525.Az

"Azərbaycan" jurnalının yeni sayı


 

"Azərbaycan" jurnalının yeni sayı <b style="color:red"></b>

Üz qabığına bu dəfə milli birliyimizin "Qarabağ Azərbaycandır!" nidasını çıxaran "Azərbaycan" jurnalı Böyük Zəfər yürüşünə səsləyir.

Sözün tribunasında 85 yaşlı şair əvəz Mahmud Lələdağın misraları bayraq əvəzi dalğalanır: 

Hoydu, igidlərim, düşmənə qarşı!
Qisas qiyamətə qalmasın gərək!
Doğma yurdumuzun bir qarışı da
Yağı tapdağında qalmasın gərək!   

Lələdağın bu çağırışına səs verən Ülkər Nicatlı da uçulmuş qalaları dikəltməyə misra-misra daş daşıyır.

"Həqq mənəm!" söyləyən Mənsur olmuşam" səngərindən boylanan Barat Vüsal özünü bir dəbelə nişan verir:

Ucalığım budur mənim,
Sözüm, qələmim boydayam. 

Vaqif Aslan, Ramiz Kərəm, Zabil Pərviz, Zaur İlhamoğlu, Aysel Nəsirzadə, Müxəmməd Haqverdi də oktyabrın şeir ovqatına rəng qatıblar.

Yazıçı Varis "Qızıl cib saatı" romanında London arxivlərindən tutmuş Qarabağ torpağınadək, tarixin izinə düşüb. Xalq yazıçısı Kamal Abdulla belə düşünür ki, bu roman "Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işinə yardımçı olacaq deyə onun müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə yayılması çox yaxşı olardı".

"Televizor" ssenarisində Elçin nəsrinin oxucuları yazıçının "tarixdən ibrət götürmək" mesajını bir daha dinləyəcəklər.

"Debüt"də Faiq Novruzlunu tanımağa "Buxarlanma" kontent-hekayəsi bələdçilik edəcək.

Publisistika rubrikası çox maraqlı və dəyərli bir yazı təqdim edir. "Türk-İslam mədəniyyətinin cüt gücü: şeir və musiqi" araşdırmasında Nizaməddin Mustafa da ən böyük dəyərimiz olan birlikdən bəhs edir.

Yazıçı Anarın dostlar və dostluqların qiyməti ilə bağlı düşüncələrinə ünvan seçdiyi adlar - Rüstəm İbrahimbəyov, Mənsur Vəkilov, Əkrəm Əylisli "Üç yazı" essesində.

Tənqid və ədəbiyyatşünaslıq rubrikasında da üç məqam var. Dastan poetikasından roman texnikasına keçidi Pərvanə Bəkirqızı Kamal Abdullanın yaradıcılığında izləyir. Arzu Hacıyeva Əbədi Qayıdış mövzusunu atası Əşrəf Hacıyevin bir hekayəsində incələyir. Xalidə Mete isə Türk dastanlarında möcüzəvi gücün semantikasından söz açır.

Vüsal Nuru vədinə sadiqdir: "Kitab rəfi"nə maraqlı yeni nəşrləri düzüb: ustad ərəbşünas, professor Əli Əsgər Məmmədovu, Mahmud Erol Kılıçı, Sərdar Amini, Güləmail Muradı, İmam Cəmillini kim oxumaq istəsə, bu rubrikada tanış ola bilər.

ŞAHANƏ

 





19.10.2020    çap et  çap et