525.Az

"Həmişə inanmışam ki, bir gün mütləq Şuşaya gedəcəyəm" - Sosial şəbəkədə yazılanlar


 

"Həmişə inanmışam ki, bir gün mütləq Şuşaya gedəcəyəm" - <b style="color:red">Sosial şəbəkədə yazılanlar </b>

Çingiz Abdullayev, Xalq yazıçısı:

- Mən uşaq olanda biz hər yay Ağdama gedərdik. Ağdama dəmir yolu yox idi deyə qatarla Bakıdan Yevlaxa gələr, orada babam arxamızca göndərdiyi maşına minərdik. Gözəl günlər idi. Ağdamda olduğumuz müddətdə mənim ən yaxın dostum olan atam, sevimli əmim və babamla birlikdə iki-üç həftədən bir Şuşaya gedərdik. Mən həm evin böyük oğlu, həm də babamın böyük nəvəsi idim. İkinci Dünya müharibəsində iki böyük oğlunu itirmiş babam o biri nəvələrini də çox istəyirdi, amma mehrini daha çox mənə salmışdı. Yeri gəlmişkən, genetikanın hansısa müəmmalı qanununa görə, babamın bütün nəvələri oğlan idilər. Elə mənim kimi.

Şuşadan örtü ürəyim gedirdi. Bu xatirələr ömür boyu mənimlə qalacaq. Amma mənim övladlarım, nəvələrim heç vaxt o yerləri görməyiblər. Bu, çox ağrı-acılı məsələdir, ədalətsizlikdir, istər-istəməz adama yer eləyir.

Bir dəfə qardaşlarımla, əmim uşaqları ilə yığışıb Şuşaya getmişdik. İllər sonra Bakıda dünyasını dəyişən atamın nəşini məscidə aparanda, qardaşlarım da. əmim uşaqları da yanımda idilər. Kimsə Şuşaya gəldiyimiz vaxtları xatırlatdı. Təəssüf ki. atam bir də ora qayıda bilmədi. O, Bakıda, anamın yanında dəfn olundu. Onun atasının qəbri isə Ağdamdadır. Həmişə inanmışam ki, bir gün mütləq Şuşaya gedəcəyəm və oğlanlarımı başıma yışıb deyəcəyəm: "Ata, biz qayıtdıq!"

Günel Anarqızı, yazıçı:

- Bu gün mənim rahat və arxayın olmağımın 16 səbəbi:

1.Çünki Prezidentimə inanıram.

2.Çünki xalqımı, dövlətimi və Vətənimi ürəkdən sevirəm.

3.Çünki fəxr etdiyim qüdrətli Ordum var.

4.Çünki hər gün mənim millətim daha sıx birləşərək daha çox möhkəmlənir.

5.Çünki indi mən dostlarımın qədrini daha yaxşı bilirəm.

6.Çünki innən sonra mən düşmənimin və düşmənimin dostunun kim olduğunu daha aydın görürəm.

7.Çünki mən nə düşmənimdən, nə də onun dostundan qorxuram.

8.Çünki mən düşmənimin alçaq və namərd mübarizə üsullarına əl atmayaraq müharibəmi şərəflə və ləyaqətlə aparıram.

9.Çünki bütün dünya mənə qarşı olan münasibətini dəyişir və kimin kim olduğunu görür.

10.Baxmayaraq ki, bu qəddar müharibənin atasız-anasız qalan körpələrini görəndə ürəyim min yerə parçalanır, əminəm: bu uşaqlar on milyonluq ailənin qayğı və məhəbbətiylə əhatə olunacaq.

11.Baxmayaraq ki, hər gün, hər gecə torpağım qan içində boğulur, heç bir övladı onu düşmənə qoyub getmir və ölümün üzünə dik baxır.

12.Çünki bu müharibə bizə nə qədər acı və dözülməz gəlsə də, bu şərəfli ağrını qürurla, alnıaçıq və odda kül olub yenidən doğularaq sona kimi yaşamağa hazırıq!

13.Çünki biz birlikdə güclüyük!

14.Çünki biz haqlıyıq!

15.Çünki biz zəfər çalacağıq!

16.Çünki Qarabağ Azərbaycandır!

