525.Az

Bütün yollar məbədə aparır... - Yazı


 

Bütün yollar məbədə aparır... - <b style="color:red">Yazı</b>

Bu deyim müqəddəs kitablardan gəlir. Amma o yollar məbədə aparır ki, həmin yolların yolçuları ədalətə, insanlığa qulluq edirlər. Azərbaycanın öz torpaqlarını yağı düşməndən azad etmək üçün apardığı bugünkü mübarizə ədalətə, ləyaqətə, insanlığa xidmət edir.

Xalqımızın milli leksikonumuza bu günlərdə ərmağan etdiyi "Vətən müharibəsi" deyimi müqəddəsliyin sərrast ifadəsi kimi dilimizin işlək fonuna keçdi. Ali Baş Komandanımızın Birinci Əsgəri olduğu ordumuz illərlə həsrətini çəkdiyimiz Qarabağa - işğaldan azad etdiyi şəhərlərimizin, kəndlərimizin müqəddəs yollarını açır və bu yollar indi yenidən bizi məbədlərə aparır.

Yol insanı o zaman müqəddəs məbədlərə aparır ki, o yolun yolçuları müqəddəs amallar dalınca gedirlər. İşğala gedən yolun sonunda məbəd deyil, cəhənnəm alovları olur. Necə ki, bunu 1812-ci ildə Rusiyanı Moskvaya qədər işğal etmiş Fransanın işğalçı ordusu və onun əsgərləri gördü, bunu İkinci Dünya müharibəsində ilk illər insanlığa meydan oxuyan faşist Almaniyası gördü və s. Otuz il bundan əvvəl Qarabağda Xocalı soyqırımı törədən, günahsız azərbaycanlıları, dinc əhalini min bir işgəncəyə məruz qoyan erməni faşistləri bu gün həmin günahlarının bədəlini almaqdadırlar. Ermənistan indi gördü ki, Azərbaycan ordusu dünənki deyil, onun Ali Baş Komandanı dünənki komandan deyil. Düşmən aydın şəkildə gördü ki, Azərbaycan xalqı Vətən uğrunda bu mübarizədə yumruq kimi birləşib. Bu xalq özünün Prezidentinə, Ali Baş Komandanına, ordumuza dayaq olaraq torpaqlarımızı azad etməyə qadir olan bir ölkənin vətəndaşlarıdır.

Vətən müharibəsi başlayan gündən Prezident İlham Əliyev öz Tvitter səhifəsində hər gün işğaldan azad edilən yeni kənd və şəhərlərimiz barədə qürurla məlumat verir. Prezidentimiz dünyanın aparıcı telekanallarına verdiyi müsahibələrində bir tərəfdən Azərbaycan xalqının haqlı mübarizəsinin haqlılıq səbəblərini açır, digər tərəfdən dünya ictimaiyyətini erməni yalanlarından, erməni şərindən uzaqlaşdırır. Prezident İlham Əliyevin dilə gətirdiyi bütün faktlar yalnız həqiqətə söykənir. Bu faktlar sırasında onun hər dəfə dilə gətirdiyi bir fikir də var: torpaqlarımız azad ediləcək və Ermənistanın otuz il müddətində viran qoymağa macal tapdığı o kəndlər, o şəhərlər dərhal yenidən bərpa ediləcək, köçkünlərimiz öz doğma ocağına qayıdacaq, o yerlərdə uşaq gülüşləri hər kəsi sevindirəcək.

O yerlərə aparan yollar! Birbaşa məbədə aparan müqəddəs yollarımız! Otuz il həsrətində olduğumuz yollar. O yollar bizi ata-babalarımızın uyuduğu məkanlara, yarımçıq qoyub gəldiyimiz məktəblərimizə, min illərin yadigarı olan abidələrimizə, barlı-bəhrəli bağlarımıza, qoyun-quzularımızın otlaq yamaclarına aparmaqdadır.

