525.Az

Media savaşları - Orxan Aras yazır


 

Media savaşları -  <b style="color:red">Orxan Aras yazır</b>

Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı başlatdığı əks-hücum əməliyyatlarından sonra gənclər sosial mediada çox aktiv rol oynamağa başladılar. Xüsusilə sosial mediada gənclər rus, ingilis, türk və alman dillərində güclü mesajlar yazdılar. İlk dəfə olaraq Azərbaycan və Türkiyə gəncləri sosial mediadan bu qədər sıx və təsirli bir şəkildə istifadə etdilər. Gənclərdən Azərbaycan Prezidenti İlham Əliyevin, Müdafiə Nazirliyinin, Prezidentin köməkçisi Hikmət Hacıyevin, Xarici İşlər naziri Ceyhun Hacıyevin tvitlərinə minlərlə dəstək gəldi. Azərbaycan və Türkiyədən minlərlə gənc məşhur futbolçu Məsut Özilin "İki dövlət, bir millət" mesajına təşəkkür etdi.

Bundan əlavə, dünyanın dörd bir tərəfində yaşayan, çalışan Azərbaycan və Türkiyə ziyalıları da ilk dəfə səsləndirilən ittihamları bir birlik olaraq cavablandırdılar. Avropada yaşayan 200 nəfərdən çox ziyalı - həkim, akademik, mühəndis, memar, yazıçı və digər peşə sahibləri Qağlıq Qarabağ münaqişəsi ilə bağlı Almaniya kansleri Angela Merkelə məktub göndərdilər.

İndi o məktubun xülasəsini oxuculara təqdim etmək etmək istəyirəm.


Almaniya kansleri xanım Angela Merkel!

Almaniyada yaşayan Azərbaycan ziyalıları olaraq sizə müraciət edirik. Çünki Almaniyanın beynəlxalq hüquqa uyğun dünya nizamının böyük tərəfdarı olduğuna inanırıq ki, bu da bizə görə xalqlar arasında dinc yanaşı yaşamağın qarantıdır.

Sentyabrın 27-də Ermənistanın bölgədə təhrik etdiyi zorakılıq və mövcud vəziyyət bizi çox narahat edir. Təəssüf ki, hərbi qarşıdurmalar hər iki tərəfdə çox sayda ölümə səbəb oldu. Ermənistandan fərqli olaraq, Azərbaycan BMT-nin Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququna əsasən davranır, öz ərazisini və vətəndaşlarını müdafiə edir.

Biz Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı misilsiz miqyasda raket hücumlarından çox narahatıq. Ermənistan beynəlxalq humanitar hüquqa açıq şəkildə məhəl qoymur. 

Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə, Cənubi Qafqazın ən böyük Su Elektrik Stansiyasının yerləşdiyi Mingəçevir şəhəri, eləcə də Beyləqan, Bərdə və Tərtər rayonları, hətta Bakıya yaxın olan Xızı şəhəri raket atəşinə tutulur, münaqişə zonasından kənarda yerləşən, əhalinin  sıx məskunlaşdığı şəhər və qəsəbələrə hücumlar edilir, beynəlxalq insan hüquqlarına məhəl qoymadan evlər, məktəblər və bazar yerləri hədəf alınır. Erməni bombardmanları nəticəsində oktyabrın 5-nə qədər uşaqlar da daxil olmaqla 25 nəfərdən çox mülki şəxs həyatını itirib, 127 nəfərdən çox mülki şəks xəsarət alıb, infrastruktura ciddi şəkildə zərər dəyib.

Biz Almaniyada yaşayan ziyalılar bir Alman-Azərbaycan cəmiyyəti  olaraq, Ermənistanla Azərbaycan arasındakı münaqişənin ədalətli və sülh yolu ilə həll olunmasını diləyirik.

Münaqişənin mahiyyəti belədir: Beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafındakı  yeddi rayon 1990-cı illərin əvvəllərindən başlayaraq Ermənistan qoşunları tərəfindən işğal olunub. Bu, Azərbaycan ərazilərinin təxminən 20 faizini təşkil edir. 1994-cü ildə atəşkəs razılaşması imzalanıb, amma o vaxtdan bəri münaqişənin sülh yolu ilə həllində real irəliləyiş əldə olunmayıb. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və Avropa Birliyi Parlamentinin qərarları da daxil olmaqla bir çox beynəlxalq sənədlərdə Ermənistandan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmaq tələb olunur. Lakin indiyədək Ermənistan bu tələblərini heç birini yerinə yetirməyib. İşğal olunmuş ərazilər Ermənistan tərəfindən etnik baxımdan təmizlənib, nəticədə bir milyona yaxın azərbaycanlı öz yurdundan didərgin düşüb.

