525.Az

Xocalıda ad günü - Rafael Hüseynovdan yeni yazı


 

Xocalıda ad günü - <b style="color:red">Rafael Hüseynovdan yeni yazı </b>

Müdrik atalarımız qardaşlığı hələ doğmalığın, yaxınlığın ən vacib ölçüsü, meyarı saymamışlar, lap qandan gələn ən yaxın qohumluğun da həmişə bir sınağa ehtiyacı olduğunu qabartmışlar.

- Qardaşın necə adamdır?

Cavab ibrətlidir:

- Yol yoldaşı olmamışıq.

İnsanı, onun etibarını, sədaqətini sınaqdan çıxarmanın ən doğru vasitəsi yoldur. Yol çətin keçildikcə, qəliz imtahanlı olduqca səfər yoldaşının kimliyi barədə daha doğru qənaətə gəlmək imkanı da çoxalır.

Azərbaycan cəmiyyətində Türkiyə Cümhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğana rəğbət onsuz da vardı. İlk növbədə qardaş Cümhuriyyətin öndəri kimi!

Onun Türkiyə üçün, Azərbaycan naminə atdığı addımları da insanlarımız müşahidə edirdilər, gün-gün bu qüdrətli şəxsiyyətə sayğılar artırdı. Lakin Azərbaycanın sentyabrın 27-sindən etibarən yaşadıqları yalnız son 20-30 ilin deyil, bütöv tariximizin ən müstəsna parçasıdır. Azərbaycan, rəsmən bu gedişatın adının necə qoyulmasından asılı olmayaraq, Böyük Vətən müharibəsi içərisindədir və millətin müqəddəratı, 30 ilə yaxın müddətdə əsarətdə qalmış torpaqlarımızın taleyi, istiqlalımızın bütövlüyü kimi ümdə məsələlər odlu cəbhələrdə həll edilirkən bir möhkəm yumruğa çevrilmiş Azərbaycan indi elə şərəfli və sınaqlı bir yoldadır ki, bu səfərdə qardaş da, dost da, qohum da, qonşu da ovuc içərisindəki kimi aydın görünür, kimin əslində kim olduğunu, elan etdiyi qardaş, dost, qohum, qonşu, müttəfiq, həmfikir kəlməsinə nə dərəcədə uyğunluğunu elə hadisələrin özü əyan edir.

Daha nə and-amana ehtiyac var, nə əlavə şahid-sübuta. Xalq hər şeyi seyr edir, hamını görür, köhnədən tanıdıqlarını bir az da yaxından tanıyır.

Bu hadisələrin ilk günündən Prezident Rəcəb Tayyib Ərdoğan dahi Mirzə Ələkbər Sabirin o məşhur misrasındakı yenilməz dağ kimi vüqarla yüksəldi:

Seyl-i tən öylə təməvvüclə alıb dövr ü bərim,
Bənzərəm bir qocaman dağə ki, dəryada durar.

Məhz belə! Bu günlər boyunca Rəis hər an bir dağ kimi ucaldı, Azərbaycan da əmin oldu, güvənli oldu, ürəkli oldu ki, arxamda DAĞ var!

Qətiyyən sadə deyildi və deyil, belə arxa, belə dağ olmaq qətiyyən asan görünməsin!

Elə həmin solmaz misralardakı kimi, QARDAŞIMIZ və onun timsalında TÜRKİYƏMİZ məhz fırtınalı dəryada, qasırğalara, bütün kənar təzyiqlərə və təsirlərə köks gərərək dikəldi!

Bu həyəcanlı günlər ərzində Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqının qəlbində özünə elə bir abidə ucaltdı ki, o möhtəşəm heykəl həmişə vüqarla ucalmaqda davam edəcək.

İstisna etmirəm, gün gələcək, bəlkə işğaldan qurtulmuş hansısa kəndimizdəmi, şəhərimizdəmi, ya paytaxt Bakının özündəmi elə Rəisin gerçək heykəli də yüksələcək.

