525.Az

"Hədəfim doktoranturanı bitirib, Azərbaycanda fəaliyyətimi davam etdirməkdir"


 

"Hədəfim doktoranturanı bitirib, Azərbaycanda fəaliyyətimi davam etdirməkdir"<b style="color:red"></b>

Azərbaycanlı gənclərin xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərinə uyğun olaraq yerli ali təhsil və elm müəssisələrinə peşəkar mütəxəssislərin hazırlanması dövlətin əsas hədəflərindən biridir.

Bu məqsədlə 2018-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" qəbul edilib. Dövlət Proqramının həyata keçirilməsində əsas məqsəd elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkədə yeni nəsil mütəxəssislərin yetişdirilməsidir. "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nı uğurla həyata keçirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın davamı hesab etmək olar. Bu proqram strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın ali təhsil sisteminin daha da gücləndirilməsinə yönələn bu proqramın icrası nəticəsində təhsilin doktorantura səviyyəsində xaricdə təhsil və təcrübənin maliyyələşdirilməsi ilk dəfə həyata keçirilir.

Bu gün Azərbaycanda ölkənin ali təhsil sisteminin dünya standartlarına uyğun kadrlarla təmin olunmasına, dünyanın ən yaxşı ali təhsil müəssisələrinin doktorantura səviyyəsini bitirən kadrlara böyük ehtiyac var. Məhz bu proqram sayəsində xaricdə təhsil alan və fəlsəfə doktoru dərəcəsi olan yüksək ixtisaslı kadrlar təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq müqavilə tərəfdaşı olan yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə cəlb ediləcəklər. Bu yolla da Azərbaycanın ali təhsil müəssisələrinın kadr potensialı gücləndiriləcək.

Dövlət Proqramının icrasını Azərbaycan Dövlət Neft Fondu maliyyələşdirir. Xaricdə doktorantura təhsili üzrə il ərzində 100 tələbənin maliyyələşdirilməsi nəzərdə tutulur. Proqramın icrasını təmin etmək məqsədilə müxtəlif qurumlara ayrı-ayrı vəzifələr həvalə edilib. Bu  vəzifələrin yerinə yetirilməsində koordinasiya Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Bu il 34 nəfər proqram çərçivəsində 11 ölkənin 22 nüfuzlu ali təhsil müəssisəsində doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb.

Proqram çərçivəsində doktorantura təhsili almaq hüququ qazanan gənclərimizdən biri də "2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində Belçikanın Gent Universitetində "Təhsilin idarə olunması" ixtisası üzrə doktorantura təhsili almaq imkanı qazanan Gülay Məmmədovadır. O, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində keçirilən müsabiqə nəticəsində bakalavr təhsilini xaricdə davam etmək imkanı qazanıb. G.Məmmədova İsveçrənin Glion Universitetində biznesin idarəolunması, turizm və otelçilik ixtisası üzrə təhsilini davam etdirib  və 2015-ci ildə bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın  Surrey Universitetində "İnsan resurslarının idarə olunması"  ixtisası üzrə magistr təhsili alaraq, 2016-cı ildə həmin ali məktəbi uğurla bitirib. Xaricdə bakalavr və magistr təhsili illərində də müvafiq nailiyyətlər əldə edib. İngiltərədə təhsil aldığı  dövrdə "Azərbaycanda qonaqpərvərlik" mövzusunda məruzəsi "BBC Radio 4" layihəsinə qəbul olunub və bu mövzu ilə çıxış edib.

Bu məruzə Britaniya Kitabxanasının onlayn arxivində saxlanılır. Surrey Universitetindən məzun olduqdan sonra vətənə qayıdaraq təhsil sahəsində çalışıb. 2019-cu ilin iyul ayından etibarən ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər İnstitutunda karyera məsləhətçisi kimi fəaliyyət göstərib.



G.Məmmədovanın sözlərinə görə, üçüncü dəfədir ki, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq imkanı  qazanıb və o, bunu, özü üçün böyük uğur hesab edir: "Hesab edirəm ki,  bu yolda  atılan hər bir addım insandan yetərincə vaxt, səbr və əziyyət tələb edir. Və sonda müsbət nəticəyə nail olduqda bir tələbə kimi böyük bir qürur hissi keçirirəm.  Hər bir Azərbaycan gəncini bu proqramdan yararlanmağa çağırıram. Bu proqramın mövcud olması, nəinki xaricdə təhsil arzusunu dövlət hesabına həyata keçirmək imkanını qazanmaq, həmçinin də, Azərbaycanın çoxəsrlik mədəniyyətini və milli-mənəvi dəyərlərini beynəlxalq miqyasda tanıtmaq üçün böyük bir şansdır".

G.Məmmədova vurğulayıb ki, Dövlət Proqramı çərçivəsində doktorantura mövzusu təhsil sistemindəki innovativ islahatların qiymətləndirilməsi ilə bağlıdır: "Əsas araşdırma istiqamətim isə Azərbaycanda  peşə təhsili və təlimidir. Bildiyiniz kimi, son illərdə təhsil sistemində ardıcıl olaraq məqsədyönlü islahatlar aparılır. Belə ki, Azərbaycan Respublikasının Peşə Təhsili və Təliminin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən, hüquqi bazanın inkişaf etdirilməsi, peşəkar kadr hazırlığı, daxili keyfiyyət təminatı və təhsilin məzmununun inkişafını peşə təhsil və təlimi sistemində innovativ islahatların tətbiqi ilə əldə etmək olar. Həmin hədəflərin necə qiymətləndirilə və nə dərəcədə qarşılana biləcəyini öyrənmək daha böyük məqsədlərin qarşılanması və inkişafa təkan verilməsi üçün mühümdür".