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Vətən Müharibəsi, strategiya və rəqəmsal transformasiya. 100 minlik dron 5 milyonluq tankı bir anda məhv edirsə, gələcəkdə hərbidə nələr dəyişəcək? Biz adətən rəqəmsal transformasiyanın təsirlərindən danışanda mülki həyata diqqət yönəldirdik. Belə görünür ki, rəqəmsal transformasiya hərb sahəsini də kökündən dəyişməkdədir. Mülki həyatda bəzi ixtisaslar tarixə qovuşduğu kimi, hərb dünyasında da görünür ki, bu vəziyyət qaçılmazmış. Dəyəri 100 min dollar olan bir dronla dəyəri 5 milyon dollar olan bir tank, məsələn T-90 bir anda məhv edilir. Cəmi 5-10 kq partladıcı daşıya bilən dron kifayətdir ki, tonlarla çəkiyə malik tankı bir anda metalloma çevirsin. Eyni bir mərkəzdən, əsasən süni intellekt tətbiqiylə idarə olunan, bir tankın qiymətində olan Dron sürüsü ilə bir anda 50 tank məhv edilə bilir. Bu, dəhşətli rəqəmdir. Belə olan halda sual yaranır ki, gələcək hərbi strategiyada tank birləşmələri və ya bu kimi strukturlar saxlamaq, buraya vəsaitlər yatırmaq nə dərəcədə effektivdir? Hazırda bizim Böyük Vətən müharibəmizdə tətbiq olunan hərbi modellər onu göstərir ki, məsələn, artıq hərbidə tankist (tankçı) peşəsi də arxivə qovuşmalı olacaq. Onun yerini, əvvəlki paylaşımda qeyd etdiyim kimi, məsələn, "dron operatoru" tutacaq. Eyni zamanda, dəyəri 5 milyon olan dronla, tutaq ki, dəyəri 115 milyon olan S-300 və ya dəyəri yüz milyonlarla olan ballistik raketlər məhv edilə bilir. Ermənilərin yüzlərlə tanklarının və bütün zenit sisteminin məhv edilməsi məhz Ali rəhbərlik tərəfindən bizim hərbi strategiyanın zamanında, uzaqgörənliklə düzgün hazırlandığının göstəricisidir. Ümumiyyətlə, belə görünür ki, bizim Böyük Vətən müharibəsi, 2-ci Qarabağ savaşmızında tətbiq edilən taktika və strategiya, tətbiq edilən hərbi texnologiyalar digər dövlətlərə öz hərbi konsepsiyalarına yenidən baxmağa məcbur edəcək. Müharibədə baş verənlər bir daha onu göstərdi ki, Ali Baş Komandan tərəfindən illər öncə həm İsrail ilə birgə yerli dronların istehsalına başlanması və həm də vəsaitlərin məhz ən müasir dronların və digər hərbi texnologiyaların alınmasına yönləndirilməsi doğru strategiya olub.

İradə Tuncay, jurnalist:

- Bunların uzaq hədəfləri var. Özlərini inandırıblar və hər dəfəsində bizi nişan alırlar. Bizim başqa çarəmiz yoxdu - terrorçu təfəkkürü məhv eləmək bizim boynumuzun borcu. İkinci Dünya müharibəsindən sonra alman və yaponlara ordu saxlamaq qadağan olundu... İndi bunların da bir yolun tapacağıq...

Afaq Vasifqızı, jurnalist:

- Parisdə Məhəmməd peyğəmbəri təhqir edən bir müəllim qətlə yetirilib. Evronews dayanmadan bu faktdan danışır.

Makron başını yolur. Gəncə terrora məruz qalıb. 13 nəfər qətlə yetirilib. Yüzlərlə həmvətənin evi başına uçub. Azərbaycan hərbi cinayətə görə şok keçirir. Evronews susur. Görmür. Görməzdən gəlir.

Sizin ədalətiniz başınıza dəysin!

Esmira Qasımova, jurnalist:

- Mağazadaydım. Bağlanmağına yarım saat qaldığından kassada uzun növbə vardı. Növbənin sonunda da bir əsgər. Növbə yarıldı. Canlarına qurban olduğum insanlarımız əsgəri lap başa keçirdilər. Hamıdan qabağa. Necə kövrəldim, İlahi. Qarabağ uğrunda döyüşlər hərbçilərimizin, döyüşçülərimizin, ən nəhayət, kişilərimizin hörmətini özünə qaytardı.

Var ol, gözəl xalqım!