(Havadan demirəm, bir neçə gün öncə görkəmli Azərbaycan heykəltəraşı, yaratdığı abidələr dünyanın çox ölkələrində yüksələn Xalq rəssamı Akif Əsgərovla dərdləşirdik, Prezident İlham Əliyevin hər Azərbaycan insanının varlığını silkələyən, adamı şücaətlərə səfərbər edən qələbə müjdəli növbəti nitqi boyunca fikir bölüşürdük. Akif müəllim qayıtdı ki, çox böyük arzumdur, işğaldan azad olunmuş torpaqlarımızda quruculuq başlansın, mənə də nəsib olsun o yerlərdə iki qardaşın, iki böyük şəxsiyyətin, iki millət sevimlisinin abidəsini düzəldim - Prezident İlham Əliyevin, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın!).

Qiymətli şəxsiyyətlərin yurdun köksünü bəzəyən heykəlləri nə gözəl!

Lakin könüllərdəki heykəlin ülviyyətini mərmərdən, tuncdan, qranitdən düzəldilmiş hansı heykəl əvəz edə bilər?

Bütöv bir millətin sevgisiylə hər ürəkdə dikələn heykəlinə elə sağkən sahib olmaq nə misilsiz səadət!

Bu məsudluq Türk dünyasının böyük oğlu, Azərbaycana sədaqətli qardaş olması məhz çətindən-çətin yolda sınanmış Rəcəb Tayyib Ərdoğana qismət oldu.

Mərdanə duruşu, doğma səsinin qətiyyət saçan ahəngi ilə hər dəfə təkrar-təkrar "Bu haqlı davasında sona qədər Azərbaycanın yanındayıq" dedikcə nəbzimizin necə yeyin vurduğunun, ürəyimizin necə sürətli döyündüyünün, gözlərimizin necə nəmləndiyinin, boğazımızı iftixar qəhərinin necə yandırdığının, bütün Azərbaycan xalqının Sizi qaibanə bağrına basdığının fərqindəsinizmi, Rəis?

30 ilə sığışan müddət boyunca təcavüz acısını yaşamış, hər gün gözü qəzetlərdə və ekranlarda, qulağı dünyanın dördbir yanından gələn soraqlarda olan xalq böyüklü-kiçikli siyasiləşir, baş verənləri elə peşəkar siyasətçilər qədər, bəzən özünə xas həssaslıqla onlardan da artıq saf-çürük edə bilir.

Sentyabrın 27-sindən, Ermənistan Azərbaycana qarşı işğal hüdudlarını genişləndirmək qəsdi ilə həmlə edəndən, Milli Ordumuz torpaqlarımızı müdafiəyə qalxdığı birinci saatlardan indiyədək heç dayanmadınız. İrili-xırdalı hansı  məclisdə mikrofon qarşısına gəldinizsə, Azərbaycana, Qarabağa bağlı sözünüzü dediniz. Türkiyə Böyük Millət Məclisi Başqanlığının iştirakı ilə İstanbul Universiteti və Mərmərə Universiteti tərəfindən düzənlənən Uluslararası Dəniz Hüququ və Doğu Ağdəniz Simpoziumuna qatıldınız, o toplantıya uyğun başqa mətləblərdən danışdınız, Qarabağı unutmadınız, yenə dilə gətirdiniz: "Dağlıq Qarabağın işğalı ilə başlanan böhrana artıq bir son verilməsinin vaxtı gəlmişdir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməsiylə bölgə yenidən barışa və hüzura qovuşacaqdır".

Toplantının əsas mövzusu qalıb bir kənarda, yenə ortaq dərdimizdən danışırsınız, ötkəm səsinizlə 27 il ərzində saysız və təəssüflər ki, dişsiz, nəticəsiz, guya iş görürlərmiş kimi müzakirələr aparan ATƏT-in Minsk qrupunu, laqeyd münasibəti, qətiyyətsizliyi ilə Qarabağ düyününün açılmasına zərrəcə yardım etməmiş, amma buna yetərincə imkanı olmuş beynəlxalq təşkilatları qınayırsınız: "Adətən bu sorunu çözməmək üçün əllərindən gələni yapmışlar. İndi isə ağıl verirlər, zaman-zaman da təhdid edirlər. İşğala uğrayan torpaqlar kimin torpaqları? Azərbaycanın torpaqları. Bunu hamınız qəbul edirsiniz.

