525.Az

Yalnız Azərbaycanda... - Şahanə Müşfiqin essesi


 

Yalnız Azərbaycanda... - <b style="color:red">Şahanə Müşfiqin essesi</b>

Bəzən qarşıma çıxırdı "təkcə Azərbaycanda...", "yalnız azərbaycanlılar..." sözləriylə başlayıb, hansısa neqativ, mənfi xüsusiyyətlərin sadalanması.

Bu cümlələrdə xalqın adına çıxarılan məziyyətlərə də rast gələ bilərdiniz, hökumətin sətiraltı tənqidinə də. Nə zaman belə bir cümlə eşitsəm, içimi böyük qəzəb, hikkə bürüyürdü. Bu haqda istər dost-tanış arasında, istərsə də sosial şəbəkələrdə dəfələrlə etirazlar etmişəm. Ən başlıca etirazım isə "bütün dünyanı, bütün xalqları tanıyırsınızmı, nə bilirsiniz, bu, təkcə bizdədir?" yönüdə olurdu. Təbii ki, Biləcəridən o tərəfə keçə bilməyən bu narazı kəsimdən sualıma doğru-düzgün cavab ala bilmirdim. Amma heç vaxt bu sualı verməkdən də yorulmurdum.

Vətənimi, millətimi, ölkəmi hər zaman sevmişəm, təəssübünü çəkmişəm, lazım olan bütün məqamlarda müdafiəsinə qalxmışam, mənsub olduğum xalqla qürur duymuşam. Çünki bu xalqın tarixini də, keçdiyi yolu da, başına gətirilənləri də, dirənişini də, bu dirənişinə görə əldə etdiklərini də çox yaxşı bilirəm. Amma məhz bu məqamlarda - hansısa kiçik çatışmazlığı şişirdib, bizi sanki dünyanın ən pisi imişik kimi qələmə verənlərimizi görəndə onların yerinə utanmışam, xəcalət çəkmişəm.

Azərbaycanı tənqid edənlərin çoxunun dilə gətirdiyi bir arqument vardı: Qarabağ. 30 il öncə itirdiyimiz Qarabağ böyük və ulu xalqın baş qaxıncına çevrilmişdi. Məhz bu "ayıbımıza" görə gözükölgəli, başıaşağı olmuşuq illərdir. Kimsə 30 il əvvəlki vəziyyəti nəzərə almaq, Azərbaycanın nələrdən keçdiyini araşdırmaq, bu hadisələrin necə, hansı şəraitdə başına gətirildiyini anlamaq istəməyib, bəlkə də. Onlar üçün fərqi yoxdur ki, Azərbaycan 70 ildən çox əsarətlik zamanından sonra yenicə müstəqillik qazanırdı. Onlar bilmirlər ki, Sovet hakimiyyəti azərbaycanlıların orduda xidməti zamanı heç vaxt əllərinə silah vermirdilər. Çünki əsarətindəki xalqın silahla davranmağı öyrənməsindən, hərb sənətini bilməyindən qorxurdular. Ona görə də Azərbaycanda hərbi sahədə kadrlar yox səviyyəsində idi, silah-sursatdan isə danışmağa belə dəyməz. Yenicə müstəqil olmuş, iqtisadiyyatı, ordusu olmayan, siyasi meydanında hərc-mərclik, qarışıqlıq hökm sürən bir dövlətdən nə tələb etmək olardı ki?!

Məhz Qarabağa görə böyüklərimiz illərlə utanc hissi ilə yaşadılar. Özünü bilməzlər onları birləşməməkdə, torpağa sahib çıxmamaqda, məğlub olmaqda qınadılar. Amma onlar məğlub deyildilər, onlar məğlubiyyətə məhkum edilmişlər idilər.

Sonra illərlə dildə-dişdə "Azərbaycanlılar bir olmağı bacarmır, biz Qarabağı unutmuşuq" kimi tənələr gəzdi. Yerindən duran xalqımı məhz bununla günahlandırdı.

Beləcə, 30 il keçdi. Bu 30 il ərzində dəfələrlə xalq ayağa qalxdı, Qarabağı unutmadığını göstərdi, müharibə istədi. Yox, bu xalqın gözünü qan örtməmişdi. Bu xalqın gözünü Qarabağ sevgisi bağlamışdı. Ondan başqa heç nə görə bilmirdi. Görmədi də...

Dövlətimiz, Prezidentimiz, Ali Baş Komandanımız isə gözləyirdi. "Bir gün biz mütləq Qarabağa qayıdacağıq!" deyə-deyə səbr edirdi. Kimimiz inanırdıq, kimimiz bədbinliyə qapılıb susurduq, kimimiz isə asiliyimizə salıb səbirsizlik göstərirdik. Amma son günlərdə baş verənlər göstərdi ki, bir bildiyi vardı Onun.

Ali Baş Komandanımız xalqına verdiyi sözü tutdu. Zamanı yetişən kimi Qarabağ uğrunda müharibəyə qalxdı. Onunla bərabər, Azərbaycan xalqı da ayağa durdu. 20 gündən çoxdur əvvəllər heç sevmədiyim "təkcə Azərbaycanda...", "yalnız azərbaycanlılar..." sözləriylə başlanan cümlələri mən də qururam:

Təkcə Azərbaycanda xalq torpağı uğrunda müharibə üçün bu qədər təşnə ola bilərdi. Yalnız azərbaycanlılar orduya könüllü yazılmaq üçün Səfərbərlik və Hərbi xidmətə çağırış binasının önündə izdiham yarada, onu aparmırlar deyə mübahisə edə bilərdi. Dünyada təkcə bizik ki, səfərbərlik xəbərini sevinclə, toy-bayramla qarşılayırıq. Yalnız bizim analarımız oğluna "Qarabağı almamış geri qayıtma!" deyə bilərdilər. Bircə bizim atalarımız "bir oğlum şəhid oldu, üzümü ağ elədi, o biri oğlum da bu vətənə qurbandır!" deyərdi. Ancaq azərbaycanlı düşmənin atdığı bombayla dağılmış evinin önündə gülə-gülə "Vətənimə qurban olsun evim də, canım da. Təki əsgərlərimiz sağ olsun, Qarabağı alsınlar, biz yüz belə evi qurban verərik!" - çıxışını edərdi.

Döyüş meydanında hərbçilərimizə bata bilməyən düşmən xalqı qorxutmaq, panika yaratmaq üçün yaşayış məntəqələrimizi, dinc əhalini hədəf seçdi. Tərtər, Ağdam, Naftalan, Gəncə kimi bölgələrimizə atılan bombalar, raketlər nəticəsində 60 nəfərdən çox mülki əhali öldü, 200 nəfərdən çoxu isə yaralandı. İnfrastruktura, şəxsi mülkiyyətə ciddi ziyanlar dəydi. Amma bunlar belə bu xalqın döyüş əzmini, ruh yüksəkliyini sarsıda bilmədi. Hər kəs bütün itkilərini Qarabağa, qələbəyə qurban dedi.

Bunu əminliklə və bütün məsuliyyətiylə söyləyə bilərik ki, yer üzü belə bir xalq görməyib. Bəli, bütün bunlar və daha artığı təkcə Azərbaycanda yaşana bilərdi... Və yaşanır. Ona görə də belə bir xalqa yalnız qələbə yaraşır!..

 





20.10.2020    çap et  çap et