525.Az

Ermənistanı silahlandıran Rusiyanı zərərsizləşdirmək olarmı? - Yazı


 

Ermənistanı silahlandıran Rusiyanı zərərsizləşdirmək olarmı? - <b style="color:red">Yazı </b>

Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyanın pulsuz və təcili şəkildə Ermənistana döyüş texnikaları və hərbi sursat göndərməsi, bu işlərin Rusiya Fövqəladə Hallar Nazirliyinin cəlb edilməsi ilə həyata keçirilməsi Moskvanın müharibəni daha da qızışdırmağa çalışması kimi qəbul olunmalıdır.

Rusiyanın bu addımı ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasətini çox açıq şəkildə dəstəkləməsinin də bariz nümunəsidir. Aydın görünür ki, bir zamanlar Səfəvilər dövlətinin daxilində ermənilərdən ibarət 5-ci kolon yaratmaq niyyətinə düşən Moskvanın Azərbaycana yönəlik siyasətində heç bir dəyişiklik yoxdur. Əsası 3 əsr öncə I Pyotr tərəfindən qoyulmuş bu bədnam siyasət Rusiya imperiyasının son günlərinə kimi icra olunub, Sovet Rusiyasının zamanında isə tamamilə yeni mərhələyə keçirilib. "Demokratik" Rusiya da bu siyasətdən imtina etməyərək Cənubi Qafqazda ermənilərdən ibarət 5-ci kolonu gücləndirməyə çalışıb. Ermənilərin Azərbaycana qarşı işğalçılıq, Gürcüstana qarşı ərazi iddiaları Moskvanın Cənubi Qafqaz siyasətindən qaynaqlanır. Azərbaycan ordusunun sarsıdıcı zərbələri altında ağır itkilər verən ermənilərin məhz belə bir vəziyyətdə Gürcüstana ərazi iddiaları irəli sürmələrinin yalnız bir izahı var. Belə görünür ki, ermənilər bununla Moskvaya Cənubi Qafqazda mövcudluqlarının səbəbini xatırladırlar.

Ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasətinin Moskvadan qaynaqlandığını başqa bir məqam - Rusiya kütləvi informasiya vasitələrinin demək olar ki, hamısının bu günlərdə Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası da sübut edir. "Novaya Qazeta" istisna olmaqla Rusiyada bütün KİV Kremlin sərt nəzarəti altındadır. Ona görə də sentyabrın 27-dən sonra Azərbaycan ordusunun Qarabağda erməni işğalçılara qarşı başlatdığı əks-hücumla bağlı qismən tərəfsiz mövqeyə "Novaya Qazeta"da rast gəlmək olar.

Ermənilərin Azərbaycana qarşı işğalçılıq müharibəsinə PKK terror təşkilatının üzvlərini cəlb etməsini də məhz "Novaya Qazeta"nın əməkdaşı İlya Azar üzə çıxarmış, qəzetin baş redaktoru Dmitri Muratov isə oktyabrın 9-da "Exo Moskvı" radiosunda qonaq olduğu "Xüsusi fikir" proqramında bu məlumatı səsləndirmişdi. "Novaya Qazeta"nın bu mövqeyi qəzetin müstəqil və bir qədər müxalif mövqeyindən irəli gəlir. Kremlin sərt nəzarəti altında olan media isə bütün dünyada ən obyektiv Rusiya mətbu nəşri kimi tanınan "Novaya Qazeta"nın bu sensasiyalı xəbərini yayımlamadığı kimi, dərhal bu məlumatın effektini azaltmaq yolunu tutdular. Kremlin nəzarəti altında olan media  "Novaya Qazeta"nın bu məlumatı Azərbaycanın və azərbaycanlı oliqarxların maliyyəsi müqabilində yayması ilə bağlı tamamilə böhtan xarakterli məlumatı dövriyyəyə buraxmaqla ermənilərin terrorçu PPK təşkilatı ilə birgə fəaliyyətini, Qarabağa muzdluların ermənilər tərəfindən gətirilməsini pərdələməyə çalışdılar.