1 milyonu aşqın insan torpaqlarından uzaq, bu anda Azərbaycanda yaşayır, işğalçılar isə orada. Bunun hesabını kimsə sormur. Artıq hesab vaxtı gəldi. Azərbaycan istər-istəməz kəndi göbəyini özü kəsmək məcburiyyətində qalmışdır".

Toplantı bir konfrans zalında gerçəkləşir, bu sözləri bir salonda söyləyirsiniz, amma bu səs dünya boyu yayılır və ünvanlarını tapır. Bu səsi biz də eşidirik, bir az da cürətlənirik, qanımız bir az da artıq qaynayır, haqq işimizdə bir addım da irəli getməyə daha əzmli oluruq.

Konya şəhərindəsiniz, yeni xəstəxananın açılış mərasiminə qatılmısınız, amma Qarabağ yenə sizinlədir, bizlər dilinizdə, düşüncənizdəyik: "Ermənistan aşağılıq qətliamlarla işğal etdiyi Qarabağ sorunu hələ çözülməmişkən yenidən Azərbaycan torpaqlarına saldırdı. Amma bu dəfə heç bəkləmədiyi bir nəticə ilə qarşılaşdı. Qardaş Azərbaycan dövləti həm öz torpaqlarını savunmaq, həm işğal altındakı Qarabağı qurtarmaq üzrə böyük bir hərəkat başladı. Bu ana qədər cəbhədə başarı ilə irəliləyən Azərbaycan Ordusu bir çox yeri işğaldan qurtardı. Türkiyə olaraq bütün imkanlarımızla və bütün qəlbimizlə dost və qardaş Azərbaycanın yanındayıq, yanında olacağıq. İnşallah, Qarabağ qurtulana qədər bu mücadilə sürəcəkdir".

Konyada danışırsınız, Mövlananın, Şəms Təbrizinin oylağından gələn məhrəm və məğrur səsiniz könüllərimizi günəş kimi isidir, bizə və bu gün Azərbaycan millətinin ən qüdrətli sərkərdəsi olan Prezident İlham Əliyevə də yeni ilhamlar verir, onu da, ordumuzu da, xalqımızı da təzə fəthlərə ruhlandırır.

Türkiyə-Afrika İqtisadiyyat və İş Forumunın açılış mərasimidir. Səhnədəsiniz.  Yenə sözü Azərbaycan üzərinə gətirmisiniz, Qarabağa yönəltmisiniz, sizi dinləyənləri də, buradan səsiniz çatacaq bütün başqalarını da haqqı müdafiəyə səsləyirsiniz, həm də çağırışlarınızla bu yolda əngəllər yaratmışlara və törədənlərə bir daha xəbərdarlıq edirsiniz, başa salırsınız ki, yara artıq simləyib, qanqrenanı isə kəsib atmaqdan başqa çıxış yolu qalmayıb: "Ermənistanın güzəştsiz və cığal davranışı səbəbilə 30 ildir qanqrenaya dönmüş bu məsələnin çözümü işğalın sona yetməsidir. İşğalı qanuniləşdirən təkliflərin artıq sahədə uyğulanma şansı yoxdur. Azərbaycanın da torpaqlarını özgürləşdirmə məsələsində son dərəcə qərarlı olduğunu görürük. Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın torpaqlarını geri almaq üçün yürütdüyü haqlı mücadiləsini dəstəkləyirik. Ədalət və həqqaniyyəti müdafiə edən bütün ölkələri Azərbaycana dəstək olmağa çağırırıq. Dağlıq Qarabağın işğaldan qurtarılmasında sizlərin də Azərbaycanın yanında yer alacağınıza inanıram!"

Hər gün Qarabağ dilinizdədir, aparıcı telekanallarınızın fədakar reportyorları cəbhə bölgəsində, bütün mətbuatınızın gündəmində Azərbaycan hadisələri, ölkənizin müdafiə naziri bəyanat verir, xarici işlər naziri mövqe bildirir, sizin dayaqdurucu, güc və qürurverici sözlərinizi onlar da dönə-dönə təkrarlayır, Türkiyə Böyük Millət Məclisi Başqanı ilə birgə millət vəkilləriniz Azərbaycana təşrif gətirir, parlamentinizin sədri Milli Məclis qarşısında elə sizin fikirlər səmtində və biçimində nitq söyləyir, başının dəstəsini də götürüb dinc əhalinin gecənin bir aləmində erməni raketlərinin hücumuna məruz qaldığı Gəncəyə yollanır.

