525.Az

Litva rəhbərliyinə Ermənistanın işğalçı siyasəti ilə bağlı müraciət


 

Litva rəhbərliyinə Ermənistanın işğalçı siyasəti ilə bağlı müraciət <b style="color:red"></b>

Litva Azərbaycanlıları Cəmiyyəti və Litva-Azərbaycan Assosiasiyası, Azərbaycan və Ermənistan arasında hazırda davam edən hərbi münaqişəyə Litvanın dövlət və hökumət rəhbərləri tərəfindən adekvat reaksiyanın verilməsi, qəsbkar Ermənistan dövlətinə müvafiq təsirin göstərilməsi, ona qarşı beynəlxalq sanksiyaların tətbiq edilib işğal etdiyi bütün Azərbaycan ərazilərindən heç bir qeyd-şərtsiz geri çəkilməyə məcbur edilməsi ilə bağlı onlara 5 oktyabr 2020-ci ildə beş bənddən ibarət Müraciət ünvanlayıb.

Müraciət elə həmin gün Litvanın dövlət və hökumət rəhbərlərinə təqdim olunub, eyni zamanda, ölkənin "ELTA" xəbərlər agentliyinin portalında Litva dilində və rusca dərc edilib, həmçinin, sosial şəbəkələrdə bu dillərdə geniş yayılıb. Müraciəti Azərbaycan ictimaiyyətinin diqqətinə də təqdim edirik.

Litva Respublikasının Prezidenti Zati-Aliləri Gitanas Nausedeyə

Litva Respublikası Seyminin Sədri Viktoras Prantsketisə

Litva Respublikasının Baş naziri Saulyus Skvyarnyalisə

Litva Respublikası Seymi Xarici İşlər komitəsinin Sədri Yozas Byarnatonisə

Litva Respublikasının Xarici İşlər naziri Linas Linkyaviçyusa



Bu il 27 sentyabrda Azərbaycan və Ermənistan arasında yenidən hərbi toqquşmalar başlandıqdan sonra Litva mediasında və bir sıra siyasətçilərin açıqlamalarında bu münaqişə ilə bağlı ölkədə ictimai fikri çaş-baş salıb aldadan qəribə müddəalar yer almışdır. Buna bənzər açıqlamaların dünyanın digər ölkələrində də ictimai diskursa çıxarılması bu məsələnin mahiyyətini dəyişmir. Qeyri-dəqiq, xüsusilə də açıq-aşkar yalan məlumatların geniş miqyasda qəsdən yayımlanmasının bir çox hallarda səhv siyasi qərarların qəbul edilməsinə gətirib çıxardığını bildiyimizdən, lütfən diqqətinizi aşağıda göstərilən təməl məqamlara çəkmək istərdik:

1. Beynəlxalq hüquq baxımından Azərbaycan Respublikası, Litva Respublikası və onun NATO blokundakı bütün hərbi müttəfiqləri də daxil olmaqla mütərəqqi dünya ölkələri tərəfindən hamılıqla tanınan dövlət sərhədləri çərçivəsində mövcuddur və bu anlamda tarixi Qarabağ bölgəsi də Azərbaycan ərazilərinin ayrılmaz tərkib hissəsidir. Buna görə də, təcavüzkar Ermənistan dövləti tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının tarixi Qarabağ bölgəsinə heç bir halda "kimsəsiz" və ya guya "mübahisəli" ərazi (hər iki anlam eyni şeydir) kimi baxılmamalıdır.

2. Tarixi Qarabağ vilayəti yalnız işğal olunmayıb, həm də qəddar etnik təmizləməyə məruz qalıb. Belə ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində işğaldan əvvəl 800.000 nəfər (azərbaycanlı, kürd, erməni və b.) insan yaşayırdısa, indi burada millətcə yalnız ermənilərdən ibarət olan 140.000 nəfər əhali yaşayır, qalan 660.000 nəfər isə öz ölkələrində məcburi qaçqın olmaq zorunda qalıblar.