G.Məmmədovanın dediyinə görə, peşə təhsili və təliminin ümumi iqtisadi inkişafdakı əhəmiyyətini nəzərə alaraq, bir çox dünya ölkələri  hazırda bu sahənin inkişafı üzrə proqramlar hazırlayır və həyata keçirir: "Azərbaycan Respublikasının Peşə Təhsili və Təlimi (VET) sistemi məzmununda bəzi məsələlərin həlli üçün strategiya və proqramlar irəli sürülüb. Belə ki, 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində Peşə Təhsil Agentliyi peşə təhsil sisteminin səmərəliliyini artırmaq və yerli əmək bazarını istedadlı namizədlərlə təmin etmək məqsədi ilə yaradılıb. Statistik məlumatlara əsasən, məzunların 11%-dən azı Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə qəbul olunur, lakin inkişaf etməkdə olan ölkələrdə bu göstərici 40-60%-ə bərabərdir.

Məsələn, İsveçrənin Peşə Təhsili və Təlimi sistemi (apprenticeship) nümunəsinə nəzər saldıqda müəyyən etmək olar ki, sözügedən istiqamətin seçimi İsveçrə gəncləri arasında çox məşhurdur. İsveçrədə müxtəlif sahələrdən olan kiçik və böyük müəssisələr 15-19 yaş arası gənclər üçün "apprenticeship" təlimlərini təşkil edirlər. Gənclər iqtisadiyyat, maşın istehsalatı, əczaçılıq, eyni zamanda, banklar, pərakəndə mağazalar, xəstəxanalar, uşaq bağçaları və sığorta agentliklərinə qədər olan 230-dan çox peşəni seçməkdə sərbəstdirlər. Gənc yaş qrupunun təxminən 70 faizi bu istiqaməti seçir. Müvafiq peşədə iş təcrübəsi aldıqdan sonra gənclər ya əmək bazarına, ya da ali təhsil sisteminə keçmək hüququna malikdirlər. İsveçrə təhsilinin qanunvericiliyinə əsasən əvvəlcə iş təcrübəsi almış şəxs daha sonra universitet təhsili ilə davam edə bilər. Hökumət tərəfindən bu istiqamətin doğru bir istiqamət olduğu dəstəklənir, çünki bu, gənclər arasında  işsizliyin qarşısını almaqla, həm də sosial sabitliyə kömək edir.  Bu təşəbbüsü dəstəkləyən təkcə hökumət deyil, həm də özəl sektordur.

Azərbaycan Respublikasının Peşə Təhsil və Təliminin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən, hüquqi bazanın inkişaf etdirilməsi, peşəkar kadr hazırlığı, daxili keyfiyyət təminatı və təhsilin məzmununun yaxşılaşdırılmasını peşə təhsil və təlimi sistemində innovativ islahatların tətbiqi ilə əldə etmək olar. Belə ki, doktorantura mövzu seçimim də bu araşdırmalardan irəli gəlmişdir. Araşdırmam təhsil sistemindəki innovativ islahatların qiymətləndirilməsi ilə bağlıdır. Xüsusilə də tədqiqat mövzumun hazırda universitetdə fəaliyyət göstərən Təhsilin İdarəolunması və həmçinin də, İctimai və Beynəlxalq Münasibətlər İnstitutları üçün də əhəmiyyətli olacağını düşünürəm".

G.Məmmədova qeyd edib ki, universitetin rəqabətqabiliyyətliliyi onun rəqabətqabiliyyətli insan kapitalından irəli gəlir.  Məhz daha iddialı və ya ambisiyalı olmaq daha çox məqsədəuyğun ola bilər: "Eyni məqsədli iddialar eyni zamanda irəli sürüldükdə, daha çox uğurlu nəticənin əldə edilməsinin mümkün olduğunu düşünürəm.

Əlbəttə, burada innovativ mühitin, qabaqcıl texnologiyaların və modern infrastrukturun da rolu zəruridir, ancaq ilk amillərdən biri, daha öncə də qeyd olunan kimi, insan kapitalıdır - yəni kadrların iş mühitinə düzgün cəlb olunması".

Onun fikrincə, ali təhsil sistemi hər bir an çevikliyə və yenilikləri qəbul etməyə hazır olmalıdır. Təbii ki, qabaqcıl texnologiyaların da bu istiqamətdə rolu danılmazdır. Həmçinin də, kadrların da mütəmadi olaraq bu istiqamətlərdə istər texniki və ya risklərin idarəolunması kimi təlimlərə göndərilməsi məqsədəuyğun hesab oluna bilər.

Gələcək planlarından söz açan G.Məmmədova deyib ki, xaricdə bakalavr və magistr təhsilini başa vurduqdan sonra, ölkəyə döndüyü vaxtdan etibarən, artıq 3 ildir ki, təhsil sahəsində çalışır: "Gələcək hədəfim doktorantura təhsilimi uğurla başa çatdırmaq və Azərbaycana dönüb təhsil sahəsində fəaliyyətimi davam etdirməkdir".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





20.10.2020    çap et  çap et