525.Az

"Ermənistanın nicatı Qarabağ iddiasından imtina etməkdədir"


 

"Ermənistanın nicatı Qarabağ iddiasından imtina etməkdədir"<b style="color:red"></b>

"Ermənistan 2050 - İnkişaf Strategiyası haqqında Paşinyanın danışdığı nağıllardan biri də 2050-ci ildə Ermənistan əhalisinin 5 milyona çatdırılması ilə bağlı idi. 

Real statistik təhlil bunun tam əksini göstərirdi. Eyni zaman da BMT-nin 2019-cu ilin yekun məlumatları əsasında “Ümumdünya Miqrasiya Hesabatı – 2020” hesabatına görə, Ermənistan əhalisi əhali/mühacirət edən insanların say mütənasibliyi ilə dünyanın ən mənfi göstəricilərinin qeydə alındığı 20 ölkə arasında 18-ci yerdə qərarlaşıb. Səbəb isə çox sadədir. Mühacirət dayanmır. Əksinə, dərinləşmə tendensiyaları var. Çünki, Ermənistanın yürütdüyü işğalçı xarici siyasət nəticəsində üzləşdiyi durum onu bir dövlət olaraq gələcəyini sual altında qoymaqla bərabər, onu çıxması mümkün olmayan ağır sosial-iqtisadi duruma salıb. Bu isə erməni vətəndaşını mühacirliyə məcbur edir".

Bu fikirləri Sia.az-a açıqlamasında SOCAR əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
 
Ekspert bildirib ki, son günlər sərhədlər bağlanaraq ölkədən çıxışa qadağa qoyulana qədər insanlar, əsasən də gənclər və əmək qabiliyyəti olan təbəqə sürətlə ölkəni tərk edirdi. Onların da böyük bir qismi geri dönmürdü. Digər tərəfdən də  son illərdə doğum səviyyəsi də aşağı enməsi vəziyyəti acınaqlı hala salmışdır. Ölüm sayı isə əksinə - doğumu kəskin üstələyirdi. Bu səbəbdən orada gənclərin sayı yaşlıların sayı ilə müqayisədə çox aşağı qalmaqda davam edir. Hətta BMT-nin hesabatlarının birində 2035-ci ilə qədər Ermənistanın əhalisinin 2.6 milyona enmə ehtimalı qeyd edilir:
 
"Onu da qeyd edim ki, son 18 il ərzində, 2000-ci ildən 2018-ci ilə qədər olan dövr ərzində Ermənistanda əhali sayının 7,8% və ya 250,2 min nəfər azalaraq 3 milyon 221,1 min nəfərdən 2 milyon 970,9 min nəfərə düşməsini Ermənistan Statistika  Xidməti də etiraf edib. 2020-ci il yanvarın 1-də isə Ermənistan əhalisinin sayının 2 959 500 nəfərə qədər azaldığı qeyd edilib".

E.Əmirov qeyd edib ki, Azərbaycanda isə demoqrafik durum tam fərqlidir. 2003-2018-ci illərdə əhali sayında təxminən 1,8 milyon artım baş verib. Bunun 1 milyonu son 8 ilin payına düşüb. Bu dinamika davam edərək 2019-cu il aprelin 6-da isə Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Azərbaycanda əhali artım dinamikasının daimi yüksələn xətlə davam etməsinin kökündə duran səbəb ölkə rəhbərliyinin apardığı  siyasətdə sosial yönümlülüyün ildən ilə xüsusi çəkisinin artması olub. Bir az əvvələ qayıtsaq görərik ki, 90-cı illərin ortalarından başlayaraq respublikamızda aparılan sosial-iqtisadi islahatlar əhalinin rifah halına təsirləri getdikcə hiss edilməyə başladı. Nəticədə əsas demoqrafik göstəricilərdən biri sayılan ölüm səviyyəsinin azalmasında müsbət dəyişikliklər baş verdi. 7,3 faizədək artmış  ölüm əmsalı sonrakı illərdə azalmağa başladı və 2002-ci ildə 5,8 faizə qədər endi. Elə həmin dövrlərdə körpə ölümü isə üç dəfədən çox azaldı. Belə ki, 9,8 faizdən  3,1 faizə endi. Ölkə iqtisadiyyatının dinamik inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşması ömür uzunluğuna da müsbət təsirini göstərirdi. Belə ki, əhalinin orta ömür uzunluğu 69,1 yaşadək azaldığı halda, sonrakı illərdə sosial iqtisadi həyat göstəricilərin yüksəlməsi  nəticəsində bu göstərici 72,2 yaşadək artdı. Ən əsas onu qeyd edim ki sadaladığım bu nəticəni biz 90-cı illərin sonlarından başlayaraq 7-8 il ərzində əldə etdik. Daha sonra da bu artım tendensiyası davamlı şəkil aldı. Bu günümüzə isə daha uğurlu hesab edə biləcəyimiz bir statistikaya gəlib çatdıq:

"Yuxarıda qeyd etdiyim mənzərənin daha aydın görünməsi üçün rəqəmlərdən ibarət statistikanı vizual görüntüyə çevirməyə çalışdım. Çünki bu zaman göz qamaşdıran rəqəmlər maraqlı mənzərəyə çevrilir. Buna görə də Azərbaycan və Ermənistanın demoqrafik dinamikasını əks etdirən statistikanın köməyilə şəkildə əks olunan xətti diaqramı tərtib etdim.



