525.Az

Ruhun şad olsun, Səid! - Anım


 

Ruhun şad olsun, Səid! - <b style="color:red">Anım</b>

1993-cü ilin yazında Azərbaycan Müdafiə Nazirliyinin "Azərbaycan ordusu" qəzetində hərbi jurnalist kimi xidmətdə olarkən qəzetimizin əməkdaşı Şamil Sabiroğlu və mən Füzuli cəbhəsinə ezam olunmuşduq. Beynəlxalq  Avrasiya Fondunun rəhbəri Umud Rəhimoğlu da bizimlə idi.

Şamil Sabiroğlu Zəngilan tərəfə getdi, Umud Rəhimoğlu ilə mən Füzulidə qaldıq. O vaxt Füzulidəki Məngələnata dağı yenicə ordumuz tərəfində geri qaytarılmışdı. Füzuli şəhərinin giriş qapısına çatanda atəş və mərmi səsləri yaxından eşidilirdi. Mən həyəcanımı gizlədə bilmirdim. Bundan əvvəl Tərtər cəbhəsində olmuşdum, buna baxmayaraq,  üzümdəki soyuq ifadəni özüm də hiss edirdim. Əslində, Sovet ordusunda motorlu-atıcı qoşun birləşməsində tibb xidmətdə olmuşdum və hərbi təlimlərdə çox iştirak etdiyimdən qorxu hissimə qalib gəlməyi bacarırdım. Ancaq bu, təlim yox, real müharibə idi. Və bu müharibə bizim ölkəmizə xain qonşumuz Ermənistan tərəfindən aparılan işğalçılıq siyasətinin nəticəsi idi. Ermənistana dəstək verən dövlətlərin silahlarından bizim torpaqlarımızın işğal olunmasında istifadə edilirdi və beynəlxalq aləm də buna göz yumurdu.

Sovet imperiyası dağılandan sonra müstəqillik qazanan ölkəmizin xarici və daxili düşmənləri fəallaşmışdı və bütün gücləri ilə xalqımızın dəmir iradəsini qırmağa çalışırdılar. Sovet ordusunu Ermənistanın Gümrü şəhərindəki və Xankəndidəki hərbi hissələri də ermənilər tərəfindən bizə qarşı döyüşürdü.

Biz Füzuli şəhərinə çatanda ilk dəfə İcra Hakimiyyətini başçısı Nofəl Qasımovla görüşdük. Mən ilk dəfə idi ki, hərbi formada olan bu son dərəcə xoş- üzlü insanı görürdüm və cüssəsindən, üzünün ifadəsindən mərdlik, qəhrəmanlıq yağan bu adamın bizimlə rəftarından sanki onu illər öncədən tanıyırammış kimi düşündüm. Bu, təbii idi. Xoş ovqatlı insanların üzündəki xoş ifadə bizim xalqın gözəl xüsusiyyətlərindən xəbər verir.

Tanışlıqdan sonra Füzulidə olan hərbçilərimizin iştirakı ilə görəcəyimiz işlərlə bağlı məsləhətlər aldıq. Səhərisi gün Nofəl Qasımovla görüşdük və o, bizi 2-3 yaşlarında olan iki oğlu ilə qarşıladı. Mənə də bir diktafon bağışladı ki, bununla əsgərlərimizdən müsahibə götürərsən. O diktofonu hələ  birinci Qarabağ savaşının yadigarı kimi saxlayıram. Nofəl bəyin oğlanlarının birindən adını soruşdum:

-  Səid, - dedi  və   əynimdəki hərbi formaya,  belimdəki tapançaya baxıb komandir olacağını dedi. Uşağın üzünün ifadəsi və ürəyinin dərinliklərində uşaq dünyasına xas olan, hələ də tam anlaya bilmədiyi düşmən obrazına olan nifrət duyğusu məni kövrəltdi. Bəli, müharibə uşaqları da dəyişdirir. Ətrafımızda baş verən gəlişikliklər, müharibə və ölüm səhnələrini ekranlarda, həyatda müşahidə elədikcə onların qəlbində düşmən obrazı və ona qarşı nifrət hissi yaranır.

O gündən 27 il ötdü, Səid böyüdü, orta məktəbi bitirdi, ali məktəbə daxil oldu, bitirdikdən sonra isə zabit oldu. İlk döyüş yolu  isə 2016-cı ildə Lələtəpədən başladı.

Bəli,  2020-ci il də gəldi. Səid əlində silah, könlündə Vətən sevgisi yenə torpaqlarımızın müdafiəsi uğrunda döyüşə atıldı. Bu yaxınlarda Nofəl bəylə görüşəndə Səidi soruşdum, dedi ki, Füzuli istiqamətindəki döyüş bölgəsindədir. Uğurlar dilədim.

Lakin bir neçə gündən sonra eşitdiyim dəhşətli xəbərdən çox üzüldm. Nofəl bəy zəng edə bilmədim. Rəşad Məcidi aradım. Dedi ki, Səidi dəfn eləmək üçün Füzuliyə gedirik...

Və bir neçə gündən sonra Səidin atası Nofəl bəylə görüşdüm. Kövrəldiyimi görüb qolumdan tutdu və məni silkələyib dedi:

- Nazim, ağlamaq olmaz, Səid Vətən uğrunda şəhid olub!

Bəli, doğulduğu Füzuli rayonu üçün, cəmi Azərbaycan üçün, xalqımız üçün canını fəda edən bir Vətən oğlunin - Səid Rəşidzadənin  3 yaşındakı üzünün ifadəsi hələ də yadımdadır. Və bu gün hərbi geyimində olan şəkilində də Səidin üzündəki inam və xoş əhval-ruhiyyə o üç yaşındakı uşağın üzünün ifadəsini xatırlatdı.

Səid Vətən torpaqlarının bütövlüyü uğrunda şəhid oldu. Müzəffər ordumuzun qələbəsi yaxın günlərdə elan olunacaq. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və  müzəffər ordumuzun sayəsində bütün şəhidlərimizin intiqamı alınır, Vətənimiz xain erməni işğalçılarından təmizlənir.

Qarabağ Azərbaycandır!

Azərbaycanı göz bəbəyi kimi qoruyan Ordumuza, Xalqımıza eşq olsun!

Ruhun şad olsun, Səid!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Nazim ƏHMƏDLİ
Şair-publisist, birinci Qarabağ müharibəsi veteranı

 





22.10.2020    çap et  çap et