Rusiya cəmiyyəti Kremlin imperialist siyasətindən yorulub. Moskvanın imperialist siyasəti ruslara çox baha başa gəlir. Sərt mütləqiyyət rejimlərinin dövründə toplum bu məsələdən bixəbər olduğu üçün etiraz etmirdi. Ancaq indi internet bütün gizlinlərin aşkara çıxmasına və geniş kütələrə yayılmasına səbəb olub. Normal səhiyyə xidmətindən məhrum olan toplum Moskvanın imperialist siyasətinin nə qədər bahalı olduğunu anladıqca obyektiv mövqe tutmağa başlayır. Hələlik isə cəmiyyətin dövlətin imperialist siyasətinin qarşısını almağa gücü çatmır. Ancaq çox yaxın tarixdə bunun baş verəcəyinə də şübhə ola bilməz. Hətta bu xəttin Rusiyada hakim siyasi kursa qarşı əsas alternativ fikir olduğunu söyləmək mümkündür. Bu fikirin daşıyıcıları hesab edirlər ki, Rusiyanın yaxın qonşuları ilə münasibətləri faydalılıq prinsipi üzərində qurulmalıdır. Yeri gəlmişkən, onu da qeyd edək ki, iqtisadiyyatı tamamilə neft və qazın ixracı üzərində qurulmuş Rusiyanın artıq alternativ yolu da yoxdur. Neft və qazın qiymətinin kəskin ucuzlaşması fonunda Rusiyanın imperilist siyasəti çox bahalı və imkan xaricində olmağa başlayıb.



Hələlik isə "sülhpərvər" donuna bürünən Rusiya sürətlə Ermənistanı Azərbaycana qarşı silahlandırır. Azərbaycan cəmiyyəti bütün imkanlardan istifadə edib Rusiyanın bu siyasətini pisləməli, Moskvanın ATƏT-in Minsk qrupunun həmsədri missiyası ilə üst-üstə düşməyən siyasətinə etiraz etməlidir. Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olması məntiqə nə qədər ziddirsə, Rusiyanın həmsədr olması daha artıq yolverilməzdir. Azərbaycan Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri missiyası ilə üst-üstə düşməyən fəaliyyəti, yəni Ermənistanı silahlandırması haqqında bütün beynəlxalq strukturları məlumatlandırmalıdır.

Moskvada isə anlamalıdırlar ki, bu gün erməniləri silahlandırması Rusiya ilə Azərbaycanın münasibətlərini zədələdiyi kimi, Moskva ilə Ankaranın da münasibətlərinə təsirsiz ötüşməyəcək. Rusiya bu siyasəti ilə Almaniyadan sonra ikinci böyük qaz bazarı olan Türkiyəni itirə bilər. Türkiyə Rusiya ilə hərbi qarşıdurmadan başqa, Azərbaycan üçün istənilən fədakarlığa hazırdır. Türkiyə cəmiyyətinə hakim olan ictimai rəy Azərbaycana zərər verəcək istənilən dövlətlə sıx əməkdaşlığı qəbul etməyəcək. Moskvanın Ermənistanı silahlandırması və Azərbaycana açıq təzyiq etməsi Türkiyənin Rusiyadan qaz idxalatını tamamilə dayandırmasına səbəb ola bilər.

Moskvanın bir neçə milyard dollar xərcləyib çəkməyə çalışdığı "Şimal axını-2" qaz kəmərinin istismara verilməsi mümkünsüz hala gəldiyi bir zamanda, Türkiyənin də rus qazından imtinası Rusiyanın qaz nəhəngi "Qazprom"un tamamilə çöküşünə səbəb olar. "Qazprom"un çökməsi isə Rusiyanın dağılmasını belə gündəmə gətirə bilər. Ona görə də anlamalıyıq ki, Rusiya nə qədər nəhəng hərbi güc olsa da, onun da zəif yerləri var. Bu məqamlardan Rusiyanın antiazərbaycan siyasətini zərərsizləşdirmək və ya azaltmaq üçün istifadə edilməlidir.

 





14.10.2020    çap et  çap et