Ermənistanın təcavüzkar davranışlarına, eləcə də beynəlxalq öhdəliklərə, o cümlədən, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamasına baxmayaraq, bir çox dövlətlərdən açıq şəkildə davamlı dəstək alması bizi çox məyus edir. Aralarında uşaqların, qadınların və qocaların da olduğu 613 nəfər mülki şəxsin həyatına son qoyan 1992-ci ilin Xocalı soyqırımının baiskarı, Azərbaycanın tarixi torpaqlarını işğal edən, insanlığa qarşı saysız-hesabsız cinayətlər törədən, beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistan bu əməllərinə görə nə zamansa məsuliyyət daşımayacaqmı?

Təəssüf ki, münaqişənin sülh yolu ilə bağlı illərlə davam edən danışıqlar konkret bir nəticəyə gətirib çıxarmadı və bu da azərbaycanlıların sülh danışqlarına olan ümidlərini sarsıtdı. Azərbaycan dövləti bu illər ərzində sülh danışıqları prosesini fəal şəkildə dəstəklədiyi halda Ermənistan tərəfi danışıqlar prosesini daima pozmağa çalışdı. Ermənistanın Baş naziri Paşinyan bu yaxınlarda Madrid prinsiplərinin əvvəllər razılaşdırılmış bəndləri əsasında danışıqları davam etdirməkdən imtina etdi, sonra isə "Dağlıq Qarabağ Ermənistandır" deməklə Ermənistanın Azərbaycan ərazilərini daimi olaraq ilhaq altında saxlamaq niyyətini açıq şəkildə ortaya qoymuş oldu.

Biz müharibəyə son qoyulmasını, ölkəmizdə sülhün əldə olunmasını istəyirik. Münaqişə kökündən həll olunmasa, 1994-cü ildən bəri kağız üzərində qurulmuş atəşkəs heç bir halda sülhə zəmanət verməyəcək. Cəbhə bölgəsində yaşayan dinc Azərbaycan əhalisi 1994-cü ildən bəri Ermənistan tərəfindən davamlı hücum riski altındadır. Artilleriya hücumlarında və erməni snayperləri tərəfindən öldürülən qadın və uşaqlar daxil olmaqla indiyədək çoxlu mülki şəxslər qətlə yetiriliblər. Bütün bunlar isə bölgədə normal həyatı mümkünsüz edir. Davamlı sülhə nail olmaq üçün edilən atəşkəs çağırışları Ermənistanın beynəlxalq hüquqa riayət etməsi və qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarması tələbləri ilə yanaşı səsləndirilməlidir.

Biz iki xalqın dinc yanaşı yaşamasına təminat verən davamlı və ədalətli sülhün yalnız beynəlxalq hüquqa riayət olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yerlərinə qayıtması yolu ilə təmin edilə biləcəyinə inanırıq. Buna görə də Almaniya hökumətinin və Avropa Birliyinin müddətli rəhbəri olaraq Sizə münaqişənin ədalətli həllinə kömək etməyə çağırırıq.

Hesab edirik ki, bunun üçün ilk növbədə aşağıda qeyd olunan bir sıra məsələlərə diqqət yetirilməsi çox önəmlidir.

* Ermənistanı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş 4 qətnaməsinə (822, 853, 874, 884 saylı qətnamələr), eləcə də digər beynəlxalq təşkilatların bu münaqişə ilə əlaqədar qəbul etdiyi qərar və sənədlərə riayət etməyə təşviq etmək;

* Ermənistanın təcavüzkar əməllərini pisləməklə onu işğala son qoymağa və qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağa çağırmaq;

* Ermənistanı Beynəlxalq humanitar  hüququn tələblərinə əməl etməyə, mülki şəxslərə, mülki obyektlərə və yaşayış məntəqələrinə hücumu dərhal dayandırmağa təhrik etmək;

* Məcburi köçkünlərin hüquqlarına hörmət göstərməsini, onların öz evlərinə təhlükəsiz şəkildə qayıtmasının təmin olunmasını tələb etmək;

Ümid edirik ki, Siz bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə və davamlı sülhə nail olunmasına köməklik göstərəcəksiniz.

 





18.10.2020    çap et  çap et