmağım və peşəmlə əlaqədar bir sıra digər xarici universitetlərlə daimi əlaqədə olmağım ona yalnız öz elmi bacarıqlarımı deyil, eyni zamanda, dünyaca məşhur universitetlərin nümunəsini təhlil etməyə şərait yaradır: "Bəzi uğurlu və özünü sübut etmiş tədris sistemini bizim ali təhsil müəssisələrinə asanlıqla uyğunlaşdırmaq mümkündür. Buna ən düzgün və aktual nümunə isə təhsilin bir hissəsinin hər zaman onlayn olmasıdır. Qabaqcıl universitetlərdə tələbənin dərs materialları və təqdimatları, tədris proqramı, departament tərəfindən yayımlanan bütün informasiya və digər məlumatlar daim tələbəyə onlayn şəkildə şəxsi profilindən təqdim edilir. Bəzi universitetlər daha da irəliyə gedərək "Flipped Learning" kimi müasir və texnologiyaya əsaslanan tədris metodikasını mənimsəyir və tətbiq edir. Məhz bu səbəbdən belə universitetlərin tam onlayn təhsilə keçmə prosesi daha sürətli və operativ oldu. Düşünürəm ki, biz də belə nümunələrdən bəhrələnərək daha innovativ bir sistemə sahib olmalıyıq. Pandemiya sadəcə bunun vacibliyini bizə göstərdi, lakin qeyd etdiyim sistem daimi istifadə üçün təşkil  olunmalıdır".

X.Paşayeva vurğulayıb ki, həm Azərbaycan, həm də Qərb təhsil sistemində təhsil aldığı və işlədiyi üçün gələcəyə dair hədəfləri də qlobal və lokal olmaqla iki hissəyə ayrılır: "Öncə hədəfim hər zaman qazandığım və qazanacağım bütün elmi bilikləri gələcəkdə Azərbaycanda tətbiq və tədris etməklə təhsil sisteminin inkişafına dəstək olmaqdır. Azərbaycan təhsil sisteminin qlobal miqyasda tanınmasına çalışacağam. Bu şərəfli məqsədi əsas hədəflərimdən biri kimi görürəm".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





14.10.2020    çap et  çap et