Qabil Abbasoğlu, jurnalist:

- Orduya, əsgərə yardım etmək istəyirsiniz? Qarabağa getmək, evimizə dönmək istəyirsiniz? Lütfən, rəsmi xəbər olmadan "oranı aldıq", "buranın ətri gəlir", "filan yerə gedən gəlsin" yazmayın. Axı Qarabağın tacını - Şuşanı azad etmək belə asan iş deyil, dostlar. Bura yazmaqla olmur o işlər. Normal relyefi, əməliyyat şəraiti olan regionlarda neçə gün əziyyət çəkdi əsgərimiz, şəhid verdik, yaralılarımız oldu. İndi görün Şuşa, Laçın, Kəlbəcər kimi mürəkkəb əməliyyat şəraiti, çətin iqlim və relyefi olan ərazilərdə hansı ciddi işlər görülməlidir... Tvit gözləyirsiniz? Oturun gözləyin, hamımız gözləyirik. Biz gözləyənik, tvit yazdıran deyilik axı. Dinc siyasi dönəmdə bir siyasi liderə, lap prezidentə də demək olar, amma sevərək getdiyimiz hərbi vəziyyətdə, 30 illik nisgilimizi bitirmək üçün hamılıqla ordunu ürəyimiz və başımız üzərinə qaldırdığımız bir vaxtda hər gün sırasından şəhidlər verən həmin ordumuzun Ali Baş Komandanına "Hadi, bi tvit atsana" jarqonu ilə xitab edilməz...

İbrahim Nəbioğlu, jurnalist:

- Dəyərli dostum, məşhur televizyonçu, həftələrdir Bakıdan, Gəncədən, cəbhənin ən qızğın bölgələrindən reportajlar verən, "Haber Global" kanalının tanınmış spikeri Osman Girgin Azərbaycanda ezamiyyətdə ikən COVİD19-a yoluxub. Hazırda Bakı xəstəxanalarından birində müalicə görür. Savaşın ilk günlərindən yorulmadan çalışan Osman bəyə Allahdan şəfalar diləyir, tezliklə aramıza dönməyi arzu edirəm. Azərbaycan xalqı sənin və "Haber Global"ın fədarkarlıqlarını əsla unutmayacaq...

Arif Hacılı, Müsavat partiyasının başqanı:

- Cəbrayıl rayonunda çox yaxın dostlarımın doğma kəndləri azad edilib. Aralarında Soltanlı kəndinin mühümlüyündən hər gün danışan, Oğuzun Qumlax kəndinə gedib kəndi üçün kövrələn, kəndini İran ərazisindən seyr etmək üçün zaman-zaman oraya səfər edən dostlarım da var. Hacılı kəndininin azad olunması xəbərinin də bir ayrı zövqu var.

Təşəkkürlər Azərbaycan Ordusu!

Gözün aydın Azərbaycan!

Natiq Məmmədli, tarix üzrə fəlsəfə doktoru:

- Şuşaya qıraqdan gələn adam özünü pis aparanda bilirsiniz ona nə deyərmişlər?

"Qaqa, burda Qacar baş qoyub gedib ha!.."

İfadəyə fikir verin e, baş qoyub yox ha, baş qoyub GEDİB!

Şuşanı işğal edənlərin hamısı baş qoyub GEDƏCƏK inşallah!

Şərif Ağayar, yazıçı:

- Şənbə-bazar Qarabağda idim. Ruh yüksəkliyi inanılmaz dərəcədədədir. Əsgərlərə hamı "Sizə qurban olum" deyir. Raketdən, ölməkdən heç kim zərrəcə qorxmur. Səs gələndə məzələnirlər. "Qorxmursuz?" sualına düşünmədən "Kimdən artığıq!" deyə cavab verirlər. Allah bu yurdun köməyi olsun. Azərbaycanı bu qədər VƏTƏN hiss elədiyim olmamışdı.

Nuridə Allahyarova, jurnalist:

- Zabitimiz danışır. Deyir 93-də 2 yaşım vardı Füzuli işğal olunanda. Atamı 92-də itirdik, elə ordaca dəfn etdik. Qardaşlarım böyük idi məndən. 2007-ci ildə böyük qardaşım bizlə məsləhət etdi ki, bəs anamı bir az rahatlatmaq üçün gəl deyək ki, beynəlxalq təşkilatlar vasitəsilə atamın nəşini Bakıya köçürürük. Yaşlı arvaddır, qoy rahat olsun. Gözü yığılsın yollardan. Elə də etdik. Burda bir qəbir düzəltdik. Anam hər həftə gedirdi ora. Bu ilə qədər elə həftə olmamışdı getməsin. 20 gün əvvəl zəng etdim evə, hamıyla hal əhval tutub, halallıq aldım. Anam qayıtdı ki, "Füzuliyə çatsan atanın qəbrinə get, de ki, burda yalançı daşıyla ovunmuşam, orda məzarına gələcəm"...

Anam 13 il yalanımıza inandığını göstərib.

P.S. Bizim qadınlar ərlərinin bədəni toxunan məzarı da qoxusundan hiss edirmiş!

 

 





20.10.2020    çap et  çap et