525.Az

Kimdir qəhrəman? - Aytac Sahədin yazısı


 

Kimdir qəhrəman? - <b style="color:red">Aytac Sahədin yazısı </b>

Böyük Fransa inqilabı zamanı kralın əsgərləri  Qrev körpüsünü atəşə tutaraq üsyana qalxmış xalqı ratuşa binasına yaxınlaşmağa qoymayanda bir yeniyetmə "Əgər mən həlak olsam, unutmayın, adım Arkoldur" sözlərini qışqıraraq ratuşaya tərəf hücuma keçir. O, hücuma keçən zaman xalqı da öz arxasınca aparır. Yeniyetmə həlak olur, insanlar isə təkcə onun adını bilir.

Qəhrəmanlıq haqqında oxuduqlarımın içərisində mənə ən çox təsir edən hekayədir. Bunu oxuduqdan sonra qəhrəmanlıq anlayışı mənim üçün tamamilə başqa çalar aldı. Təsəvvür edin, adi yeniyetmə ölümün qucağına atılır və son sözləri də "Məni unutmayın" olur. Etdiyi qəhrəmanlıq bir şeyi dəyişməsə də, adını tarixə yazdıra bilir. Deməli, qəhrəmanlar təkcə etdiklərinə görə yox, həm də etmək istədiklərinə, özlərində cəsarət tapdıqlarına görə qəhrəman olurlar. Ümumiyyətlə, qəhrəman kimə deyilir? Məncə, qəhrəmanı xarakterizə edən xüsusiyyətləri bir kənara qoyub, bu sualı ikinci dəfə versək, hər kəsin qəhrəmanlıq anlayışının fərqli olduğunu görərik. Siyasi və dini dünyagörüşündən asılı olaraq kimsə özü üçün hansısa siyasi lider kimi dini lideri də qəhrəman hesab edir. Zaman və məkanın təsirini də unutmaq olmaz. Bir ölkənin cəsur sərkərdəsi digər ölkənin sadəcə düşmənidir. Zaman isə şəxsiyyətlərə başqa gözlə baxmağı öyrədir. Sağlığında dəyəri bilinməyən, daş-qalaq edilən insanlar əsrlər sonra qəhrəmana çevrilə bilir. Bəzən cəmiyyət, yaxud siyasi gedişat da süni qəhrəmanlar yaradır. Çünki belə "tablolar" idarəetmənin hər dövründə lazımi ola bilər. Tək idarəetmənin yox, elə toplumun ayrı-ayrı fərdlərinin də.

Kimi deyir ki, şərait qəhrəmanları yaradır, qəhrəmanlar isə tarixi. Kimi də deyir ki, qəhrəman olmurlar, qəhrəman doğulurlar. Mübahisəli mövzudur. Mən birinci yanaşma ilə tanış olan zaman ağlıma spartalılar gəldi. Deyilənə görə, spartalılar doğularkən onları möhkəmlik testindən keçirirdilər. Bu testdən keçən uşaqları saxlayır, keçə bilməyənləri isə öldürürdülər. Güclü və cəsur döyüşçü kimi yetişmək isə bir spartalını bir ömür boyu izləyirdi. Beləcə, müharibə meydanlarında cəsur və qorxmaz spartalılar doğulurdu. Tarixdə bu kimi nümunələr çoxdur. Əgər biz bu nümunələri birmənalı olaraq qəbul etsək, o zaman birinci yanaşma ilə razılaşmış oluruq. Digər bir məqam isə qəhrəmanların bioqrafiyasını oxuduğumuz zaman çox vaxt təxmini belə bir cümləyə rast gəlirik: "O, hələ uşaqlıqdan öz yaşıdlarından filan xüsusiyyətinə görə seçilirdi".  Bu kimi cümlələrin yalnız pafosdan ibarət olduğunu düşünmürəm. Çox güman, həqiqət payı da var. Bəzi xüsusiyyətlər hələ uşaq yaşlarında özünü göstərir. Sanki qəhrəman elə qəhrəman kimi doğulur, şərait və çətinlik isə üzə çıxarır. "Dünyaya elə qəhrəman kimi gəlib" deyilən insanlardan biri də Çingiz xandır. Deyilənə görə,  hələ 9 yaşında atası rəqibləri tərəfindən zəhərlənərək öldürülüb. Öz qəbiləsi ailəsini sürgünə göndərdiyi üçün anası 7 uşağını tək böyütmək məcburiyyətində qalıb. Hələ uşaq yaşlarından yaşamaq üçün ov etmək və mübarizə aparmaq məcburiyyətində qaldığı zaman yemək üstündə yaranan bir mübahisədə qardaşını öldürüb. Gəncliyində rəqib klanlar tərəfindən özü və arvadı qaçırılır. Bir müddət qul kimi yaşayır. Bütün yaşadıqlarına rəğmən, hələ 20 yaşında hörmət edilən bir döyüşçü və komandir kimi tanınır.  Bir sözlə, Çingiz xan təkcə müharibələrin yox, həm də həyatının sərkərdəsi olub. Qəddarlığına, bütün yaxşı və pis cəhətlərinə baxmayaraq, tarixin gedişatına təsir göstərərək bir çoxlarının qəhrəmanına çevrilib.

Qəhrəman adamları birləşdirən bir çox ortaq cəhətlər olur - mərd, qorxmaz, sədaqətli, dürüst və s. Həyatın hər sahəsində belə insanlara rast gəlmək mümkündür. Belə adamların digər bir xüsusiyyəti kütləni arxasınca apara bilmək qabiliyyətidir. Bu qabiliyyətə sahib insanlar tarixin ən çətin dönəmlərində kütlənin bəlkə də ən çox ehtiyac duyduğu şəxslər olublar. 

Bəs yaxşı, onları qəhrəman olmağa nə məcbur edir? Niyə onlar başlarını aşağı salıb sakitcə həyatlarını yaşamırlar? Biz axı bilirik ki, bəhs etdiyimiz insanların çox vaxt çətin, məşəqqətli həyatı olur. Məncə, bunun əsas səbəblərindən biri insanın mənindən də yüksəyə qalxmasıdır. İsa Muğanna "İdeal" romanında yazır ki, "İnsanın yalnız özü üçün, yəni subyektiv hissləri ilə yaşaya-yaşaya xoşbəxt olması mümkün deyil. İnsan uzunqulaq deyil ki, yoncalığa buraxasan, yeyə, doya, şıllaq ata".  İnsan anlayanda ki, yalnız subyektiv xoşbəxtlik ona kifayət eləmir, başlayır cəmiyyətin xoşbəxtliyini axtarmağa. Bəlkə də, bu düşüncə insanı qəhrəmanlığa səsləyən nəğməyə çevrilir. Bu nəğmə də ideologiyanın himni olur. İdeologiyası uğrunda gözünü qırpmadan canını verməyə hazır olan qəhrəmanlar belə yetişir. "Babək" filmində Babəkin dediyi "Azadlıq. İstər acı olsun, istər şirin. Yalnız o idi məni döyüşdən döyüşə aparan. Ölüm isə mənim son silahımdır" sözləri insanın yaşadığı dəyər, ideologiya uğrunda ölümü gözə almasının mənalı təsviridir. 

Məhz buna görə qəhrəmanlar ölümün gözünə dik baxa bilirlər. Çünki uğrunda öldükləri səbəblər həm də onları yaşadır.

 





24.10.2020    çap et  çap et