Bunları bütün dünya görür və eşidir.

O səslərin hər birinin ardında sizin səsinizi eşidirik, uca boyunuzu görürük.

Bir az da inamlı oluruq, qardaş kürəyinin hərarətini duyaraq bir az da mübarizləşirik, işğal altındakı torpaqlarımızın hələ bayrağımızı sancmağa girəvə tapmadığımız yüksəkliklərinə daha çox can atırıq.

Azərbaycan xalqı qədirbilən, yaxşılığı itirməyən, minnətdar olmağı bacarandır.

1918-ci ilin yazında millətimizin qanına susamış ermənilər Azərbaycan boyu qətliamlar törədirkən ürəyinin atəşin məhəbbəti ilə Qafqaz İslam Ordusu yanımızda idi. İgid Azərbaycan əsgəri ilə ürək-ürəyə, çiyin-çiyinə qanlı döyüş meydanına atılmışdı.

Bu gün Azərbaycanın dörd bucağında o qarşıdurmalarda şəhid olmuş əsgərlərin qəbiristanlıqları var ki, xalqımız ən dərin məhəbbətlərlə onları ziyarət edir. Amma sovet dönəmində xalq həmin məzarların yerindən agah olsa da, onlara yaxın getmək ixtiyarından məhrum idi. Sovet hökumətinin nəzərində Türkiyə düşmən idi və qəddar siyasət əti dırnaqdan ayırmaq xətti tutmuşdu. Lakin hətta ən amansız əyyamlarda belə əzazil imperiya xalqın sevgisini sonacan boğmağa müvəffəq olmadı. Nə qədər yasaqlar qoysa da, insanları qorxu-hürkü altında saxlasa da, xəlvəti olaraq dini mərasimlər də keçirilirdi, qəbirlərinin üstündə hansısa yazı yazmağa imkan yox idisə də, camaatımız müqəddəs saydığı məzarlarda uyuyanlardan vəfa borcunu əsirgəmirdi.

Yeri unutdurulmağa çalışılan şəhid məzarlıqlarının hamısını əvəz edən bir məzar hər halda Azərbaycanda hər kəsə bəlli idi. O məzarda yatanın kim olduğunu ağızdan-ağıza əksəriyyət bilirdisə də, sanki bütün başqa şəhidliklərimizdə uyuyanların hamısını nəzərdə tutaraq, ümumiləşdirərək bu məzara el içində "Türkün qəbri" deyirdilər. Yolu Şamaxı tərəfə olanlar, Şamaxıdan Bakı səmtinə gələnlər hökmən Acıdərədə maşını saxlardılar, yoldan xeyli aralıdakı qəbrə yaxınlaşardılar, Fatihə oxuyardılar, dualar edərdilər, valideynlər xırda uşaqlarına da bu məzarda uyuyan haqqında danışardılar ki, etibarsız dünya, unutdurmağı bacaran həyat gələcək nəsillərin hafizəsindən borclu olduğumuz bu qəhrəmanın və onun silahdaşlarının adını, xatirəsini silə bilməsin.

Qafqaz İslam Ordusunun 28-ci batalyon komandiri minbaşı İzzət bəyi bir mənhus erməni daşnak kürəyindən vurur. Yerə yıxılan cəsur zabit dəqiq atəşlə düşməni məhv edərək bayılır. Məlikməmməd adlı bir yerli sakin onu evinə aparır, müalicə etməyə cəhd göstərir, fəqət təcrübəli İzzət bəy huşu qayıdınca: "Yaram dərindir, çətin salamat qalam, son istəyim odur ki, məni elə yaralandığım yerdə dəfn edəsiniz", - deyir.

İgid zabitin son arzusu yerinə yetirilir.

1937-ci ildə həmin Məlikməmməd Stalin repressiyalarının növbəti günahsız qurbanı kimi Sibir gedər-gəlməzlərinə göndərilir.