Bu xətti diaqrama diqqətlə baxmaqla bir çox maraqlı nəticələr əldə etmək olar. Məsələn, diaqramdan aydın görünür ki, nə qədər ki Ermənistan Qarabağ uğrunda açıq savaşa çıxmamışdı, onun əhalisi artmaqda davam edirdi. 1950-ci ildən üzü bəri Azərbaycanı addım-addım izləyək aşağı sərhədlərilə paralel bir artım dinamikası vardı. Bu artım 1992-ci ilə qədər yetərincə yüksək dinamika ilə inkişaf etdi və onların sayı 3,63 milyon çatdı. Eləki Qarabağda müharibə şiddətləndi Ermənistan əhalisinin nəinki artım tempi dayandı, əhali sürətlə azalmağa başladı. Beləcə, Ermənistan mövcud olduğu bütün illər ərzində ölkədə yaşayanların maksimum sayı 1992-ci il olaraq tarixə düşdü. Bu məqamlar diaqramdan aydın görünür. Həm də burda onu görmək olar ki 1992-ci ilə qədər orda əhali sayı Azərbaycanla təxmini sinxron olaraq qalxan templə gedirdi. 1992-ci ildə müharibənin alovlanmasilə ermənilər üçün demoqrafik fəlakət başladı.

Diaqrama diqqətlə baxsaq daha bir maraqlı məqamı sezmək olar. 2000-ci illərdən sonra atəşkəs rejiminin nisbətən daha işlək olması onların əhali sayının azalma sürətinə təsir etdi. Bu əslində çox böyük bir məqamdan xəbər verir. Bu onu sübut edir ki, orta statistik erməniyə əslində Qarabağ lazım deyil. Bu münaqişə onları ölkələrindən didərgin salır. Amma nisbi sabitlik artan kimi ölkədən xaricə miqrasiya sürətini nisbətən azalma baş verir.

Lakin heç bir faktor  xaricə miqrasiyanı tam dayandıra bilmədi. Bunun səbəbi isə Ermənistanda iqtisadi-sosial durumunun son dərəcə acınacaqlı olması idi. Azərbaycan rəhbərliyinin beynəlxalq aləmdə apardığı uğurlu xarici siyasət Ermənistanın inkişafı üşün kabusa çevrildi, onu bütün regional və beynəlxalq layihələrdən kənar saxladı. Bu isə iqtisadiyyatının digər sahələri iflic olan bu ölkənin əhalisinin sosial həyatını cəhənnəmə çevirdi. İnsanlar çıxış yolunu miqrasiya etməkdə gördü. Nəticə isə göz qabağındadır. 28 il ərzində bir nəfər belə artım olmadı, əksinə  3,6 milyondan 2,9 milyona endi. Azərbaycan əhalisi isə bu 28 ildə 3 milyon, yəni Ermənistan əhalisinin mövcud sayından da çox artdı".

Ekspert bildirib ki, bütün bu təhlil bir daha sübut edir ki, Ermənistanı istər iqtisadi cəhətdən geri salan, istərsə də demoqrafik fəlakət yaşamasına səbəb olan məsələ onların Qarabağ iddiasıdır. Reallıq budur ki Ermənistanın nicatı bu iddiadan əl çəkdikdən sonra başlayacaq. Bu zaman Ermənistan üçün 3 böyük imkan yaranacaq.

- Azərbaycan və Türkiyənin müəllifi olacağı regional və beynəlxalq layihələrdə iştirak fürsəti əldə edəcək.

- Türkiyə ilə sərhədləri açılacaq.

- Xarici investorların cəlb edilməsi üçün münbit şərait yaranacaq.

Bu 3 amilin reallaşması isə Ermənistan istisadiyyatının dirçəlməsinə və sosial durumun normallaşmasına səbəb olacaq. Yalnız bundan sonra onun demoqrafik göstəricilərində inkişaf dinamikasının sezilməsi mümkündür.

Bir sözlə bu ölkənin nicatı Qarabağ iddiasından imtina etməkdədir. 

 





20.10.2020    çap et  çap et