3. Tarixi Qarabağ əyalətində işğalçılar tərəfindən qanunsuz olaraq yaradılan və heç bir dövlət - hətta Ermənistanın özü tərəfindən rəsmi olaraq tanınmayan "Dağlıq Qarabağ Respublikası" - "DQR" adlandırılan bir oyuncaq qurum beynəlxalq hüququn subyekti kimi qəbul edilməməlidir. Həm də ki, bu qurumun adından fəaliyyət göstərən strukturlar Qarabağ bölgəsi əhalisinin mütləq əksəriyyətinin maraqlarını təmsil etmir və bunu bildikləri üçün buna heç səy də göstərmirlər. Qondarma "DQR" hərbi qüvvələri isə yalnız Ermənistan silahlı qüvvələrinin tərkib hissəsi kimi qəbul olunmalıdır.

4. Azərbaycan Ermənistandan fərqli olaraq, Ermənistan da daxil olmaqla digər dövlətlərin ərazilərinə və ya bu ərazilərin hər hansı bir hissəsinə iddia etmir və 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra heç zaman buna cəhd də göstərməyib. Bu və göstərilən digər səbəblər üzündən Azərbaycan dövlətinin, təcavüzkarın işğal etdiyi torpaqlar da daxil olmaqla bütün əraziləri üzərindəki suverenliyini bərpa etmək səyləri, təcavüzkar Ermənistan dövlətinin işğal etdiyi tarixi Qarabağ vilayətinə yönəlik əsassız iddiaları ilə eyniləşdirilməməlidir. Qarabağ regionu əhalisinin müəyyən bir hissəsinin millətcə erməni olması məsələnin mahiyyətini dəyişdirmir - əks təqdirdə dünyanın əksər dövlətlərinin sərhədlərini dəyişdirmək lazım gələrdi, çünki sərhədlərin periferik bölgələrində adətən milli azlıqlar yaşayırlar.

5. Əgər Beynəlxalq ictimaiyyət onu təşkil edən nüfuzlu beynəlxalq təşkilatların və Litva Respublikası da daxil olmaqla bütün üzv dövlətlərin timsalında, həqiqətən də yalnız hərbi əməliyyatlara deyil, ümumiyyətlə, Azərbaycan və Ermənistan arasındakı qarşıdurmaya son qoyulmasını istəyirsə, təcavüzün qurbanı olan Azərbaycan dövlətini təcavüzkar Ermənistan dövləti ilə "xoşluqla razılığa gəlməyə" inandırmağa son qoymalıdır, hərçənd bu cür çağırışlar 30 ilə yaxındır ki, davam edir. Beynəlxalq ictimaiyyət bunun əvəzinə elə ciddi tədbirlər görməlidir ki, təcavüzkar dövlət işğal etdiyi bütün Azərbaycan ərazilərindən qeyd-şərtsiz geri çəkilsin, həm də bu əraziləri işğal altında saxladığı müddətdə və kütləvi etnik təmizləmələr aparan zaman Azərbaycan dövlətinin məruz qaldığı itki və zərərləri ödəməyə məcbur edilsin. Güman edirik ki, məhz belə tədbirlər Ermənistana bütün qonşuları ilə öz münasibətlərini normallaşdırmağa imkan verərdi. 



Hörmətlə,

İmantas Melyanas - Litva-Azərbaycan Assosiasiyasının prezidenti
Mahir Həmzəyev - Litva Azərbaycanlıları Cəmiyyətinin sədri

Vilnüs şəhəri, 5 oktyabr 2020-ci il

P.S:
Müraciət Litvanın “ELTA” xəbərlər agentliyinin portalında aşağıda göstərilən linklərdə Litva və rus dillərində yer alıb:

https://elta.lt/lt/pranesimai-spaudai/asociacijos-lietuva-azerbaidzanas-ir-lietuvos-azerbaidzanieciu-bendrijos-kreipimasis-del-reagavimo-i-azerbaidzano-ir-armenijos-karini-konflikta-206135

https://www.elta.lt/lt/pranesimai-spaudai/obrashchenie-assotsiatsii-litva-azerbaydzhan-iobshchiny-azerbaydzhantsev-litvypo-povodu-reaktsii-na-konflikt-mezhdu-azerbaydzhanom-i-armeniey-206250

 





19.10.2020    çap et  çap et