1960-cı illərin başlanğıcında Babaxan Rzaxanov adlı bir qeyrətli sürücü itməkdə olan qəbrin üstünü götüzdürür, həm də bu yer sel-su ağzı olduğuna görə işi möhkəm tutur, sal daşlar seçdirir, sementi bol eləyir,  əsas yoldan qəbrə sarı uzanan cığıra da çınqıl tökdürür.

O dövrdə Şamaxının 5 kəndində ermənilər də yaşadığından rayon partiya komitəsinin katiblərindən biri adətən həmin millətin nümayəndəsi təyin olunardı. "Türkün qəbri"nin bərpa edilməsinə hiddətlənən, Şamaxıda üçüncü katib işləyən Nikolay Matevosyan Bakıya, Moskvaya şikayət edir. 1964-cü ildə Babaxan Rzaxanovu həbs edirlər. Amma 1 həftə dustaq saxlayandan sonra "Get necə düzəltmisən, o cürə də sök" tələbi ilə sərbəst buraxırlar.

Di gəl, nə Babaxan Qara oğlu düzəltdiyini dağıdır, nə də sonra ona dəyib-dolaşan olur. Bunu bəzən belə də yozurlar ki, həmin dönəmdə Türkiyə Respublikası ilə Sovet İttifaqının münasibətlərində müəyyən ilıqlaşma, yumşalma başlayırmış, o üzdən də bu əhvalatın ardınca olmurlar, məsələni qurdalamaqda davam etmirlər.

Mümkündür, olsun ki, bu da varmış, ancaq güman edirəm ki, başlıca səbəb daha incədir. Sovet idarələrində xidmətdə olanlar, lap elə Babaxan Rzaxanovu Dövlət Təhlükəsizlik Komitəsində dindirənlər də azərbaycanlılardı, nə qədər kommunist idilərsə də, bu millətin balalarıydılar, qanları özümüzünküydü. Tutduqları vəzifə xatirinə, siyasət ucbatından üzdə etiraz etsələr, hərbə-zorba gəlsələr də, yola verirlərmiş, başını boş buraxırmışlar. Yoxsa ki, heç qəbrin üstünün düzəldilməsinə macal verməzdilər, yoxsa ki, bir suiçim saatda sökdürərdilər, yoxsa ki, erməni katib niyə Moskvaya şikayət göndərirdi?

Azərbaycan insanının əziz bildiyi, özünü minnətdar saydığı insanlara nəcib qədirdanlığının bir təsirli nişanəsi də budur ki, 2000-ci ilin yazında Türkiyənin Azərbaycandakı səfirliyi həmin məzarı yenidən sahmana salaraq üzərində xatirə lövhəsi vurdurmağı düşünürkən dağ uçqunları, su daşmaları baxımından məkanın bir qədər təhlükəli olduğunu nəzərə alaraq qəbrin yerini dəyişmək barədə yerli sakinlərlə məsləhətləşir. Lakin ətraf kəndlərin camaatı qəti etiraz edir: "Siz nə danışırsınız! Burada basdırılması əsgərin öz vəsiyyətidir. O vəsiyyəti pozmaq olarmı?"

Bu narazılığı edənlərin hamısı həmin hadisələrdən çox sonra dünyaya gəlmiş adamlar idi. Lakin onların beyninə, ürəyinə canını bu torpaqlar uğrunda fəda etmiş xilaskar türk əsgərinə sevgini dədə-babaları elə həkk etmişdilər ki, bu şəhid qardaşın ruhunu nəyinsə azacıq belə narahat etməsini rəva görmürdülər.

İnsanların borc qaytarması bir yana, sanki o dağlar da bu torpaqlar uğrunda torpağa düşmüş türk əsgərinin, Nurlu Peyğəmbərimizin qucaq açdığı şəhidlərin hamısının rəmzi olan bu məzarın şərəfinə həmişə laləli olur.

Hələ 1919-cu ilin mayında, xoşbəxt Azərbaycanın istiqlalın 1 yaşını bayram etməyə hazırlaşdığı ərəfədə Əhməd Cavad elə millətin o gündən bu günə zərrəcə soyumamış minnətdarlıq və sevgisinin əks-sədası olan misraları qələmə almışdı:

Sənin qanındanmı düzlərdə böylə
Qüdrət bitirmişdir sayılmaz lalə?! 

