525.Az

Dost yaman gündə tanınar - Aynur Beşkonak yazır


 

Dost yaman gündə tanınar - <b style="color:red">Aynur Beşkonak yazır </b>

Azərbaycanla Ermənistan arasında yaşanan gərginliyin kökü çox qədim tarixi bir keçmişə dayanır. XIX əsrin əvvəllərindən bəri Cənubi Qafqazda kollektiv və şüurlu şəkildə məskunlaşan ermənilər burada təşkilatlanaraq XX əsrin əvvəllərində "Böyük Ermənistan" dövləti qurmaq xəyalı ilə məkrli planlarla vəhşicəsinə qırğınlar törədiblər.

Dərin tarixi kökləri olmayan ermənilər, tarixin müxtəlif dövrlərində eyni kin və nifrətlə Qərb və rus tərəfdarlarından aldıqları cəsarət və güclə Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçiriblər. Erməni şovinistlərinin etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan, tarixi torpaqlarından qovulan Azərbaycan xalqı tarix boyu ermənilərin "Böyük Ermənistan" planlarının hədəfi olub.

Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğalı və bir milyondan çox azərbaycanlının öz torpaqlarından didərgin düşməsi Ermənistanın bu gün də Azərbaycana qarşı eyni siyasəti davam etdirdiyinin konkret göstəricisidir. İllərdir işğal etdiyi Dağlıq Qarabağ və ətrafındakı 7 rayon üzərindən Azərbaycanın sərhəd bölgələrinə və mülki yaşayış məntəqələrinə hücum edən Ermənistan 1994-cü ildə imzalanan atəşkəs rejimini pozaraq müxtəlif vaxtlarda hücumlarına davam edib.

Atəşkəsi pozan işğalçı Ermənistan son zamanlar ən çox mülki əhalini hədəf alır. Ermənistanın işğalçı rejimi sentyabrın 27-dən etibarən bir daha hərbi təcavüzə əl ataraq Azərbaycan Ordusunun təmas xəttindəki mövqelərinə, eləcə də Gəncə, Mingəçevir şəhərlərində, Tərtər, Goranboy, Naftalan, Qazax, Bərdə rayonlarında yerləşən yaşayış məntəqələrini top və raket hücumlarına məruz qoyub. Təxminən üç həftədir davam edən bu təcavüzkar hücumlardan ən çox mülki vətəndaşlar zərər çəkir. Ermənistanın artilleriya və raket hücumları nəticəsində 63 nəfər azərbaycanlı mülki şəxs həyatını itirib, 292 nəfər yaralanıb, 500 nəfərdən çox yaşayış məntəqəsi yararsız hala düşüb. Dinc əhalini hədəf alan bu hücumlar erməni rəhbərliyinin acizliyinin, əxlaqsız və şizofrenik düşüncəsinin təzahürüdür. Günahsız insanlara edilən bu hücumlar beynəlxalq qanunları tapdalayan akt, hərbi cinayətdir. Heç bir hərbi qaydalara uyğun olmayan bu təcavüzkar akt həm də Cenevrə konvensiyasının kobud şəkildə pozulmasıdır.

Azərbaycan ordusunun mövqelərini və mülki yaşayış məntəqələrini irimiqyaslı silahlarla atəşə tutan Ermənistan işğalçılarına qarşı Azərbaycan ordusu öz xalqını və ərazi bütövlüyünü qorumaq, düşmən təxribatının qarşısını almaq və cəbhəyə yaxın bölgələrdə yaşayan insanların təhlükəsizliyini təmin etmək üçün özünümüdafiə hüququndan istifadə edir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda hər zaman mübarizə aparmağa hazır olduğunu göstərən Azərbaycan Ordusu bu müddətdə cəbhə bölgəsində əhəmiyyətli üstünlüklərə nail olub.

Dağlıq Qarabağ problemi bu günə qədər beynəlxalq hüquqa uyğun həllini tapmayıb. Münaqişəni sülh yolu həll etmək üçün bəzi dövlətlər və təşkilatlar sülh proseslərində iştrak etsələr də, problemin həlli yollarını tapmaq əvəzinə, öz fəaliyyətləri ilə məsələni siyasi böhran səviyyəsinə çatdırıblar. Dünya Ermənistanın beynəlxalq hüququ tanımayan terrorçu bir dövlət olduğunu qəbul etməli və Ermənistanın terror siyasətinin göstəricisi olan bu addımlarına göz yummamalıdır. Ermənistanın bu hücumlarına susanlar onunla birlikdə müharibə cinayətlərinə ortaq olurlar.

Ermənistan bir çox dövlət tərəfindən haqsız olaraq qorunub müdafiə olunsa da, ermənilərin ərazi iddialarını və işğal siyasətini qətiyyətlə pisləyən dövlətlər də var. Ermənistanın işğalına qarşı Azərbaycana dəstək verən ölkələr arasında qardaş Türkiyə müstəsna bir yerə sahibdir. Müstəqilliyinin ilk dövrlərindən başlayaraq Azərbaycanın haqq səsinə səs verən Türkiyə Qarabağ məsələsində də Azərbaycanın yanında oladuğunu hər fürsətdə dilə gətirərək bu mövzuda Azərbaycanın hüquqlarını müdafiə etməkdədir. Bu gün Türkiyənin Azərbaycana dəstəyi tamdır, Türkiyə iqtisadi və siyasi cəhətdən Ermənistana sərt reaksiya göstərərək dəfələrlə Azərbaycanın yanında olduğunu bütün dünyaya bəyan edib.

Başda Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəp Tayyib Ərdoğan olmaqla, tarixin hər dövründə olduğu kimi, bu gün də Azərbaycanın yanında olan, mənəvi dəstəyini əsirgəməyən qardaş Türkiyəyə, türk xalqına  təşəkkür edirik. Var olsun sarsılmaz və əbədi Türkiyə-Azərbaycan qardaşlığı!

 





22.10.2020    çap et  çap et