Mən neçə gündür ki, Şanlı Müdafiə Nazirliyimizin erməni faşistlərindən azad etdiyi kəndlərimizin, şəhərlərimizin elə Müdafiə Nazirliyimizin qürurla yaydığı video görüntülərinə baxıram. Düşmən otuz il bundan əvvəl işğal etdiyi bu kəndləri, şəhərləri niyə belə viran qoyub? Cavab çox sadə, amma çox da mənalıdır: Düşmən əzəl gündən qəti inanıb ki, o torpaqları əsl sahibləri tezliklə geri qaytaracaq.  Onu da qeyd etmək lazımdır ki, erməni vandalları tərəfindən daha çox viran qoyulan bütün beynəlxalq aləm tərəfindən qəbul olunmuş "Madrid prinsiplərin"də əks olunan və Azərbaycana geri qaytarılması tələb olunan 7 rayonumuzun şəhərləri, kəndləridir. Bunu bilə-bilə düşmən evlərimizi, qəbiristanlıqlarımızı, abidələrimizi viran edib. Buna düşmənçilik də demək azdır, buna faşizm də demək azdır. Qoy məni qınamasınlar - faşist Almaniyası zəbt etdiyi ölkələrdə - Avropanın min bir abidəsi olan şəhərlərində, Belarusiyada, Ukraynada, Rusiyada abidələrə toxunmayıb, partizan hərəkatına qoşulmamış dinc sakinləri hədəfə almamışdı. Ermənistan tərbiyəsizliyi isə mövcud olduğu çağdan bugünkü Gəncə təxribatlarınadək həmişə daha çox milliliyi, insanları nişan almış, özünün saxta tarixinin saxtalığını ört-basdır etmək üçün abidələrimizi dağıtmışdır. Onlar da yolda olmuşlar: qan tökmə "yolunda", ermənidən başqa hər kəsə ölüm "yolunda", saxta tarix yolunda, qonşu dövlətlərin hamısından torpaq iddiası "yolunda". Amma Tanrının da ədaləti var, Tanrı ədaləti heç nəyə qurban vermir. Tanrı ancaq müqəddəs iş dalınca gedən yolçulara yar olur. Tanrı ancaq bu yolların məbədə apardığını deyir. Ona görə də bu gün Tanrı özü bizimlədir. Tanrı özü Ali Baş Komandanımızın başının üstündədir. Tanrı özü ordumuza yol göstərir - məbədə aparan yolu. Tanrı Azərbaycan xalqının yanındadır - ədalətin, insanlığın, ləyaqətin yanındadır.

Azərbaycan Prezidentinin müxtəlif transmilli telekanallara verdiyi  müsahibələrə diqqət edin. Cənab Prezident bütün cümlələri ilə haqqın və ədalətin bərpasını istəyir. Ermənistanın yaydığı və Prezidentimizin "feyk xəbər" adlandırdığı saxta xəbərlərdən uzaqlığı onu bir diplomat kimi dünyaya bir daha tanıtdırdı. Rusiyanın aparıcı telekanallarındakı bəzi "təhlil" proqramlarındakı ermənipərəst qüvvələr yalan və saxta faktlarla nəyi desən dəyişə bilir, amma kimsə İlham Əliyevlə bağlı saxta bir kəlmə demək istəyirsə, ən qatı ermənipərəst "qonaq" belə dərhal ona qısaca olaraq belə cavab verir: "Prezident İlham Əliyevin həqiqətləri ilə, diplomatik bacarığı ilə, dünyanın aparıcı dillərindəki sərrast nitqi ilə işiniz olmasın".

Prezidentimizin bu möhtəşəm bacarığı, görünməmiş diplomatik səviyyəsi, əlbəttə, atasından, ailədən, bitirdiyi Beynəlxalq Münasibətlər İnstitutundan gələ bilər, amma burda da bir Tanrı faktı var və o Tanrı faktı onu elə bir müqəddəs yola çıxarıb ki, o yol mütləq məbədə aparır və bu yol artıq məbədin, müqəddəs qələbəmizin, haqqın və ədalətin açıq qapısının astanasındadır. Haqq yolumuz mübarək olsun, cənab Prezident! Haqq yolumuz qələbəyə çatdırsın, yenilməz ordumuz! Haqq yolumuz səni layiq olduğun haqqa qovuşdursun, əziz məğlubedilməz xalqımız!

 





20.10.2020    çap et  çap et