Keçərkən göylərdən bir qatar durna
Ağlar buraxdığın gözləri sorma!
Bax, doğru çıxmaqda gördüyün röya,
Bəslədiyin əməl bütün gülümsər.

Mustafa Kamal Paşadan üzü bu tərəfə Türkiyə Cümhuriyyətinə kimlər başçılıq edibsə, hər birinin qəlbində Azərbaycanın ayrıca yeri olub. Sevgilərini açıqca söyləyiblər də, əməldə isbat da ediblər.

Lakin Rəcəb Tayyib Ərdoğanın Azərbaycan tarixinin bu həlledici mərhələsində etdikləri onu büsbütün fərqləndirir, əzizlərin əzizinə çevirir.

Prezident İlham Əliyevin sərrast deyişincə, o, artıq çoxdan etiraf edilmiş bir dünya lideridir.

Tribunluq, natiqlik istedadı, sözü və sözlə də insanları idarə edə bilmək məharəti hətta hər güclü dövlət başçısında az-az rast düşülən keyfiyyətdir. Bu bacarıq hər adamda, hər dövlət başçısında olmadığından kimə qismətdirsə, onu qeyri-ixtiyari seçkinləşdirir, üstünləşdirir.

Rəcəb Tayyib Ərdoğan parlaq, nüfuzedici, ramedici nitqi ilə bir anda minləri təsirinə salmağa və təsirində saxlamağa qadir, xalqı söylədiyi həqiqətə inandıraraq ardınca aparmaq iqtidarında olan nadirlərdəndir.

Nitqə güc isə yalnız sənin fikirlərini gözəl ifadə etmək qabiliyyətindən gəlmir. İçərində şəxsiyyətinin batmanlarla ağırlığı, hökmün, iradən, əzmin də olmalıdır ki, o sözlərə əlavə edərək dediklərinin siqlətini daha da artıra biləsən.

Bütün bunlarsa Ərdoğanda indi deyil, gəncliyindən Allahın bağışladığı istedadlardır. Cəmdə yazıram, ona görə ki, bu fərasətlərin hər birinin öz ayrıca yeri var, onların hərəsi insana İlahidən nəsib olan bir ayrı vergidir.

Rəcəb Tayyib Ərdoğan səviyyəsində liderlər müasir dünyada barmaqla sayılacaq qədər seyrəkdir. Bir-birinə bənzəyən çox dövlət başçıları arasında Rəis bir canlı klassik olaraq diqqət çəkir və dünyanın yeni nizamının qurulması mərhələsini yaşadığımız indiki zəmanədə Türkiyə xoşbəxtdir ki, belə başçısı var. Və çox ölkələr belə rəhbəri olması ilə iftixar duyardı.

Ərdoğan kimdir, Türkiyənin tarixində və taleyində onun yeri nədən ibarətdir sualına dürüst, ədalətli cavab tapmaq üçün bunu nə onun tərəfdarlarından, nə rəqiblərindən sormağa ehtiyac var. Ən ədalətli münsif gözümüzün önündə ola-ola onlara nə hacət?! Bu suala ən insaflı cavabı verməyə qadir olan adil hakimsə Vaxtdır.

Sadəcə tutuşdurmaq yetər ki, aydınca təsəvvür edəsən, başlanmış yeni əsrdə rəhbəri olaraq Ərdoğanla qovuşanadək Türkiyə hansı nisgilləri və narahatlıqları yaşayırdı, türk insanı hansı qayğılarla yüklüydü, ölkədə sabahla bağlı hansı nigaran və bədbin hisslər hökm sürürdü.

Kamal Dərviş dünyada tanınan, qəbul edilən bir iqtisadçıdır, buna şəkk yox. Amma yeni minilin əvvəlində o, Türkiyə Cümhuriyyətini üzləşdiyi dərin iqtisadi sıxıntılardan qorumaq üçün dəvət ediləndə soyadının oyatdığı təəssüratla ağlımdan bu da keçmişdi ki, görün əziz Türkiyənin xalq təsərrüfatı hansı durumdadır ki, onu xilas etmək çarəsi əfsuna, caduya qalıb.

Ərdoğan gəldi və günəş Türkiyə üçün yenidən doğdu. Çox keçmədi, ölkədəki dərin iqtisadi böhran dayandı. Durmadan artan inflyasiya səngidi, günü-gündən dəyərsizləşən lirə ləngər vurmaqdan, səndirləməkdən qurtuldu, iqtisadiyyatı içəridən gəmirən korrupsiyaya qarşı açıq savaş elan edildi, ekonomidə dirçəliş baharı yetişdi, sürətlə dövlətin  xarici borcu azalmağa üz qoydu və tədricən tamamilə aradan getdi, borc saatının əqrəbi tərsinə işləməyə başladı.

Bu, ölkənin içi! Xaricdə də Türkiyənin bir dövlət olaraq nüfuzu durmadan artdıqca, Ərdoğanın məğrur səsi ən yüksək siyasi tribunalardan eşidildikcə, ən düyünlü regional problemlərlə bağlı qətiyyətli mövqe ortaya qoyulduqca Türkiyə dünya siyasəti müstəvisində söz sahibliyi haqqını hamıya daha artıq anlatdı, Yaxın və Orta Şərqdə, Cənubi Qafqazda açar ölkəyə döndü.

Prezident İlham Əliyev bu gün müzəffərdir, qələbəni qələbə ardınca çalır, Ermənistana və dünya erməniçiliyinə hər çıxışında meydan oxuyur.

Belə əminliyin və bu cür qalibliyin nədəni illər boyu gördüyü miqyaslı və sistemli işlərdir. Və həmin səbəblər zəncirində bir vacibdən-vacib səbəb də Türkiyənin və onun liderinin Azərbaycana bu qədər açıq, nümayişkaranə, qəti, bir an belə fasiləsi olmayan siyasi və mənəvi dəstəyidir.

Bu məqamda Türkiyə və Azərbaycan rəhbərlərinin sadəcə qardaş, dost, müttəfiq ölkələrin rəhbərləri olmasından savayı, həm də şəxsən çox yaxın dost, qardaş, sirdaş olmalarının xüsusi yeri var.

Bu səmimiyyətdə və bu sədaqətdə olan dostluq, qardaşlıq, sirdaşlıq isə elə ilk gündən, biri Türkiyənin, digəri Azərbaycanın rəhbəri olduğu üçün öz axarıyla, tarixi və milli məntiqlə elə belə olmalı olduğu üçün yaranmayıb.

İki öndərin saflıq və etibar dolu uca mərtəbəyə gəlib yetişmiş dostluğunun, qardaşlığının ardında birgə keçilmiş sınaqlı və ən mötəbər məhək daşı sayılmalı YOL dayanır.

Elə yol ki, onun ən məsul, ən taleyüklü anlarında sadəcə bir-birinə əl uzatmırsan, sadəcə, uzaqdan-uzağa "Səninləyəm" demirsən, bir-birinin yanında olmağa qəlbən tələsirsən.

Prezident İlham Əliyev də, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan da keçdikləri böyük yolda bunu dəfə-dəfə sübut etdilər. Həmin səbəbdən də istər o, istər bu, "Qardaşın necə qardaşdır" sualına əllərini ürəklərinin üstünə qoyaraq təmiz vicdanla və məmnun arxayınlıqla bircə təvazökar kəlməylə cavab verə bilər: "YAXŞI!"

... Xatırlayıram 1992-ci ilin ilk mart günlərini.

Yazağzı idi, yenidən bərpa olunmuş Azərbaycan dövlət müstəqilliyi hələ 1 yaşında idi və qayıtmış istiqlalımızın ilk aylarındaca millətimizin sinəsinə ağır dağ çəkilmişdi. Xocalı faciəsi törədilmişdi. "Amerikanın səsi" radiosu Azərbaycan redaksiyasının müdiri, doktor Həsən Cavadi Vaşinqtondan Bakıya gəlmişdi və məndən xahiş etmişdi ki, fevralın 26-da baş vermiş qırğından salamat qurtaran bir Xocalı sakini ilə görüşünü təşkil edim, dünyaya səsləndirmək üçün ondan müsahibə alsın.

Gəlmişdik Respublika xəstəxanasına və həmin xəstəxanada baş həkimin müavini işləyən qohumum Rafiq İmanov bizi aparmışdı palatalardan birinə. Çarpayıda uzanan qızın bütün ailə üzvlərini qorxunc 26 fevral gecəsində ermənilər vəhşicəsinə qətlə yetirmişdilər. Bu qızcığazsa qarlı qış günündə nazik paltarda, ayaqyalın, başaçıq dağlardan aşaraq hansı möcüzə iləsə salamat qurtara bilmişdi.

Danışdırmaq istəyirdik, nəsə sözlər soruşurduq, bizə bir cüt hissiz, donuq, dünyanın bütün dəhşətini içərisinə hopdurmuş yorğun göz baxırdı.

Əslində, heç bir sözə lüzum da yox idi. O baxışlar, o bir cüt qara göz Xocalı müsibəti haqqındakı ən müdhiş film idi. Bax və sarsıl!

Baxırdım və düşünürdüm ki, Pərvərdigara, görəsən, haçansa bu gözlərə yenə həyat işığı qayıda bilərmi, bu məsum çöhrəyə haçansa yenə gülüş qona bilərmi?

1992-ci il idi, onda müstəqilliyimiz 1 yaşını belə əzablı, belə göynərtili ovqatla, çox insanımız üçün bu təhər ağrılı düşüncələrlə başlayırdı.

2020-ci il bitməkdədir. Var olduğumuz müddətcə bizə tarixin və taleyin bəxş etdiyi ən ali nemətimizin - yenidən qayıtmış dövlət müstəqilliyimizin 29 yaşı tamam oldu, 30 yaşının ilk günlərinə qədəm basdıq. Qarşıdan bizə bəxtiyar bir il gülümsəyir. İstiqlalımızın 30 yaşını bayram edəcəyimiz il. Bu bayramın sevincini ilk dəfə həm də illərlə həsrətini çəkdiyimiz və nəhayət ki, düşmən tapdağından azad edilmiş torpaqlarımızda keçirəcəyimiz il!

Yeni, məsud bir il başlanacaq, 30 ilə yaxın, amma 300 il qədər uzun müddətdə sükuta qərq olmuş yurdlarımıza asta-asta sevinc də qayıdacaq, toy-düyün də qurulacaq, şad məclislər də.

Arxada qalan xiffətli illər uzunu hər dəfə fevralın 26-sını Bakıda və dünyanın neçə ölkəsində millətimizin hüzn günü kimi qeyd etmişik, "Xocalıya Ədalət!" yürüşləri təşkil etmişik.

Amma gərək bu yasdan da çıxaq. Heç nəyi heç vaxt unutmayaq, amma həmin günün qara matəm rəngi də gərək Qarabağdakı Qələbədən sonra dəyişə!

Təzədən doğma Xocalısına dönəcək insanların çöhrəsinə və gözlərinə təbəssümü, dədə-baba torpağında təzədən sevinə, xoşbəxt ola bilmək duyğusunu hökmən qaytarmaq gərəkdir.

Ürəyimizi sinəmizdən uçuracaq qədər sevincləri bol bu zəfərli günlərdə daim qəlbi bizimlə vuran, müdam yanımızda olan sevimli Rəcəb Tayyib Ərdoğan Əfəndimizin Xocalının tarixində həmişə qalacaq həmin kədər gününün zəfər gününə çevrilməsi saatında, 2021-in 26 fevralında bizimlə birgə Qarabağımızda, xocalılıların yanında olmasını çox, lap çox arzulayıram.

Əslində, elə bunu Tanrı da lap əvvəldən belə istəyib.

Rəcəb Tayyib Ərdoğanın doğum günü elə həmin gündür - fevralın 26-sında.

Neynək, bu ad gününüzü də belə keçirin, bir gözünüz ağlasın, bir gözünüz gülsün.

Qarabağ dağlarında iki Böyük Qardaş yenə yan-yana, əl-ələ dayansın - Prezidentlərimiz İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan.

Və həmin əziz gündə yenə bütün şəfqətinizlə xocalılılara kədərdən zəfərə qayıtmağın, təzədən sevinə, gülə, bayram edə bilməyin dərsini verin, Rəis!

22 oktyabr, 2020

 





24.10.2020    çap et  çap et